
2017-ci ilin mayında Tərtərdə yüzlərlə hərbçiyə qarşı kütləvi şəkildə işgəncələr baş verərkən eyni hadisələr həmin vaxt paralel olaraq, Beyləqanda da yaşanıb. Orada da çoxsaylı əsgər və zabit “düşmənlə əməkdaşlıq” adı ilə işgəncəyə məruz qalıb. Nəticədə onlardan biri – baş leytenant Adil Sabirli işgəncə nəticəsində həyatını itirib.
Manevr.az Globalinfo.az-a istinadən xəbər verir ki, 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat təzələnəndə Beyləqan hadisələri də yenidən araşdırıldı. Həmin hadisələrlə əlaqədar beş nəfər cinayət məsuliyyətinə cəlb olunub ki, onun da biri general-mayordur. Söhbət 2022-ci ildə həbs ediləndə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucovdan gedir. O, 2017-ci ildə Beyləqan korpusunda qərargah rəisi olub. Onunla birlikdə məhkəmə qarşısına çıxarılan daha dörd nəfər isə Müdafiə Nazirliyinin təhqiqatçısı olmuş, 2017-ci ildə Beyləqana ezam edilmiş mayor İntiqam Məmmədov, korpusun təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, snayper bölüyünün keçmiş komandiri Ziya Kazımov və Ülvi Rəşidovdur.