Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şeirimizdə “İkinci addım” teoremi - Qəşəm Nəcəfzadə

Tarix: 05-02-2021 12:16     Baxış: 3219 A- / A+
Şeirimizdə “İkinci addım” teoremi - Qəşəm Nəcəfzadə

Tanınmış şair, uşaqlıq və gənclik dostum Dayandur Sevgin bu günlərdə mənə yeni bir kitabını verdi, kitabın adına baxan kimi ilk düşündüyüm bu oldu ki, nəyə görə şair kitabının adını “İkinci addım” qoyub?

İstər ad məsələsində və ya hər hansı bir şeirin qaranlıq yerində köməyimə gələn uşaqlıq illərindən bu günə kimi heç vaxt məni tərk etməyən özümə məxsus yozumum oldu. O da yadıma düşdü və Dayandura da xatırlatdım ki, Bəxtiyar Vahabzadənin addım məsələsinə aid bir şeiri var və həmin şeirin sonu da aşağıdakı misralarla qurtarır.

Birinci addım da lovğalanlar,
Ikinci addımda yıxılacaqdır.


Dayandur başı və əli ilə etiraz edəndən, mən də “ikinci addım” şeirini bir nəfəsə oxuyub başa çıxandan sonra qəti qərara gəldim ki, şair tərəkəməsayaq etirazında çox haqlıdr və şeirlə qoşa addımlayan yozumum mənə diqtə etdi ki, müəllif bu şeirlə şeirimizdə olan ikinci addım məsələsini bir az da özünə məxsus şəkildə genişləndirib. Məsələnin həlli barədə sonra.
Filologiya elmlər doktoru Sona Vəliyeva və tənqidçi Əsəd Cahangirin kitaba yazdıqları ön sözü oxuyandan sonra mən ayrı bir yol başladım. O yolu ki, Dayanduru necə tanıyıram, şeirləri hardan qaynaqlanır, hardan gəlib hara gedir və s. prizmalardan onun yaradıcılığını, həyatının bəzi məqamlarını oxucularla bölüşməyə çalışdım.
Dayandur əsl kənd adamıdır, daha doğrusu, kəndin bütün təsnifatını özündə daşıyan müdrik bir şairdir. İlk baxışda o, sadəlövh görünə bilər, amma aran torpağının qır qazanında qaynayan, qaynadıqca gözəlləşən Gürzənin, cəld dovşanın və qış aylarında qoyunların dodağını öpən yovşanın, qarğanın, qarağanın, kətyənin, sirkənin, quş otunun ansamblından yaranan bir harmoniya yaşayır onun təfəkküründə. Əgər bunların biri yoxdursa, demək, Dayandurun, şeirinin bir hecası çatmayacaq.
Onun “ Dərənin dərdi”, “Yetim uşaqlar” şerləri 80-ci illərin ortalarında dillər əzbəri idi. Məhz bu şeirlərin güclü heca enerjisi heç vaxt Dayanduru əyilməyə, yəni sərbəst şeirə yuvarlamağa qoymadı, eləcə Dayanduru düm-düz saxladı. Çünki bu şeirlərdə heca vəzni o qədər güclü və qatıdır ki, Dayandur onun yolundan heç bir yerə sapa bilmədi, sonrakı şeirlərini də həmin vəznin üstünə düzdü. Daha bundan başqa Dayandurun ayrı yolu qalmırdı.

Dağlar “YanıqKərəm”, dərə “lələ”di,
“Kərəmi”ardınca çəkdi öz köçün.
Dərələr özünü şəhid elədi,
Dağları göyərə qaldırmaq üçün.
Dərənin canını illərdən bəri,
Alsa da ürəyi dolmaz dağların.
Dərələr torpağın istəsə geri,
Boyu bir təpəcə qalmaz dağların.


Şeirin həm intonasiya, həm qafiyə, həm də ictimai - siyasi, sosial məna sistemi şifahi nitqimizə yeni bir güc verərək onu 80-ci illərdə yaddaşımıza əbədi yazmışdı. Dağın “ədalətsizliyi” ictimai məzmun daşıyır. Necə ki, Aşıq Ələsgər deyir ki, “Yoxsulu, ərbabı, şahı, gədanı, tutmaz bir – birindən aralı dağlar” Bəs Dayandurun dağı o dağdan deyilmi? Necə ki, Məmməd Aslan deyirdi ki, “Bu dağlar xan Əslidi, Məmməd yanıq Kərəmdi.” Bəs Dayandur niyə belə desin? Necə ki, Nəriman Həsənzadə deyir: “Dərə bir cümlədi, dağlarsa nida” Bəs nəyə görə Dayandur indiyənə kimi işvə -naz içində, öz cuna düvağında bəslənən dağı birdən – birə “tənqid” eləsin? Ona görə ki, Dayandurun “Dərənin dərdi” şeirinin yarandığı vaxt, artıq podsovet məkanı dağılırdı, şeirimizdə forma və məzmun dəyişikliyi baş verirdi. Müqəddəs saydığımız hadisə və detallara yeni məna yükünü verməklə onun indiyə qədər ifadə etdiyi funksiya dəyişirilirdi.
Dərənin dərə, dağın dağ olması adi bir təbiət hadisəsidir. Bu təbiət hadisəsinin quruluşuna şairin verdiyi məna o dövrdə, elə bu gün də uğurla səslənir.
Dayandur təbiət adamıdır. Təpəl quzuları yuxuya verib, qaşqa atları xamlığa ötürüb, ayağı səkil itlərə küt atıb şəhərə öz xəyallarının dalınca gələn inadcıl, dözümlü, toy–nişan, yas, mərasim dilini mükəmməl bilən bir el – oba ağsaqqalıdır. Ona görə də onu ilk şeirlərinin, mənalı, duzlu, orijinal misralarının ilk cığırından heç kim çıxara, sapdıra bilməmişdir. Hətta mən nə qədər istəsəm belə. Çünki onun şeir çörəyinin mayası şəhərdə satılan “droj” deyil, xamradır. Xamra istər məişət, istərsə də mənəviyyat üçün gen kimi, hüceyrə kimi çox gərəkli maddi və mənəvi bir anlayışdır. “Yetim uşaqlar” şeirinə baxaq.

Qüssənin əbədi qonşuluğunda,
Yumaq tək büzüşüb bir uşaq yaşar.
“Yetim” kəlməsinn qapazı altda,
Gözü qıpıq olar, dili dolaşar.


Şeirdəki “gözü qıpıq” ifadəsi təkliyin, kimsəsizliyn, qorxaq-lığın adıdır. “Yetim” kəlməsinin vurduğu qapaz uşağı kirpik-lərini tez–tez qirpmağa öyrəşdirir. Yetim uşaqlar həmişə belə qorxaq olurlar. Burdan görünür ki, şair hadisə və detallara həyatdakı adından başqa ayrı bir ad da verə bilir. Şairlik isə elə bu cür ad verməklərdən başlayır. Sonrakı bəndə diqqət yetirək.

Baharı bənzəyər boranlı qışa,
Dünya gözlərində bir sual olar.
Uşaqkən keçərək yuxarı başa,
Atasız bir evdə ağsaqqal olar.


Yetim uşaqlar kənddə, eldə -obada ata əvəzi olurlar. Onları evin başçısı kimi toya, nişana, yasa göndərirlər. Beləcə yetim uşaqlar yaşlı adamlarla oturub dura- dura vaxtından əvvəl ağsaqqalaşırlar. Tale onları belə amansızcasına yaşlandırır.
Dayandur əksər şeirlərində öz taleyini yazır. Elə bu şeirdə də. O uşaqlıq illərində atasını itirib. O vaxtdan atası əvəzindən kəndin xeyrində - şərində iştirak edib. Necə deyərlər, yaşına üyğun olmasa da, yuxarı başda oturub. Bu tərbiyə Dayanduru yetkin, yuxarıda dediyim kimi müdrik bir insan kimi yetişdirib.
Bir gün tanıdığım məşhur bir insanın atasının dəfn mərasimisinə yığışmışdıq. Mərasimdə ölkəmizin tanınmış adamları iştirak edirdilər. Mərhum məzara qoyulanda oğlu ucadan hönkürməyə başladı. Heç kəs cəsarət edib onu sakitləşdirmək istəmirdi, bəlkə heç kəsdə belə bacarıq yoxuydu. Birdən Dayandur irəli çıxıb həmin adama acıq-lanırmış kimi bir- iki kəlmə söz dedi: “Niyə ağlayırsan? Bəsdi, ağlama. Şükür Allaha, günün görüb, dövranın sürüb, o nəvələri, o, nəticələri, bu da sən. Allah bilən məsləhətdi, verəndə Allahdı, alan da”. Hamı bu mənzərəyə tamaşa edirdi. Elə bil birdən – birə o adam sakitləşdi. Dayandur ona təsir etmişdi. Yenə həmin adamın içində dəli bir – hicqırıq atılıb düşürdü. Bu zaman Dayandur təcrübəsinə əsaslanaraq yeni bir variant seçdi. Mərhumun torpağından bir çimdik götürüb həmin adamın boynuna ovuşdurmağa başladı. Həmin adam birdən – birə kiridi, baxışları ilə Dayandura minnətdarlıq etdi.
Bu onu göstərirdi ki, Dayandur uşaqlıq illərindən xalqın yas mərasimlərində iştirak edib, xalqın hikmətini dərindən öyrənib. Indi onun yazdığı şeirlər də qazandığı təcrübəyə, yiyələndiyi hikmətə söykənir.
Dayandır əzab-əziyyətlə yaşayıb, amma halal yaşayıb. Həyatın qırmancları onun ürəyində qabar bağlayıb. Qabar demişkən, yadıma bir hadisə düşdü. 80-ci illərin əvvəllərində İmişlidə “Məhsul bayramı” keçirilirdi. Bizə dedilər ki, siz də hazırlaşın (Dayandur və mən), həmin tədbirdə hərəniz bir şeir oxuyacaqsınız. Tədbir İmişli Rayon Partiya Komitəsinin qarşısında keçirilirdi. Burda bizə söz vermədilər. Kədərləndik. Dedilər, “Dəmir Yol Meydanı”nda söz verəcəyik. Burda da vermədilər. Axırda dedilər Arazın üstündə təzə çəkilmiş körpüdən çaya tonqal atacağıq, gəlin orda sizə söz verəcəyik. Burda da vermədilər. Həmin gün Dayandur özünə təzə bir ayaqqabı almışdı. Ayağını sıxırdı.Vəd verilən yerlər bir –birindən uzaq olduğundan əldən düşmüşdük. Dayandurun ayağını ayaqqabı döyüb qabar eləmişdi. Çox kövrəldim, indi də bunları yazarkən ürəyimdən keçir ki, o qabarın xatirinə sabah Dayandurun boynunu qucaqlayıb öpcəyəm.
O vaxt İmişlidə yazıb- yaradan tanınmış şair və yazıçılar Səyyad Aran, Murad Qoçuoğlu, Sərvaz Hüseynoğlu və mən Dayandurun şeirlərini yüksək dəyərləndiririk. Şükürlər olsun ki, bu dəyər şairin 60 illik yubileyinə qədər yol gəldi.

Gələk “ikinci addım” teoreminin isbatına.
Əslində Dayandur yubiley yaşına çap etdirdiyi kitabın adını “İkinci addım” qoymasının əsas səbəbi birinci addımla bağlıdır. Birinci addımda baş verənlərin sirri ikinci addımda açılır. Bəxtiyar Vahabzadə də ikinci addım yıxılmaqdır, Dayandur da isə özünü tapmaq. Hər iki şairin şeirndə ikinci addımın nəzərətdə saxladığı fikir ərazisi birinci addımla səciyyələnir. Bəxtiyarda

Birinci addımda lovğalananlar,
Ikinci addımda yıxılacaqdır.


Dayandurda “Birinci addımda lövğalanların, ikinci ad-dımda ağılı başına gələcək” fikri 60-ci illərdən 2018 ci ilə qədər inkişaf edən fikir sintezinin təzahürüdür. Birinci misranın qərarı 60-cı illərdəki kimi deyil. Artıq mətn inkişaf edib, ya da Bəxtiyar Vahabzadənin - yəni birinci misranin verdiyi qərarın yeni alternativ variantı üzə çıxıb. İndi ikinci addımda “yıxılmaq” yox, ağıllanmaq, inkişaf etmək realdır. Çünki istehlak vasitələri təkcə sosiloji deyil, elmi, bədii, fikri istehallar da artıq yeni qazanclar, sərmayələr ortaya qoyur. Bu gün zehni istehlak olan internet məkanında hər an bilgisayarın düyməciklərinin üstünə şahadət barmağını basmaqla sənə milyonlar qazandıra bilər. Ona görə də bugünki şeirimizdə birinci addımın ikinci addımı yıxmaq imkanı azdır.Şeirin aşağıdakı bəndində deyildiyi kimi.

Həsrəti ən uzaq səfərdə daddım,
Sevincin müjdəsi ayaq səsidir.
Həyatda atılan birinci addım,
Döyüşə hazırlıq mərhələsidir.


Dayandurun heca intonasiyası, gur, sıx havacatı az-az şairlərdə ola bilər. Onun çöl yaddaşı, yuxarı da dediyim kimi, ağ ürgə, qara zolaqlı gürzə, yəhər, dəryaz, çırağın dibindəki nöyüt, at nalının sərt qara daşlarda çıxardığı çınqı, ayaqdakı qabar, haça ağacların arasına keçən maral buynuzu heç vaxt onu azdıra bilməz. Lakin bəzən olub ki, Dayandur bəzi şeirlərini həmn havada saxlaya bilmədi. Şair bunun səbəbini şeirlərinin birində çox dəqiq ifadə və etiraf edir.

Gözümü açandan zülm görmüşəm,
Hələ qurumayıb gözümün nəmi
Səni üç balama qurban vermişəm,
Yaza bilmədiyim şeir, bağışla məni.


Əgər Dayandur “yaza bilmədiyi şeir” haqqında bu cür gözəl şeir yazırsa, yuxarıda dediyim gileyimdən bir az çəkinmək istəyirəm. Demək o, gözəl yazır, daha gözəl də yaza bilər və yazacaq. Necə ki, tarixi materializmdə deyildiyi kimi, bazis yoxdursa, üsqurum da olmayacaq və ya əksinə.
İndi bu gün əziz dostum, gözəl şair Dayandur Sevgin Əli Kərim demiş 60 yaşının yamacında (söz yamacında) başının altında əllərini carpazlayaraq doğulub boya – başa çatdığı Ağamallar kəndinə, ayağını döyən ayaqqabıya və bütün bunlardan sonra yarışmada qalib gələn və Azərbaycan Dövlət Televiziyasının klip çəkdiyi “Azərbaycan bayrağı” şeirindəki üçrəngli bayrağa qürurla boylanır. Haqqı da var boylanmağa.

Şeirimizdə “İkinci addım” teoremi - Qəşəm Nəcəfzadə


Qəşəm Nəcəfzadə
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar