Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

“25-ci saat”da "Cəhənnəmdən gələn işıq"ın kölgələri -ŞƏKİLLƏR

Tarix: 09-12-2023 10:09     Baxış: 2309 A- / A+
AYB-nin "Natəvan" klubunda şair-jurnalist AYB-nin üzvü Təranə Dəmirin eyniadlı kitablarının təqdimatı keçirildi

Hər tədbir, əslində, bir ictimai təqdimatdır. İnsanın (qələm sahibinin, ziyalının...) bəlkə də üzərində ciddi-cəhdlə işlədiyi hansısa bir əsəri oxucuya göstərmək, onun bu «əl işi»nə münasibətini öyrənməkdir. Doğrusu, bu, belədir. Çünki hər tədbir zamanı biz bunu əyani müşahidə etmişik.

İstedadlı qələm sahibi Təranə Dəmir də elə bu timsalda “25-ci saat” şeirlər və "Cəhənnəmdən gələn işıq" povest və hekayələr kitabını cəmiyyətə təqdim etmək, oxucunu öz hislərində gah kövrəltmək, gah da duyğulandırmaq üçün tədbir təşkil etmişdi...

Məlumat üçün bildirək ki, Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair, jurnalist Təranə Dəmirin “25-ci saat” şeirlər və "Cəhənnəmdən gələn işıq" povest və hekayələr kitabının təqdimatı - “imza” günü keçirildi. Təqdimat mərasimində şairin qələm dostları, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri, oxucular və ailə üzvləri iştirak etdi.

Tədbirin aparıcısı Əli Kərim adına Sumqayıt şəhər "Poeziya evi"nin rəhbəri, şair İbrahim İlyaslı Təranə Dəmirin həyat və yaradıcılığı barədə geniş danışdı, şeirlərindən nümunələr söylədi. Vurğuladı ki, müasir dövrdə şeirin az qala ucuz təsəvvürə çevrildiyi bir vaxtda sanballı nümunələr yaratmaq zərurətdən irəli gəlir və bu hal alqışalayiqdir. Biz Təranə xanımın yaradıcılığında daha çox poetik təlatümlər aşkar edirik, bu səbəbdən onun poeziyasını əlbəttə, bu şəkildə təqdir etməliyik.

Şair, yazıçı və jurnalistlərdən Qəşəm Nəcəfzadə, Qulu Ağsəs, Əlisəmid Kür, Namiq Dəlidağlı, Zərəngiz Dəmirçioğlu, Fəxrəddin Teyyub, Xəqani Abbasəli Öztürk, Əli bəy Azəri, Taleh Mansur, Nəzirməmməd Zöhrablı Quliyev, Ülviyyə Əbülfəzqızı, Xatirə Səfər, Elçin Nəsib və başqaları Təranə Dəmirin yaradıcılığında bir sıra məqamlara toxundu, ona uğurlar arzuladılar və yeni kitablarının işıq üzü görməsi münasibətilə təbrik etdilər.

Qəşəm müəllim Təranə Dəmir yaradıcılığını şahanə şəkildə çözdü, müəllifin “25-ci saat” şeirlər kitabını birnəfəsə oxuduğunu dedi və bu kitabda ədəbi qənaətlərin, məzmun, ideya və mənanın yerində olduğunu, fikrin daha çox fəlsəfi məzmun daşıdığını diqqətə çatdırdı.

“Ulduz” jurnalının baş redaktoru şair Qulu Ağsəs Təranə Dəmir şeiriyyətinin inandırıcılıq xüsusiyyətindən, bu şeirlərin yaddaşlarda və ədəbiyyatda qala bilmək hünərindən danışdı, müəllifin bundan da məzmunlu şeirlər yaza bilmək gücünə inandığını vurğuladı.

Yazıçı Əli bəy Azəri Təranə Dəmirin xüsusən də Vətən mövzulu şeirlərini geniş şəkildə izaha çəkdi, bu şeirlərdə Vətən üçün ağlamağın deyil, mübarizə aparmaq, cəsarət göstərmək hissinin güclü olduğunu dedi. Əminliklə bildirdi ki, bu şeirlər hətta daşürək adamlarda belə Vətən hissi yarada bilər.

Radio juurnalisti Dilşad Mirzəyeva, Arzu Bayramlı, Vaqif Nəcəf Təranə Dəmir yaradıcılığındakı publisistik zəminlərə diqqət çəkdilər, onun ictimai-ədəbi hissini daha məzmunlu olmasında bu prosesin ümdə rol oynadığını dedilər.

Bu çıxışlar zamanı da vurğulandı ki, Təranə Dəmir həm nəzmin, həm də nəsrin ədəbi qənaətlərini doğru-düzgün təfərrüatlara çəkə bilir, ona görə də daha çox halda diqqətçəkən nümunələr yaradır. Biz təbii ki, onun yazdıqlarında həqiqətləri real düsturlar vasitəsilə çözür, həyatın, hadisə və proseslərin cəmiyyət reallığına, ədəbi həqiqətlərə əsaslandığını deməliyik. Bu da müəllif üçün olduqca vacibdir, inanırıq ki, Təranə xanım bundan sonra da yaxşı şeirlər və nəsr yazıları ilə oxucularının qarşısına çıxacaq.

Tədbirdə məktəbli bədii qiraətçi Əli Aslanlı şairin şeirlərindən nümunələr səsləndirdi.


Sonda Təranə Dəmir yeni şeirlərini oxudu, oxucular üçün kitablarını imzaladı, tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. Əlavə olaraq dedi ki, “25-ci saat” şeirlər və "Cəhənnəmdən gələn işıq" povest və hekayələr kitabı onun nömbəti mərhələlərə adlamaq gücüdür, bu güc onun bədii siqlətini yeni məsuliyyətlərə sövq edir.

Qeyd: Təranə Dəmirin “25-ci saat” şeirlər kitabında bir-birindən mənalı və məzmunlu şeirləri toplanıb. Əlbəttə, biz bu kitab barədə tədbir əhval-ruhiyyəli fikirlər ifadə etdik deyə, oradakı şeirlərin təhlilini növbəti yazılarımıza saxlayırıq. Sadəcə, demək istəyirik ki, Təranə Dəmir yaradıcılığı bu həyat üçün bir işıq mənbəyidir; şeirlərdəki fəlsəfi məzmun oxucuya çox şey deyir. Əsasən də, bu kitabdakı şeirlər günahdan qaça bilməyin yollarını göstərir.

Müəllifin özünün dediyi kimi:

Adım Allahın yanına
Özümdən qabaq çıxacaq.
Bilirəm, nəyi qaldırsa
Altından günah çıxacaq...

Bu bir parça şeirdə əsas etibarilə günah və ona bulaşmaq zərurəti var. Müəllif demək istəyir ki, həyatı elə yaşayın, bir gün haqq tərəzisində çəkiləndə günahınız ağır olmasın. Bunun üçün də həyata atıldığınız ilk gündən Allahı təqdir etmək gərəkdir və s.

Dərdin ən yekəsi unudulmaqdı,
Yadından çıxmaqdı dünyanın, atam.
Sən demə, əcəlin adı var elə,
Sən demə, təklikdən ölürmüş adam.


Bu sətirlərdə də günahın yaratdığı vəsvəsə insanla həyat arasında çətin keçidlər qurur, insan-Allah münasibətləri pozulur. Təkliyə səbəb nədir? Bi istiqamət əgər tale işidirsə, daha bəlli istiqamət insanın özünü günaha qul etməklə ətrafdakılardan təcrid etməsidir.

Hər yoxuşun enişi var,
Hər gəlişin gedişi var,
Yadın bizlə nə işi var,
Nə keçirsə, bizdən keçir...

*

Olla-ölün arası
Bir ömür yordu bizi.
Bu tənhalıq, bu sükut,
Bu səmir yordu bizi...

Bu poetik sətirlərdə də həyata sirayət edən mənfi aura var; yəni günaha deyil, haqqa asi qəlblər öz yaşam tərcihlərini doğru yola istiqamətləndirmək şanslarını itiriblər, həqiqət onlara yad ünsür kimi görünür və s.

Biz bu ictimai zəmini açmaq üçün Təranə xanımın şeirlərindən kifayət qədər misal çəkə bilərik. Hətta kitabı bütöv şəklidə bu mövzuda əsas obyekt kimi təqdir edə bilərik. Anlayışlı oxucu bir-iki şeirdən də müəllifin nə dediyini anlayır.

Təranə xanımın nəsr kitabı barədə də bir-birindən maraqlı çıxışlar oldu. Vurğulandı ki, o, povest və hekayələrində ədəbi dilin normalarına riayət edib, fikirlərini xalq yazı təfəkkürünə sığışdırmağı bacarıb. Buna görə cümlələr səlis, aydın və təsiredicidir.

Doğrudan da, Təranə Dəmirin "Cəhənnəmdən gələn işıq" povest və hekayələr kitabı səlis mənalar ifadə edir, kitabın dili, məna xüsusiyyətləri və s. bizi qane edir. Hətta bu münasibət, bu ədəbi-epik çalar diqtə edir ki, müəllif daha sanballı, daha dolğun əsərlər yaza bilər.

İnşallah, növbəti yazılarda hər iki kitabı geniş anlamda təhlil edib oradakı həqiqətləri oxucuya açmaq niyyətindəyik. Təki sağlıq olsun.

...Eyb etməz, qoy oxucu olaraq əllərimizdə "Cəhənnəmdən gələn işıq" kitabı olsun, ancaq həyatımıza Cəhənnəm işıqları düşməsin...

Hüseyn İsaoğlu (Məmmədov),
AJB- nin və AYB-nin üzvü


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar