Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Hər yer — səssizlik, göz yaşı...” — Paşa Talıblı (şeirlər)

Tarix: 24-05-2024 18:30     Baxış: 4232 A- / A+

Şairləri ilhamından tanıyırlar...

... ilhamı köhlən ata bənzədən düz eləyib,
düz eləyib, bənzədib ilhamı köhlən ata.
Minib köhlən atları axıracan şairlər
getdilər zamanın yalmanına yata-yata.

Bir gün də ilhamsız olmadı şair olanlar...
Canında ilham yoxsa şair sözü yalandı!
Hər şeyin ağrısına ölür-dirilir şair,
hər şeyin ağrısından şair ilham alandı...

Şairlərin ilhamı öz ağrısından gəlir...
Hərə payına düşən öz gücündən keçirlər!
Bizdə şairləri ilhamından tanıyırlar,
bizim eldə şairi ilhamından seçirlər...


Daş çərçivə...

... başdaşına düşəcək şəklim çoxdan hazırdı,
vaxtı qabaqlayıb, o gün üçün çəkdirmişəm.
Neyləyim, o gün üçün hazırlıq iş görmüşəm,
neyləyim, o gün üçün mən hazıram həmişə!

Çalışıb bir işi də qabaqcadan görmüşəm,
gün içində bir gün də özümə ağlamışam.
Bir balaca şəkildi şəkillərin içində,
şəkilçəkən çəkibdi, çəkdirib saxlamışam.

Zəncirdə unudulmuş it kimiyəm bu saat...
Yoxsa kiminsə mənə tapşırdığı yad işmi?
Başdaşına düşəcək şəklim çoxdan hazırdı,
bir qara başdaşından çərçivəsi çatışmır...


Qəribədi hər şey...

... bir adı yoldu, bilirəm,
bir adı ömür... yaşadım!
Bir kimsə görmür, gedirəm,
bir kimsə demir... yaşadım!

Yaşıdam, yolnan yaşıdam!..
Yolun ətri-ənbəri də...
Görən gedib hara çıxar?
Hara çıxsa dön bəri də!

Yolunu yaxşı bilirəm —
sularda yosun yolunu...
Bir kimsə görmür, gedirəm,
gedirəm uzun yolunu!

... ömrə — günə nə deyəsən?
Başında da qovğası hey!
Yəni, hər şey ola bilər,
yəni, qəribədi hər şey!


Üfüqə dağılmış qürub...

... yenə həmin göyün üzü,
özündən artıq qədəri.
Üzündəki sarı qürub
günün əyilmiş kədəri...

İndicə üfüq dolacaq,
axacaq ya sular kimi.
Üfüqə dağılmış qürub
qarışıq yazılar kimi.

Nə mənası kiməm indi?
Qanadıqca dodağı key!
Hər şeyə, ən çox sükuta
zəncirlənmiş kimi bir şey!

... qürub altda ölmək necə?
Doğulmaq da gec olmaya...
Nə mənası kiməm indi?
Belə də bil: heç olmayan!


Babamın torpağı...

... torpaqdan öyrənib yerişi babam,
torpaqdan öyrənib duruşu babam.
Torpaqnan yad dildə danışmayıbdı,
torpağın dilində danışıb babam.

On barmağını da şam eləmişdi,
soyuq havada da qızırdı torpaq.
Köçdü bu dünyadan cəmi bir dəfə,
elə o vaxtdan da qısırdı torpaq.

... itirəm — axtaram gərək torpağı,
bu torpaq olubdu mənə tapşırıq.
Bu torpaq babamın tapşırığıdı,
babam bu torpağı mənə tapşırıb...


Daşınız sağ olsun, bəylər!

... dalımca atılan daşı
alın suyundan tanıdım.
Topuğuma dəyən daşdı,
yalın soyundan tanıdım...

... hay-hayı getmiş dönüklər,
vay-vayı qalmış tifillər
sizə qalanlar daşlardı,
mənə qalanlar min illər.

Ətəyiniz daşınan dolu...
... qaranı ağa söykəyim?
Atın, yığılsın arxamda,
arxamı “dağa” söykəyim.

Tökün ətəyinizdən... di
canınız sağalsın, bəylər!
Başınız olmasa olar,
daşınız sağ olsun, bəylər!


Ağ lövhə

... səni necə yazdım bilirsənmi heç,
gecənin əlindən aldığım şer.
Necə olur-olsun, nə olur-olsun,
“qara qurd” ağzından saldığım şer.

Ağ lövhə bilirəm Ona məxsusdu...
... qoşa barmağımdan keçirdim səni.
Hərfbəhərf, sözbəsöz... necə varıydın
elə ağ lövhədən köçürdüm səni.

Ağ yazı taxtası keçər alnımdan,
oyun oynamaqdı gecəm kağıznan...
Səni necə yazdım, necə deyim mən?
Deyiləsidimi quru ağıznan?..

Nöqtəsi, böyütsəm şaha tac olar,
misra var içində... qaşı çatmadı.
Səni ağ lövhədən köçürdüm, şer,
özümdən yazmağa gücüm çatmadı...


Bir sənsizlik yeddi rəngdə...

... ya unudulmuş mirasdan,
ya da yağan soyuq qardan;
bir sənsizlik yeddi rəngdə...
Bu qədər sənsizlik hardan?

Bir az sarıdan gələndi,
bir az yaşıldan qalandı...
Gözəl doğrudu sənsizlik,
sənsizlik gözəl yalandı...

Bir sənsizlik yeddi rəngdə...
Yoxsa hamısı alıdı?
Sənsizlik cümlədə felin
bilmirəm hansı halıdı?..

Hər şeyi bir cəmləyən var,
bir bölən: ona... onsuza!
Sənlə bir yerdə təkiydim,
mən sənsizlikdə sonsuzam...


Astarı üzündə gəzən adamlar

... hərəmiz bir cürə adamlarıqmış —
bax, bu mən adamlar, bu sən adamlar!
Sənin boğazına ilgək atanlar,
mənim kəndirimi kəsən adamlar...

Birinin dilində kəlməsi acı,
biri yarıcandı, yoxdu əlacı,
birinin başında palıd ağacı...
Adam da deyilmiş bəzən adamlar...

Mil-mil əsəbləri yuxa gəzirlər,
dil-dil qəzəbləri yaxa gəzirlər,
astarı üzündən baha gəzirlər,
astarı üzündə gəzən adamlar...


Dirilik suyu...

... yeraltı çayların axırı birdi,
yeraltı çayların axarı birdi.
Hər yerdə yüngülü-ağırı birdi,
hər yerdə adları birdi çayların.

Axır yer altından yeraltı çaylar,
dünyanın ən dərin qatından axır.
... mənim ürəyimin dirilik suyu
elə ürəyimin altından axır.

Mən yerin altını görə bilmirəm,
neyləyim, yer altda qaldı, görünmür...
Dirilik suyunu görürəm amma,
amma ürəyimin altı görünmür...

Mənim dediyimi demir ki, dünya...
Bu dünya qaradan heç ağı seçmir.
Eh... gözüm su içmir bu yerin altdan,
dirilik suyundan gözüm su içmir.

Dirilik suyunda çimdiyim yoxdu,
dirilik suyundan içdiyim yoxdu.
Mənim ürəyimin altından axır,
mənim ürəyimdən keçdiyi yoxdu.

Bu yerin altının suları çoxdu,
yer altda suların qulağı yoxdu,
dərdimi-sərimi biri də bilmir...
Mənim ürəyimnən barmaqlarımı
dirilik suyu da dirildə bilmir...

Yeraltı çaylara qarışdı dünya,
bu dünya sularnan yanaşı axdı.
Dünyanın çox şeydən varıdı, bircə 
dirilik suyundan bulağı yoxdu.


Əcəl imiş son deyilən...

... dilini başa düşmədim,
gözüm mənə bax, deyirmiş.
... taxt da bir cür ucalıqdı,
mən oturan taxt deyilmiş.

Mən birəm, on deyiləm,
əvvəldənəm, son deyiləm.
... əcəl imiş son deyilən,
tamam olan vaxt deyilmiş.

... yarım bütdü, yarım haqdı!
... ömür — hər gün yarımaqdı.
... bu da mənim şair baxtım,
yarınası baxt deyilmiş.


Yalnızca sənə sevdalı...

... sənə sevdalıyam, sənə!
Yalnızca, yalnızca... gör də!
Yalnızca sənə sevdalı,
sənə sevdalı hər yerdə!

Mənəm o deyilən naşı,
ruhun görünməz nəqqaşı.
... hər yer — səssizlik, göz yaşı,
hər yer pəjmürdə, pəjmürdə!

Vaxtdı... üç günə, beş günə
gün düşər könül köçkümə.
... tək sənə, özgə heç kimə!
... dönə-dönə, bir də, bir də
yalnızca sənə sevdalı!


Altını çəkdiyim od...

... hamı da yaxşıdı durduğu yernən,
hamı da gözəldi tutduğu gülnən.
Başını saxlayır bir dilnən hamı,
mən də gülünc oldum bu bircə dilnən.

Dil tapa bilmədim bu bircə dilnən,
nə deyim, dünyaya gələn günə də!
Budu, söz alırlar dilimdən yenə,
sözdən söz çıxarır dilim yenə də!

Sözü küsdürürəm dilimnən elə...
Dilimin qazancı bu oldu indi!
Düşmüşəm oduna bu bircə dilin,
altını çəkirəm bu odun indi!

Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar