Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Torpağı ölümdən qurtaran oğul gedir xəstə yurdu yoluxmaq üçün..."

Tarix: 25-12-2020 19:36     Baxış: 3845 A- / A+
"Torpağı ölümdən qurtaran oğul gedir xəstə yurdu yoluxmaq üçün..."

Manevr.az görkəmli şairimiz Rafiq Yusifoğlunun yeni şeirlərini təqdim edir:

ALİ BAŞ KOMANDANIN
QUBADLI SƏFƏRİ


Bitdimi bu qara-qorxulu nağıl?
Ürək xiffət çəkir ötən çağ üçün.
Torpağı ölümdən qurtaran oğul
Gedir xəstə yurdu yoluxmaq üçün...

Yanır, şölələnir köksündə məşəl,
Can atır kəndləri qurub tikməyə...
Düşmənin başında yumruq olan əl,
Gedir küskün yurda sığal çəkməyə...

Sevincdən uçunur bərələr, bəndlər,
Divarlar dikəlmək, qalxmaq istəyir.
Yaralı şəhərlər, viranə kəndlər
Xilaskar oğluna baxmaq istəyir.

Elə bil budaqda yarpaq sevinir,
Könlündən dil açmaq arzusu keçir.
Doğma qədəmlərdən torpaq sevinir,
Qəlbindən gül açmaq arzusu keçir...

Böyük də, kiçik də olub səfərbər,
Çirkinə vermərik gözəlimizi!
Əlini Arazda yumasa rəhbər,
Zəfərdən yumuşduq biz əlimizi...

Güclü ol, zamanın budur tələbi,
Sanki köks ötürür Araz dərindən...
Sevinc karvanları keçir elə bil
Əsrlər şahidi Xudafərindən...

Qaçıbdır Mollunun gözündən yuxu,
Bənd uçub, Həkəri dolama gəlir.
Qəhrəman Nəbinin, Həcərin ruhu
Bir cüt nəvəsini salama gəlir...

Gülür Şah İsmayıl, Babək, Koroğlu,
Bu zəfər çevrilib heyrət rəmzinə.
Elin qeyrətini çəkən oğulun
Özü də çevrilib qeyrət rəmzinə.

Nəğməkar Bərgüşad gəlibdir coşa,
Kükrəyən çaylarln ilhamı gəlib.
Sevinir ürəyi yaralı Şuşa,
Onun görüşünə İlhamı gəlib...

Payız gülləri də ətir qoxuyur,
Duman get, sevirik biz aydınlığı.
Sanki Ağa çayı nəğmə oxuyur,
Verir doğma yurda göz aydınlığı...

Açır gözlərini yaralı törpaq,
Üzləri təbəssüm bəzəyir indi.
Zirvədə yellənən üçrəngli bayraq
Zəfər çələnginə bənzəyir indi...

24.12.2020

NƏ O KƏND O KƏNDDİ,
NƏ DƏ MƏN MƏNƏM


Köçəri quş imiş insan sən demə,
Xəyal köhlənimi minib çapıram.
Sevinclə dönürəm doğma kəndimə,
Xaraba yurdumda saray yapıram...

Dözə biləcəkmi qəlb bu sevincə? –
İlk vüsal gününü düşünürəm mən.
Qəlbim yarpaq kimi titrəyir necə! –
Həsrət sazağında üşüyürəm mən...

Orda kim olacaq dərdimə şərik? –
Suallar pərt edir adamı necə?
O evin yerində ev də tikərik,
Geri qaytaracam anamı necə?

Geri qaytaracam atamı necə?
Xiffətdi qəlbimdə gur ocaq çatan
Babam, nənəm varmış, atam var imiş...
Bu daşa, torpağa gözəllik qatan

Bizə doğma olan adamlar imiş...
Elə bil həyat da olub mənasız,
Məni cəlb eləyən nə yer, nə göydü...
Babasız, nənəsiz, ata, anasız

Doğma kənd elə bil mənə ögeydi...
Yuvası boş qalan quşlar uçubdur,
Bu doğma dağ-dərə mənə bəs etmir...
Sanki çörəyimin duzu qaçıbdır,

Ən qaynar ocaq da məni isitmir...
Atalar, analar, nənələr köçüb,
Niyə ögey oldum axı mən mənə?
Aradan ağrılı sənələr keçib,

Nə o kənd o kənddi,
nə də mən mənəm...

17.12.2020


ÖMRÜN QIŞ ÇAĞINDA
QUBADLI QIŞI


Otuz il getmədi yuxu gözünə,
Doğmalar qoynundan uzağa düşdü.
Qubadlım, biz həsrət qaldıq üzünə,
Ümid çiçəyimiz sazağa düşdü...

Gözümdən sıçrayan həsrət qorudu –
Mürgülü ocağı oyatmaq üçün.
Şükür yaradana, bizi qorudu
Təzədən qoynuna qayıtmaq üçün...

İçimi yurd etdi həsrət qoşunu,
Ağrı mərmiləri başıma düşdü.
Otuz ildən sonra sənin qışını
Görmək ömrümün də qışına düşdü...

Üstündə var imiş Tanrı nəzəri,
Qışın da gözəldi, yazın da gözəl...
Sənin çaylarının varmı bənzəri?
Çardaxlı düzün də, Yazın da gözəl.

Çaylağın kol-kosu meşə olubdur,
Bərgüşad hönkürür hey için-için.
Elə bil təbiət meşə salıbdır,
Yurdu bəd nəzərdən qorumaq üçün...

Həkəri kövrəlib, bulud tək dolub,
Doğma övladların axıb dalınca.
Çaylaqda hər ağac cəngavər olub,
Hər budaq çevrilib iti qılınca...

Qayıtsa ömrümün güllü baharı,
Hönkürən ürəyim kiriyə bəlkə.
İllərin üst-üstə qalanan qarı
Vüsal günəşiylə əriyə bəlkə?

İzn ver, nazını çəkim, Qubadlı,
Ömrün qış çağında ürək yar umur.
Ağ xalat geyinib həkim Qubadlı,
Bəlkə o sağalda könül yaramı...

Həsrət şimşəkləri bəzəyib göyü,
Kömür arzuları nura bələdi.
Çox şükür, Yaradan bu gözəlliyi
Görməyi bizə də qismət elədi...

20.12.2020


TORPAQ TƏSLİM OLMAYIB

İllərin ayrılığı məni qoyub pis günə,
Heç bilmirəm yer nədir, heç bilmirəm göy nədir.
Korun-korun yanıram tüstü çıxır təpəmdən,
Talan olmuş yurd yeri gözlərimi göynədir...

Bu amansız canilər, bu qaniçən yağılar
Möhtəşəm sarayları odlara qalayıblar.
Bu quldurlar, oğrular təkcə sərvətimi yox,
Vətənli illərimi çapıblar, talayıblar...

Yurdu kimsəsiz görən meşə haraya gəlib,
Özünü lüt evləri örtməyə yetiribdir.
Kimsəsiz həyətləri boş qoymayıb təbiət,
Düz evin ortasında ağaclar bitiribdir.

Qəlbində dağ yaşayıb yurdum dağlar qoynunda,
Yalnız dağ çəkə bilər bu ağrını, bu dərdi...
Torpaq təslim olmayıb, qalxıb yaşıl üsyana,
Döşmənlərin izini otla, çiçəklə örtüb...

Boynubükük evlərə sığınan bənövşələr
Əyilən divarlara dayaq olmaq istəyib...
Düz divarın üstündə bitən qızıl lalələr
Evimizin üstündə bayraq olmaq istəyib...

22.12.2020


YARALI ƏSGƏRİN
DÜÇÜNCƏLƏRİ


Aydınlıq gecədir torpaq soyuq, nəm,
Dostlar şəhid olub, təkcə sağ mənəm...
Özümə gəlmişəm, ancaq bilmirəm
Qismət olacaqmı yaşamaq mənə?

Bir də görəcəmmi gələn baharı?
Hər yan qar olsa da, hələ deyil qış...
Özümdən gedəndə, dizdən yuxarı
Kimsə ayağmı qaytanlayıbmış...

Ulduzlar bərq vurur nəmli gözümdə,
Arxası üstəyəm, köksüm qabarıb...
Tək-tənha qalmışam çölün dözündə,
Mərmi ayağımı qırıb aparıb...

Deyəsən sönəcək ömür çırağam,
Cənnət misallıdı burda qəbir də...
Babamın yurduna dəyən ayağım
Qayıtmaq istəmir geriyə bir də...

Ay aman, deyəsən çin olub yuxum,
Pozur sakitliyi şırıldayan çay.
Yaram göynəsə də, xoşbəxti ruhum,
Başımın üstündə gülümsəyir ay...

16.12.2020


PAYIZDA XARI BÜLBÜL

Xarı bülbül güc alıb,
Şəhidlərin qanından.
O, torpağın altında
Əsir həyəcanından.

Nə olsun ki, payızdır,
Öndən qarlı qış gəlir.
Torpaqdan baş qaldırmaq
Ona yaman xoş gəlir.

Xarı bülbül elə bil
Şipşirin bir yuxu görür...
Doğma əllər çəmənə
Uzanıb, onu dərir...

Ulduzlar gəl-gəl deyir,
Göyün yeddi qatından.
Doğma hənir eşidib,
Boylanır yer altından.

Xarı bülbül kövrəlib,
Xarı bülbül dolubdur.
İndi o, əsgərlərin
Talismanı olubdur...

Dartınır, qurcalanır,
Ürəyi tir-tir əsir.
O, doğma insanların
Görüşünə tələsir...

11.12.2020

BU PAYIZ
HAVASINDA


Yağış yağır alnıma,
Yağış yağır üzümə.
Bu payız havasında
Yer tapmıram özümə...

Vaxtsız solan qönçələr
Ürəyimi ağrıdır...
Müharibə ürəkdən
Silinməyən ağrıdır...

Şəhidlər çevriliblər
İsaq-Musaq quşuna!
Yağan yağış qarışır
Gözlərimin yaşına...

Nur cöhrəli igidlər
Sanmayın ki, söndülər.
Vətənin damarında
Təzə qana döndülər...

Yaramızın üstünə
Səpilən duz oldular.
Başımızın üstündə
Təzə ulduz oldular...

Xəzan yarpaqları tək
Uçub ruh aləminə,
Onlar səpələndilər
Vətənin qədəminə...

Yağış yağır alnıma,
Yağış yağır üzümə.
Bu payız havasında
Yer tapmıram özümə...

12.12.2020

TƏSKİNLİK MƏLHƏMİ

Adamın içinə yağan
həsrət yağışlarını
ümid çətirləri də
saxlamır...
Qələbə sevinci
təskinlik məlhəminə
dönsə belə,
Şəhid analarının
könül yarası
göz bağlamır ki,
bağlamır...

12.12.2020

TƏK AĞAC

Bir zaman evimizin
Önündəki yamacda
Bir tək ağac görmüşdüm, –
Tək darıxır ağac da…

Kölgəsində görsək də
Hərdən qoyun-quzunu.
O, tək-tənha qalmışdı
Aylar, illər uzunu…

Həmişə tək qalanda
Tək ağacı düşündüm.
İçimi sazaq kəsdi,
Tənhalıqdan üşüdüm…

Gözlərimin önündən
Keçdi düzlər, yamaclar.
Düşündüm ki, xoşbəxtdi
Meşədəki ağaclar…

Dönə bilsəm kəndimə,
Özümə ev tikəcəm.
Tənha qalan ağacın
Önündə diz çıkəcəm.

Əlim sığal çəkəcək
Düyünlü gövdəsinə.
Kövrəlib hay verəcək
Ürəyimin səsinə…

Tək ağacın yanında
Təzə ağac əkəcəm.
Göz yaşımla suvarıb,
Hər nazını çəkəcəm…

Qışda küləkdən, yayda
Qoruyacam quraqdan.
Fərəhlə baxacağam
Mən onlara qıraqdan…

Doğma hənir eşidib,
Sevinəcək yal-yamac.
Daha darıxmayacaq
Tənhalıqdan tək ağac…

13.12.2020

ZƏFƏR TARİXİ

Min dəfə şükür olsun
Aləmlərin Rəbbinə!
Vətən sevgisi salıb
Hamımızın qəlbinə…

Yurduma xor baxanın
Dimdik burnunu ovduq.
Həvirləşən itləri
“İtiqovan”la qovduq…

Atalar söyləmişkən
Bir də gələr arxa su!
Arxalı köpəklərin
Yerə gəldi arxası…

Bizi qorxuda bilməz
Sizin silah yarışı,
Qapqaynar köksümüzdə
Suya dönər qurğuşun…

Yandırdığınız evlər
Sizə üz qarasıdı…
Biz qisas almalıyıq,
Hələ bu harasıdı?

Göydə “Bayraqdar” uçur,
Başınız bərk qarışıb…
Günahsız körpələrin
Sizi tutub qarğışı…

Xarıbülbül gül açdı,
Qış çevrilib yaz oldu…
Qələbə tariximiz
Qızıl qanla yazıldı…

Zəfərlə ütüləndi
Alnımızın qırışı…
Düşmənlərə verilməz
Torpağın bir qarışı…

Çaqqal sürüsü ilə
Aslan kimi döyüşdük…
Zəfər tarixi yazıb,
Biz tarixi dəyişdik…

14.12.2020

QARLI MƏNZƏRƏ VƏ
HƏSRƏT LEYSANI


Kəndimizə yağan
qarın ağlığında
qəribə bir işıq var idi...
O qarlı dağlarda
bir vaxt sevinclə,
xoşbəxtliklə gəzən
bir uşaq var idi...
İndi olan olub,
keçən keçib...
Qaçan qaçıb,
köçən köçüb...
Evləri dağıdılan,
valideynlərini itirən
o uşaq
indi bir qocanın
yaralı ürəyini özünə
yurd yeri seçib...
İndi o uşaq
o qocanın
qəm pəncərəsinə
bənzəyən gözlərindən
boylanıb,
qar altında üşüyən
yaralı evlərə baxır...
O uşağın gözlərindən
o qocanın içinə
həsrət leysanları yağır...

14.12.2020

SNAYPER GÜLLƏSİ,
TELEFON VƏ
ANA DUASI


Gözəgörünməz bir qüvvə
anındaca köməyə gəldi, –
Giliz
kəmfürsət namərdin
yanına düşüb qaldı...
Snayper gülləsi
zirehli köynəyi –
sipəri dəldi,
ancaq
əsgərin döş cibindəki
telefona ilişib qaldı...
İgidimizin alnını öpən yellər
adicə meh yox,
Həyatın nəfəsi idi...
Əslində ö gülləni
saxlayan
Telefon yox,
onun içindəki
Ana duası,
Ana səsi idi...

22.12.2020

VƏTƏN SEVDALI
ƏSGƏR


Vətən sevdalı əsgər
Yurdunun dayağıdır.
Əlindəki Vətənin
Üçrəngli bayrağıdır...

Ayağı dəyən yerdən
Qopar alov, qığılcım...
Pulemyota çevrilər
Koroğlunun qılıncı...

Qaraca Çobanın da
Fəndi köməyə çatar. –
Sapandı dron olub,
Düşmənə mərmi atar...

O, yağı sürüsünə
Girər canavar kimi...
Əridər qarı, buzu
Günəşli bahar kimi...

Sonsuz yurd sevgisidi
Güc verən əsgərlərə.
Haqqa güvəndiyindən
Çevrilər əsgər nərə!

Qəlbində sevgi olsa,
Bir igid təkbaşına,
Döyüş meydanlarında
Cavab verər qoşuna....

22.12.2020

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar