Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Otuz illik mürgüdən yaralı şir oyandı..." (Şeirlər)

Tarix: 15-10-2020 10:20     Baxış: 3271 A- / A+
"Otuz illik mürgüdən yaralı şir oyandı..." (Şeirlər)



Manevr.az
görkəmli şairimiz Rafiq Yusifoğlunun yeni şeirlərini təqdim edir:

ZƏFƏR DASTANI

Şükür sənə, İlahi,
Nələr gəldi ağlıma? –
Qələbə məlhəmi qoy
Mənim könül ağrıma!

Bizi lala döndərib
Sanki otuz il susmaq.
Qismət elə sən mənə
Zəfər dastanı yazmaq!

Xalqım şərəflə çıxsın
Tarixin sınağından.
Axır ki, babaların
Qurtaraq qınağından...

***

Otuz illik mürgüdən
Yaralı şir oyandı...
Hər qayanın dibindən
Bir qəhrəman boylandı...

Boz ata süvar olub,
Nəbi Həcərlə gəldi...
Sultan bəy belindəki
İti xəncərlə gəldi...

Elə bil kişnəyirdi
Əfsanəvi qır atlar...
Koroğlu nərəsimi
Şaqqıldayan qradlar?

Hirslənən igidlərin
Gözlərinə qan gəldi.
Qarlı dağlar aşaraq
Ağ atlı oğlan gəldi...

Köksümüzdəki vulkan
Od püskürdü, qaynadı.
Qarabağ səmasında
İldırımlar oynadı...

Göylərdən xeyir-dua,
Yer altdan səda gəldi.
Çox şükür, qeyrətlənib,
Lazım baba da gəldi...

Baxmadı nə çovğuna,
Baxmadı nə qırova!
Azərbaycan əsgəri
Bayraq sancdı Murova...

Büzüşən zirvələrin
Açıldı qırışığı.
Nur saçdı Qarabağa
Bayrağımın işığı...

Bizdən küskün Kəlbəcər
Sevincindən uçunur...
Muştuluqla Şuşanı,
Muştuluqla Laçını...

Füzulidə səslənsin
Füzulinin qəzəli...
Döndər yaşıl yarpağa
Vaxtsız solan xəzəli...

İgidlərim inadlı,
Arzularım qanadlı...
Gözün aydın, Cəbrayıl,
Gözün aydın, Qubadlı!

Zəngilan, çinar meşən
Qırılıb, nə gündədir?
Ağdam, fikir eləmə,
Ağ günlərin öndədir...

Ay Bərgüşad, Həkəri,
Araz, gözlərin aydın!
Çiməcəyəm suyunda
Bu yaz, gözlərin aydın!

Dalğalanır Murovda
Azərbaycan bayrağı...
Şölələnir qəlbimdə
Sönən ümid çırağı...

Azərbaycan əsgəri
Səni Allah qorusun!
Yağıların başına
Yağdır hiddət dolusu...

Ayağın dəyən yerdə
Bitəcəkdir gül-çiçək...
Öz doğma yurdumuza
Dönəcəyik sevincək...

Qış çəkilib getməsə,
Bahar, yaz ola bilməz.
Mənim zəfər dastanım
Sənsiz yazıla bilməz...

01.10.2020

QƏLƏBƏ SEVİNCİ

Dindi alovlu mərmilər,
Bir möhtəşəm ocaq çatdım.
Lərzəyə gəldi dağ-dərə,
Aləmi bir yerə qatdım.
Dırmandım üzü yuxarı
Qədəm-qədəm, addım-addım.
Gözün aydın, Murov dağı,
Axır ki, zirvənə çatdım...

Sərilib dığa-mığalar
ordumuzun ayağına,
Yurdumuzun oğulları
dönüb elin dayağına,
Zirvələrdə dalğalanan
Azərbaycan bayrağına,
Düşmən baxır
yana-yana,
qorxa-qorxa,
maddım-maddım...

Qoyardımmı talasınlar
Vətənin bol sərvətini?
Zəfərlərin sevincini
qələbənin şərbətini,
Mən ləzzətlə
daddım, daddım,
Min ləzzətlə
daddım,dadım!
Şükürlər sənə İlahi,
Axır ki, murada yetdim,
Axır ki, arzuma çatdım...
Sönmüş ocağın yerində
Bir möhtəşəm tonqal çatdım!

02.10.2020

TANRI QORUSUN
TÜRKÜ


Ulduzumuz, ayımız,
Göydə bir sayrışanda,
Qələbə sevincimiz
Kükrəyəndə, daşanda,
Dilində haqqın adı
Düşmənlə vuruşanda
Bilərmi soyuq, bürkü? –
Tanrı qorusun türkü!

Qəlbində iman nuru,
O, gələndə qaçar şər, –
Qədəm basdığı yerdə
Ab-hava, ruh dəyişər,
Namərdliklə işi yox,
Haqq uğrunda döyüşər,
O, bilməz qorxu-hürkü, –
Tanrı qorusun türkü!

Dosta qapısı açıq,
Düşməni it tək qovar,
Xalqına xor baxanın
Bəbəklərini ovar,
Din-iman sahibidi,
Göz üstündə yeri var,
Ona dostdusa hər kim, –
Tanrı qorusun türkü!

Bayrağımız yellənir
Uca Morov dağında,
Gözün aydın, ulu yurd,
Qələbəmiz yaxında!
İgid oğulların var,
Aslanlar qabağında
Neyləyər çaqqal, tülkü? –
Tanrı qorusun türkü!

Qardaşlıq göylərində
Yellənir qoşa bayraq,
Kim bizə bata bilər,
Yolumuz, yönümüz haqq?
Eyni ürək, eyni qan,
Eyni millət, eyni xalq,
Eyni dil, eyni türkü, –
Tanrı qorusun türkü!

07.10.2020

İSTİ YAĞIŞLAR

İçimi silkələdi ordumuzun zəfəri,
Qəlbimin dağlarında ildırımlar oynadı...
Məni xoşbəxt elədi bu qələbə xəbəri,
Uçum-uçum uçundum, gözümdən yaş qaynadı...

Xirtdəyimə söykənən həsrət dönub qılınca,
Ömrün bu qış çağında qismətim bahar imiş...
Durub qaçmaq istədim ayaqları yalınca,
İlahi, gözlərimdə nə qədər yaş var imiş!

Cavan idim bir zaman, indi qoca kişiyəm,
Bax qəlbimdə sızlayan çata, məni, bağışla.
Doğma yurdum, viranə qalan evim-eşiyim,
Qəbri uçan, ot basan ata, məni bağışla!

Heç bilirsən qınından qılınc kimi sıyrılan,
İnsanları görəndə nələr gəlir ağlıma?
Səndən gözləri yaşlı uşaq kimi ayrlıan
Nəvələri ağsaçlı qoca görüb, ağlama!

Bu taleyə tab etməz, qəlbi kövrələr daşın,
Qədərin oyunları bizi salıb çətinə.
İki oğlun, sevimli bacın, həyat yoldaşın,
Gələ bilməyəcəklər bir də ziyarətinə...

Sellər, sular süzülür saçlarımın qarından,
Yaralı xatirələr gur gürşada tələsir...
Otuz il silələnən həsrət buludlarından
Yağan isti yağışlar Bərgüşada tələsir...

04.10.2020

***

Murovun zirvəsində
üçrənglı bayrağım yellənir, –
Qarabağım təzəcə ayılıb,
İllər boyu gördüyü
Qara-qura yuxudan...
Murovun zirvəsində
üçrənglı bayrağım yellənir, –
Bizim qəlbimiz
sevincdən əsir, Düşmənlərin ürəyi
qorxudan...

01.10.2020

***

Ay Azərbaycan əsgəri,
Səndədir zəfər sənədi...
Evimdən ayrı düşdüyüm
Bilirsən neçə sənədi?
Otuz ildir ürəyimdən
Qara-qara qanlar axır,
Yağıları qov yurdumdan,
Təkcə gümanım sənədi,..

01.10.2020

AZƏRBAYCAN DRONU

Sanki simurq quşudur,
Azərbaycan dronu...
Qanadlanıb uçanda
Hünərin var vur onu!

O quş komandirlərin
Hər əmrini dinləyir...
Düşmənin tanklarını
Bircə-bircə dənləyir...

02.10.2020

HİDDƏT SELİ

Yurd sevgisindən coşan
Mərdlər haray qopardı.
Fırtına at oynatı,
Sular coşdu, qabardı...
Düşməni çör-çöp kimi,
Hiddət seli apardı...

02.10.2020

***

Vətəndən böyük
sərvətimiz yoxdu,
nə altundadı..
Düşmən alayının
döyüş bayrağı
Azərbaycan uşaqlarının
ayaqları altındadı...

***

Şükür sənə, ilahı,
Bu həsrətin, nisgilin
Axırına daş atdın...
Qələbə sevincini
Bu gün bizə yaşatdın!

05.10.2020

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar