Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Haqqı sürükləyib zülmətə dartır, bu nökər xislətli kölə adamlar..."- İsmayıl Mərcanlı İmanzadə

Tarix: 01-08-2021 22:28     Baxış: 3440 A- / A+
"Haqqı sürükləyib zülmətə dartır, bu nökər xislətli kölə adamlar..."- İsmayıl Mərcanlı İmanzadə

"..Hər daşında qəlpə izi, barıt qoxusu,
Yağış kimi yağa biləm keşkə bir anlıq.
Qərib eldə hədər getdi ömrün çoxusu,
Bir də geri qayıdarmı görən, cavanlıq?.."


Manevr.az İsmayıl Mərcanlı İmanzadənin şeirlərini təqdim edir:

SALAM, VİRAN QALMIŞ EVİM-EŞİYİM

(Bir vaxtlar Böyük Mərcanlıda ən azından görünüşü ilə çoxlarını məftun edən evimin xarabalıqları önündə düşüncələrim)

Salam, mənim viran qalmış evim-eşiyim,
Köksündəki “əl izləri” söylə yadınmı?
Yağmalanan künc-bucağın yuvam-beşiyim,
Ta yanına qayıtmışam, tanımadınmı?

Kim sökübdür tavanını, çarhovuzunu,
Susuzluqdan çat-çat olub dilin-dodağın.
Gizli-gizli sızlamısan illər uzunu,
Güllələrə tuş gəlibdir pöhrən, budağın.

Heç çatdımı qulağına səsim-harayım,
Səksəkəli gözlərindən yuxun qaçdımı?
Söylə hanı xartut, innab, ağ şanı... payım,
Məndən sonra çiçəklərin bir də açdımı?

Görən hanı aynabəndin, qapın, pəncərən,
Nə divarın yerindədir, nə də çardağın.
Heç oldumu əncirini, narını dərən,
Kol-kos basmış bağım-bağçam sənin gözdağın...

Yağıyamı qismət oldu dəmir darvazan,
Bu qapıdan adlamışdı neçə dost-tanış.
Oyaqdırsa qoy, eşitsin bəxtini yazan,
Ta susmağın yeri deyil, bir az din, danış.

De, budursa o zamankı yazı otağım,
Yandırılmış kitabların külü hanı bəs?
Nə qələmim yerindədir, nə də varağım,
Əlyazmamı soraqlayıb, gəzməyim əbəs!

Hər daşında qəlpə izi, barıt qoxusu,
Yağış kimi yağa biləm keşkə bir anlıq.
Qərib eldə hədər getdi ömrün çoxusu,
Bir də geri qayıdarmı görən, cavanlıq?..

Yolun-izin ürəyimin şah damarıydı,
Hardan gəldi bu ayrılıq, bu ölüm-itim?
Bir zamanlar burda keçən ömrüm yarıydı,
Ta bilmirəm yaşamağa varmı möhlətim...

Keçən-keçdi, olan oldu... nə deyim daha,
Nəfəsimlə isindinsə, təzədən sevin.
Gəl, birlikdə yönümüzü tutaq sabaha,
Düşmən bilsin öz sahibi varmış bu evin...

11.07.2021

GÖZÜ KÖLGƏLİ DEYİLƏM

Nə od, nə ocaq hisiyəm,
Nə də nəfsin köləsiyəm.
Allahın dinc bəndəsiyəm –
Hirsli-hikkəli deyiləm.

Mən gül əkib, tikan dərən,
Ömrüm-günüm pərən-pərən.
Yetənin üstə çəmkirən –
Ağlı zədəli deyiləm.

Hökmünü gördüm hər anın,
Kəsmədim haqsızın yanın.
Bu sərsəm-dəli dünyanın –
Sonu, əzəli deyiləm.

Demirəm günəşəm-ayam,
Sərvətimdir abrım-həyam.
“Kəhər atlı” qarışqayam –
Qansoran zəli deyiləm.

Şeir şehli bar çiçəyim,
Xoş söz gözəlim-göyçəyim.
Halallıq dilim-dilçəyim –
Gözü kölgəli deyiləm.

25.05.2021

SƏN NİYƏ QARŞIMA GEC ÇIXDIN, AXI

Anlaya bilmirəm bu necə işdi,
Köhnəmi, təzəmi gediş-gəlişdi?
De, adım indimi yadına düşdü –
Sən niyə gec çıxdın qarşıma, axı?

Bəlkə bir ağılsız hissə əsirsən,
Bəlkə sevilməyə çox tələsirsən...
Haqqım yoxdur deyəm kəmsən, kəsirsən –
Sən niyə gec çıxdın qarşıma, axı?

Nə ürək o ürək, nə yaş o yaşdı,
Bu sevgi özü də cəngdi-savaşdı.
Qəlbinmi hökm etdi, ağlınmı çaşdı –
Sən niyə gec çıxdın qarşıma, axı?

Bəxt könül oxşayan naxış deyil ki,
Məhəbbət bir anlıq yağış deyil ki.
Bu keçilməz səddi, yoxuş deyil ki –
Sən niyə gec çıxdın qarşıma, axı?

Bir sönmüş ocaqdır hər ölüm-itim,
Qəlbini sızlatmaq deyil niyyətim.
Bəlkə heç qalmayıb ömür möhlətim –
Sən niyə gec çıxdın qarşıma axı?

31.07.2021

ALLAH, BU DƏLİYƏ BİR AZ AĞIL VER

Ayıra bilməyir qaranı ağdan,
Gah əldən yapışır, gah da ayaqdan.
Haqq nədir anlamır, danışır haqdan –
Allah, bu dəliyə bir az ağıl ver!

Nə bəmdə, nə zildə bənd olur səsi,
Özünə rəqib bilir hər kəsi.
Sığala yatmayır hirsi-hikkəsi,
Allah, bu dəliyə bir az ağıl ver!

Yatmır özgəsinin sözü döşünə,
Bilən yoxdur əməli nə, işi nə.
Haqqı-ədaləti vurub dişinə -
Allah, bu dəliyə bir az ağıl ver!

Ağlı-düşüncəsi, zəkası müstər,
Yetəni ağladıb sızlatmaq istər.
Allah, bu nadanı özünə göstər –
Allah, bu dəliyə bir az ağıl ver!

27.05.2021

YANILMADIM

Hər gizli sirrimi açıb-ağartsam,
Yəqin ki, qınayar məni çoxları.
Təzədən közərməz axı, sönən şam,
Təkcə Tanrı bilir “olacaqları”.

Aldandım dilinə hərdən birinin,
Mənim avamlığım sağalmaz mərəz.
Alovu sönübsə ocaq yerinin,
Külü ha eşələ, kösövü ha gəz...

İçim də, çölüm də çoxuna bəlli,
Nə şöhrət cəzb edib, nə də var məni.
Biclik mənlik deyil, bir “şirin dilli”
İstəsə yüz dəfə aldadar məni.

Tapdanan görəndə əsib ürəyim,
Bənzəyə bilmədim üzü bozlara.
Hər vaxt daş altından çıxıb çörəyim,
Niyə “yem” olum ki, dələduzlara?..

“Zəmanə adamı” ola bilmədim,
Paxır üzə çıxır ya tez, ya da gec.
“Hər dərdin məlhəmi eldədir” - dedim,
Nə yaxşı, bu dəfə yanılmadım heç...

16.04.2020

KÖLƏ ADAMLAR

Boyu çərçivədən uzun deyil ha,
Bəs, niyə qapıdan əyilib keçir?
Adamdır, leşsökən quzğun deyil ha,
Nədənsə hər yandan söyülüb keçir.

Çox şeyi dərk edib anlamasa da,
Məddahlıq “elmindən” yaxşı halıdır.
Bilir ki, kimisə verməkçün bada,
Gizlicə pusquda dayanmalıdır...

Aşiqdir əzəldən böhtana-şərə,
Yalanı min cürə bəzəyə bilir.
Tərif “köhlənini” çapır hər yerə,
Mənliyi heç gəlmir lərzəyə,- bilir...

Qorxudan qarnına dolanda sancı,
Qarışıq fikirlər ağlın çaşdırır.
Qarğışa, lənətə dönən qazancı,
Hərdən süfrəsində göz qamaşdırır.

Hər vaxt “məharəti” çatıb dadına,
Gah qəddin düzəldir, gah boynuu bükür.
Heyrandır yalanın “şirin” dadına,
Şərin qarşısında hər vaxt diz çökür...

Elə bil üzündə şeytan tükü var,
Bacarır “ağasın” güldürməyi də.
Əzəldən nəfsi ac zatı-kökü var,
Ənamdır onunçün şor dürməyi də...

Anbaan çoxalır, günbəgün artır,
Yurdun çiynindəki şələ adamlar.
Haqqı sürükləyib zülmətə dartır,
Bu nökər xislətli kölə adamlar.

09.07.2020

HÖKMÜ VERƏN HAKİMDİR

Gördüyümüz hər şeyin
Yaxşısı, ya pisi var.
Haqqın da öz seçimi,
Mizan-tərəzisi var.

Günah üzə çıxanda,
Yalanlar işə keçmir.
Nə şan-şöhrət, nə mal-mülk
Hoppanıb başa keçmir.

Heydən düşür bir anda
Vəzifə hərisləri.
Ağır cəza gözləyir
Sonda nadürüstləri...

O vaxt soruşan olmur
Bu nəçidir, bu kimdir.
Deyilənlər düz imiş,
Zaman ən doğru-dürüst
Hökmü verən hakimdir.

18.04.2020

G E T ...

Niyə eynin açılmır,
Niyə qaş-qabaqlısan?
Səhv etdimsə bağışla,
Bəlkə də sən haqlısan.

Ta olan-oldu keçdi,
Geriyə dönməz anlar.
Qəlbinə yol tapdımı
Şirin dilli yalanlar?

Tapdaladın əhdini,
Nə tez andını dandın?
“İşıq kölgəsiz olur” -
Deyənlərə inandın...

Demirəm kipyiyimdən
Gilə-gilə axıb get.
Ürəyimin qapısın
Aça bilsən, çıxıb get.

02.06.2020

İsmayıl Mərcanlı İmanzadə
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar