Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Dünyaya, insanlığa qənim kəsilən iblis yamyaşıl ormanların qaraldıb nəfəsini..." - Rafiq Yusifoğlu

Tarix: 03-08-2021 11:58     Baxış: 3424 A- / A+
"Dünyaya, insanlığa qənim kəsilən iblis yamyaşıl ormanların qaraldıb nəfəsini..." - Rafiq Yusifoğlu
Rafiq Yusifoğlu

YANĞIN

Xain əllər od vurub
Dilsiz ota, ağaca...
Əsən yelə qoşulub,
Alov qalxır yamaca...

Yanır dilsiz-ağızsız
Cücü-mücü, heyvanlar.
Külə dönür bir anda
Gül-çiçəkli eyvanlar...

Fəğan edir, vurnuxur,
Alov çathaçatdadı.
Ana quşun ürəyi
Vahimədən çatladı...

Yuvaların içində
Körpəcə quşlar yanır...
İstidən tək meşə yox,
Qayalar, daşlar yanır...

Qapqara tüstü ilə
Örtülüb göyün üzü.
Alova su səpməyə
Gücü çatmır dənizin....

Yanır yaşıl ormanlar,
Tüstü dirənib ərşə.
Ləkə vurmaq istəyir
Yarasalar günəşə...

Yer-yurd od tutub yanır,
Haray haraya çatar...
Tanrıdan başqa kimsə
Çətin haraya çata...

Meşələrə od vuran
Namərd əllər qurusun...
Haqq-ədalət carçısı
Türkü Allah qorusun!

31.07.2021


ELƏ BİLMƏYİN Kİ,
YANĞINLAR SÖNÜB


Xəyanət görəndə ürəyim donar,
Yandırmaq asandı, söndürmək çətin.
Oğru maskalanıb, girər min dona,
Doğrunu yolundan döndərmək çətin.

Kədər dənizində ağrlıar üzür,
Dəryalar qoynunda insan dağ imiş.
Sönənin kömür tək qaradır üzü,
Yanmağın axırı kül olmaq imiş...

Mərdin uğuruna həsədlə baxar,
Ümidi qalmayıb aydın sabaha. –
Kol-kosu yandırıb aradan çıxar,
Namərdin əlindən nə gəlir daha?

Göyə bülənd olan odlar içində
Günahsız oğlaqlar, quzular yanar.
Ürəyimə düşən çatlar içində
Yanır, çırthaçırtla arzular yanar...

Atəşböcəkləri boz külə dönüb,
Körpə quşcığazlar qara kömürə...
Elə bilməyin ki, yanğınlar sönüb,
Düyünlü yumruqlar dönüb dəmirə...

Haqqın bir sözünü etmədik iki,
Verdik könlümüzü imana, dinə...
Bu namərd yanğınlar qəlbimizdəki
İntiqam odunu qoyarmı sönə?

Bu gündən güc alır nurlu səhərlər,
Sanma türk döyüşdən yan duracaqdır.
Zəfərlər dalınca gələn zəfərlər
Hələ düşməni çox yandıracaqdır...

31.07.2021


DÜNYA OD TUTUB YANIR

Qara-qara buludlar pərdə çəkib günəşə,
Ağaclar kömür olub, göynəyir yerim, göyüm...
Dünya od tutub yanır, tüstü dirənib ərşə,
Anamız Yer kürəsi göynəyir göyüm-göyüm...

Burnundan o tərəfi görə bilməyən xəbis
Cəhənnəmə döndərib bizim Yer kürəsini...
Dünyaya, insanlığa qənim kəsilən iblis
Yamyaşıl ormanların qaraldıb nəfəsini...

Qırx gün də bəs eləmir bəzən heç qudurana,
Külək kimi dörd yana əsənə nə deyəsən?
Su içdiyi çeşmənin gözünü batırana,
Oturduğu budağı kəsənə nə deyəsən?

Yer bezib nadanların fitnəsindən, felindən,
Yanğınlar bu yazaığın qaçırıb yuxusunu...
Qoynunda yer verdiyi naxələflər əlindən
Bilmir ki, necə çəkib qurtarsın yaxasını?

Arzular zoqquldayır könlümün yarasında,
Dost sandım düşmənimi, günahkaram, nə danım?
Öz evi kül olmazmı alovlar arasında
Özgənin komasına kibrit çəkən nadanın?

Köksüm od tutub yanır, ürəyim qaynar ocaq,
Dincliyim olmayacaq alov sönənə qədər...
Deyəsən bu iblislər rahatlıq tapmayacaq
Anamız yer kürəsi külə dönənə qədər...

Günəş cazibəsində qolları bağlı dünya,
Qırıb zəncirlərini uçmağa məqam gəzir.
Naxələf insanların əlindən dağlı dünya
Öz başını götürüb qaçmağa məqam gəzir...

Vicdanlar su içində mürgüləyir rahatca,
Niyə qənim kəsilib bu nadanlar bəşərə?
Cəhənnəm alovundan künahkar çətin qaça,
Dünya od tutub yanır...
Nə qaldı ki, məhşərə?

03.08.2021

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar