Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

İki şair və iki şeir haqqında düşüncələr

Tarix: 25-07-2024 11:49     Baxış: 4126 A- / A+
Millət öz milli dövlətçiliyini itirəndə, müstəqilliyini yad əllərə verəndə milli faciələrin xərçəng xəstəliyi kimi kök atması, böyüməsi başlayır. Azərbaycan xalqının son iki yüz ərzində başına gələn müsibətləri saymaqla qurtarmaq olmasa da, günahı ermənidə, rusda və ya özümüzün milli satqınlarımızda axtarsaq da, fakt faktlığında qalır. Müstəqil dövlətin olmaması istər tək -tək şəxslərə, istərsə də Azərbaycan xalqına ağır zərbələr vurmuş, böyük itkilər, ziyanlar gətirmişdir.
1988-ci ildə Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin separatçı əməlləri Azərbaycanda böyük miqdarda maddi və mənəvi itkilərə səbəb oldu, torpaqlarımızın böyük bir hissəsi erməni vandalları tərəfindən işğal edildi. 1993-cü ildə ən böyük ərazisi olan, mühüm strateji əhəmiyyət daşıyan Kəlbəcər rayonunun işğal edilməsinə xalqımız böyük fəlakət kimi yanaşdı. Şairlərin qələmindən mürəkkəb əvəzinə qan süzüldü, qəmli misralar, ürəkdağlayan bəndlər yan-yana düzüldü. Bu əsərlərdən biz ikisi haqqında danışacaq, müəyyən mülahizələr söyləyəcəyik. Bu iki əsərdən biri Məmməd Aslanın “Kəlbəcər” rədifli gəraylısı, digəri isə Sücaətin “Kəlbəcər” rədifli qoşmasıdır. Bənzərsiz dilə, orijinal bədii üsluba, özünəməxsus fərdi deyim tərzinə malik olan Məmməd Aslan yazır:

İçim yanar həsrətdən,
Bağrımda köz Kəlbəcər.
Gördüyü fəlakətdən,
Ağlar göz-göz Kəlbəcər.

Xəyanətlə vurulan,
Öz odunda qovrulan,
Al qanında qıvrılan,
Dərdi dəniz Kəlbəcər.

Ağ saraylar virana,
Yüz il təslim bir ana.
Məlhəm qoymaz yarana
Dünya, bumbuz Kəlbəcər.

Məndə sevinc arama,
Dünya saxta, qurama.
Qan fışqıran yarama,
Səpilən duz Kəlbəcər.

Dağ çökdürən cəbrimsən,
Can çəkişən səbrimsən.
Qazılmamış qəbrimsən,
Dərdimdə üz, Kəlbəcər.

Dikəl qəfil qarşıma,
Ağna, tökül başıma.
Daş vermə baş daşıma,
Qalmasın iz, Kəlbəcər.

İbrət odu göz görə,
Görəmmədik yüz kərə,
Nifrət yağdır bizlərə
Gecə-gündüz, Kəlbəcər.

Çilikləndi büllur saz,
Getdi ruhunda avaz.
O Kəlbəcər qayıtmaz,
Qayıtsa yüz Kəlbəcər.


Bu gəraylıdan göründüyü kimi Kəlbəcərin işğalı Məmməd Aslanın bütün varlığını sarsıtmışdır. Şairin hər sözündə, hər misrasında bir qüssə, bir qəm, bir kədər var, dünyadan, həyatdan giley-güzar var. Şerin son bəndində şair Kəlbəcəri “çiliklənmiş büllur saz”a bənzədir. Bu “saz”ın yenidən təmir olunmasına şair ümid etsə də, ancaq əvvəlki görkəminin, ahənginin qalacağına inam bəsləmir və haqlı olaraq:
O Kəlbəcər qayıtmaz,
 Qayıtsa yüz Kəlbəcər,
- deyərək nalə çəkir, fəryad qoparır. Həqiqətən də Kəlbəcərin yağı əlinə keçməsindən maddi və mənəvi itkilərimiz hədsiz çox oldu.Bu itkilərin yerini heç nə ilə doldurmaq mümkün deyil. Şəhər, qəsəbə, kəndlər, tarixi abidələr yerli-dibli dağıdıldı. Qəbirstanlıqlar söküldü, ölülərin ağızlarındakı qızıl dişlər belə “goreşənlər” tərəfindən aparıldı. Qədim xalçalar, gəvələr, kilimlər, bənzərsiz əl işləri ermənilərə qaldı. Köçkün düşən əhali bu incə, zərif sənəti yeni məskunlaşdırdıqları yerlərdə qoruyub saxlaya bilmədilər.Nadir naxışlar, tikmələr, unuduldu.Yüz illər ərzində formalaşmış, sortlaşdırılmış, mal, qoyun, at, it növlərinin kökü kəsildi. Dadı, ətri can dərmanı olan meyvə ağacları doğrandı, qurudu. Ədəbi dilin əsas qaynaqlarından olan dialekt və şivələr tədricən silindi, yox oldu. Gənc, körpə uşaqlar, yeni məskunlaşma yerində doğulanlar yaşadıqları yerin ləhcə xüsusiyyətləri ilə danışmağa başladılar. Kəlbəcərdəki toy, yas adətləri, mərasimləri deformasiyaya uğradı. Mən uşaq olan vaxtlarda bizim kəndə yas mərasiminə gələn bir nəfər kənar şəxsin dediyi sözləri xatırlayıram:
-Bu kənddə ölünü nə yaman urvatlı tuturlar! Yas mərasimlərində anaların ağıları dağı-daşı yandıradı. Toy mərasimlərində qara zurnanın kişnərtisi qayalarda əks-səda verərdi, aşığın zənguləsi, sazın tellərindən qopan həzin melodiyalar küləyə, havaya qarışıb dalğa- dalğa yayılardı. Bir kənddə birinin toyu hamının toyu, sevinci, nəşəsi olardı, birinin yası isə hamının yası, matəmi kimi görünərdi. Qapılar qıfıl tanımazdı. Qonşuya evin kimsəsiz qaldığını demək kifayət idi. Qonşu qonşunun hayına çatardı, qohum qohumun. Qonşular, qohumlar, kənd adamları arasında namus, qeyrət, abır-həya çox yüksək səviyyədə idi.

İnsanlar ev tikəndə, xeyir-şər işlərini icra edəndə bir-birinə təmənnasız yardım edərdilər, iməcilik qaydasında çətin işləri asana çevirərdilər. Milli bayramları, xüsusən Novruz bayramını olduqca canlı, şirin keçirərdilər, bir-birinin evinə qonaq gedərdilər, bayramlaşardılar. Toy qardaşlığı, kirvəlik müqəddəs qohumluq sayılardı. Nənələrin dili bayatılı, laylalı, babaların dili hikmətli idi. Kəlbəcər nağılların, dastanların, rəvayətlərin, bir sözlə, mənəviyyat xəzinəmizin mədəni idi. Kəlbəcərdəki xeyirxah işləri saymaqla qurtarmaq olmaz.

Aradan 30 il keçdi, nəsillər dəyişdiyi kimi, düşüncələr, xasiyyət və xarakterlər də dəyişdi. Təbiət adamları tədricən bazar adamlarına, kənd adamları şəhər adamlarına çevrildilər. Azərbaycan respublikasının prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentiyabrın 27- də Milli Ordumuzun 44 günlük uğurlu əks-hücumu sayəsində işğal olunmuş Azərbaycan torpaqları, o cümlədən Kəlbəcər azad edildi. Torpaqlar düşmən tapdağından təmizləndi. Ancaq o torpaq üzərində nə bir tikili qalmışdı, nə də o dövrün canlı həyatının nişanələri. Heç nə qalmamışdı.Məmməd Aslanın dediyi sözlər həqiqət olmuşdu: O Kəlbəcər qayıtmaz, Qayıtsa yüz Kəlbəcər. Məmməd Aslanın müasiri olan, xalq şeiri üslubunda dərin mənalı şeirlər yazan, obrazlı deyimlər yaradan, şair Sücaət isə Kəlbəcərin düşmən əlinə keçməsini ürək ağrısı ilə dilə gətirsə də, ümidini üzmədən gələcəyə inamla baxmış, “ağlaya-ağlaya” köçən Kəlbəcərin “gülə-gülə” geri dönəcəyinə inanmış, oxucularına da inandırmışdır:

Mənim ürəyimdi, mənim canımdı,
Düşmən süngüsünə keçən Kəlbəcər.
İndi ondan-bundan imdad gözləyir,
Aqili nadandan seçən Kəlbəcər.

Tərtər qəmli-qəmli axar, sızıldar,
Dağlar gözlərini sıxar, sızıldar,
Dağılmış evlərə baxar, sızıldar,
Əsir düşüb, zəhər içən Kəlbəcər.

Sücaət, neyləyək, baxt belə baxtdı,
Darıxma, hər şeyi həll edən vaxtdı.
Bir gün gülə-gülə qayıdacaqdı,
 Ağlaya-ağlaya köçən Kəlbəcər.


İnsanların əli yerdən-göydən üzülmüşdü. Beynəlxalq, regional təşkilatlar, dövlətlər Azərbaycana hər cür təzyiqlər edir, ölkəmizi, dövlətimizi çətin güzəştlərə məcbur edirdilər. Dağlıq Qarabağa veriləcək ən yüksək statusla razılaşmayan ermənilər Laçın və Kəlbəcərin geri qaytarılmasını qeyri-müəyyən bir vaxta qoymağa çalışırdılar. Bir neçə dövləti çıxmaq şərti ilə əksər dünya gücləri Azərbaycanın haqlı mövqeyini müdafiə etmirdilər. Qələm adamlarının da bir çoxu ümidsizlik yüklü şeirlər, hekayələr yazırdılar.
Belə bir vaxtda şair Sücaətin “Kəlbəcər” rədifli şeiri insanların ürəyinə taqət, dizinə qüvvət oldu, öləzimiş ümidlərin göyərib çiçək açacağına əminlik, yəqinlik yaratdı:
Bir gün gülə-gülə qayıdacaqdı,
 Ağlaya-ağlaya köçən Kəlbəcər.


2020-ci ilin son günlərində, qarlı, çovğunlu qış fəslində Kəlbəcər əhalisinin ümid, inam ağacı çiçəklədi: düşmən orduları Kəlbəcəri döyüşsüz tərk etdilər. Əvvəlcə Kəlbəcərdən ayrı- ayrı şəkillər, videolar paylaşıldı, sonra müəyyən qeydiyyat əsasında insanlar doğma yurd yerlərinə, el-obalarına baş çəkdilər. Ağladılar, kövrəldilər, torpağı, daşı öpdülər. Nəticə etibarı ilə sevindilər. Azərbaycanın sərhəd bütövlüyünü təmin edən Ali Baş Komandana, ordumuza, xalqımıza alqışlar söylədilər, minnətdarlıq duyğularını dilə gətirdilər. Bu gün işğaldan azad olunmuş rayonlarımızda, o cümlədən Kəlbəcərdə böyük tikinti, quruculuq işləri gedir. İnsanlar Kəlbəcəri su yoluna döndəriblər. Gedirlər, gəlirlər, təsərrüfat becərirlər. Sücaətin uzaqgörənliklə dediyi sözlər həyat həqiqəti olubdur: insanlar Kəlbəcərə gülə-gülə qayıdırlar, Kəlbəcərin hər daşını, hər qayasını, hər bulağını, hər qarış torpağını pir kimi, ocaq kimi ziyarət edirlər.

*
İki şair bir-birindən fərqli fikir söyləmişdir. Hər ikisinin də dediyi doğru oldu. Hər ikisnin öncəgörənliyi düz çıxdı. Hərə bir yöndən, hərə bir istiqamətdən baxdı, gördü, gördüyünü gələcək nəslə ötürdü. Biz iki şairin iki şeiri üzərində müəyyən gəlişmələr etdik. Köhnə Kəlbəcər, tarixin dərinliklərindən süzülüb gələn Kəlbəcər yoxdur. İgidliyi, qoçaqlığı, özünəməxsus adət-ənənəsi, qonaqpərvərliyi, sazı, sözü dillər əzbər olan Kəlbəcər yoxdur. O Kəlbəcər bir də qayıtmayacaq. Məmməd Aslanın ruhu şad olsun! Məmməd Aslanla bahəm o torpaqda ömür sürmüş, dünyanın get-gəlini görmüş, insanlıq tarixinə ya bircə daş, ya da böyük qalalar hörmüş kişilərin də, ərlərin, ərənlərin də ruhu şad olsun! Yeni Kəlbəcər tikilir. Dünyanın ünlü kurort şəhərləri ilə bəhsə girəcək, sabahımıza şan- şöhrət, töfhə verəcək Kəlbəcər tikilir. İnsanlar gülə-gülə, vətən torpağının dadını, duzunu bilə- bilə, gözlərinin sevinc yaşını silə-silə Kəlbəcərə gedirlər. Qürbət ellərdə ağrı-acılar görmüş, çətinliklərə sinə gərmiş, heç vaxt əyilməmiş, sınmamış, vətənə olan sevgisindən usanmamış insanlar Kəlbəcərə gedirlər. Şair Sücaətin ruhu şad olsun! Sücaətlə bərabər Kəlbəcərdən uzaqlarda Kəlbəcər həsrəti ilə dünyasını dəyişənlərin ruhu şad olsun! Kəlbəcərə yeni, sağlam düşüncəli, dünyanın gedişatını dərk edən gənclər gedərək dədə-baba yurd yerlərini abadlaşdıracaqlar. Gözün aydın Vətən! Gözün aydın Millət!

Salman Qaralar (Balakişiyev)
şair, tədqiqatçı. 

24.07.2024

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar