Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Məhsul” stadionunun satılması adı altında dələduzluq - 8 milyonluq qalmaqal böyüyür

Tarix: 26-12-2023 17:56     Baxış: 2172 A- / A+


“Biz torpaq satmırıq, müraciət olursa, ona məqəsdəmüvafiq qaydada addımlar atılır. Bununla bağlı bütün qərar və sərəncamları isə rəhbərlik verir. İbtidai istintaqa ifadəmdə “bu işlərin başında Səttar Möhbalıyev durur” sözünü demişəm. Öz vəkilim dedi ki, rəhbərliklə danışılıb, belə danışsan səni azad edəcəklər. Eyni sözü vəkil Aslan İsmayılov da söylədi, o dedi ki, rəhbərliyin adını çəkməsən səni 10 ildən çox “iş” gözləyir”.

Manevr.az xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sabiq sədri Nadir Əliyevin və “Məhsul” stadionunun keçmiş direktoru Alik Həsənovun cinayət işi üzrə dünən keçirilən məhkəmə iclasında Nadir Əliyev bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Nadir Əliyev sərbəst ifadə verib. O, Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının balansında olan stadionların satılması ilə bağlı danışıqlarda iştirak etdiyini təsdiqləsə də, bununla bağlı qərarların verilməsində, satılmış torpaq sahələrinə görə ödənilmiş pulların mənimsənilməsində təqsirkar olmadığını deyib: “Bu məsələlərlə bağlı bütün qərar və sərəncamları rəhbərlik verir, mənim hər hansı təqsirim yoxdur”.

Nadir Əliyev 2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri vəzifəsində işləyib. Bakının Yasamal rayonunda yerləşən və 1,26 hektar torpaq sahəsi olan “Məhsul” stadionu onun vəzifədə olduğu dövrdə sahibkarlara satılıb, külli miqdarda vəsait Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər şəxsləri tərəfindən mənimsənilib. Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində daxil olmuş müraciətlər əsasında 2022-ci ildə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq zamanı müəyyən edilib ki, Nadir Əliyev Alik Həsənovla qabaqcadan əlbir olaraq stadion ərazisinin çoxmərtəbəli binaların tikintisi məqsədilə 5,5 milyon manata satılacağı, həmin məsələnin həlli üçün beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaiti aldatma yolu ilə ələ keçirib. Alik Həsənov eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini söyləyərək aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə torpaq sahəsini almaq istəyənin 360 min manatını ələ keçirib.

Hazırda həbsdə olan Nadir Əliyev və Alik Həsənova Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik) maddələri ilə ittiham irəli sürülüb. Beş nəfər isə zərərçəkmiş şəxs kimi tanınıb: Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanov.

Pulları kimlər və necə mənimsəyib?


Bu məsələdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin də adı çəkilir. Belə ki, təqsirləndirilən şəxs Nadir Əliyev ötən il öz ifadəsində zərərçəkmiş Elçin Rüstəmovdan aldığı pulu Konfederasiyanın rəhbərinə verdiyini etiraf etmişdi. Dünənki məhkəmə prosesində isə Nadir Əliyev əvvəlki ifadəsindən fərqli fikirlər söyləyib. Bu ziddiyyət məhkəmə heyəti və vəkillərin diqqətindən qaçmayıb, ona fikirlərini aydın ifadə etməsi üçün suallar verilib. Sual-cavab zamanı Nadir Əliyev əvvəlki ifadəsində “Bu işlərin başında Səttar Möhbalıyev durur” sözünü geri götürdüyünü etiraf edib: “Mən qorxduğum üçün elə demişəm. Çünki həm öz vəkilim, həm də Aslan İsmayılov dedi ki, səni 10 ildən çox “iş” gözləyir”.

Nadir Əliyev aydınlaşdırıcı suallara cavabında bir daha vurğulayıb ki, stadionun ərazisinin satılmasına dair qərar və sərəncanları Konfederasiyanın rəhbəri Səttar Möhbalıyev verir: “Amma bu işlərin ona heç bir aidiyyatı yoxdur. Əksinə, mən bu barədə rəhbərliyə məlumat verdikdən sonra Alik Həsənov işdən çıxarılıb”.

Konfederasiya rəhbəri Nadir Əliyevi həbsdən qurtara biləcəkmi?


Vəkil Aslan İsmayılov isə sərbəst ifadə verən Nadir Əliyevin məqsədli şəkildə yalan danışdığını söyləyib: “Səttar Möhbalıyev bu günlərdə yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib, buna görə Nadir Əliyevin azadlığa çıxacağına ümidləri artıb”.

Zərərçəkənlər də Nadir Əliyevin doğru danışmadığını bildiriblər. Onların aydınlaşdırıcı ifadə və suallarından məlum olub ki, sahibkarlar statdionun ərazisinin satılması ilə bağlı Nadir Əliyevlə müxtəlif vaxtlarda və ünvanlarda bir neçə dəfə görüşüblər. O zaman Nadir Əliyev onun danışıq və davranışlarından şübhələnən sahibkarları əmin edib ki, sənədləşmədə hər hansı problem yoxdur və torpaq sahəsinin alqı-satqısına dair sənədlər rəhbərliyə təqdim olunub.

Sənədlər Səttar Möhbalıyevin seyfində saxlanılırmış...


Zərərçəkən Rauf İsmayılov bildirib ki, şifahi qaydada razılaşdırılmış vəsaiti ödədikdən xeyli sonra sənədləşmə prosesinin ləngiməsindən narahat olduğuna görə Nadir Əliyevlə bir neçə dəfə görüşüb. Sonuncu görüşdə cavabdeh tərəf onu inandırıb ki, məsələ 3-4 günə həll olunacaq: “Nadir mənə dedi ki, sənədləşmədə heç bir problem yoxdur, 3-4 günə hazır olacaq, sənə xəbər edəcəyəm gəlib götürərsən”.

Təqsirləndirlən şəxs zərərçəkənin dediklərini təsdiq edib: “Bəli elə dedim. Bildirdim ki, sənədlərin bir hissəsi hazırdır, rəhbərliyin seyfindədir. Digər sənədlər isə Əmlak Komitəsində idi”.

Təqsirləndirilən şəxs digər zərərçəkənlərə də sənədləşmə işləri ilə bağlı eyni cavabı verib.

Məhkəmə prosesində təqsirləndirilən şəxslərdən birinin vəkili Aslan İsmayılov bu məsələdə Əfqan adlı şəxs barədə Nadir Əliyevə sual ünvanlayıb. Məlum olub ki, Konfederasiyadan torpaq sahəsi almaq həmin şəxs də eyni qaydada aldadılıb. Lakin sonradan Nadir Əliyev ona dəymiş zərəri ödəyib.

Nadir Əliyev isə bu barədə danışmaq istəməyib. O, “Məhsul” stadionu ilə bağlı baş vermiş qanunsuzluqların demək olar ki, hamısında Alik Həsənovu günahlandırıb. Eyni zamanda zərərçəkənlərin bir neçəsi ilə şəxsən görüşdüyünü və onlarla ərazinin satışı haqqında danışıqlar apardığını da etiraf edib.

Alik Həsənovun vəkili isə Nadir Əliyevin sahibkarlara qarşı dələduzluq faktında birbaşa rol oynadığını sübut edən səs yazısının olduğunu bildirib. Vəkil həmin səs yazısının dinlənilməsi barədə vəsatət qaldırıb. Hakim Nadir Əliyevin ibtidai istintaqa verdiyi ifadənin elan olunmadığını əsas gətirərək vəsatəti baxılmamış saxlayıb. Bildirilib ki, növbəti prosesdə Nadir Əliyevin ifadəsi elan olunduqdan sonra həmin səs yazısı dinləniləcək.

Növbəti məhkəmə iclası 2024-cü il yanvarın 8-də keçiriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar