Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Elbariz Məmmədli: "Yaxşı ki, bu gecələr var..."

Tarix: 06-02-2021 21:40     Baxış: 3245 A- / A+
Elbariz Məmmədli: "Yaxşı ki, bu gecələr var..."

"...Söykəyib ürəyini yovşan çiçəklərinə,
Qəribsəmiş torpaqlar nə vaxtsa dirçələcək...
"


Manevr.az Elbariz Məmmədlinin şeirlərini təqdim edir:

Oxuyuram səni

Sən bir kitab kimisən,
düz qırx ildi oxuyuram,
səni.
Vətən segisi,
otuz illik Şuşa həsrəti,
Füzuli ahı,
ömrümün ən böyük günahı kimi,
mənim güvəndiyim eşqin allahı kimi
oxuyuram.

Yolların üstündə qalan
qəribsəmiş xatirələrin
kövrək zümzüməsilə
oxuyuram.
Yuxularımı diksindirən ümidlərimi
sətirlərə qatıb, oxuyuram.
Həsrətini yaşamağı
mənə çox görməsin, deyə
hər gün, hər axşam
Tanrıya çatıb oxuyuram.
Bilmirəm,
ömür yetəcəkmi
saralmış xatirə vərəqlərində
sahibsiz qalmış
yaralı sətirləri bitirməyə.
Yarımçıq əlyazmalarım
kimi, qoyub qarşıma,
nə vaxtsa,
ruhumdakı ağrıları
sona yetirməyə


Sabah günəş doğacaq

Sabah günəş doğacaq, qısalacaq həsrəti,
Yurdsuz-yuvasız qalan quşların, üzü yaza.
Bəlkə də son olacaq, son yağan qar dənəsi,
Nəfəsi sulanacaq son qarın, üzü yaza.

Allanacaq yanağı, dan üzü qızaranda,
Çəkəcək könlümüzü şanlı bayraqlar kimi.
Buludlar laylanacaq günəşin hənirindən,
Səpiləcək səmaya sıralı dağlar kimi.

Ürəklər atlanacaq, yenə arzu dalınca,
Kiminsə ürəyində bir qərib qurd harayı.
Hələ yolların üstə əli uzalı qalıb,
Neçə ocaq həsrəti, nə qədər yurd harayı.

Könlümüzdə sevdası min illərdi yol gəlir,
Qəribsəmiş izimiz dünyanın o başında.
Elə arzular var ki, zaman ilə doğulur,
Elə arzular var ki, hələ çiçək yaşında.

Günəşin şəfəqləri səpildikcə torpağa
Dikəlib sinəmizdə bayraq dirəkləri tək.
Dağların o tayında uyuyan daş kitablar,
Bitibdi könlümüzdə Simurq lələkləri tək.

Dünya yaman dəyişib, haqqın səsi də çıxmır,
Şeytanlar doğulub ki, yuxusu da qan görür.
Özünün olmayana gör, kimlər yiyə durur,
Kökü Adəmdən gələn ruhumu ünvan görür.

Canında min sehr var, hər çiçəyin, hər gülün,
Sahibini tanıyır, boz çöllərin yovşanı.
Bir müqəddəs yol olub, Doğudan işıqlanan,
Sərhəd məftillərində dara çəkilib canı.

Hər şeyin öz yeri var, Tanrının nızamında,
Yolunu bilən çayın suyu tərsinə axmaz.
Dünyanın əzəlindən ünvanı olan ki, var,
Əldən hər şeyi verər, amma ruhu buraxmaz.

Hələ çox oyunu var, bu nizamsız başların,
Keçmiş kimin olubsa, onunkudur gələcək.
Söykəyib ürəyini yovşan çiçəklərinə,
Qəribsəmiş torpaqlar nə vaxtsa dirçələcək.

Sabah günəş doğacaq, göylərin aynasından,
Doğacaq ruhumuzun ən uzaq dağlarına.
Arzumuz şimşək kimi yaracaq göy üzünü,
Bələyib sərhədləri TURAN bayraqlarına.

Həsr etmişəm canı sənə

Yenə xəyallı bir axşam,
Bağlanıb hər anı sənə.
Yaxşı ki, bu gecələr var,
Qovuşdurur məni sənə.

Xatirimdən nələr keçir,
Nə keçirsə, mələr keçir,
Sözümdən ilmələr keçir,
Necə verim onu, sənə?

Ayrıyıq, qəmimiz doğma,
Haqdan qələmimiz doğma,
Uzaqda olsam da, baxma,
Həsr etmişəm canı, sənə.

Nə var, yelə verib gəldim,
Özümü öldürüb, gəldim,
Həsrəti götürüb gəldim,
Qıymadım ki, onu sənə.

Qovuram, sinəmdən qaçmır,
Yandırır könlümü, açmır,
Nə deyirsən de, yaraşmır,
Ayrılığın donu sənə.

Elbariz Məmmədli
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar