Milli Məclisdə kritik iclas: Parlament buraxılacaq? - MÜHÜM AÇIQLAMA
Milli Məclisin növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək növbəti planer iclasının vaxtı dəyişdirilib. İclas saat 10.00-da başlayacaq. Parlamentin iclasları saat 11:00-da keçirilirdi. Növbədənkənar sessiyanın vaxtının dəyişdirilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bəzi istifadəçilər sözügedən addımın sessiyada parlamentin buraxılacağından xəbər verdiyini bildirib. Onlar vaxtın dəyişdirilməsini bununla əlaqələndirib.
Bəs görəsən, həqiqətən bu iddialar doğrudurmu?
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, hələki bu barədə hansısa qərar və yaxud məlumat yoxdur:
“İlk öncə qeyd edim ki, medianın, cəmiyyətin bu məsələ ilə bağlı maraqlanması həqiqətən məndə təəccüb doğurur. Əgər konkret belə bir qərar və ya tapşırıq olarsa, təbii ki, bu barədə məlumat veriləcək. Hələ ki parlamentin buraxılması və seçkilərin keçirilməsi ilə bağlı yekun qərar yoxdur. Hər il parlamentin müddəti uzadılır və iyunun əvvəlindən iyulun ortasına kimi biz deputatlar işləyirik”.
Deputat sabahkı iclasda parlamentin özünü buraxacağı ilə bağlı iddiaların isə əsassız olduğunu qeyd edib:
“Bu prosesdən anlayışı olmayan insanlar keçən ayın sonu belə bir fikir irəli sürdülər ki, guya parlament seçkilər üçün yığışır. Yəni əgər elə bir məsələ olarsa, ictimaiyyətə bu barədə məlumat veriləcək. Hələ ki bununla bağlı hansısa rəsmi məlumat və fikir yoxdur. Belə bir məsələ olarsa, bu barədə məlumat veriləcək və hamının xəbəri olacaq. İctimaiyyət kimi bizim də bu barədə heç bir məlumatımız yoxdur. Sabahkı gündəlikdə də bu məsələ ilə bağlı heç bir fikir və məsələ salınmayıb. Ona görə də parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələrin aparılacağı iddiaları əsassızdır”.
Manevr.az