Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əsrə bərabər 20 illik inkişaf

Tarix: 26-12-2023 17:37     Baxış: 3221 A- / A+

 Bəhram ZAHİDOV,
hüquq elmləri doktoru, professor


Bu günlərdə ad günü münasibətilə Prezident İlham Əliyevə dünyanın hər yerindən, müxtəlif dövlətlərin rəhbərlərindən, hökumət başçılarından, nüfuzlu beynəlxalq təşkilatların sədrlərindən, ictimai xadimlərdən təbrik məktubları gəlməkdə davam edir. Rusiya Prezidenti Vladimir Putindən, Çin Xalq Respublikasının Sədri Si Cinpindən, İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən və daha kimlərdən. Məktublarla mətbuatda tanışlıq göstərir ki, bunlar əlamətdar günlərdə göndərilən protokol qaydası təbriklər deyildir. Bu məktubların hər biri Prezident İlham Əliyevin dünyanın nüfuzlu prezidentləri, siyasi liderləri ilə bir cərgədə dayanmasının təsdiqidir.
 
İlham Əliyev siyasətinin təntənəsi
 
Prezident İlham Əliyevə ünvanlanan hər bir təbrik məktubu eyni zamanda  Azərbaycanın ötən 20 ildə keçdiyi inkişaf yoluna verilən qiymətin və respublikamıza olan yüksək qlobal ehtiramın təcəssümüdür. 20 il az zaman kəsiyi deyil, amma bu dövrdə İlham Əliyevin rəhbərliyi ilə respublikamızda gedən inkişaf proseslərinin həcmi iki onilliyin, hətta bir qərinənin miqyasından çox kənara çıxır. İstər yerli, istər regional, istər beynəlxalq səviyyədə Azərbaycanın nailiyyətləri cənab İlham Əliyevin düşünülmüş və əsaslandırılmış islahatlarından, yalnız və yalnız dövlətin və xalqın milli maraqlarını ehtiva edən siyasi kursundan xəbər verir.
Bu sətirləri yazarkən İlham Əliyevin 20 il əvvəl, ilk dəfə Azərbaycan Prezidenti seçilərkən andiçmə mərasimində etdiyi çıxışı xatırlayıram. Həmin çıxışında Azərbaycanın yeni seçilmiş Prezidenti kimi fəaliyyət proqramından, qarşıda dayanan hədəflərdən danışan İlham Əliyev demişdi: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".
Heydər Əliyev siyasətinin xalqımıza bəxş etdiyi nailiyyətlər həm sovet dövrü, həm müstəqillik tariximizin şərəfli irsidir. Heydər Əliyev siyasəti bugünkü və gələcək nəsillərin dönə-dönə  oxuyacağı, müraciət edəcəyi və öyrənəcəyi dövlətçilik təlimləridir. Ulu Öndərin müəyyən etdiyi siyasi kursun və inkişaf strategiyasının təməlində müstəqil və qüdrətli Azərbaycan dövlətçiliyi, respublikamızın təhlükəsizliyi, xalqın yüksək rifahı dayanır. Xalqımız 2003-cü ildə Prezident İlham Əliyevə etimad göstərəndə Heydər Əliyev ideyaları ətrafında səfərbər olmuşdu. Ötən 20 ilin hər bir siyasi, iqtisadi və sosial nəticəsi göstərir ki, Prezident İlham Əliyev siyasi varis kimi, Ulu Öndər Heydər Əliyevin ideyalarını  layiqincə davam etdirməklə, həm də onları dövrün çağırışlarından irəli gələrək daha da zənginləşdirir, yeni ştrixlər əlavə edir. Bu illər ərzində respublikamızın hər bir inkişaf nümunəsi Heydər Əliyev ideyalarının təcəllisi, İlham Əliyev siyasətinin təntənəsidir.
 
Qürur doğuran nümunələr
 
Ötən 20 ildə Azərbaycanın keçdiyi inkişaf yolu olduqca möhtəşəm və qürurvericidir. Hər bir azərbaycanlı bu dövrdə Prezident İlham Əliyevin inkişafla bağlı qətiyyətli fəaliyyətinə şahidlik edib. Məsələn, birmənalı şəkildə deyə bilərik ki, bu 20 ildə Azərbaycanın reallaşdırdığı bütün layihələrin təməlində Prezident İlham Əliyevin milli maraqları rəhbər tutan təşəbbüsləri və siyasi iradəsi dayanır. 
Məhz cənab Prezidentin sayəsində və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri bütün maneələri aşaraq ərsəyə gətirildi. İlham Əliyev bu gün Avropadan Şərqə və əksinə nəqliyyat yollarının mühüm seqmenti olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin müəllifidir. Azərbaycan Prezidentinin siyasi diplomatiyası Avropa İttifaqının siyasi və iqtisadi strukturlarını  "Cənub qaz dəhlizi" ətrafında səfərbər etdi və bu gün bir neçə Avropa ölkəsi Xəzərdən hasil olan qazla isinir. Mütərəqqi enerji siyasətinin nəticəsi kimi Azərbaycan uzun illərdir ki, qlobal enerji təhlükəsizliyi dialoqunun söz sahibi olan tərəfidir.
20 ildə Azərbaycan regionun ən dinamik inkişaf edən dövləti kimi digər sahələrdə də yüksəliş nümunələri yaratdı. Bu illər ərzində Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsulun 4 dəfədən çox artması dünyada nadir rast gəlinən nümunələrdəndir. 2004-cü ildən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb. Bunlara paralel olaraq bu dövrdə orta aylıq əməkhaqqının 12 dəfə, orta aylıq pensiyanın 18 dəfə, yaşa görə orta aylıq pensiyanın 19 dəfə, əlilliyə görə pensiyanın 14 dəfə artması, neft kapitalının insan kapitalına çevrilməsi, 2003-cü illə müqayisədə yoxsulluq səviyyəsinin 44,7 faizdən 5,5 faizə enməsi göstərir ki, iqtisadi inkişafın təməlində ilk növbədə vətəndaşların sosial rifahının təmin edilməsi dayanır.
Bu illər ərzində cəmiyyət həyatının digər sahələrində, o cümlədən hüquq sferasında mütərəqqi islahatlar keçirməklə zamanla ayaqlaşan inkişaf təmin edilib. Zamanın çağırışları ilə əlaqədar zərurətə çevrilən hüquq islahatları hər bir hüquqi cəmiyyətlərdə inkişafın fundamental əsaslarındandır. O cümlədən idarəçilikdə yeni yanaşma və standartların formalaşması, informasiya kommunikasiyalarının cəmiyyətə daxil olması bütün sahələrdə olduğu kimi, hüquq sferasında da davamlı islahatlara yol açır. Bu reallığı düzgün dəyərlərindən respublikamızda dövlət həyatının bütün sahələrində baş verən keyfiyyət dəyişiklikləri hüquq sferasından da yan ötməyib. Həm bu sahədə qanunvericilik təkmilləşdirilib, həm də dövlət qurumlarının fəaliyyəti ən yüksək standartlara çatdırılıb. Xüsusi ilə qeyd edilməlidir ki, hüquq islahatları çərçivəsində respublikamızda yeni məhkəmə infrastrukturu yaradılıb, yeni nəsil hakim korpusu formalaşdırılıb, vətəndaşların ədalət mühakiməsinə müraciət imkanları asanlaşdırılıb. Bu baxımdan Azərbaycan dövlətinin hüquqi dövlət kimi nail olduğu uğurların bir istiqamətini hüquq sferası təşkil edir.
 
Torpaqlarımızı azad edən, erməni separatizminə son qoyan Sərkərdə
 
Prezident İlham Əliyevin fəaliyyətinin ən böyük hadisələri, əlbəttə ki, 30 il işğal altında olan torpaqlarımızın azad edilməsi və Qarabağda erməni separatçılığının tarixdən birdəfəlik silinməsidir. Cənab İlham Əliyev hələ Azərbaycan Prezidenti kimi ilk dəfə and içəndə bu məsələ üzərində xüsusi dayanmış, nəyin bahasına olursa-olsun torpaqlarımızın işğaldan azad ediləcəyini bəyan etmişdi. 
Dövlət başçısı kimi İlham Əliyev ilk gündən bu istiqamətdə sistemli və ardıcıl iş apardı. Sülh danışıqlarına sadiq qalmaqla, Prezident İlham Əliyev torpaqlarımızın müharibə yolu ilə azad edilməsinin mümkünlüyünü də hər zaman bəyan etdi. Bunun üçün həm də ordu islahatları həyata keçirildi. 
İlham Əliyev müdrik və uzaqgörən siyasətçidir. Bu mənada Ermənistanın sülh  danışıqlarını imitasiya etdiyini, danışıqlar vasitəsilə vaxt udmağa çalışdığını İlham Əliyev yaxşı bilirdi. Elə vasitəçilər də zaman ötdükcə, nəsillər dəyişdikcə Azərbaycanın Ermənistanın tələbləri ilə razılaşacağını düşünürdülər. Prezident İlham Əliyev isə ordumuzun döyüş imkanlarını artırmaqla, beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı siyasətinin təsdiqinə nail olmaqla, o cümlədən Azərbaycanın güclü qlobal mövqelərini təmin etməklə, torpaqlarımızın güc yolu ilə azad ediləcəyi təqdirdə respublikamız üçün əlverişli şərait və imkanlar formalaşdırdı. Beləliklə, 2020-ci ilin 44 günlük Vətən müharibəsi bir daha Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasi lider olduğunu təsdiqlədi. Dövlətimizin başçısı öz müdrik və qətiyyətli siyasəti ilə müharibə meydanında torpaqlarımızın işğaldan azad edilməsinə nail oldu. Eyni zamanda İlham Əliyev bu müharibədə və ondan sonra başda Fransa olmaqla, dünya erməniliyini siyasi-diplomatik sferada darmadağın etdi. 2023-cü ilin sentyabrında Qarabağın erməni separatçılarından azad edilməsi Vətən müharibəsindəki Zəfərdən sonra xalqımızın növbəti tarixi qələbəsi oldu. Bütün bunlar həm də ondan xəbər verir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin arzuları çin olur.
Bu gün Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur, keçmiş məcburi köçkünlərin öz doğma evlərinə  dönüşünü təmin edir. Artıq bərpa edilən 2 şəhərdə və 3 kənddə yeni həyat başlayıb. İlham Əliyevin iradəsi ilə torpaqlarımızın bərpası, bu istiqamətdə respublikamızın Birinci-vitse prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər olduqca fərəhli və qürurludur. Xüsusən, Heydər Əliyev Fondunun xətti ilə Qarabağ və Şərqi Zəngəzurda tarixi abidələrimizin bərpası milli-mənəvi dəyərlərimizə olan dərin ehtiramın göstəricisidir. 
Bütövlükdə isə işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işləri bir daha Azərbaycan dövlətinin qüdrətini dünyaya bəyan edir. Görülən işlərin sürəti göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası zamanı qabaqlamaqla yerinə yetiriləcək. 
Azərbaycanın son 20 ili olduqca möhtəşəm uğurların yazıldığı dövlətçilik salnaməsidir.  Bu şərəfli salnaməni yaradan Prezident İlham Əliyevin adı həm də torpaqlarımızı işğaldan azad edən, Qarabağda iki əsrə yaxın davam edən erməni separatçılığına son qoyan sərkərdə kimi tariximizə həkk olunub. Ona görə bu siyasətin davam etməsi Azərbaycan cəmiyyətinin, bütün xalqımızın siyasi və sosial sifarişidir. Əminik ki, hər zaman düzgün və müdrik qərarlar verən xalqımız qarşıdan gələn növbədənkənar prezident seçkilərində də cənab İlham Əliyevin ətrafında səfərbər olacaq və bugünkü uğurlarımızın davamlı olmasına, Azərbaycanın daha da inkişafına və qüdrətlənməsinə səs verəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar