Xəbər lenti
Üşüməsin deyə ayaq izlərini bir cüt coraba büküb cibimə atmışam - Tural Turan — 35

***
Yuxularımın sərhəddini çəkirəm
qağayı qanadlarına.
Çox keçmir,
qağayını qanadından vurur
göy üzü.
...Və yuxularımı
yenidən həbs edir
Günəşin kölgəsi...
...Yuxularımdakı azadlıq
hamilə qalır
öz adını unutmuş
həbsxanadan...
Yuxularım gəlin köçəcək bu gecə,
bu gecə qağayı qanadlarında...
Ünvanını yolların belə unutduğu
payızın sonuncu həbsxanasına...
Sən gül...
...Bəlkə insan kölgəsinin alın yazısıdı,
Bəlkə də tanrının ağzından saldığı
ağıl dişidi...
Bəlkə də cəhənnəm elə insanın özüdür -
Qucaqlayır anadan yetim qalmış soyuqları...
...Yanaqlarından
bir təbəssümlük kərpic düşüb elə bil,
Qapısı açıq qalıb gülüşlərinin...
Zarafat edirəm, sən gül,
Sən güləndə
qəbirlər də gülür,
tabutlar da...
Yaradanın sevinc göz yaşını sağır
çiyni yapıncılı buludlar da...
Sən gül...
Gül ki,
tanrı üzr istəsin
hər kəsin alın yazısından...
Gül ki, saat əqrəbləri qibləsini tapsın,
Zaman intihar etsin qollarında...
Gülüşün
bir sözlük məktub olsun gələcəyinə...
***
Səndən sonra mamır uzaqlıqlar böyütdü
bu daxmanın pəncərələri...
Kaş bu evin güzgüsünü də aparaydın;
bələyəydin, böyüdəydin...
toxuyaydın ayrılığın xalçasına ilmə kimi...
...Qayıt, əlindən tut
ayaqları keyimiş məhəccərlərin,
qayıt, qadınsız yaşaya bilmir
bu evin döşəməsi.
Sən gedəli tavanlar iməkləyir
döşəmənin üstündə.
Üşüməsin deyə ayaq izlərini
bir cüt coraba büküb cibimə atmışam.
Ciblərim bələk olub ayaq izlərinə...
Qayıt, özün yürgələ ayaq izlərini.
Qayıt, beşiyində boğ,
böyüməsin üç yaşlı çarpayı tənhalığı...
...Sən gedəli bu evin divarları da
daş-daş göz yaşları tökür, qayıt...
Tural Turan
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar