Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Fizuli, Zəngilan, Cəbrayıl girov, Qubadlı bir solğun laləmdi, baba (şeirlər)

Tarix: 24-09-2018 14:34     Baxış: 31 117 A- / A+
Fizuli, Zəngilan, Cəbrayıl girov, Qubadlı bir solğun laləmdi, baba (şeirlər)

Aydin Qədim oğlu Abbasov (Aydin Qədimoğlu) 1935- ci ildə Laçın rayonunun Pircahan kəndində dünyaya göz açıb. Uzun illər Kəlbəcər və Laçında müəllimlk edib, müxtəlif vəzifələrdə çalışb. 1992-ci ildə Laçının ermənilər tərəfindən işğalından sonra Bakı şəhərində məskunlaşıb. Hal- hazırda da müəllimlik fəaliyyətini davam etdirir. O, elinin- obasının halal adamı, hər kəsin hörmət etdiyi el ağsaqqalıdır.
Aydın Qədimoğlu həm də şairdir. Onun vətənin hər daşına, çiçəyinə məhəbbətdən yoğrulmuş, vətənpərvərlik ruhunda qələmə aldığı yüzlərlə şeiri var. Şairin “ Sabahım Laçındı” şeirlər kitabından bir neçə şeiri
Manevr.az-ın oxucularına təqdim edirik:

Hörmətlə; Nazilə Gültac



DAĞLARIM


Başı ağ çalmalı, həsrət baxışlı.
İntizarla sıralanan dağlarım.
Xeyli vaxtdır, gözün oğul yolunda,
Ayrı düşüb aralanan, dağlarım.

Aman Allah nə eylədi qansızlar?
Zaman çatar, qan tökənlər qan qusar.
Yaralarım qövr eyləyər, qan sızar.
Çöhrəsindən qəm ələnən, dağlarım.

Bu dünya dediyin bir qəm dənizi,
Dağlarımın sinəsində qan izi.
Aydın tək necə də solmuş bənizi,
Sinəsindən yaralanan, dağlarım.


QAÇQINLIQ ƏN AĞIR ŞƏLƏMDİ, BABA

Kəlbəcər fəryadı, Laçın harayı,
Şuşanın naləsi naləmdi, baba.
Gədikdə çovğuna, borana düşən,
Özcə Kərəmimdi, Lələmdi, baba.

Bir yanım qoca Kırs, bir yanım Murov,
Dəlidağ, Qara xaç, Keyti qar - qırov.
Fizuli, Zəngilan, Cəbrayıl girov,
Qubadlı bir solğun laləmdi, baba.

Pənah yadigarı Boyat qalası,
Ağdam tarixlərin yurd nişanəsi.
Xocalı əsrimin “xəstə balası”,
Bu necə müsibət, ələmdi, baba.

Talenin yükünü tək daşımışam,
Çəkdikcə dedilər, çək daşımışam.
Aydınam, bu qədər yük daşımışam,
Qaçqınlıq ən ağır şələmdi, baba.

GEDƏM

Hanı bu yerlərin durna qatarı?
Mən də sıralanıb, qoşulam gedəm.
Bir dəli şimşək tək çaxam dağlara,
Dolan bulud kimi boşalam, gedəm.

Tökərdim fələyin kinli gözünü,
Doldurub canıma dərdin közünü.
Yeyincə namərdin acı sözünü,
Mərdin gülləsinə tuş olam, gedəm.

Tutdu bu milləti fələk qarğışı,
Yağdı başımıza ağrı yağışı.
Dərd əkib qəm biçdik baharı, qışı,
İstərəm dünydan baş alıb, gedəm.

Aydınam, tələsdim mənzilə çatam,
Bu qəm libasını biryolluq atam.
Pisliyin gözünə ox olub batam.
Zülmünsə başına daş olub, gedəm.

HANI

Hanı buz bulaqlar, təşnəyəm ellər,
Hanı o bal dadan bulaqlar, hanı?
Əl yerdə, diz yerdə, zülfü pərişan,
Əyilib su içən dodaqlar hanı?

Şəlalə qoynunda çimən sonalar,
Suyundan bal- şərbət əmən sonalar,
Ərənlərdən sevgi uman sonalar,
O xoş qılıq, qönçə yanaqlar hanı?

Gözləri intizar, könlü qübarlı,
Sinəsi xalılı, zirvəsi qarlı,
Ceyranlı, cüyürlü, yorğun marallı,
Gözəllik sərgisi yaylaqlar hanı?

Elat köçüb, qoyun- quzu görünmür,
Yurd yeri, arxacı, küzü görünmür.
Ay Aydın, ellərin izi görünmür,
O ağır yığnaqlar, qonaqlar hanı?

Aydin Qədimoğlu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar