Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ağayana ad günləri və yaşanan bir ilin parlaq uğurları - Rəşad Məcid yazır

Tarix: 23-12-2023 14:01     Baxış: 2246 A- / A+
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TƏVƏLLÜDÜNÜN VƏ RƏHBƏRLİK FƏALİYYƏTİNİN DAHA BİR İLİNƏ MÖHTƏŞƏM UĞURLARLA YEKUN VURUR
 
Azərbaycan Prezidenti İlham Əliyevin ad günü təmtərağından hər zaman uzaq durduğu ictimaiyyətə çoxdan bəlli olan həqiqətdir. Dövlət başçısı bu məsələdə də daim nümunəvi davranış sərgiləyib, özünəməxsus sadəlik və təvazökarlıq nümunəsi göstərib, ad günlərini xüsusi mərasimsiz, hər hansı təntənəyə yol vermədən qeyd edib, doğum günü tarixinə - 24 dekabra müstəsna məzmun yüklənməsini istəməyib. Xüsusən də, son 20 ildə bu tarixi, əksərən, özü üçün növbəti iş günü kimi keçirib, necə deyərlər, ad gününü də gərgin fəaliyyətin, zəngin iş proqramının tərkib hissəsinə çevirib. Prezidentin öz ad günlərində bölgələrə səfər edərək vətəndaşlarla, əsasən də, qaçqın və məcburi köçkünlərlə görüşməsi, müxtəlif təməlqoyma və açılış mərasimlərində xalqla bərabər olması uzun illərdir xoş bir ənənəyə çevrilib. Böyük Zəfərlə sonuclanan Vətən müharibəsindən sonra isə Prezident öz ad günündə otuz illik məcburi köçkün həyatından sonra doğma yurdlarına qayıtmış insanlarımızla görüşməyə, onların yanında olmağa üstünlük verir. 
24 dekabrın bir əlamətdar cəhəti də bu tarixin təqvimdə ilin son ongünlüyünə aid olmasıdır: yaşanan il bu gün-sabah başa çatır, yeni ilin gəlişinə bir həftə vaxt qalır. Bütün varlığı və ruhu etibarilə böyük dövlət adamı olan İlham Əliyev bu məqama da milli və ictimai prizmadan yanaşır, bu tarixə Azərbaycan üçün daha bir taleyüklü ilin yekunu kimi baxır. Onu Azərbaycanın dövlət başçısı kimi ölkəmizin bu günü və gələcəyi üçün böyük önəm daşıyan bir çox ciddi suallar düşündürür: "Başa çatmaqda olan ildə hansı planlarımız həyata keçdi və hansı mühüm layihələrə zəmin hazırlaya bildik? Azərbaycanın inkişafı, xalqın rifahı yolunda nə kimi yeni addımlar atdıq? Ölkənin uğurlu gələcəyi naminə daha nələr edə bilərdik?"
Mən Azərbaycanın uğurlu gələcəyi naminə bundan sonra daha nələr etməyin mümkünlüyü barədə nəsə demək fikrindən, əlbəttə, uzağam. Çünki özünün məşhur ifadəsilə desək, nəyi necə və nə vaxt etməyi məhz cənab Prezident özü bilir. Amma düşünürəm ki, artıq sayılı günlərini yaşadığımız bu bir ildə Azərbaycanın qazandığı parlaq nailiyyətləri yenidən xatırlamağa dəyər. Elə bu məqsədlə də, düşünürəm ki, 2023-cü ilin yekunlarına qısaca nəzər salmaq yerinə düşər. Ona görə "qısaca" ki, yekunlaşan bu il ölkəmizin həyatı, gələcəyi ilə birbaşa bağlı olan unudulmaz məqamlarla başdan-sonacan zəngindir. Üstəlik, həmin məqamları unudulmaz edən də məhz İlham Əliyevin rəhbərlik və dövlətçilik fəaliyyətinin Azərbaycana qazandırdığı möhtəşəm uğurlardır. Odur ki, elə bilirəm, ötən ilin ümumi mənzərəsini yalnız bir neçə məqama diqqət yetirməklə də vermək mümkündür. Fikrimcə, bu məqamlar İlham Əliyevin istər bir şəxsiyyət, istərsə də bir siyasi xadim, dövlət rəhbəri kimi parlaq portretini göz önünə gətirməyə imkan verər və onun zəngin mənəvi aləmini duymaq, geniş dünyagörüşünü, qlobal və miqyaslı düşüncə tərzini anlamaq baxımından faydalı olar.
lll
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Talış kəndindən xalqa ünvanladığı təbrikində bir sıra mühüm məsələyə yer ayırdı. Siyasi münasibətlərdən danışarkən qeyd etdiyi xüsusi bir məqam isə həm də mənəvi-əxlaqi mündəricə daşıması ilə diqqət çəkdi: "...Ermənistan bilmir hansı qanadın altında özünə yeni himayədar tapsın. Bütün dünyaya öz satqınlığını, nankorluğunu bir daha göstərir. İndi özü üçün yeni ağa axtarışındadır". Bu fikir sayəsində bir daha məlum oldu ki, nankorluq və satqınlıq İlham Əliyevin ən çox nifrət bəslədiyi xüsusiyyətlərdəndir. Dövlətimizin başçısı bununla belə, bir mesaj da ötürmüş oldu: Ermənistan cəmiyyətinin öz genetik xəstəliyindən yaxa qurtarması vacibdir. Onlar buna görə tarix boyu nifrət qazanıblar. Satqınlıq, nankorluq, ikiüzlü davranışlar isə gec-tez ilahi ədalətin mühakiməsiylə qarşılaşır, mütləq qarşılaşır.
lll
Dövlət başçısının may ayının sonunda, iki gün ərzində Kəlbəcər və Laçında iştirak etdiyi çoxsaylı açılış və təməlqoyma mərasimlərini, 30 ildən sonra doğma yurdlarına dönən laçınlılarla görüşünü, söylədiyi fikirləri, verdiyi mesajları izləyəndə həm heyrətləndim, həm də bir daha qürur hissi keçirdim.
Kadrlarda gözə dəyən tozlu, palçıqlı maşınlar da Kəlbəcər yolunun özünəməxsusluğunu, relyefin çətinliyini xatırlatmaqla səfərin yükündən və ağırlığından xəbər verirdi. İki gündə 20-dən artıq tədbir! Vətən sevgisi və qalibiyyət ruhu olmadan, təkcə enerji hesabına bunları reallaşdırmaq mümkünsüzdür. Cənab Prezidentin bu sonsuz Vətən sevgisi, tükənməz enerjisi bütün ölkəyə sirayət edir, yüksək fəxarət duyğusu oyadır.
Prezidentin mayın 10-da - Ümummilli liderin doğum günündə Şuşadan etdiyi müraciətində səsləndirdiyi "...Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq" - sözləri isə hər bir vətəndaşın qəlbində dövlətimizin başçısının öz qeyri-adi enerjisi və sarsılmaz ruhuyla hələ bundan sonra da Azərbaycan adına neçə-neçə böyük zəfərlərə imza atacağına böyük və tükənməz əminliyi daha da artırır.
Hələ 2013-cü ildə cənab Prezidentin qarşısında çıxış edərkən demişdim: "Bu gün inanırıq ki, Sizin rəhbərliyinizlə, Sizin Ali Baş Komandanlığınızla Azərbaycan torpaqları işğaldan azad olunacaq, Azərbaycan bayrağı Şuşada dalğalanacaq...
Biz buna inanırıq.
Bu inama əsas verən Sizin qurduğunuz, yaratdığınız qüdrətli Azərbaycandır, gördüyünüz böyük işlərdir, reallaşdırdığınız arzulardır, gerçəkləşdirdiyiniz xəyallardır”.

Bütün bu möcüzəvi fəaliyyətin özəyində Vətən sevgisiylə çırpınan ürəyin durduğuna isə həmin iki gündə bir daha əmin olduq.
Durmadan, dayanmadan Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsinə, abadlığına çalışan Prezidentin fəaliyyətini, Kəlbəcər və Laçındakı heyrətamiz quruculuq işlərini, 30 ildən sonra yurduna dönən laçınlıların alqış və dualarını həyəcansız izləmək mümkün deyil.
lll
İyul ayında Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə Prezident İlham Əliyevin çıxışı məzmununa, əhatə etdiyi problemlərə və ötürdüyü mesajlara görə də, nitqinin rəvanlığı və təsiri baxımından da yenə möhtəşəm idi. Onun BMT Təhlükəsizlik Şurasının hazırkı formatını keçmişin qalığı adlandırması, qurumun bəşəriyyətin gözləntilərinə cavab vermədiyini, təşkilatda ciddi islahatların qaçılmazlığını xüsusi vurğulaması, Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi barədə təklifləri, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın soyqırımı cinayətlərində iştirakını, rəsmi Parisin irqçi və neokolonializm siyasətini, başqa dövlətlərin işlərinə kobud müdaxilə cəhdlərini kəskin pisləməsi, Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və "orientalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübənin tətbiqinə çalışdığını bəyan etməsi Azərbaycan liderinin üstün siyasi-diplomatik bacarığının növbəti aydın təzahürü idi.
Prezidentin bu çıxışını hər bir Azərbaycan vətəndaşının dinləməsi və bu nitqdən öyrənməsi, zəruri nəticələr çıxarması olduqca vacibdir. İndi dünya siyasətinə düzgün yön verən belə bir tutarlı siyasi-diplomatik mövqeni, bu cür geniş beynəlxalq təsir gücünü və yüksək nüfuzu məhz Azərbaycan Prezidentinin sərgiləməsi hər birimiz üçün iftixar qaynağıdır.
Tarixi şərait təsadüfən, öz-özünə yaranmır. Bu şəraiti dahi siyasətçilər, nəyi nə zaman, necə etməli olduğunu dəqiq bilən böyük liderlər yetişdirirlər. Addım-addım, səbrlə, qətiyyətlə, əzmlə...
lll
Bu il 19-20 sentyabrda uğurla həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Prezident İlham Əliyevin müraciətində Qarabağdakı sadə ermənilərə ünvanlanan fikirlər müdrikliyi və humanist məzmunu ilə də diqqət çəkdi. "Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar! Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər!" - deyən Müzəffər Ali Baş Komandanın bu sözləri yeni tarixi fürsəti dəyərləndirməyə bir çağırış idi.
O ərəfədə Azərbaycan çox sevincli, möhtəşəm günlər yaşadı. Bu möhtəşəm sevincin təsiri altında mən xəyalən 35 il öncəyə qayıdıb, 1988-ci ilin fevral günlərində ilk dəfə o vaxt Xankəndidən Ağdama gəlib "ermənilərin mitinqləri"ndən həyəcanla danışan azərbaycanlıları xatırladım...
O günlərdən bəri, düz 35 il biz daim savaş, işğal, faciə, təşviş, məyusluq kimi neqativ hisslərlə yaşamışdıq. Hamısına da gözlərimizin önündə nankorluqdan azğınlığa qədər iyrənc bir yol keçən ermənilər səbəb olmuşdu.
2020-ci ilin payızında başlanan Vətən müharibəmiz, onun nəticəsi olan parlaq Zəfərimiz yaralarımıza məlhəm oldu, keçmiş məğlubiyyətin məyusluğunu canımızdan çıxartdı. Bu il sentyabrın 19-da başlanan və cəmi bir sutkaya uğurla yekunlaşan lokal antiterror tədbirləri isə suverenliyimizin tam bərpasıyla nəticələndi.
Ağdərəyə bayrağımızın sancılması, Vardanyanın həbsi, polislərimizin Xankəndidə görünmələri, asi vətəndaşlarımızın təmsilçilərilə Yevlaxda, Xocalıda keçirilən görüşlər, qondarma qurumun özünü buraxması Azərbaycan Prezidentinin polad iradəsi, müdrikliyi, xalqımızın birliyi, ordumuzun qüdrəti sayəsində mümkün oldu.
Dünyaya siyasət, diplomatiya və hərb dərsi keçərək Azərbaycana möhtəşəm qələbələr qazandıran Müzəffər Ali Baş Komandanımız bu gün hər bir azərbaycanlının, ümumən türk dünyasının sonsuz minnətdarlıq, haqlı pərəstiş ünvanıdır.
lll
2020-ci ilin Noyabr Zəfərindən sonra bizə yuxu kimi görünən sevincli hadisələr davam etdi. İnanılmazlar, mümkünsüzlər, əlçatmaz gələn xəyallar reallaşdı. Oktyabrın 15-də Ali Baş Komandanın Xankəndidə bayrağımızı ucaltmasından, Əsgəran qalasından qürurla Şuşaya, Ağdama baxmasından sonra bu qəbildən olan hansı xəyal reallaşmaya bilər ki?!
Şuşanın işğaldan azad olunmasından, hətta Şuşadakı tədbirlərdə iştirakdan sonra da uzun müddət bu reallıq adama yuxu kimi gəlirdi. Xankəndidə bayrağımızın ucalmasını, Müzəffər Ali Baş Komandanın Əsgəran qalasındakı qürurlu duruşunu o anlarda, bəlkə, tam dərk edə bilmirdik: belə böyük xoşbəxtliyə bu tezliklə inanmaq çətindir.
Amma inandıq. Və yeni insanlar, qalib ölkənin vətəndaşları, qalib xalqın nümayəndələri olduğumuzu getdikcə daha aydın dərk etməkdəyik. Deməli, azad Qarabağı tezliklə xəyallarımızdakından da ucada görəcəyik. Özü də məhz Prezident İlham Əliyevin rəhbərliyi altında!
Axı Əsgəran qalası üzərində belə qürurla dayanmaq, belə şəstlə gəzmək başqa kimə müyəssər olub ki?!
Buna başqa kimin haqqı və gücü çatıb?!
Yuxuları beləcə gerçəyə çevirməyi başqa kim bacarıb?!
Həmişə təmkini ilə seçilən Müzəffər Ali Baş Komandanın kövrəlməyinə iki dəfə şahid olmuşuq: 2021-ci ilin mayında Şuşada - Xarıbülbül festivalında və bu il oktyabrın 17-də Füzuliyə qayıdan sakinlərlə söhbətində. Bu, həm də qalibiyyət sevincindən doğan duyğulu anlardır.
Əsgəran qalası üzərindəki məğrur duruş isə dünyaya, erməni faşizminə, 200 illik işğalçı siyasətə meydan oxumaq, xalqın tam bərpa olunan özgüvəninin, ləyaqət hissinin parlaq təcəssümü idi...
Qarabağa erməni köçü başlayandan onlar ölçüb-biçib Əsgəranda məskunlaşmaqla bu qalanı sipərə çeviriblər. Aran Qarabağın əhalisi önündə möhkəm sədd yaradıblar. Xocalını, Şuşanı mühasirədə, girov kimi saxlamaq üçün bu qalanın ətrafında yuva salıblar. Əsgəran qalası çətin sədd olub.
Cümhuriyyət dövründə Azərbaycan Ordusunun asi ermənilərə qarşı Əsgəran döyüşü barədə tarixi və bədii əsərlərimizdə bilgilər var. 1920-ci ilin aprelində Cümhuriyyət Ordusu general-mayor Həbib bəy Səlimovun komandanlığı altında Əsgəranı və Xocalını erməni quldurlardan çətinliklə azad edərək Şuşaya yol aça bilmişdi.
1988-ci ilin fevralında Qarabağ münaqişəsinin ilk şəhidləri Əli və Bəxtiyar da Əsgəran yaxınlığında qətlə yetirildilər. 90-cı illərin əvvəllərində də "Əsgəranın azad edilməsi Xocalının xilası olacaq" düşüncəsi və arzusu geniş yayılmışdı. Amma o zaman bu, mümkün olmadı və sonrakı ağır faciələrimizə gətirib çıxardı.
Bütün bunlara görə də Əsgəran qalasının divarlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin məğrur duruşunu əks etdirən fotolar bəzəməlidir.
 lll
 Ölkəmizdə keçirilən tədbirlər, o tədbirlərin sayının çoxluğu bəzən heyrət doğurur. 2023-cü il də bu baxımdan istisna olmadı. Oktyabrın ikinci ongünlüyündə paytaxtımızda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzulu mühüm beynəlxalq konfrans keçirildi.
Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti dərin məzmunu, aydın və qüvvətli mesajları ilə yadda qaldı. Dövlətimizin başçısının fikirləri müdrik, mahir və düşünülmüş hücum strategiyasından xəbər verdi.
lll
Zəfər Günündə - 8 Noyabrda Xankəndidə keçirilən hərbi parad Azərbaycanın dövlət suverenliyinin bütün ərazilərimizdə bərpasının ən qəti formada təsdiqinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bütövlükdə Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə, yaxın tariximizin isə ən möhtəşəm uğuruna imza atdı. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranın da separatçılardan tam təmizlənməsi təkcə ölkəmizin deyil, bütövlükdə regionun və dünyanın taleyinə müsbət təsir edəcək qədər mühüm hadisədir.
Bu nailiyyət həm Azərbaycanın haqq işinin inamlı qələbəsi, həm də separatçılıqdan əziyyət çəkən digər xalqlar və ölkələr üçün ümid işığı deməkdir.
lll
Dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən birinə - COP29-a 2024-cü ildə ev sahibliyi etmək haqqını Azərbaycan qazandı. Bu tədbiri təşkil etmək hüququnun ölkəmizə verilməsi Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq miqyasda daha bir parlaq qələbəsi oldu. BMT Təhlükəsizlik Şurasına iki illiyə qeyri-daimi üzvlük və Qoşulmama Hərəkatına sədrlikdən, mükəmməl xarici siyasətimizin qazandırdığı çoxsaylı parlaq uğurlardan sonra daha bir möhtəşəm nailiyyət deməkdir bu. Üstəlik, bu qələbə illərdən bəri müxtəlif məcra və səviyyələrdə Azərbaycana qarşı çirkin kampaniya aparan məlum dairələrə də kəskin və haqlı bir cavaba çevrildi.
lll
"Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz!"
Ürəkləri riqqətə gətirən bu kəlmələri hələ sabah eşidəcəyik.
Bu gün isə təqvimdə 20 dekabrdır.
"Qarabağ" futbol komandasının heyətiylə birlikdə Bakıdan təyyarə ilə Füzuliyə uçmaq, Qırmızı Bazardan, Xankəndinin yanından keçərək Şuşaya qalxmaq, səhərisi gün Xankəndi stadionunda "Qarabağ"la MOİK-in oyununu izləmək. Beş il əvvəl belə bir səfər hər birimizə ya yuxu, ya da fantastik bir hekayənin süjeti kimi gələ bilərdi.
Amma bu möcüzə reallığa çevrildi.
Bundan əvvəl mən yayda Şuşada keçirilən Qlobal Media Forumunda iştirak etmişdim. "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda, 49 ölkədən 150 nəfər xarici qonağın, 60 nəfər yerli media rəhbəri və nümayəndəsinin iştirakı ilə keçirilən üçgünlük Şuşa Qlobal Media Forumu yüksək səviyyədə təşkil olunmuşdu. Digər önəmli cəhətləri ilə yanaşı, dünyanın aparıcı media qurumlarının, jurnalist təşkilatları rəhbərlərinin, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlərin, tanınmış jurnalistlərin toplaşdıqları belə bir forumun məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi isə ayrıca dərin rəmzi məna kəsb edirdi. Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi dərin məzmunlu fikirlərin böyük maraqla qarşılanması, eləcə də tədbir iştirakçılarının dünyada baş verən ən müxtəlif proseslərlə bağlı ünvanladıqları suallar dövlətimizin başçısının dünya səviyyəli bir lider və siyasətçi kimi həmişə xüsusi diqqət mərkəzində olduğundan xəbər verirdi. Açılış mərasimi bitəndən sonra xarici jurnalistlərin Azərbaycan Prezidentinə yaxınlaşıb onunla mükaliməyə can atmaları, selfi çəkdirmələri isə çox qürurverici məqam, həmçinin, dövlətimizin rəhbərinin bu gün dünya siyasətçiləri, ictimai fikir daşıyıcıları arasında xüsusi nüfuza və çəkiyə malik olduğunun göstəricisi idi.
Forum günlərində Cıdır düzündən Xankəndiyə baxanda gözlərim önündə separatçıların yaşadığı məkanlar canlanırdı. Bu dəfə Şuşaya yenidən gəldim - həm də Qırmızı Bazardan, Xankəndinin yanından keçərək gəldim.
Səhərisi gün obaşdan yenidən Cıdır düzünə getdim, oradan Xankəndiyə baxdım. Azərbaycanın tam suverenliyini bərpa etməsindən sonra ilk dəfə idi ki, Cıdır düzündən aşağı baxaraq belə bir unudulmaz mənzərənin şahidi olurdum.
Son illər Azərbaycan özünün ən şərəfli və qürurlu dövrünü yaşayır. Bu tarixi hadisələrin iştirakçısı olmaq gözlərimizi yaşardır, boğazımızı qəhərə boğur.
...Dekabrın 21-dir. Xankəndidə stadiondayıq. Bir azdan indiyəcən xəyallarımızın da gücü xaricində olan bir mənzərənin iştirakçılarına çevriləcəyik - neçə illərdir Avropa arenalarında öz uğurları ilə ümidlərimizə çıraq tutan "Qarabağ" otuz illik arzularımızı reallaşdıran qalib ordumuzun təmsilçisi MOİK-lə oyuna çıxacaq.
Oyunun başlamasına az qalmış Azərbaycanın bu böyük Zəfərlərinin baş memarı - Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin gəlişi ilə stadion canlanır.
Oyundan əvvəl "Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz!" - deyə sözə başlayan dövlətimizin başçısı qısa çıxışında heç kəsi və heç nəyi unutmur: stadiondakı şəhid uşaqlarına, onların ailə üzvlərinə ehtiramını bildirir, Xankəndinin qədim Azərbaycan diyarı olduğunu, bu kəndin təməlinin Qarabağ xanı tərəfindən qoyulduğunu, sonrakı illərdə Azərbaycanın vəsaiti hesabına böyük şəhərə çevrildiyini xatırladır, bu stadionun cəmi iki ay ərzində yenidən əsaslı təmir olunduğunu vurğulamaqla separatizm simvolikasını əks etdirən bütün yazıların silindiyini bildirir, bir neçə aydan sonra Ağdam şəhərində "İmarət" stadionunun yenidən inşasına başlanılacağının müjdəsini verir.
Oyun ərzində stadionda şəhid övladları ilə birlikdə əyləşən dövlət başçısının bu alicənab davranışı da xüsusi rəğbət doğururdu.
Prezidentin çıxışındakı bir nüans isə, zənnimcə, təkcə bir futbol oyunu haqqında fikirlər yox, həm də Qalib Liderin hər zaman üçün Azərbaycanla bağlı arzularının ifadəsi idi: "Bugünkü oyunun nəticəsindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir!"
...Bu möhtəşəm tədbirdən sonra biz böyük təəssüratlarla Bakıya qayıtdıq. Səhərisi gün Azərbaycan Prezidenti İlham Əliyev bir neçə ay əvvəl separatçılardan təmizlənmiş ərazilərə baş çəkdi, Şuşa rayonunun Turşsu qəsəbəsinə getdi, mənim də uşaqlığımın keçdiyi Şuşanın məşhur, ecazkar "Turşsu" bulağında, o yerlərin insanları üçün çox doğma olan "Saxsı" bulağında oldu, özünün növbəti ad günü ərəfəsində yenə hər birimizi heyrətləndirməkdə davam elədi.
lll
Gələn ilin və ondan sonrakı çox sayda illərin, onilliklərin də Prezident İlham Əliyevin həyat və fəaliyyətində yeni uğurlar, yeni qələbələr ili olacağına ürəkdən inanıram. Buna bütün xalqımız və Azərbaycanı sevən, bizi özünə dost bilən, doğma sayan hər kəs inanır. İnanırıq ki, 24 dekabr Prezident İlham Əliyev üçün bundan sonra da sadə ad günü və möhtəşəm, parlaq hesabat məqamı kimi tarixə düşəcək.
Əslində, gələn ilin ilk böyük qələbələrindən birini artıq indidən əminliklə qeyd etmək olar: 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Azərbaycanın suverenliyinin tam bərpasından sonra ilk dəfə keçiriləcək 7 fevral seçkilərində İlham Əliyevin qalib olacağı zərrə qədər də şübhə doğurmur. Həm də bu qələbə dünyanın indiki həssas dövründə Azərbaycan üçün olduqca labüd və zəruridir. Son 20 ildə Azərbaycanı böyük qələbələr, möhtəşəm zəfərlər, güclü inkişaf yolu ilə aparan İlham Əliyev bu seçkilərə Qalib Sərkərdə kimi gedir. Nəcib, qədirbilən xalqımız Prezident İlham Əliyevin vətənə, dövlətə misilsiz xidmətlərini layiqincə qiymətləndirməyi də bacarır. Vətən müharibəsindəki Zəfərdən, onun ardınca gələn silsilə qələbələrdən sonra İlham Əliyevin siyasi-mənəvi reytinqi ən yüksək həddədir. Azərbaycan Prezidentinin şəxsiyyətinə və fəaliyyətinə rəğbət və ehtiram ölkə daxilində, dünya azərbaycanlıları arasında, türk dünyasında və ümumən, beynəlxalq aləmdə zirvəyə yüksəlib.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevi 24 dekabr - növbəti doğum günü münasibətilə ürəkdən təbrik edirəm! Dövlətimizin başçısına möhkəm cansağlığı, şəxsi həyatda və rəhbərlik fəaliyyətində yeni-yeni uğurlar və hər dəfə möhtəşəm hesabatla yekunlaşan çox-çox sayda gözəl illər arzulayıram!
Var olun, cənab Prezident! Tanrı Sizi qorusun!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar