Xəbər lenti
Əzəl - axır söz qalacaq dünyadan - FƏXRƏDDİN ƏZİZ -70 - ŞƏKİLLƏR


Şairin böyük qardaşı Ramiz Əzizov mənsub olduqları nəslə həmişə başucalığı gətirən, sağlığında həm istedadlı qələm sahibi, həm də səmimi-təvazökar bir insan kimi dəyər qazanan, ölümündən sonra isə ürəklərdə yaşamağa haqqı olan qardaşının həyat yolundan söz açmış, çıxışının sonunda onun kövrək notlar üstə köklənmiş iki şeirini əzbərdən söyləyərək hamı tərəfindən alqışlandı. Tanınmış şair, Prezident təqaüdçüsü Elşən Əzim mərhum qələm dostunun şəxsiyyətini, ədəbi yaradıcılığını yüksək dəyərləndirmiş, çeşidli mövzularda qələmə aldığı şeirlərlə yanaşı nəsr əsərlərinin də böyük təsir gücünə malik olduğunu qeyd etmiş, həmkarı barədə kövrək xatirələrini ehtiram hissiylə dilə gətirmməklə çıxışını tamamladı. Mingəçevir şəhər İH-nin məsul işçisi Elşən Əliyev yubiley tədbirini hazırlanıb araya-ərsəyə gətirənlərə şəhər rəbərliyinin təmsilçisi qismində təşəkkürünü bildirməklə, sağlığında oxucular tərəfindən sevildiyi kimi, dünyasını dəyişəndən sonra da həmişə ehtiram hissiylə yad edilən şairə dəyər verənlərə uğurlar arzuladı. Təkcə Mingəçevirdə deyil, onun hüdudlarından uzaqlarda da məhir saz-söz ifaçısı kimi dəyər qazanmış Aşıq Qoşqar şairin bir şeirini həzin musiqi notları üstə ifa etdi. Mərhum şairin məktəbli qız nəvələri Zibeydə və Zəhranın, mədəniyyət evinin işçisi Sevda Təhməzovanın qiraətlərində səslənən şeirlər yubiley tədbirinin unudulmaz anları kimi yaddaşlarda iz saldı.
Tanınmış şair Əhməd Əfsun çıxışının ayrı-ayrı anlarında Fəxrəddin Əzizin bir-birindən gözəl şeirlər müəllifi, incə ruhlu şair, səmimi dost olduğunu özünəməxsus ifadə vasitələri ilə dəyərləndirdi. İstedadlı telə-jurnalist, ədəbiyyat sevdalısı İnqilab Şirinli bir vaxtlar yaxından tanıdığı, yaradıcılığına və şəxsiyyətinə yüksək dəyər verdiyi şairin ədəbi nümunələr kimi yaşamağa qadir olan şeirlərinin təsir gücündən söz açdı və ona Allahdan rəhmət dilədi. Tədbirə qonaq qismində qatılan tanınmış cavan şair Valeh Qoca, AYB Mingəçevir bölməsinin “bar çiçəkləri” adlandırılan istedadlı gənc yazarlar,- Elçin Məhərrəm və Nicat Hunalp çıxışlarında Fəxrəddin Əziz poeziyasına yönəlik heyranlıqlarını dəyərli kəlmələrlə və ehtiram hissiylə ifadə etdilər. Mingəçevirin sevilən gənc müğənnilərindən olan Cavad Hüseynov ifa etdiyi bir mahnıyla tədbirə nəğmə şirinliyi qatmağa nail oldu. Mərhum şairlə vaxtıyla iş yoldaşı və qonşu olmuş Adil İsmayılov, mədəniyyət evinin direktoru Zəhra xanım, Mingəçevirdə dəyərli yazarlar kimi tanınmış şair- tədqiqatçı Əbülfət Həsənoğlu, şair-publisist Məmməd Mərzili, ədəbiyyat sevdalıları Mahir Musa və Rəşid Rəsulovun çıxışları da Fəxrəddin Əzizə yönəlik ehtiram hissindən qaynaqlandı və diqqəti cəlb etdi. Yenidən mərhum şairin qiraətində səslənən iki şeirdən sonra Orxan Əzizov şair atasına dəyər verən AYB-nin Mingəçevir bölməsi rəhbərliyinə, tədbirə qatılanlara və mədəniyyət evinin direktoru Zəhra xanıma, Fəxrəddin Əzizin yazar dostlarına minnətdarlığını kövrək-ilıq kəlmələrlə çatdırdı. Sonda Aşıq Qoşqarın növbəti ifası bir daha alqışlara layiq görüldü. Hamı tərəfindən məmnunluq hissiylə bəyənilən, yubiley tədbirinin ayrı-ayrı məqamlarında diqqət mərkəzinə çəkilən aşağıdakı misralar, Fəxrəddin Əzizin zaman-zaman ürəklərdə yaşayacağını bir daha nümayiş etdirdi:
Zaman yolu ayaqlanıb gedəcək,
Əyri gedib düz qalacaq dünyada.
Neçə dastan, neçə nağıl bitəcək,
Axır gündə söz qalacaq dünyada.
* * *
Sözümə pay eləmişəm
İllərin şirin vaxtını.
Vallah şair olmasaydım,
Almazdım şeirin vaxtını.
ELÇİN MƏHƏRRƏMLİ
Azərbaycan Yazıçılar Birliyinin üzvü




Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar