Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

"İndi də Paşinyanın bacısı uşaqları Qarabağda villalar tikməyə can atırlar"

Tarix: 25-02-2021 15:14     Baxış: 2694 A- / A+
"İndi də Paşinyanın bacısı uşaqları Qarabağda villalar tikməyə can atırlar"

Görkəmli şairimiz Rafiq Yusifoğlunun bugünümüzlə səsləşən yeni şeirlərini Manevr.az-ın oxucularına təqdim edirik:

KİM HAQQA GÜVƏNSƏ

Dost-düşmən tanımaq deyildir asan,
Hər gəldi-gedərə güvənmək olmaz…
Döyüş yollarında saç ağartmasan,
Zəfər müjdəsinə sevinmək olmaz.

Özü günahkardı kim ki, uduzdu,
Şirin bal gözləmə sən hər arıdan.
Zaman dəyişsə də, donuz, donuzdu,
Dua oxumaqla çıxmaz darıdan…

Möminə qanundu Tanrı buyruğu,
Bulaqlar dağların döşündə qalıb…
Qoyun sürüsünün yağlı quyruğu,
Min ildi gənələr dişində qalıb…

Namərdi mərd etmək deyildir asan,
Hamı anlayırmı nədir duz-çörək?
İtlə dostluq etmək zorunda qalsan,
Çomağın əlindən düşməsin gərək…

Uyma məsum-məsum baxışlarına,
Xəbərin yoxdumu işindən hələ?
Aldanma timsahın göz yaşlarına,
Qan qoxusu gəlir dişindən hələ…

Kimin ki, sevgiylə atlanır döşü,
Sevdalar yurduna səfər onundu…
Kim Haqqa güvənib görsə Haqq işi,
Qələbə onundu, zəfər onundu…

18.01.2021


ŞUŞA YOLU – ZƏFƏR YOLU

Həsrət buludları dönübdür selə,
Dağlar da “Yallı”ya, “Halay”a gedir.
Şuşaya çəkilən təzə yol ilə
Alı Baş Komandan Qalaya gedir...

Yenidən geriyə dönür o çağlar,
Zirvəyə ucalan yollar sevinir...
Gəlib həyəcana dərələr, dağlar,
Ağaclar sevinir, kollar sevinir...

Qeyrət karvanının qaçın önündən,
Halal zəmimizə sünbül qayıdır...
Qalaya tələsən köçün önündə
Natəvan, Üzeyir, Bülbül qayıdır...

“Şuşanın yolları dolambadolan”, –
Görən ürəyindən büstün nə keçir?
Bu yol ümüdləri gözündə qalan
“Yan”ların, “hay”ların üstündən keçir...

Duman dağ başında olubdur cuna,
Sevinc gözümüzdə ulduzdu, aydı...
Yaralı heykəllər gəlibdir cana,
Əziz şuşalılar, gözünüz aydın!

Düşmənin gördüyü sərsəm yuxunu,
Şükür, Cəhənnəmə göndərə bildik.
Xoşbəxtik, yenidən xalqın ruhunu
Vüqar qalasına döndərə bildik...

Tələsir yaxından, uzaqdan gələn,
Bu yol ulu yurda səfər yoludu...
Bu yol Qobustandan, Azıxdan gələn
Ulu bir millətin zəfər yoludu...

16.01.2021


ÇARDAXLI SUYU

İnci axtarmışam hər an dərində,
Gözüm uzqalara baxıb həmişə...
Mənim Çardaxlımın həndəvərində
Bulaqlar çağlayıb, axıb həmişə...

Bir cam su içmədim Cam bulağından,
Ucqar Quş bulağı quşlara qalıb...
Qarağac bulağı Səngər dağından
Süzülb, durulub, daşlara qalıb...

Həsrət yağışları üzümü yuyur,
Nisgil ürəyimi dəlib həmişə...
Mənim Qubadlımın içməli suyu,
Mənim Çardaxlımdan gəlib həmişə...

Baxıb uzaqlara köks ötürmüşük,
Ov bircə addımlıq bərədə qalıb.
Pəyhan bulağından su gətirmişik,
Qısraq boynubükük dərədə qalıb.

Lalə dənizimi Çardaxlı düzü?
Ona gözəlliyi yaradan verib...
Hər an təşnə qalıb Çardaxlı özü,
Suyu Qubadlıya həyat, can verib...

Bu kənddə gəlmişəm imana, dinə,
Bu kənddən gözəl yer qonaq tapmayıb.
Heç kəs susuz yerdə salmayıb binə,
Eli öz başına bulaq toplayıb...

14.01.2021


MƏNİM XƏRİTƏM

Çiçək arzulara kəfən biçibdir
Üstümüzə düşən qara kölgələr...
Bütöv xəritəmi qayçılayanlar
Yanımda yaradıb yamaq ölkələr...

Dolarmı quyuya su tökmək ilə?
Gərək öz köksündən bulaq çağlaya...
Mərdin ömür yolu mərdanəlikdi,
O, çətin namərdə könül bağlaya...

Sədəqə dilənib ömrü uzunu,
Kimsə sümük atdı ağzına bəlkə?
Bizə nə ağılla meydan oxuyur
Cırıq cındırından cin hürkən ölkə?!

Uzaq əsrlərdən ləngərlə gələn
Ömür karvanıma hürmək əbəsdi...
Onu cəhənnəmə vasil etməyə
Qayamızdan qopan çınqıl da bəsdi...

Arxalı köpəklər hürsə də bizə,
Xalqımın qolunda haqqın gücü var...
Namərddi nahaqqa havadar olan
Onun da məhvinin tezi-geci var...

Gözüm xəcalətdən kölgələnməyib,
Xətir-hörmətim var el arasında.
Xəritəm ayna tək çiliklənsə də,
Xalq bütöv görünür hər parasında...

15.01.2021


XİFFƏT

Payız, qış tanımır həsrət gülləri,
Şirin xatirələr bizi isidir.
Xiffət – nastalgiya ötən günlərin
İçimizdə qalan ayaq izidi...

Zənginə döndərir bizi əzablar,
Baxırıq nisgilli təbəssüm ilə…
Xiffətin içində sevgi, əzab var,
Doğma dərdimizlə xoşbəxtik hələ…

Həsrətin əlində qalıbdır yaxam,
Xiffət acı-acı gülümsəməkdi.
Xiffət bir dəfəlik əlindən çıxan
Gözəl günlər üçün qəribsəməkdi…

Bəzən xoşbəxt olur xəyala dalan,
Xiffət sanki ümid piyaləsidi…
Xiffət bir qəribin gözündə qalan
Vətən həsrətinin son şöləsidi…

Həsrətdir közərdən sevgi odunu,
Xiffət qarı deşən çiçək kimidir.
Xiffət içimizdə qəm buludunu
Yağışa döndərən şimşək kimidir.

O, zülməti yaran işıq səsidi,
Bizi tənha qoymur qarda, sazaqda.
Xiffət xatirələr xəzinəsidir,
Açarı bizdədi, özü uzaqda…

Başıma zamanın qarı ələnmiş,
Arxadan doğmalar səsləyir bizi…
Xiffət diyarında qəmə bələnmiş
Sevdalı bir mələk gözləyir bizi…

Ümid zəmisini döyür qar, dolu,
Özü yox olanlar qəlbimə köçür…
Keçmişə uzanan xiffətin yolu
Ağrılar körpüsü üstündən keçir…

Xiffət ürəyimi qəmə bələyir,
Ona nə əl çatır, nə də ün yetir…
Xiffət haray çəkir, aman diləyir,
İlan ağzındakı quş kimi ötür…

Yaralı bir nəğmə dinləyirəm mən,
Xiffət qəm sazının sarı simidi…
Xiffət uca dağlar ardına enən
Qürub günəşinin təbəssümüdü…

02.02.2021


DÖYÜŞLƏR DAVAM EDİR

Axır ki, son qoyuldu illərin əzabına,
Axır ki, sirdaş olduq bol müjdəli səhərlə...
Biz qəhrəman oğullar, igidlər hesabına,
Qarabağ döyüşündən çıxa bildik zəfərlə...

Qələbə sevincindən coşdu millətin qanı,
Təzədən su gələcək bizim köhnə arxlara.
Düşmənə dəmir yumruq göstərən komandanın
Barmağı silkələndi harın oliqarxlara...

Neçə igid ömrünün qaralıb işıqları,
Təzəcə qaysaq tutan yaranı qanadırlar.
İndi də Paşinyanın bacısı uşaqları
Qarabağda villalar tikməyə can atırlar.

Gözaltı edənlər var dərələri, dağları,
Yenəmi yurd sahibi qalacaqdır qıraqda?
Şəhidlərin qanıyla yoğrulan torpaqları
Pay-püşk eləmək üçün duranlar var marıqda...

Yaratmaqla işi yox, bu, hazıra nazirdi,
Sanarlar ki, mömindi onu tanımayanlar...
Bir qarış torpaq üçün qan tökməyə hazırdı,
El yolunda bircə yol burnu qanamayanlar..

Hazır leşin üstünə qarğa-quzğun yığılar,
Ekranda növbə ilə özlərini öyürlər...
Döyüşdə çanağına çəkilən tısbağalar
İndi boyun uzadıb “biz də varıq”, – deyirlər...

Birinin el yolunda qanamayıb barmağı,
Bəs onda nəyə görə göz dikiblər payıma?
Düşmənin tapdağından azad olan torpağı
Hasarlamaq üstündə dava gedir, ay aman!...

Qorxmurlarmı nə vaxtsa yağa hiddət yağışı?
Nigaran baxışlarda görmürlər şimşək çaxır?
Hələ heç qurumayıb, anaların göz yaşı,
Bunların torpaq üçün ağzının suyu axır...

Şəhid haqqı tapdansa göydən ələnməzmi daş?
Girişməyin milləti talamağa, çapmağa.
Əkəndə, biçəndə yox, yeyəndə ortaq qardaş
Olanlar hazırdılar tikəmizi qapmağa...

Tanrı bu acgözləri niyə belə yaradıb?
Gücsüzə ağadılar, güclüyə nökərdilər.
Əlacları olsaydı dənizi də qurudub,
Dibindəki torpaqda villalar tikərdilər...

İşlər öz qaydasına düşəcək narın-narın,
Acgözlər ətəyindən tökə bilsələr daşı...
Gözü torpaqlanmasa bu acgöz harınların,
Zəfərlə bitə bilməz haqq-ədalət savaşı...

05.02.2021


RUHLARIN HARAYI

Öz yurdu olmayanlar hazır olub həmişə
Özgə torpaqlarına yiyə, sahib çıxmağa...
Onsuz da ləkə vurmaq mümkün deyil günəşə,
Bizim qüdrətimiz var şimşək kimi çaxmağa...

“Yan”lara yanımızda yer verdik, qudurdular,
Onlar “abrogen” olub, biz dönmüşük “gəlmə”yə.
“Bura bizimdir” deyə üzümüzə durdular,
Girişdilər torpaqdan izimizi silməyə...

Nə qədər məscidləri, məbədləri yaxdılar,
Qaydadır meymunların xoşu gəlməz güzgüdən.
Nə qədər mahnımızı adlarına çıxdılar, –
Bir şeyi olmayanlar oğurlayar özgədən...

Nəsillər nələr çəkib bu “hay”ların əlindən?
İnsanlığın üzündən bu ləkə getməyəcək?
Yüz dəfə eşitmişik dahılərin dilindən:
Neçə ki, erməni var nifaqlar bitməyəcək...

Belə nankor görməyib hələ bəşər övladı,
Bilmirəm zavallı türk o “yan”lara neyləyib?
İnsanlığa ləkədir onların murdar adı! –
Bunu Teymurləng, Marks, Puşkin, Düma söyləyib...

Mayakovskinin də sözlərində varmış haqq,
İş çətinə düşəndə dost-düşmən bilinəcək...
Kimisə yer üzündən silmək istəyən bir xalq,
Əvvəl axır özü də dünyadan cilinəcək...

Bayquş ulayan yurda baxıram yana-yana,
Bu mərd, dözümlü xalqda səbir də qoymayıblar.
Dağıdılan şəhərlər, kəndlər qalsın bir yana,
Bir dənə eşilməyən qəbir də qoymayıblar...

Şərəfi olmayanlar layiq olmaz şərəfə,
İgidlər qəbrlərdən durmaq, qalxmaq istəyib.
Talan olan el-oba, şəhərlər bir tərəfə,
Bu “hay”lar qəbristandan hayıf çıxmaq istəyib...

Gördüyü cənayəti neçə dərə, dağ udub,
Gün işığı neyləsin içinə qəm çökənə?!
Nə ad verək bilmirəm qəbirləri dağıdıb,
İnsan kəllələrinin ağzından diş çəkənə?

Qarğa-quzgun yaraşmaz çiçəkli gülşənlərə,
Yaxşı-yaxşı tanıyın bu “hay”ları, “yan”ları.
Kaftarkos desək əgər biz bu gopreşənlərə,
Təhqir etmiş olarıq biçarə heyvanları...

Söküblər qapıları, kəsiblər ağacları,
Oğruyla ortaq olan ondan söz soruşarmı?
Söküb apardıqları mərmər qəbir daşları
Murdarların qəbirinin üstünə yaraşarmı?

İntiqam harayı var ürəyimin çatında,
Ocağa çevriləcək bir gün qılbimin qoru.
Müsəlman baş daşının ayağının altında
Qoy elə zillət çəksin murdar “hay”ların goru!

Ümid yoxmuş onların insafına, rəhminə,
Nələrə qadir imiş, “bu yazıq xalq”, “bu millət”?
Həmd olsun babaların, zəkasına, fəhminə:
İlanın ağına da, qarasına da lənət...

Halal nə, haram nədir, yoxmu mizan-tərəzi?
Eşiblər qadın, kişi, uşaq qəbirinəcən...
Dinclik tapmayacaqdır anamız yer kürəsi,
Ən sonuncu erməni ölüb, gəbərənəcən....

Qırışığı açılıb, dağın da, dərənin də,
Düşməni mat eləyib xalqımızın zəfəri.
“Hay”dan insanlıq umub, ona hay verənin də
Tarix boyu olmayıb insanlıqdan xəbəri...

Özgə yuva dağıtsan, başına uçar koman,
Gədədən sahib çıxmaz uca Xan sarayına!
Bu qədər qəddarlığa, vandallığa göz yuman
Necə cavab verəcək ruhların harayına?!

08.02.2021


BƏXTİM AYAQ ÜSTDƏYMİŞ

Ötür gözüm önündən ömrün ötən çağları,
Tale qismət elədi durdum o ucalıqda.
Mən üstünə çıxmışam sinəmdəki dağların, –
Nə gözəl görünürmüş yurdum o ucalıqdan...

Sanki doğma hənirdən xaraba kənd sevindi,
Yaralı xatirələr ürəyimi göynətdi...
Bu divarları uçan ev mənim ilk evimdi,
Bu həyət ayaq tutub gəzdiyim ilk həyətdi...

Ömrün ixtiyar çağı insan olur yalquzaq,
Nə yaxşı ki, dərələr qısqanmır dağa çayı.
Bu, mənim yer üzündə ilk su içdiyim bulaq,
Bu, suyunda çimdiyim ilk çaydır – Ağa çayı...

Heç zaman ürcah olmaz deyirdilər dağ dağa,
Uşaqlıqla qocalıq burda üz-üzə gəlib...
Hanı qaya üstündə bitən nəhəng dağdağan?
O quruyandan bəri kəndimiz gözə gəlib...

Ömrün ötən çağları çevrilibdir səraba,
Lənət olsun düşmənin ev yıxan nifaqına...
Hacı Hüseyin bəyin yurdu qalıb xaraba,
Düşmən Şahsuvar bəyin od vurub tifaqına...

Məlhəm tək içimdəki dərin yaranı yuyur,
Ağa çayı axdıqca nələr düşür yadına?
Göz yaşıma qarışıb doğma bulağın suyu,
Yeni bir ahəng qatır qəlbimin fəryadına...

Yaralı xatirələr mənə verməyir macal,
Çırmanıb uşaq vaxtı bu çaydan çox keçmişəm...
Çaylaqdakı hər qaya çevrilir addamaca,
Ayaq basıb üstünə adlayıram keçmişə...

Ən ağır məqamlarda yetə bilir dost dada,
Burda hər yol, hər cığır mənə doğma, tanışdı...
Elə bil Ballı qaya dilə gəlib astadan
Mənimçün şirin-şirin xatirələr danışdı...

Sönən ocaq közərir korun-korun, gizlicə,
Bura yenidən dönmək taleyin fürsətidi...
Xarabaya dönsə də, kəndim gözəlmiş necə!
Onu gözəlləşdirən sonsuz yurd həsrətidi...

...Ötür gözüm önündən ömrün ötən çağları,
Bəxtim ayaq üstəymiş durdum o ucalıqda.
Fövqündə dayanmışam sinəmdəki dağların, –
Nə gözəl görünürmüş yurdum o ucalıqdan...

09.02.2021



ŞƏHİDLƏRİN QANIYLA
YOĞRULAN ANA TORPAQ


Payımıza göz dikib yenə azğın fironlar,
Qovuşsaq da biz həsrət qaldığımız torpağa.
Ömür boyu zəli tək qanımızı soranlar
İndi də göz dikiblər aldığımız torpağa...

Sonsuz yurd sevgisinə necə olum mən asi? –
Cənnətə döndərən var mömünlərin könlünü.
Qadir Allah, partlayıb qorxunc tamah minası
Niyə göyə sovurmur acgözlərin külünü?

Bəbəkləri önündə ildırım şaqqıldayır
Hərisliklə torpağı vərəvurd edənlərin...
Qəhrəman qazilərin yarası zoqquldayır, –
Yoxdur bir təmənnası yurdu yurd edənlərin...

“Hazıra nazir”lərsə dayanıblar marıqda,
Haqsızlıq görən könül çox çətin ki, ovuna.
Torpağı xilas edən pələng qalıb qıraqda,
Kaftarkoslar göz dikib onun halal ovuna...

Köksümüzdən boylanan azadlıq günəşidir,
Sevgi seli gərəkdir fırlanan çarxlar üçün...
Torpağın hər qarışı namus, şərəf işidir,
Yurdu xilas etmədik biz oliqarxlar üçün...

Həqiqət ayrı şeydir, inanma nağıllara,
Tamahkarın üzünü niyə yumur mürdəşir?
Torpağı xilas edən cəngavər oğullara
Bu torpağın üstündə bir qəbirlik yer düşür...

Xoşbəxtlik insanların üzünə güləcəkmi? –
Halal nəfəs duymasa çətin oyana torpaq...
Zəlilər sürüsündən qoruna biləcəkmi,
Şəhidlərin qanıyla yoğrulan ana torpaq?!

12.02.2021


BİZƏ ÇOX GÖRMƏYİN
XARABA YURDU


Nigaran gözlərə qaranlıq çökür,
Elə sanırdıq ki, ağ nura düşdük.
Bizsiz ata yurdu müsibət çəkir,
Yağışdan qurtarıb, yağmura düşdük...

Hamının vicvicə düşüb canına,
Utancaq arzular boy ata bilmir...
Ürəyim dönsə də Aşıq Cünuna,
Səsim Koroğlunu oyada bilmir...

Yaman nigaranam, itib dincliyim,
Sağalmır qəlbimə vurulan zədə.
Dəcəl uşaqlığım, qaynar gəncliyim
Məni tapacaqmı təzə binədə?!

Divanə könlümün deyil o çağı,
Bizə sitəm edib qaraguruhlar...
Əlimlə yanmasa ata ocağı
Ora qayıdarmı pərvanə ruhlar?

Kəndim - xatirəylə dolu xəzinə,
Burda yol gözləyən xeyli bulaq var.
Dönüb baxacaqmı Qeysin üzünə,
Bu Məcnun sevdalı Leyli bulaqlar?

Ciyəri hicrandan ələyə dönən
Bəlkə şəfa tapa nağıllı kənddə...
Doğma yurd dərdindən dəliyə dönən
Xoşbəxt olacaqmı “Ağıllı kənd”də?

Bu da bir sınaqdı, nə küs, nə inci,
El gözündən düşən boy ata bilmir...
Nə günə qalmışıq, zəfər sevinci
Qara bəxtimizi oyada bilmir...

Nuru azalsa da, göz o göz deyil; –
Halal yurd yerimiz sonalanıbdır.
Təkcə həyətimiz, evimiz deyil
İndi səbrimiz də minalanıbdır...

Divanə Məcnun tək mən də dəliyəm,
Öz doğma Leylimi könlüm haraylar...
Hələ görməmişəm xoşbəxt eləyə
Qəlbi viranəni abad saraylar...

Onu cəlb etmədi nurlu səhərlər, –
Həmişə könlümdə qəm yuva qurdu...
Cavanlara qalsın abad şəhərlər,
Bizə çox görməyin xaraba yurdu...

20.02.2021


QAYITMIŞIQ
GÜLƏBİRDƏ


Qartalımız həsrət qoyub,
Biryolluq sarı, işığa.
Həkərinin halal suyu
Çevrilib sarı işığa...
Gözünüz aydın söyləyin
Yaxşıya, Sarı Aşığa!

Məhv elədik yamanları,
Bizdən torpaq umanları.
Laçın dağları üstündən
Qovduq qara dumanları.

İgid oğulla
Düşmən bizə gülə bir də?
Sən dön bir sarı bülbülə,
Yaxşı dönsün gülə bir də...
Oyan, oyan, Sarı Aşıq,
Qayıtmışıq Güləbirdə...

15.02.2021


DOĞMA YURD
ÖGEY OLMAZ


-Qar yağıb Qaf dağına,
Dünyanın saf dağına.
Doğma yurd necə dözsün
Düşmənin tapdağına?

-Uca dağmı Qaf, ana?
Bənzəyirmi Qafana?
-Bu yurd yeri bizimdi,
Həkk elə öz qafana…

Leysandı, qısıl daşa!
Dönübdür qızıl daşa!
Kaş qayıda biləydim,
Qafana, Qızıldaşa…

Çırtlayıb qan ucaya,
Bax suya qanlı çaya.
Sahib çıx Salvartıya,
Sahib çıx Qanlıcaya!

Hər qamışdan ney olmaz,
Ay, ulduzsuz göy ölmaz.
Yüz il özgə yaşasa,
Doğma yurd ögey olmaz…

17.02.2021


AZADLIQ YOLU

Yalançı dostların
kor bəbəklərinə
soxmalıyıq
bu qanlı cinayətləri,
bu qanlı faktları…
Əsrlərcə
namərdcəsinə tapdalanıb,
İnsan hüquqları,
İnsan haqları…
Çox şükür ki,
10 dekabrda əsir kimi
Azadlıq meydanına
qaytara bildik,
20 yanvarda,
26 fevralda
əliyalın insanları
qanına qəltan eləyən
quduz tankları…

20.01.2021

Rafiq Yusifoğlu

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar