Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şairlər yetirən elin şairi - Jalə NAĞIYEVA

Tarix: 16-08-2024 09:49     Baxış: 3233 A- / A+

  Şeirlərini xalq yaddaşının doğma yurd yeri kimi həssaslıqla qoruduğu şairlərimizdən biri  Sücaətdir. Bakı Dövlət Universitetinin
doktorantı, gənc folklorşünas Jalə Nağıyeva bənzərsiz el şairinin ədəbi portretini təqdim edir.  

Xalq şairi Zəlimxan Yaqub onu "arxasının dağı gedən, ürəyinin yağı gedən, solu uçub sağı gedən, kəlmə-kəlmə gözəllərin nazında, misra-misra şairlərin sazında yaşayan şair" kimi tanıdığını yazmışdı. Əslində, bu sözlərlə Kəlbəcər ədəbi mühitinin yetirdiyi el şairi Sücaət Əhmədovun ömrünün və yaradıcılığının aydın lövhəsi yaradılmışdı...

Sücaət Kəlbəcərin qurucularından olan Nağılar tayfasındandır. Atası Yunis Əhmədov Kəlbəcərdə hörmətli el ağsaqqalı olub. Nağılar tayfasının yetirdiyi başqa şairlər də var -  Həbib Əhmədov, Hidayət Elvüsal... Lakin onlar, özlərinin də etiraf etdiyi kimi, şeirdə Sücaət səviyyəsinə çata bilməyiblər, onlardan biri Sücaətin əmisi, biri də qardaşı kimi tanınıb. Şairin anası Sehran xanım isə hamının yaxşı tanıdığı şair Məmməd Aslanla eyni nəsildən - Sübhanlılardandır  (yeri gəlmişkən, Sücaətin həyat yoldaşı Sənubər xanım da həmin nəsildəndir).
Sücaət evlənəndən, uşaqları dünyaya gələndən sonra (iki qızı, bir oğlu var, oğlu Azərin  övladı Sücaət indi şairin adını yaşadır) Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. Çox təəssüf ki, təhsili yarımçıq qalıb, ikinci kursda oxuyanda həbsə düşdüyünə görə universitetdən xaric edilib. "Tələbə biletimə" şeirini də elə həmin vaxtlar yazıb:
 
Üzünə qaramı, ağmı çəkim, de,
Ahımdan saralıb solasısan sən...
 
Yenicə tanınmağa başlayan şairin həbsxanaya düşməsi onun haqqında istər Kəlbəcərdə, istərsə də Kəlbəcərdən kənarda müxtəlif rəvayətlərin yaranmasına rəvac verib. Bu işdə el məclislərində Sücaətin şeirlərini oxuyan aşıqların da xüsusi rolu olduğunu deyə bilərik.
 
Mən necə dinməyim eşidəndə ki,
Fındığa qarpızdan iri deyirlər,
 
- deyərək haqsızlıq önündə susmayan, zülmə boyun əyməyən taleyi kür Sücaət ömrünün ən gözəl illərini soyuq zindanlarda keçirib və beləliklə, onun bir silsilə məhbəs şeirləri yaranıb, dilə-ağıza düşüb:
 
Taladılar, alovlara çatdılar
Gözüm kimi saxladığım illəri.
Xoşbəxtlikdən bulaq kimi durulub,
Tərtər kimi çağladığım illəri...
 
Və ya
 
Beziksəm də bu tikanlı qəfəsdə,
Məhbəs məni sala bilməz həvəsdən,
Ürəyimdə bir ətirli nəfəsdən
Sağalmağa neçə yara tələsir...
 
Sücaətin həbs olunması ilə bağlı danışılanlardan nəyin rəvayət, nəyin həqiqət olduğunu dəqiqləşdirmək üçün şairin bacısı Şölə xanımla söhbət etdim. O: "Bu mövzu illərdir mənim ürəyimin yaralı yeridir", - dedi. Sücaət iki dəfə həbsdə olub, səkkiz il zindan həyatı yaşayıb. Ancaq onun nəyə görə həbs olunduğunun səbəbini, hansı ittihama əsasən cəza aldığını heç kim düzgün izah eləmir.
 
Zaman məni sevərmi heç?!
Nə böhtanam, nə şərəm mən.
Bir mərd oda düşüb yansa,
Ondan qabaq bişərəm mən,
 
- deyən şair, indi daha çox işlədilən ifadə ilə desək, "vicdan məhbusu" olub, özgənin haqqını müdafiə etdiyinə görə cəzalandırılıb...

Sücaət həbsdən çıxandan sonra bir müddət "Yenilik" adlı rayon qəzetində işləyib, sonra "İstisu" kurort idarəsinin rəhbəri olub. İstisuda idarənin tabeliyində "Sücaətin pavilyonu" kimi tanınan bir restoran olub. Sücaətin özü hər gecə orada şeir deyib, musiqiçilər onun şeirlərini oxuyublar. Şeirlərinin dildən-dilə düşməsinin bir səbəbi də o pavilyon olub...
1993-cü ildə Kəlbəcər işğal ediləndən sonra Sücaət Gəncədə məskunlaşıb. Ömrünün sonuna yaxın şəkər xəstəliyindən gözləri tutulub:
 
Ayağım yerimir, gözlərim görmür,
Könlüm də istəyir yaman dağları...
 
Bəzən el arasında adı Kəlbəcərli Sücaət, Sücaət Dəlidağlı, Aşıq Sücaət kimi anılsa da, o, heç bir ləqəb, təxəllüs götürməyib. Tanınmış publisist, Azərbaycan jurnalistikasında özünəməxsus yeri olan Hidayət Elvüsal dönə-dönə qeyd edib ki, "mənim qardaşımın heç bir təxəllüsü yox idi. Onun adı da, təxəllüsü də Sücaət idi"...
İndiyə qədər şairin üç kitabı nəşr olunub. Bu kitablardan ikisi Cənubi Azərbaycanda ərəb əlifbasına çevrilərək yenidən işıq üzü görüb. Onun şeirləri Vətənimizin bu tayında olduğu qədər o tayında da oxunur və sevilir. 
Sücaət kitablarından yalnız birini görə bilib. 1994-cü ildə nəşr olunan "Sən ağlama, mən ağlaram" adlı ilk kitabına  Xalq şairi Zəlimxan Yaqubun yazdığı Ön söz "Dağsız qalan dağlar şairi" adlanır...
Şairin ölümündən sonra - 2006-cı ildə çap olunmuş "Dəlidağın dəliləri hardadı?" adlı ikinci kitabına Ön söz yazan Aqil Abbasın yazısında Sücaətin Xalq şairi Məmməd Arazla dostluğundan da bəhs olunur. Məmməd Araz həmişə Kəlbəcərə gedəndə vəzifəli şəxslərin yox, Sücaətin yanında qalırmış. Bir neçə şeirini də onların həyətində yazıb. Sücaətdən danışanda heyfsilənirmiş ki, Sücaət öz böyüklüyünü görmür, Kəlbəcərdən ayrılmır...
Taleyin bədliyindən, Kəlbəcərdən ayrıla bilməyən şair 58 illik ömrünün səkkiz ilini həbsxanada, doqquz ilini də qaçqınlıqda Kəlbəcərsiz yaşamağa məhkum olub.
 
Qazanc ummamışam yazdıqlarımdan,
Adım dolanırsa dildə, bəsimdi,
- deyən şairin yurd-yuvası kimi otuz illik yaradıcılığı da əsir düşüb. Bir şeirində yazdığı kimi:
 
Bütün şeirlərim əsir düşübdü,
Əlləri qoynunda qalmışam, qızım...
 
Yurd həsrəti uzandıqca şairin ümidlərinin mənzili də gödəlirdi. Hidayət Elvüsal qeyd edir ki, bəlkə də Sücaəti öldürən ümidinin ölməyi oldu. Ömrünün son günlərində yazdığı bir şeiri var:
 
Yavaş-yavaş unudulur Kəlbəcər,
Bəzi ürəklərdə odu qalıbdı.
Hava bürosunun məlumatında
Səkkizcə hərflik adı qalıbdı...
 
Sücaət 2002-ci il martın 7-də Gəncə şəhərində dünyasını dəyişib. Məzarı Göygöl qəbiristanlığındadır.
Sücaətin başdaşında yalnız doğulduğu il  həkk olunub: 1943... Bunun mənası o idi ki, Kəlbəcər azad olunana, şair öz doğma yurdunda torpağa tapşırılana qədər ruhu rahatlıq tapmayacaq...
Aşıq Ədalət Dəlidağlı deyir ki, Sücaətin dərdi özündən əvvəl doğulmuşdu. Bu sözləri Sücaətin şeirləri təsdiq edir. Sanki o, dünyaya dərd çəkmək üçün gəlmişdi:
 
Görmüşük ki, dərd ağladar adamı,
Dərdə bax ki, mənim dərdim ağlayır.
 
"Dərd" sözünü misradan-misraya, sözün yaxşı mənasında, ustalıqla "oynatmağı" bacaran Sücaətin arxalandığı güman yeri isə qoynunda böyüdüyü dağlar idi. Dağlar Sücaətin yaradıcılığında xilaskar kimi vəsf olunmaqdadır:
 
Qəmi məndən, məni qəmdən
Al, ay dağlar, al, ay dağlar...
 
...Mən qaçqınlıqda böyümüşəm. Mən və mənim kimi hərəsi bir tərəfə səpələnən kəlbəcərli qaçqınların, xüsusilə, qaçqın uşaqlarının həyatında Sücaətin özünün və sözünün ayrıca yeri var. Biz - hərəsi bir tərəfdə böyüyən qaçqın uşaqları o vaxt görmədiyimiz Kəlbəcəri onun şeirləri ilə tanımışıq, onun şeirlərini oxuduqca o dağları addım-addım gəzib, dolay-dolay dolanıb, hər qarışını sevmişik:
 
O dağlarsız bağrım şan-şan olubdu,
Çəmən-çiçək, çöl yadıma düşübdü.
Qərvənd yurdu, Məmmədölən, Söyüdlü,
Novruz düşən göl yadıma düşübdü...
 
Vətən dərdimizə, yurd həsrətimizə onun şeirləri ilə ağı demişik:
 
Yazda da, yayda da tir-tir əsirəm,
Qürbətin ocağı, közümü yoxdu?
 
Sücaətin şeirləri bizə görmədiyimiz gözəlliklərin, gözündən su içmədiyimiz bulaqların xiffətini yaşadıb:
 
Şapıların üstündəki meşədə,
Sücaət bulağı axırmı, görən?
 
Sücaətin şeirlərindən təkcə Kəlbəcərin dağlarını, bənzərsiz təbiətini deyil, həm də bənzərsiz söz sərraflarını, şeir-sənət adamlarını tanımışıq, kim olduğumuzun, hansı kökdən gəldiyimizin fərqinə varmışıq:
 
Mən fəxr edirəm ki, kəlbəcərliyəm,
Şairlər yetirən elim var mənim.
Aşıq Şəmşir kimi ləlim var mənim,
Bimar kimi ömrü külüm var mənim.
Bəhmən kimi təbi dəlim var mənim,
Məmmədim, Qəmkeşim, Əlim var mənim,
Ənvər kimi daşqın selim var mənim...
 
Ürəyimizdəki intiqam hissi də onun şeirləri ilə alovlanıb, onun özü zəmanə ilə barışmadığı kimi, şeirləri də bizi zəmanəyə boyun əyməməyə, məğlubiyyətlə barışmamağa inandırıb:
 
Ay Kəlbəcər eli, qeyrət vaxtıdı,
Vətən oğul deyib, bizi çağırır.
"Yanıq Kərəmi"yə bürünüb qalan,
O Dədə Şəmşirin sazı çağırır...
 
Sücaətin şeirləri ilə nə qədər dərdimizi ağlasaq da, bu şeirlər bizim üçün həm də bir ümid, inam yeri olub:
 
Bir gün gülə-gülə qayıdacaqdır
Ağlaya-ağlaya köçən Kəlbəcər...
 
Hidayət Elvüsalın tərtib elədiyi "Sücaəti unutma sən" kitabı 2008-ci ildə, Sücaətin ölümündən sonra nəşr olunub. Kitabın Ön sözünü Cavid Qurbanov yazıb. Yazının adı Sücaətin misrasından götürülüb:  "Bir gün gülə-gülə qayıdacağıq"...
27 illik düşmən işğalında qalan Kəlbəcəri şanlı Azərbaycan Ordusu azad elədi. Ordumuzun rəşadəti, Ali Baş Komandanımızın siyasi və hərbi qətiyyəti, yəqin ki, tarix boyunca fəxrlə yad ediləcək.
Düşünürəm və inanıram ki, şanlı qələbəmiz həm də xalqımızın qələbə əzminin qırılmaması, qayıtmaq ümidinin sönməməsi sayəsində mümkün oldu...
Bu gün biz Kəlbəcərə gülə-gülə qayıdırıq və onillər boyu ayrı düşdüyümüz dağlarla görüşəndə bizi Sücaətin o dağlarda dolaşan xatirəsi qarşılayır.
Təpədən-dırnağa Kəlbəcər şair, ürəyim o qədər səninlə doludur ki, heç bilmirəm, nəyi yazım, nə qalsın...
Qaçqınlıqda böyümüş bu uşaq bir neçə gün əvvəl dilində sənin  şeirlərin, əlində "Sücaəti unutma sən" kitabın, ağlaya-ağlaya ilk dəfə Kəlbəcəri ziyarət etdi.
Millinin üstündən bədirlənmiş ay yenə sizin uçub dağılmış aynabəndə baxır, Şair. Keytinin başının qarı da eləcə durur. Söyüdlü yaylağında yenə alaçıqlar qurulub. Qaçqın kimi dillərdə deyilik, Şair!  Ruhun şad olsun, "elin səsi səsim olub" deyən El Şairi. Tərtər sənsiz qəmli axsa da, nə qədər ki Kəlbəcər var, nə qədər ki şeir var, söz var, saz var, sən də olacaqsan!


























Jalə Nağıyeva





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar