Azərbaycanlı iş adamı Vahid Ələkbərovun Rusiyanın "Lukoyl” neft şirkətinin prezidenti postundan getməsi xarici mediada necə şərh olunur?
1950-ci il təvəllüdlü Vahid Ələkbərov 1993-cü ildən "Lukoyl”un prezidenti idi. 2022-ci ildə onun istefa verdiyi, həmçinin "Lukoyl”un Direktorlar Şurasından da ayrıldığı bəyan olunub.
Manevr.az xəbər verir ki, dünyanın bir çox nüfuzlu KİV-i bu istefanı Ukraynada apardığı müharibəyə görə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarla əlaqələndirir.
"Forbes” jurnalının internet səhifəsində dərc olunan yazıda əminliklə bildirilir ki, Vahid Ələkbərovun istefası birbaşa sanksiyalara görədir. Qərb ölkələri Rusiyanın təkcə şirkətlərinə yox, ayrı-ayrı rəsmilərinə, biznesmenlərinə də sanksiyalar qoyub.
Vahid Ələkbərovun adı hazırda Böyük Britaniya və Avstraliyanın Rusiyaya tətbiq etdiyi sanksiyalar siyahısındadır.
"Reuters” agentliyi etibar etdiyi mənbəyə istinadla xəbər verir ki, Vahid Ələkbərov istefa qərarına öz adı sanksiyalar siyahısına düşəndən sonra gəlib. Mənbə "Reuters”ə bildirib ki, Vahid Ələkbərov bu addımı ona tətbiq edilən sanksiyaların "Lukoyl”un fəaliyyətinə mənfi təsir göstərməməsi üçün atıb.
Agentlik xatırladır ki, Vahid Ələkbərov bu metoddan yararlanan yeganə iş adamı deyil. Son günlər Rusiyanın sanksiyalar altına düşən biznesmenlərindən bir neçəsi şirkətlərini xilas etmək məqsədilə istefaya gedib.
CNN kanalı diqqəti bir qədər başqa istiqamətə yönəldir. Telekanal "Lukoyl” şirkətinin ay yarım qabaq bəyanat yayaraq Ukraynada hərbi əməliyyatların dayandırılmasına, problemin danışıqlarla həllinə çağırış etdiyini xatırladır.
CNN Vahid Ələkbərovun istefasını birbaşa həmin bəyanatla bağlamır, amma belə bir mövqeni "Lukoyl”la Rusiya prezidenti Vladimir Putinin yollarının ayrılması kimi qiymətləndirir, istefanın kökündə siyasi motivin dura biləcəyinə aşkar eyham vurur.
Dünyada xam neftin 2 faizini "Lukoyl” çıxarır. Onlarca ölkədə törəmə şirkətləri olan "Lukoyl”da 100 mindən çox adam çalışır.
"Bloomberg” agentliyinin məlumatına görə, Ukraynaya hərbi təcavüzünə görə sanksiyalarla üzləşmiş Rusiyanın xam neft ixracı aprelin 8-dən 15-nə qədər əvvəlki həftə ilə müqayisədə 25 faiz azalıb.
Uzun müddət Rusiyanın ən zəngin adamlarının ilk onluğunda yer alan Vahid Ələkbərov Ukraynada müharibə başlayandan sonra 21,7 milyard dollarlıq sərvətinin yarıdan çoxunu itirib.
Vahid Ələkbərov Rusiya milyarderləri arasında sanksiyalardan ən çox ziyan çəkən iş adamıdır.
2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyatlar aparır.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar