Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Allahşükür Ağanın yeni şeirləri

Tarix: 17-07-2021 14:19     Baxış: 3230 A- / A+
Allahşükür Ağanın yeni şeirləri

Çağdaş poeziyamızın parlaq imzaları arasında özünəməxsus yeri olan gənclərdən biri də Allahşükür Ağadır. Fərqli üslubu, rəvan şeir dili, obrazlı ifadələri, maraqlı yenilikləri, eləcə də dərin fəlsəfəsi ilə oxucu sevgisi və marağı qazanmış gənc şairin yaradıcılığı ədiblər tərəfindən də müsbət qiymətləndirilir. Sözə xidməti onun yeganə müqəddəs işi deyil. A. Ağa həmçinin, müəllim kimi fəaliyyət göstərərək, gələcək nəslin yetişməsində xidmətini əsirgəmir. Bu günlərdə müəllim- şairin 30 yaşı tamam olur.

Manevr.az bu münasibətlə Allahşükür Ağanı təbrik edir, yeni yaradıcılıq uğurları və işlərində yorulmazlıq, müvəffəqiyyətlər arzulayır. Müəllifin yeni şeirlərini diqqətinizə çatdırırıq:

Qəribə xasiyyətim var...

Axşam – səhər kinolara baxıram
Təyyarə və gəmi qəzasına.
Ya da pələnglərin
Ceyranları parçalamasına...

Mənə deyirlər,
Nə daş ürəyin var.
Ya beyninə qan sızar,
Ya ürəyin dayanar.

Belə şeylərə baxma,
Komputeri bağla.
Get həyətdə
Bir doyunca ağla.

Deyirəm hardan biləsiniz
Nə çəkirəm, nə?
Həmin faciələrdə
Mən də ola bilərəm-
Çıxış yolu axtarıram.

Qəbristan yolları

Qəbristana gedən yollar,
Ot bitirsə, gözəl olar.
Burda ayaq izi də
Quruyar xəzəl olar.

Qəbristana gedən yollar,
Gecə- gündüz səs daşıyır.
Dolanıb başdaşlarına,
Bir cığır qəfəs yaşayır.

Neçə ayaq izi ölüb,
Qəbristan yollarında.
İzləri otlar qaldırıb,
Tabut kimi qollarında.

Güllə

O günü torpaqda lalə qızardı,
Utana – utana baxdı lalələr.

Bir qarış torpaqda bahar ağladı,
Arzunu, sevgini güllələdilər.
Milyonlar qalxaydı o gün ayağa,
Bir barmaq nə idi, ləngidəydilər,
Bir güllə nə idi, söndürəydilər.

Yağdı ürəyindən lalə yağışı,
Torpağın sinəsi islandı güllə.
Şair sorağında gəzir dünyanı,
Dantesin Puşkinə atdığı güllə.

Oxu əllərimi

Əllərim ağappaq dəftər vərəqi,
Əlindən əlinə vərəqləyirsən.
Bəlkə falçı kimi baxıb əlimə,
Quzu taleyimi mənə deyəsən.

Oxu əllərimi, oxu doyunca,
Bəlkə öyrənəsən onun dilini.
Əlimin qızılı üzüyü deyə,
Əlimə çəkmişəm çölün şəklini.

Oxu əllərimi aç ürəyincə,
Orada nə qədər əllər sıxmışam.
Oxu əllərimi tapasan deyə,
Sənin yaylığını oğurlamışam.

Itirmək qorxusu bitir əlimdə,
Yelləncək həvəsi bitir əlimdə.
Bir körpə gülüşü itir əlimdə,
Oxu əllərimi aç vərəq- vərəq,
Əlimdə taleyim çiçəkləyəcək.

Darıxan ev

Rəngini, suyunu torpağa sıxır,
Damından fikirtək durnalar uçur.
Bu ev ayaq açır, bu ev darıxır,
Bu evin uşağı mənəm, a yolçu.
Bu evin çırağı mənəm, a yolçu.

Bu evin kişisi, yiyəsi mənəm,
Əlimdə qılınc var, ay yoldan ötən.
Bu evin damını, daşını sökmə,
Bu evin adına, sanına söykən.

Ata ocağına qolum açılıb,
Ağ tüstü saç kimi düşər yollara.
Divarlar gül kimi üzə açılıb,
Anamın baxışı hörülüb bura.

Bu ev ana kimi mənə göz qoyur,
Bu evin ilk beşik nəğməsi mənəm.
Daşları kövrəlir darıxdığından,
Bu evin dünyaya çıxan əliyəm.

Uzaqlar

Hərdən elə olur ki, bəzən
çıxam gedəm uzaqlara,
buralara gəlməyəm.
Heç şeir də yazmayam,
yerimi nişan verməyəm.

Uzaqlar mənə şirindi,
Uzaqdadır arzular.
Görürürsən ki, uzaqlardan yazır şairlər,
Arzularını dan üzünə yazırlar,
Qəribə burasıdır ki,
Gözləyirlər uzaqların
Bu yaxınlarda
Bakıya gəlməyini...

Uzaqlardadı
Kitablarımın capı,
Uzaqlardadı duz rəngində
Saçlarım,
Nəvələrim,
Deputat olmaq arzularım.

Bəlkə uzaqların qabağını kəsiblər
Qoymurlar Saatlıya gəlməyə
Qoymurlar məni tapmağa.
Bəlkə mən çıxım gedim uzaqlara,
Kim bilir elə bəlkə
Bir santimetr aralıdan,
Uzaqlıq gəlib keçib yanımdan.
Məni oyatmayıblar,
“Bu zalım dostlar,
Zalım adamlar”.

Eyləyəsən

Deyirəm, sevdiyin bir gözəl ola,
Hərdən yola salıb əl eyləyəsən.
Başdan ayağacan yol küçəsini
Çiçək eyləyəsən, gül eyləyəsən.

Eşqin dənizində itib azasan,
Sevgi qalib gələ, sən uduzasan,
Oturub bir dəftər məktub yazasan,
Durub saatlarla tel eyləyəsən.

Küləktək güdəsən qapılarını,
Yığasan belinə qışın qarını,
Uc-uca bağlayıb misralarını,
Burdan onlaracan yol eyləyəsən.

Neyləyəsən?

Ağız dilin qəfəsiymiş,
Açıldısa, neyləyəsən?
Sevgi bir şah sarayıymış,
Uçuldusa, neyləyəsən?

Gəlir Allah - təaladan söz,
Can qurtarır, bəladan söz
Könül adlı qaladan söz,
Qaçıldısa, neyləyəsən?

Gedən yüzdü, qalan birdi,
Sevgi iman, sevgi pirdi,
Sevgilər arada sirdi,
Açıldısa, neyləyəsən?

Gəzir

Ot basıb dağların cığırlarını,
Çəmən ayaq gəzir, çöl ayaq gəzir.
Hamı batıb şirin- şəkər yuxuya,
Göylərin köksündə Ay oyaq gəzir.

Çəkilib əl –ayaq, gəlmir səs – səmir.
Hər şey gizlindədi, hər tərəfi sirr.
Yazdığım nəğmələr ölmək istəmir,
Düşüb səslənməyə dil – dodaq gəzir.

İçində ölçünü, qədərini qur,
Nizamı olmayan yıxılır, uçur.
Sən allah gözümün qabağında dur,
Gözlərim özünə bir dayaq gəzir.

Allahşükür Ağa
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar