Xəbər lenti
Xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev xilaskar liderdir
Beyləqan rayonu
1 saylı notariat ofisinin xüsusi notariusu.
Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarını azad etməklə Böyük Qələbəni qazandı. Bu dünya tarixində görünməmiş Vətən müharibəsi idi. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı.
Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub.
Bu möhtəşəm uğurun nəticəsi olaraq Zəfər Paradının keçirilməsi bir daha güclü ölkəmizin qalibiyyətini əks etdirdi. Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir. Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlar və mülki işçilər müxtəlif orden və medallarla təltif edilmişdir. Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub.
2020-ci ilin 10 noyabr tarixində Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarılaraq, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı. Düşmən ölkə döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu bombalarla və kasetli bombalarla atəşə tutulmuşdur. Düşmən atəşi nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub.
Bu Qələbənin səbəbkarı həmçinin Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.
Bu gün Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev xilaskar liderdir. Çünki məhz İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü.
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan Azərbaycan xalqına müraciətində söyləyib ki, İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə. Dövlətimizin başçısı deyib ki, bu, qəhrəmanlıq dastanıdır, bu, misli görünməmiş qəhrəmanlıqdır: «İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Bizi qabağa aparan məhz bu idi».
Bəli, İkinci Qarabağ müharibəsindəki Qələbə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Və qələbəmizin hər ilini böyük uğurla başa vururuq. Böyük qürur hissi keçiririk ki, bu qələbə və uğurlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən son 20 il ərzində həyata keçirilən “Güclü ordu - güclü dövlət” strategiyasının və «Dəmir yumruq» əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığının bütün dünyaya nümayişi idi. Bu, həm də bir daha nümayiş etdirdi ki, güclü, qüdrətli, yüz minlik ordunu heç kim dayandıra bilməz! Çünki bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında da göstərib: «Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. Bizim ordumuz budur. Bizim xalqımız budur. Çünki ordu xalqın bir hissəsidir. Orduda xidmət edən xalqın övladlarıdır, bizim yetişdirdiyimiz uşaqlardır».
Məhz Qalib Sərkərdəmiz 2020-ci ildə Vətən müharibəsində «Dəmir yumruq» əməliyyatı ilə cəmi 44 günə Ermənistan diz çökdürüldü, 30 illik həsrətə son qoyaraq bu gün Xankəndidə üçrəngli Bayrağımız ucalır. Bəlkə də çoxlarımız yaşadığımız bu tarixi günlərin mahiyyətini lazımınca dərk edə bilmirik. Xankəndidə dövlət bayrağını qürurla qaldıran Qalib sərkərdəmiz, Prezident İlham Əliyevin də dediyi kimi, bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu qüruru, sevinci bizlərə yaşadan, qalib Azərbaycanın memarı müzəffər Ali Baş Komandan İlham Əliyevdir. 20 il ərzində həyata keçirilən siyasətin yalnız bir amalı, məqsədi vardı - işğal faktına son qoyaraq suverenliyimizin tam bərpasıdır. Dünya Azərbaycanın gücünə, qüdrətinə şahidlik etdi.
Bu gün məğlub Ermənistan sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirərək vaxt istədi. Amma yenə də erməni məkri özünü büruzə verdi və havadarlarına arxalanan Ermənistan həm sülh müqaviləsi imzalamaqdan boyun qaçırır. Nə vaxta kimi? Nəticə nə oldu? Bu il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri antiterror tədbirləri nəticəsində separatçıları 23 saat ərzində məhv etdi və qondarma qurum ləğv edildi, oktyabrın 15-də tariximizə daha bir şanlı səhifə yazıldı. Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan üçrəngli məğrur bayrağımızı Xankəndidə, Xocalıda, Xocavənd şəhərində dalğalandırdı. Bununla da Azərbaycanın suverenliyi tam təmin edildi.
Qalib sərkərdəmiz İlham Əliyev Xankəndidə bayrağımızı ucaltdıqdan sonra xalqa müraciətində dedi: "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Bəli, bu gün Qalib Sərkərdə vaxtilə xalqımıza qarşı etnik təmizləmə siyasətinin başladığı meydanda dalğalanan Azərbaycan bayrağının kölgəsində xalqı qarşısında qürurla, alnıaçıq şəkildə səmimi duyğuları ilə hesabat verir. Bütün bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin qalib ölkənin, qalib Sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığı, xalqımızın alternativsiz lideri, yeganə inam ünvanıdır, xilaskardır, qəhrəmandır. Və Prezident İlham Əliyevin adı xalqımız, dövlətimiz var olduqca, əsrlər boyu tarixdə ən böyük Xilaskar, Qəhrəman kimi anılacaqdır!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar