Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın “SƏHƏR”lə açılan səhərləri - ŞƏKİLLƏR

Tarix: 27-12-2023 10:24     Baxış: 3301 A- / A+
Dekabrın 22-si Azərbaycanın məşhur jurnalisti Məzahir Süleymanzadənin Ad günü idi... 

 Qanlı-qadalı, çulğaşıq 1989-90-cı illərdə Azərbaycanın ən populyar qəzeti olmuş “Səhər”in təsisçisi və baş redaktoru, onun döyüşkən "diviziya"sının komandiri, dəfələrlə Sovetin faşist generalları ilə üzbəüz gələrək, ölümlə hədələnən Məzahir Süleymanzadə Vətən və xalqımız qarşısında fədakar jurnalist xidmətlərinə görə hər cür yüksək fəxri adlara, ali dövlət mükafatlarına, təltiflərə - hələ çoxdan tam halalı olan "İSTİQLAL" ordeninə, həm də "VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ " və "İGİDLİYƏ GÖRƏ" medallarına layiq idi. Təəssüf ki, o, kimlərinsə xəbisliyi, laqeydliyi ucbatından bu təltiflərə layiq bilinmədi, yaddan çıxdı...

 Məhz MƏZAHİR müəllimin şəxsi təşəbbüsü, cəsarəti və qorxmazlığı sayəsində 1990-cı ilin qanlı yanvar günlərində Qorbaçov-Yazov faşist ordusunun vəhşiliklərini, qanlı cinayətlərini dünya ictimaiyyətinə qətiyyətlə çatdıran, istiqlalımız uğrunda ideoloji mübarizənin ön cəbhəsində döyüşmüş, həmin günləri operativ, tam və bütün dəhşətləri ilə əks etdirən “Səhər” qəzeti o vaxtkı Fövqəladə vəziyyətin kəskin qadağalarına baxmayaraq, 2 milyon tirajla nəşr edilərək, bütün respublikada pulsuz paylanılmışdı. Bu, baş redaktordan böyük, riskli məsuliyyət, müstəsna vətənpərvərlik, igidlik, qorxmazlıq tələb edirdi!... Və vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq, Məzahir müəllimin haqqını, jurnalist və vətəndaş fədakarlığını etiraf etmək, onu layiqincə dəyərləndirmək dünən də, bu gün də hər bir azərbaycanlının borcu olaraq qalır. Unutmaq lazım deyil ki, həmin ağır, dəhşətli günlərdə ikinci bir "Səhər" və ikinci bir Məzahir Süleymanzadə olmayıb. Bunu hamı bilir və bilməli, etiraf etməli, o unudulmaz, vətənpərvər, igid jurnalisti hər zaman ehtiramla yad etməli, layiqinvcə dəyərləndirməlidir! * Bütün xalqımız kimi mən də Məzahir müəllimin özündən əvvəl onun əsl jurnalist hünəri-cəsarəti və uzaqgörənliyi ilə ötən əsrin çaxnaşıqlı illərində ərsəyə gətirib, nəşr etdiyi “Səhər” qəzeti ilə tanış olub, “dostlaşmışdım”. İndi bizlərdən xeyli uzaqlarda qalmış həmin qovğalı-tufanlı illərdə hər bir azərbaycanlı kimi mənim də narahat gecələrdən sonra açılan səhərlərim elə “Səhər”lə açılır, “Səhər”lə başlayırdı. Respublikada və onun əhatəsində baş verən hadisələr barədə ən dəqiq, obyektiv və operativ məlumatları o zaman dövlət qəzetlərindən həm formatı və ictimai-siyasi ruhu, həm də xalqa daha çox yaxınlığı ilə seçilən “Səhər” qəzetindən almaq olardı. Səhərlər işə tələsən dövlət adamları da, adi, sıravi adamlar da yolüstü hökmən qəzet köşkünə baş çəkər, hətta səbr edə bilməyərək, yolboyu o qəzeti “acgözlüklə” oxuyardılar.

“Səhər”in hər nömrəsi Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatının, yadlar əlində boğulmaqda olan Qarabağımızın, həm şəhər, həm də kənd adamlarının uğurlu-uğursuz günlərinin, talelərinin “panoram”ını oxuculara olduğu kimi, həyəcanla, yanğı ilə çatdırırdı. 1 Mənim üçün hələ də maraqlı və təəccüblü görünür ki, Məzahir müəllim o dövrdə Şakir Yaqubov, Hidayət Elvüsal, Bəxtiyar Sadıqov kimi ustad jurnalistləri, İmran Bədirxanlı, Süleyman Qaradağlı, Sveta Şıxəliyeva, Mahir Süleymanzadə, Sənubər Əkbərova və digər istedadlı gəncləri öz “komanda”sı üçün hardan və necə toplaya bilmişdi. Məhz onların gərgin jurnalist fəaliyyətlərinin, sərvaxt, ayıq-sayıq, daim “qulağı səsdə” olmalarının nəticəsində qəzetin elə bir nömrəsi olmurdu ki, respublikanın ictimai- siyasi həyatı, dövlət strukturlarının, müxtəlif qurum və təşkilatların fəaliyyəti, xalqımızın gündəlik məişət qayğı və problemləri orada öz dolğunluğu ilə əksini tapmasın. Bütün bunlar isə “Səhər”ə olan marağı gündən-günə artırır, onu oxucuların ən etibarlı mətbuat dostuna çevirirdi. Və heç şübhəsiz ki, qəzetin qısa bir zamanda sevilib-populyarlaşması onun “kapitan”ının – təsisçisi və Baş redaktoru Məzahir Süleymanzadənin gecəli- gündüzlü, narahatlıqlarla, maneələrlə davam edən təşkilatçılıq fəaliyyətinin, etibarlı, istedadlı jurnalist komandası, redaksiyadaxili işlək mexanizm, səmimi, mehriban bir kollektiv yarada bilməsinin nəticəsi idi. O zaman mənim də çalışdığım “Azərbaycan” nəşriyyatında Məzahir müəllimi “uzaqdan uzağa” tanısam da və adi bir oxucu kimi onun qəzetini hər gün maraqla oxusam da, şəxsi tanışlığım yox idi. Düzü, hərdən “Səhər”in arı yuvası kimi qaynayıb- qarışan müxbirlər otağına baş çəkərək, bəzi dostlarımla ani olaraq görüşüb, “kəlmə kəssək” də, Məzahir müəllimə yaxınlaşmağa, onun qəzetinə, ordakı mühüm yazılara görə heç olmasa fikirlərimi minnətdarlıqla bildirmyə nədənsə tələsmir, bəlkə də cəsarət etmirdim. Yəqin ona görə ki, özümün o qədər də vacib, mühüm olmayan yanaşmamla belə bir nüfuzlu, populyar qəzetin redaktoru kimi onu işindən-gücündən ayırmaq, büsbütün “Səhər”lə bağlı olan, yaşanan fikirlərini dağıtmaq, pozmaq istəmirdim. Lakin bir gün valideynlərinə heç nə demədən, vida əvəzi yazıb qoyduğu qısa bir məktubla onlardan “ata-ana halallığı” istəyərək, Şəkidən birbaşa cəbhəyə yollanan 17 yaşlı zərif vücudlu bir döyüşçü qızla – Könül Qəhrəmanovayla tanışlıqdan sonra onun haqqında yazdığım məqaləni məhz “Səhər” qəzetinə verməyi qərarlaşdım. Yaxşı yadımdadır, həmin yazı ilə ilk dəfə olaraq Məzahir müəllimin redaktor otağına daxil olduqda, o, məni şəxsən tanımasa da, vətənpərvərlik baxımından çox mühüm bir yazı gətirdiyimi sanki öz həssas redaktor fəhmi ilə duyaraq, ayağa durub, mənimlə səmimiyyətlə görüşdü. Özüm haqqında yalnız adımı və iş yerimi (o vaxt mən artıq 10 ildən çox idi ki “Vışka” qəzetinin xüsusi müxbiri idim) dedikdən sonra Könül haqqında yazını və onun hərbi formada olan şəklini Məzahir müəllimə təqdim etdim. Düzü, yazının 2-ci, ya da 3-cü səhifədə dərc olunacağını düşünürdüm. Ancaq sabahısı günü mənim “Könül Qəhrəmanova: ata-ana, mənə halallıq verin” başlıqlı məqaləm 500 min tirajla çıxan “Səhər”in birinci səhifəsində, lap yuxarıda dərc olunmuşdu. Yazının bütün gənclər üçün bir örnək, vətənpərvərlik nümunəsi, bir çağırış olduğunu nəzərə alan, ictimai dəyərinə görə hər yazının qəzet səhifəsində yerini dəqiq bilən Məzahir müəllim həmin yazını sonrakı səhifələrdə yox, çox düzgün olaraq məhz 1-ci səhifədə verməyi mühüm hesab etmişdi (çox təəssüf ki, haqqında sonralar da “Müharibədən olan qız” adlı məqalə yazdığım, Xocalının müdafiəsində mərdliklə dayanan o gənc döyüşçü qız Ağdam uğrunda döyüşlərdə düşmən gülləsinə tuş gəlib, igidliklə həlak olmuşdu). Könülün özünün də o zaman çox sevindiyi yazı ilə bağlı Məzahir müəllimə təşəkkürümü 2 bildirəndə qayıtdı ki, “Rəhman, sən çox sağ ol ki, gənclərimizə nümunə olan belə bir döyüşçü qızı tapıb, onun haqqında yazmısan. İndiki vaxtda bizə bu cür yazılar daha çox lazımdır və vacibdir. Yeni yazılarını gözləyirik.” Sonralar özləri də, övladları da cəbhə yollarını tanımayan məmurlardan, “hampa”lardan fərqli olaraq oğulları ilə birlikdə Qarabağda gedən ağır döyüşlərdə iştirak edən mərd və cəsur polkovnik Fətulla Hüseynovu ilk dəfə olaraq ermənilərin onu adlandırdığı “qara polkovnik” kimi təqdim edərək, haqqında “Səhər” qəzetində yazılar verdim. “Hərbi sirrlərimizi ermənilərə kim verir? – İlk növbədə biz jurnalistlər!” adlı xəbərdaredici yazıma, gənclərimizin döyüşə birbaşa hərbi komissarlıqlardan yox, dəstə ilə Bakının küçələrindən məğrur görkəmlə, həm də milli hərbi marş və mahnılarımızı (məsələn, “Marş, irəli, Azərbaycan əsgəri!” mahnısını) oxuyaraq keçdikdən (hesab edirdim ki, bu, xalqımızda daha çox ruh yüksəkliyi, qələbəyə inam yarada bilərdi), küçələr boyu hamı tərəfindən salamlandıqdan, xeyir-dua verildikdən sonra cəbhəyə yola salınmaları barədə təklifimə və s. yazılarıma da Məzahir müəllim “Səhər”də xüsusi yer verirdi. 
Yeri gəlmişkən onu da minnətdarlıqla deyim ki, mənim oxuculara məhz Rəhman Orxan kimi təqdim edilib, az-çox tanınmağımda Məzahir müəllimin, onun “Səhər”inin də xüsusi rolu olmuşdur. Artıq mətbuat tariximizə əbədi olaraq düşmüş “Səhər” qəzeti son illər nəşr olunmasa da, Məzahir müəllim hər zaman onun nüfuzlu redaktoru kimi tanınır və rəğbət bəslənilir. Daha doğrusu, Məzahir müəllimin adı sinonim kimi həmişə “Səhər”lə yanaşı çəkilir. Əlbəttə... bir də 1990-cı illə, qanlı 20 Yanvarla... Məzahir müəllim Azərbaycanda yeganə redaktor idi ki, onun qəzeti xalqımızın o qanlı-qadalı, dəhşətli, ağır günlərində görünməmiş sayda - 2 milyon tirajla (o zaman hər 4 azərbaycanlı üçün bir qəzet!) nəşr olunmuş və bütün respublikada paylanmışdı. Və tam mübaliğəsiz demək olar ki, Azərbaycan milli mətbuatının banisi, böyük mütəfəkkir Həsən bəy Zərdabinin 145 il əvvəl nəşr etdirdiyi “Əkinçi” qəzeti xalqımızın həyatında hansı təsir, “partlayış gücü”nə malik olmuşdusa, onun layiqli “nəvəsi”, xələfi Məzahir Süleymanzadənin “Səhər”i də qüdrətli bir ideoloji tribuna kimi 1990-cı ildə ölkəmizdə, həm də Sovetlər sistemində eyni “partlayış” effekyti doğurmuş, böyük təsir gücünə malik olmaqla Kreml rəhbərliyini də, işğalçı, cinayətkar sovet generallarını da “silkələnməyə”, büruzə vermək istəmədikləri qorxu-həyəcanla duruxmağa məcbur etmişdi. Burda bir məqamı da qeyd edim ki, Məzahir müəllim 90-cı illərdə (və elə sonralar da!) mənə o dərəcədə “ağır çəkili”, sanballı və əzəmətli görünürdü ki, o dövr mətbuatımızın “ağır artilleriyası” sayılan bu nüfuzlu qəzetin redaktorunun yanında özümü hətta yaşca kiçik, yazmağa təzə başlayan bir jurnalist kimi hiss edirdim. Çox sonralar bildim ki, əksinə - Məzahir müəllim məndən hətta bir-neçə yaş cavan imiş... Məzahir müəllim həm də istedadlı şair, gözəl şeirlər müəllifi idi. Sevimli nəvələri Məryəm və Mədinənin timsalında bütün Azərbycan fidanlarına həsr etdiyi silsilə şeirlər isə həm uşaqlar, həm də böyüklər tərəfindən maraqla qarşılanırdı. Yadımdadır ki, bir- neçə il əvvəl paytaxtın "Excelsior" otelində onunla Bakının müxtəlif məktəblərinin şagirdlərinin və "Ümid yeri" uşaq Sığınacağında tərbiyə alan uşaqların görüşü keçirilmişdi. Görüş zamanı Azərbaycanın Əməkdar jurnalisti, yazıçı-publisist, Fazil Güney uşaqların son illərdə "Məzahir baba" kimi tanıdıqları və sevdikləri, şeirlərini əzbər 3 bildikləri Məzahir Süleymanzadənin həyat və yaradıcılığı haqqında balacalara qısa məlumat verdikdən sonra Məzahir müəllim uşaqlara həsr etdiyi yeni şeirlərini oxumuşdu. Şair babanı öz alqışları ilə sevindirən uşaqlar da bir-birinin ardınca onun şeirlərini əzbər söyləmişdilər. Məzahir müəlim balaca oxucularının hər birini onlara hədiyyə etdyi özünün və şair dostlarının kitabları ilə və müxtəlif maraqlı oyuncaqlarla sevindirmişdi. "Ata Holdinq" şirkətlər qrupunun təşkilatçılığı sayəsində AzPRESS.az saytı ilə Məzahir Süleymanzadənin "Məzahir babanın balaca qonaqları" birgə layihəsi çərçivəsində keçirilən həmin tədbirdə saytın rəhbəri, Azərbaycanın istedadlı və ustad foto-salnaməçisi Rasim Sadıxov, “Mədəniyyət” jurnalının redaktoru, "Ümid yeri" uşaq Sığınacağının nümayəndəsi Zöhrə Əliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanasının əməkdaşı Xuraman İsmayılova və digərləri çıxış edərək, “Məzahir baba” layihəsinin gələcəkdə uşaqların vətənpərvərlik ruhunda böyüməsində, ədəbiyyata, tariximizə maraqlarının artmasında mühüm rolu olacağından danışmışdılar.

...Məzahir müəllimin Ad günü münasibətilə qələmə aldığım bu yazını eynilə əvvəldə qeyd etdiyim kimi tamamlamaq istəyirəm. O, sözün həqiqi mənasında Azərbaycanın ən məşhur, ən qüdrətli, cəsur və igid jurnalisti olmuşdur - bunu heç kəs dana bilməz! Məzahir Süleymanzadənin Vətən və xalqımız qarşısında fədakar, misilsiz jurnalist xidmətləri heç vaxt unudulmayacaq! 

Rəhman ORXAN
Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar