Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Ağrı dağı çevrilir düşmənin göz dağına, biz onu bələmişik qoşa türk bayrağına..." -ŞEİRLƏR

Tarix: 21-11-2020 22:19     Baxış: 2647 A- / A+
"Ağrı dağı çevrilir düşmənin göz dağına, biz onu bələmişik qoşa türk bayrağına..."

Manevr.az görkəmli şairimiz Rafiq Yusifoğlunun yeni şeirlərini təqdim edir:


ZƏFƏR YALLISI

Yurdumuzun başından qara duman dağılıb,
Cıdır düzü ucalıb, bir möhtəşəm dağ olub...
Silkələnir Qarabağ qara zurna səsindən,
Ocaqlar igidlərin od alır nəfəsindən.

Bayrağımız yellənir zirvələrin başında,
Sıldırımlar yuyunur gözlərimin yaşında...
Qurumuş bulaqların gözlərinə su gəlir,
Dağların daş qəlbinə zəfər arzusu gəlir...

Sevinc sədası qopur torpağımdan, daşımdan,
Sısqa çaylar güc alır fərəh, sevinc yaşından...
Sevinir Xarı bülbül – mənim könül sirdaşım!
Qarqar coşub çağlayır, Araz coşur, Kür daşır!

Zirvələr silkələnir bu zəfər ahəngindən,
Güllər təzə rəng alır bayrağımın rəngindən...
Ayağımız altında yağılar xıncım-xıncım,
Əsgər çəkmələrindən sanki qopur qığılcım...

Bu dağlar görməmişdi hələ belə təmtaraq,
Çıdır düzündə “Yallı” gedən igidlərə bax...
Biz birlikdə güclüyük, igidlər halay qurur,
Qara göl cilvələnr, Göyçə gölü hayqırır...

Sevincdən ürəyimiz bir alıcı quş olur,
Kəpəz, Murov, Savalan “Yallı”ımızı qoşulur...
Ağrı dağı çevrilir düşmənin göz dağına,
Biz onu bələmişik qoşa türk bayrağına...

Bu zəfər Zəngəzurdan Naxçıvana yol açır,
Təzə-təzə arzular önümüzdə qol açır...
“Heyratı” heyran qoyur, cəngə çağırır “Cəngi”,
Üçrəngli bayrağımız olub zəfər çələngi...

Eşq olsun Komandana, göz dəyməsin orduma,
Hünər, zəfər yallısı çox yaraşır yurduma...

15.11.2020



YERİNİZ GÖRÜNÜR BU ZƏFƏR GÜNÜNDƏ

Şəhidlərimizə

Siz əzib düşməni rahatlıq tapdınız,
Yeriniz görünür bu zəfər günündə.
Siz ölüb vətənin canına hopdunuz,
Biz hər gün ölürük ruhunuz önündə!

Neçə il gəzmişik gözümüz kölgəli,
Çox şükür çin oldu arzumuz, kamımız...
Şəhidlə vidaya el gəlir, sel gəlir,
Borcluyuq biz sizə hamımız, hamımız...

Bayrağa döndərdik biz qanlı köynəyi,
Hamınız pak-təmiz, hamınız təzə-tər,
Əllərim titrəyir, ürəyim göynəyir,
Sanmayın qəlbimdən bu ağrı tez ötər...

Qeyrətli oğullar hər zaman anılar,
Torpağı vətənə döndərər şəhidlər...
Qəbriniz önündə diz çökür analar,
Siz yatan torpağa baş qoyur igidlər...

Ruhunuz başımız üstündə al bayraq,
Qanınız səpilən daşda gül bitəndir.
Şəhidlər qanıyla yoğrulan bu torpaq
Vətəndir, Vətəndir, Vətəndir, Vətəndir...

Siz əzib düşməni rahatlıq tapdınız,
Yeriniz görünür bu zəfər günündə.
Siz ölüb vətənin canına hopdunuz,
Biz hər gün ölürük ruhunuz önündə!

13.11.2020


***

Xoşbəxtdir əvvəl-axır
Vətənə dönən, Vətən!

Şəhidlərin qanıyla
Vətənə dönən Vətən!

10.11.2020



AZAD EDİLMİŞ YURD YERİNDƏ DÜŞÜNCƏLƏR

İndi bütün dünyanın gözü bizə dikilib,
İndi bütün adamlar bir can, bir bədən olub.
Xaraba həyətlərin hasarları sökülüb,
Sənin, mənim olan yer birləşib Vətən olub!

Nələrə qadir deyil yurd eşqi, el əməyi?
Üzümüz sabahadır, sanmayın yol azalıb...
Dağıdılıb körpülər, ancaq qəm eləməyin,
Bu qıjıtılı çaylar çox körpü yola salıb...

Bərgüşad Həkəriyə qoşulub axır, axır,
Biz millət savaşından geri dönmərik əsla!
Murdar ayaqlar dəyən bu müqəddəs torpağı
Gərək salavat çəkib təmizləyək Arazla!

Gözəl bir məkan varmı bu yurddan, bu ölkədən?
Bu torpaq möcüzədir, daş da səpsən, bitəndir.
Torpağı yağılardan, gözümüzü kölgədən
Qurtaran oğulların əmanəti Vətəndir.

Dəyişəcək nəsillər, aylar illər ötəcək,
Heç vaxt sönməyəcəkdir bizim qaynar ocaqlar.
Kökümüzdən boy alan övlad, nəvə, nəticə
Bu müqəddəs torpağın sahibi olacaqlar...

Yurddan ayrı düşəni həsrət alovu qarsar,
Yalnız haqqa güvənən murada çata bilər...
Ürəyimiz həmişə eyni ahənglə vursa,
Bu torpağa bağlansaq, bizə kim bata bilər?!

İndi bütün dünyanın gözü bizə dikilib,
İndi bütün adamlar bir can, bir bədən olub.
Xaraba həyətlərin hasarları sökülüb,
Sənin, mənim olan yer birləşib Vətən olub!

16.11.2020


HAQQA GÜVƏNƏN XALQ

Şərəfini, şanını hər gün itirənə bax,
Düşmənə gizli-gizli silah ötürənə bax!
Köpəklərə yal verib üstümüzə kısqırır,
Haqq-ədalət deyərək boğaz yırtır, qışqırır...
Dünyanın qulağı kar, dünyanın gözü kordu...
Allah özü qorusun bu milləti, bu yurdu...
Bir xalqı barmağına sarımaq istəyənlər,
Bizə özünü dost tək sırımaq istəyənlər
Gündüz haqdan danışır, gecə haqdan danışır. –
Nahaqqa qahmar çıxan necə haqdan danışır?
Arvad-uşaq üstünə mərmi ələyənə bax!
Gəmidə gəmiçiylə dava eləyənə bax!
Allah bizə güc verdi qalxdıq div yuxusundan,
Axır ki, cəlladların yapışdıq yaxasından...
Bəndə poza bilərmi Tanrı yazan yazını? –
Qiyamətə qoymadıq Xocalı qisasını...
Torpağıma göz dikən neçə azğını qırdıq,
Yava-yava danışan qövmün ağzını cırdıq...
Qazıb atdıq yurdumdan murdarların izini,
Yol azan azmanların yerə vurduq dizini...
Xirtdəyinə dirədik intiqam ülgücünü,
Ulduza hürən köpək gördü türkün gücünü...
Dar məqamda qardaşlar bizə durdular arxa,
Haqq özü kömək oldu Haqqa güvənən xalqa...

19.11.2020


İGİDLƏR DİYARI

Bizim qələbəmizə kim sala bilər kölgə?
İgidlər diyarıdır bu məmləkət, bu ölkə...
Dağılmış qəbirləri gördüm, qəlbim üşəndi...
Bizim düşmənlərimiz adam yox, gor eşəndi...
Viranə eləyiblər şəhərləri kəndləri,
Körpüləri partladıb, uçurdubar bəndləri.
Yurdumun sərvətini çapıblar, talayıblar...
Şəhərləri, kəndləri odlara qalayıblar.
Torpaqdan izimizi pozmağa tələsiblər,
150-300 yaşlı çinarları kəsdiblər...
Haqq özü qənim olub, qəlbi, ruhu korlara.
Torpaq təslim olmayıb bu azğın nankorlara...
Bərgüşad sahilində nə qədər ağac bitib,
Çaylaq daşlarını da çəmənlik, kol-kos örtüb.
Bu torpağın, bu xalqın üzü günəşə olub.
Düşmənin acığına pöhrələr meşə olub.
Qəribsəyən çiçəklər küçələri dəlibsə, –
Torpaq əsirgəməyib əlindən nə gəlibsə...
Evləri düşmənlərin nəzərindən qoruyub,
Yaralı divarları ot-pencərlə sarıyıb...
Təbət yurd yerinə sahib durmaq istəyib,
Dağıdılmış evləri ovundurmaq istəyib...
Düşmənlər ondan-bundan alana qədər yardım,
Onların sırasını öz tunc sinəmlə yardım...
Azərbaycan oğluyam önümdə dağ-daş əsər,
İstəsəm, yer üzündə düşməndən qalmaz əsər.
Ancaq ürəyimdə var haqq nuru, iman nuru,
Yıxılanı əzmərəm ucadır türk qüruru...
Saxta keçmiş üstündə tikilən saray uçar,
Ən paslı qıflllara iman nurudur açar...
Bizim qələbəmizə kim sala bilər kölgə?
İgidlər diyarıdır bu məmləkət, bu ölkə...

20.11.2020

Rafiq Yusifoğlu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar