Xəbər lenti
Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Manevr.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində hazırda həbsdə olan Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov dindirilib.
Qeyd edilib ki, Məlikməmməd Qurbanov Müdafiə Nazirliyndə baş verən 143 milyon manatlıq yeyinti cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan istintaq zamanı məsuliyyətə cəlb olunub. Sonradan onun barəsində olan cinayət işi ayrıca icraata götürülüb və hazırda cinayət işinə məhkəmədə baxılır.
Sabiq idarə rəisi ifadəsində bildirib ki, işlədiyi dövrdə 2 dəfə Maliyyə və Büdcə İdarəsinin rəisi işləmiş Nizami Məmmədova pul verib:
“Nəcməddin Sadıqov məni kabinetinə çağıraraq 2018-ci ildə 300 min, 2019-cu ildə isə 500 min manat verdi ki, Nizami Məmmədova çatdırım. Mən də onun tapşırığını icra etmişəm. Bu pulun hansı səbəbdən verilməsindən xəbərim olmayıb. Mən baş qərargah rəisinin göstərişlərini icra etmişəm. Hansı şirkətlərlə bağlı müqavilə bağlamaq lazımdır, buna da baş qərargah rəisi göstəriş verib. Şirkətlərdən gələn təklifləri, eyni zamanda bağlanan müqavilələrlə bağlı baş qərargah rəisinə məruzə etmişəm. Baş qərargah rəisi də məni çağırıb deyirdi ki, hansı şirkətlə müqavilə bağlamaq olar, hansı ilə olmaz. Şirkətlərlə bağlı komissiya 12 nəfərdən ibarət olub. Burda bir neçə nazirliyin nümayəndəsi təmsil olunub. Komissiyanın sədri isə mənim müavinim idi. Tenderlərdə əsasən “Azərsun Holdinq” və onun törəmə şirkətlərinə iştirak etmək icazəsi verilib”.
Məlikməmməd Qurbanov bildirib ki, Nizami Məmmədovun satınalma və təchizata heç bir aidiyyəti olmayıb:
“Nizami Məmmədov şirkətlərlə bağlanan müqavilələrdə iştirak etməyib. 2015-2019-cu illər ərzində nazirlik tərəfindən ümumilikdə şirkətlərdən 19 milyon 600 min manat pul alınıb. Həmin illərdə pullar ən çox “Azərsun Holdinq”dən alınıb”.
General Nizami Məmmədov şahidin ifadəsinə münasibət bildirərək qeyd edib ki, satınalma ona aidiyyatı olmayan bir sahədir:
“2023-cü ilin iyulunda bu məsələ ilə bağlı mənə yeni ittiham verdilər. Əgər Məlikməmməd Qurbanovun dediyi pulu alsaydım, danmazdım, deyərdim. Nəcməddin Sadıqovun mənə nə borcu var idi, nə tabeçiliyi. Nə də məndən qorxusu var idi ki, mənə o qədər pul göndərsin. Mən Maliyyə və Büdcə İdarəsinə rəis gələnə kimi, üzr istəyirəm ora “bazar” idi. Mən gələndən sonra satınalma ilə bağlı məsələləri yığışdırdım. Daha hər hansı şirkət müdiri yanıma gələ bilməzdi. “Azərsun Holdinq”in nümayəndəsi ifadə verib ki, guya mənə pul verib, məni tanıyır. Gəlsin, desin ki, Nizami Məmmədovu tanıyıram”.
Prosesdə Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin suallarını cavablandıran Məlikməmməd Qurbanov şirkətlərdən gələn faizlərin kimlərə verilməsi ilə bağlı suallara cavab verməkdən imtina edib.
Məhkəmədə şirkət rəhbərləri Azər Rəsulov və Hüseyn Əliyev də dindirilib. Şirkət rəhbərləri Müdafiə Nazirliyi ilə 670 min manatlıq müqavilə bağladıqlarını təsdiq ediblər.
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi işləmiş, hazırda həbsdə olan Fikrət Mirzəyev bu iş üzrə şahid qismində ifadə verib:
“Bizim idarə Müdafiə Nazirliyinin hərbi hissələrində təmir-tikinti işləri ilə məşğul olub. Tapşırıqları əsasən Nəcməddin Sadıqovdan alırdıq. Müdafiə Nazirliyi daimi iş görmə qabiliyyətinə bələd olduğu şirkətlərlə işləyirdi. Hansı şirkətlə işləməyimizi Baş Qərargah rəisi məsləhət görürdü”.
Məhkəmə prosesi mayın 3-də davam edəcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar