Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Vaqif Yusifli: "ŞAİRLƏR BİR DƏFƏ DOĞULUR…"

Tarix: 07-01-2021 20:40     Baxış: 2415 A- / A+
Vaqif Yusifli: "ŞAİRLƏR BİR DƏFƏ DOĞULUR…"
Kəramət və Vaqif Yusifli

Deyirlər ki, daha yaxşı şeirlər yazılmır, şairlərin sırası geniş, amma hanı altmış, yetmiş, səksəninci illərdə yazılan o gözəl şeirlər…Bəlkə də bu sözdə bir həqiqət var. Mən şeir sözü ilə bazar sözünü qətiyyən eyniləşdirmək və ikisinin qoşalığından yaranan «şeir bazarı» ifadəsini işlətmək istəməzdim.
Amma altıncı sinif şagirdindən tutmuş hansısa bir tanınmış akademikə qədər hamı «şeir» yazırsa və bu «şeirlər» əksər qəzetlərin, jurnalların səhifələrində və kitablarda əks olunursa, içi də, mahiyyəti də əsl poeziyadan bir zərrə belə sənin ürəyinə gedib çatmırsa,çatmırsa, səni düşündürmürsə, bu «şeirləri» yazmağa dəyərmi? Vaxtilə, keçən əsrdə, 1845-ci ildə V.Q. Belinsiki yazırdı ki: «Şair olmaq indi o deyil ki, quş kimi melodik səslər çıxarıb civildəyəsən, şair olmaq-poetik obrazlarla düşünmək deməkdir…O poeziyanın ki, kökləri özü-özünə vurulmuş, özündən bədgüman şəxsiyyətin şıltağında, kədərində, yaxud sevinclərindədir və bu şəxsiyyət ki, toyuq öz yumurtalarının başına hərlənən kimi, özünün bu gözəl hissləri ilə əlləşib vurnuxursa-bu gür poeziya diqqət əvəzinə nifrətə layiqdir».
Amma müasir Azərbaycan poeziyasını bu «quş kimi civildəyənlərdən» deyil, sözün əsl mənasında poetik istedadların varlığı ilə düşünmək gərək…O şairlərdən biri də Kəramətdir (Kəramət Rza oğlu Şükürov). Kəramət Gəncədə pedoqoji institutunun filologiya fakültəsini bitirib,bunu yazmaya da bilərdim, amma Kəramət dönə-dönə xatırlayır ki, mənim içimdəki şer odunu şölələndirən bir insanı- müəllimim-füzulişünas Sabir Əliyevi heç unuda bilmirəm. Elə ilk şeirlərini də tələbəlik illərində yazıb.
Kəramətin ilk şeirləri ilə 2020-ci ildə «Azərbaycan» jurnalında çap edilmiş şeirlərini müqayisə elədim. Təbii ki, o ilk şeirlərlə son illərdə yazdığı şeirlər arasında inkişaf (sözə, içindəki ovqata-əhval-ruhiyyəyə, bədii təsvir vasitələrinin, sözün rənglərinin yeni-yeni çalarlar kəsb etməsinə, metaforik düşüncə tərzinin get-gedə aparıcı üslubi bir məziyyətə çevrilməsinə) açıq-aydın nəzərə çarpır. Dəyişilən, yeniləşən budur. Amma dəyişməyən nədir? Dəyişməyən Kəramətin şair sifətidir. Sifət şair üçün təkcə üz cizgisi (qaş, göz, dodaq deyil), şair sifəti əsl şairlər üçün poetik düşüncə tərzinin (obrazlarla düşünmək, sözün rəngarəng çalarlarını üzə çıxarmaq, qeyri-adi təşbihlər, metaforalar, bədii təzadlar, epitetlər düzümü ilə seçilmək) özünəməxsusluğudur. Gəlin, sözümüzü isbata yetirək. 1979-cu ildə yazılmış «Ömrüm» şeiri:

Pişik səssiz iştahla,
Yaxınlaşır budaqda
Mürgüləyən sərçəyə,
Tır..tıp..tır…
Edama aparıram ürəyimi.
Sərçə səadətindən,
Pişiyin gözlərindən keçirəm.
Aydınlıqla qaranlığı,
Qarışdırıb içirəm.
Yellənirəm yelləncəkdə
Gündoğanla günbatanın arasında.
Əlindəki çubuqla,
Döyür, döyür Yer adamları
«Sevgilinin adını de!»
Hələ ad qoyulmayan,
Sevdalar içində gülümsəyirəm.


Yetmişinci illərin sonları üçün bu tipli şeirlər heç də qəribə, gözlənilməz, «xatalı» deyildi. Artıq Əli Kərim, Vaqif Səmədoğlu, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Camal Yusifzadə belə şeirləri çox yazmışdılar, yəni şeirdə yeni, modern istiqamətin axarını yaratmışdılar. Kəramət də yəqin bu istiqamətin, metaforik düşüncə tərzinin yönünü tutmuşdu. Amma məsələ orasındadır ki, bu şeirdəki fikir və bu fikrin ifadəsi üçün işlənən metaforalar Kəramətə məxsus idi. Və Kəramət o ilk şeirlərdən ta bu günə qədər sözü Kəramət kimi xırdalamağın, böyütməyin, metaforik səpgidə ifadə etmyən yolunu tutdu.
İndi isə 2019-cu ildə yazılan «Səni sevmək» şeirinə müraciət edək. Görək on minlərlə sevgi şeirləri içində Kəramətin bu şeiri azacıq da olsa seçilirmi?

QADAĞAN ZONASINA girmək
«Tövbə» demədən
Allahın üzünü görmək
əllərini…
hə, hə, əllərini müqəddəs kitablar kimi
ələ almaqdı.
Sonra nədir? Bilirsənmi?-
uyurkən, soyuq olmasın deyə
üstünü ehmalca örtməkdi
qarşına çıxanları bağrına basıb öpməkdi.
Səni sevmək.
Bu mənasız «Həyat»a
Məna qatmaqdı.


Pis deyil. Xüsusilə, «səni sevmək-Allahın üzünü görmək», «əllərini müqəddəs kitablar kimi ələ almaq»- təzədir. Bunlar -Kəramətin sevgi haqqında düşüncəsinin özünəməxsus ifıadəsidir. Amma Kəramətin kəramətliyini səciyyələndirən onlarla şeirlər var ki, mən o şeirlərdən birini misal gətirəcəyəm: «Heykəllər dağlara qaçacaq».

Bəriyə dur,
qulağına pıçıldayım
Heykəllər bir gün
dağlara qaçacaq
Hamilə qadına bənzər qəbirlər
ölüləri doğacaq.
Çiçəkləyən saçların qaralacaq.
Hardan bildim, sorsana.
Qızılgül qoxuyur
Əlindəki sarımsaq.


Təmiz assosiativ düşüncə tərzinin ifadəsidir bu şeir. Əgər Kəramət indi 63 yaşında deyil, 83 yaşında olsaydı və bu şeiri altmışıncı illərdə qələmə alsaydı, yəqin ki, Məmməd Rahimin qəzəbinə tuş gələrdi. Bu nədir? Necə yəni «heykəllər dağlara qaçacaq»? Necə yəni «hamilə qadına bənzər qəbirlər ölülər doğacaq»? Necə yəni «qızılgül qoxuyur əlindəki sarımsan»? və s. Amma indi şeirimizin poetik imkanları, assosiativliyi o qədər zənginləşib ki, bu tipli şeirlər müasir oxucu (!) üçün qəribə və gözlənilməz reaksiya doğurmur.Rəhmətlik şair və şeir tədqiqatçısı Arif Abdullazadə yazırdı ki: «Assosiativ təfəkkür daha incə və zahirən daha mürəkkəb ümumiləşdirmələr vasitəsilə meydaqna çıxır.Burada bənzəyənlə bənzədilən arasında «məsafə» daha uzun olur, məna dərinliyi daha lakonik ifadə tərzinə əsaslanır, ümumi məzmun , konkret hiss və fikir çox zaman yada salmaq və düşündürmək yolu ilə yaranır. Assosiativ təfəkkür obrazlı təfəkkürün ən yüksək formasıdır». Kəramətin şeirlərində də bu poetik təfəkkür tərzi ötəri yox, daimidir.Necə ki: «Əzizim, sabahın xeyir. Limanda bitən söyüdəm gəmim gəlmir ki, gedəm». Necə ki:»and yerləri küçələrdə xəzəldi Mələklər də ayaqqabı yalayır».. Bir bədii təzad nümunəsi: «unudulan bir yerdi YER kürəsi, bir qucaq çiçəyə bənzər, yada ki, üstünə «Bura zibil atmayın» yazılan imiri zibil qabına». Və bir də «Acı olur xəzəllərin tüstüsü: o səbəbdən ki- Bir də görürsən ki, qolların yoxdu Əllərini uzatğmısan xəzəl üçün, Bir də görürsən ki əllərin saralıb tökülüb, üzünə tutmağa əllərin yoxdu». Mən mərhum deməyə dilim gəlmədiyi Ələkbər Salahzadənin assosiativ təfəkkür tərzindən doğan şeirlərinin təsirindən hələ də ayrılmamışam, Kəramətin də bir sıra şeirləri məndə o təsiri yarada bilir.
Amma Kəramət həm də ənənəyə bağlı şairdi. O, təkcə «heykəlləri dağlara uçurmur», həm də çiçək qızlara, ipək qarılara, düunyanın bu gününə, şəhidlərə heç bir assosiativ düşüncə ilə yanaşmır.Nə yazsa yaxşıdır?. Öncə bir sevgi şeirini misal gətirdim, «pis deyil» djedim, indisə «çox yaxşıdır» deyirəm:

Atılıb getməkdən kimsə ölmədi,
Gedəcək yerim yox getmək yerinə.
İlahi söz gəzdim, tapa bilmədim
«Məqn səni sevirəm» demək yerinə.
Dünya kompüterin canı boydadı,
İnternqet yaddaşa köçür yuxunu.
Ağlamaq, sızlamaq bizdə qaydadı.
Gülüşə döndərrəm sənin ahını.


Kəramətin şeirləri barədə sözümü bitirmək istəyirəm. Vaxtilə onun bir şeirlər kitabına bir resenziya yazmışdım və sonda söyləmişdim ki, «Kəramətin baharı gəlib». Sevinməyə dəyər ki, o, bir şair kimi yerində saymayıb, indi əsl baharını yaşayır- çünki şair üçün məcazi mənada xəzana, qışa , bürkülü yaya keçmək çox vaxt uğursuzluğa aparır. Çünki əsl şairlər bir dəfə doğulur…

Vaqif Yusifli


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar