Xəbər lenti
Niyə Fazil Mustafa?.. - Azərbaycana açıq mesaj verildi
Dövlət Təhlükəsizlik Xidməti Milli Məclisin üzvü fazil Mustafaya qarşı silahlı hücumun terror olduğunu rəsmi şəkildə elan etdi. İndi əsas sual bu terrorun təşkilatçısının kimlər olduğu, arxasında hansı ölkənin dayandığıdır. Bu sualın dəqiq cavabını hüquq-mühafizə orqanları verəcək, lakin bütün izlərin İrana gedib çıxdığı məsələsi də diqqətdən yayınmır.
Və iki suala cavab axtarışı bu ehtimallar daha da güclənir.
Birincisi, hücumun edildiyi vaxtdır;
İkincisi, hədəf seçilən şəxsin kimliyidir;
Nə baş verib?
Azərbaycanın İsraildəki səfirliyi, nəhayət açılır. Qarabağ münaqişəsinin mövcud olduğu müddətdə rəsmi Bakı məhz İranı qıcıqlandırmamaq üçün bu qərarı təxirə salırdı. 44 günlük müharibədən sonra artıq məsələ aktuallaşdı, xüsusilə İranın ermənipərəst siyasətini açıq müstəviyə keçirməsi Azərbaycanın bu addımının tezləşməsinə səbəb olan amildir. Dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov səfirliyin açılması mərasimində iştirak etmək məqsədilə İsrailə səfər etdi. Bu qərar Azərbaycanın müstəqil siyasətinin tərkib hissəsidir və üçüncü bir ölkə bizim hansısa ölkə ilə münasibətlərimizə qarışa bilməz. Lakin Tehranda oturan mollalar başqa cür düşünür, onlar hesab edir ki, Azərbaycanın İsraillə münasibətləri İrana qarşıdır və səfirliyin açılması bunu daha da gücləndirəcək. Məhz XİN rəhbərinin İsrailə səfər etdiyi gün Azərbaycanda ictimai və dövlət xadiminə qarşı terror aktının törədilməsi diqqəti İran izinə çəkir.
28 mart tarixi Dövlət Təhlükəsizlik Xidmətinin peşə bayramıdır. Terror hücumunun xüsusi xidmət orqanlarının peşə bayramı günündə edilməsi də təsadüfi deyil və bununla “təhlükəsizlikdə deyilsiniz” mesajının verildiyi aydındır.
Niyə Fazil Mustafa?
Azərbaycanda İranın siyasətini çoxları tənqid edir, lakin mollalar Fazil Mustafanı “din düşməni” elan ediblər. Çünki F.Mustafa İranın Azərbaycana ixrac etdiyi xürafata qarşı çıxanlardır və zaman-zaman fikirlərinə görə sosial şəbəkələrdə iranmeylli şəxslər tərəfindən təhqirlərə, hətta təhdidlərə məruz qalıb. İran və bu ölkədəki mollalara bağlı olan şəbəkə Fazil Mustafanı “Aşura” mərasiminə və Əhli-Beytə qarşı olmaqda ittiham edir. Halbuki, deputat bu məsələlərə yox, dini xürafata qarşı çıxır. Mollalar isə onun haqqında belə ictimai rəyi yaratmaqla məsələni dini müstəviyə daşıyırlar.
Fazil Mustafaya qarşı hücum həm də İranın “din düşmənlərinin cəzalandırılması” təbliğatının bir hissəsi ola bilər.
“Kalaşnikov”la mesaj
Terrorçular deputatın avtomobilinə avtomat silahından çoxsaylı atəş açıblar. Güllələrdən yalnız ikisi F.Mustafaya dəyib. Burada iki versiya önə çıxır: ya terrorçular kifayət qədər peşəkar olmayıb, ya da məsələ hədəfdə olan şəxsin ölüb-ölməməsi yox, mesajın verilməsidir;
Dövlət Təhlükəsizlik Xidmətinin hücumdan bir gün öncə - 27 mart tarixində həbs etdiyi İran casusları ilə bağlı yaydığı videosujet bu kontekstdə diqqət çəkir: saxlanılan şəxslər bildirir ki, onlara tanınmış dövlət və ictimai xadimlərə qarşı sui-qəsd tapşırığı verilib. Hədəfdə olan şəxsin ölməsi, yaxud sağ qalması əsas deyilmiş, əsas məqsəd bununla mesajın verilməsi olub.
“Hüseyniyyun” terror qruplaşması hansı mesajı vermişdi?
İrandan Azərbaycana qarşı əsas hücumlar “azərbaycanlılar”dan ibarət yaradılan “Hüseyniyyun” terror qruplaşması vasitəsilə edildiyi bəllidir. Xüsusilə son illər – Gəncədə terror hücumu və sonrasında baş verən hadisələrdə bu qruplaşma “tətikçi” rolunu oynayır. Bu baxımdan, Fazil Mustafaya qarşı hücumdan bir gün öncə - martın 27-də qruplaşmanın rəhbərlərindən olan Orxan Məmmədovun “Huseyniyyun” teleqram kanalında yazdıqları diqqət çəkir.
- “Sizə deyilmişdi ki, Ali Əli ilə düşmənçilik etməyin! Deyilmişdi, ya deyilməmişdi?”;
- “Azca səbr... Və sübh yaxındır!”;
- “İki ildir dayanmadan deyirəm və yenə təkrar edirəm! Qaranlıq gecənin zülməti sizi qorxutmasın! Ardınca aydın səhər gələcək! Özünüzü qoruyun! Özünüzü böyük işlərə hazırlayın!”;
Bu sözlər terror qruplaşmasının Azərbaycanda nələrəsə hazırlaşdığına işarədir və bu mesajdan bir gün sonra Fazil Mustfaya qarşı terror aktının törədilməsi təsadüfi deyil.
Terror hücumundan sonra “Hüseyniyyun” qruplaşmasının yaydığı məlumat da diqqət çəkir. Qruplaşma iddia edir ki, hücumu onların üzərinə yıxmaq istəyirlər və bunu qəbul etmədiklərini deyirlər. Halbuki, hücum dünən axşam saatlarında olub və nə rəsmi, nə də qeyri-rəsmi şəkildə hücumun arxasında İranın olduğu və bu qruplaşmanın iştirak etdiyinə dair məlumat, açıqlama yoxdur. O zaman, qruplaşma niyə hücumdan saatlar sonra özünə “bəraət” qazandıran açıqlama yayır?!
Açıqlamada qeyd olunan “Hər-halda sionistlər və onların Azərbaycanda olan icraçı qüvvələri bilməlidirlər ki, heç bir müsəlman ölkəsində onların təhlükəsizliyinə zəmanət verilməyib və onlar mütləq müsəlmanlardan ağır şillə yeyəcəklər”.
“Hüseyniyyun” terror qruplaşması bu açıqlama ilə əslində özünü də ələ verir.
Verilən mesajlar
Milli Məclisin üzvünə qarşı törədilən terror aktı ilə Azərbaycan dövlətinə və xalqına açıq mesaj verildiyi bəllidir:
- Xalqa mesaj verilir ki, “İranın və onların din adı altında ixrac etdiyi siyasətə” qarşı çıxanlar cəzalandırılacaq;
- Dövlətə mesaj verilir ki, “təhlükəsizlikdə deyilsiniz” və istəsələr, dövlət və ictimai şəxsləri qətlə yetirə bilərlər;
Lakin nə bu terror hücumları, nə də hansısa mesajlar Azərbaycan dövləti və xalqını öz müstəqil yolundan çəkindirə bilməz.
Asif Nərimanlı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar