Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Paşa Talıblıdan yeni şeirlər – “Öz köynəyimdə doğuldum...”

Tarix: 29-03-2024 12:38     Baxış: 3269 A- / A+
                      Paşa Talıblı
                   AYB-nin üzvü



Yetənə sofu deməzlər...

... cəmi – aşiqlərin cəmi neçədi?
Məndən soran olsa cəm ustasıyam...
... gülgün şərab üçün badə gərəkdi!
Badə nədi, yahu, cam ustasıyam...

... yaraşır hay əyri, haray dikinə!
Mən hər gün, hər saat, hər ay tikirəm –
bağlı könüllərə saray tikirəm,
tikməyin dostuyam, həm ustasıyam...

Paşam der, sofudu ruhu təmizlər...
... qulun da haqqı var, haqqı yeməzlər!
... yetənə qəm dostu, sofu deməzlər!
Mən dərviş deyiləm, qəm ustasıyam...


Gecə məşqi...


... baxmır qaramatdı göyün üzündə,
baxmır qaranlıqdı küçələr – gəlir!
Mənim ürəyimin yerini bilir,
dərd mənim üstümə gecələr gəlir...

... dünyanın gözündə dərdim gülməli;
dünya öz dərdiynən gülür üstümə!
... gecələr daş olur dərdlərim, Allah,
ağır dərd daşları gəlir üstümə!

Dərdnən qolboyunam, dərdi sevirəm,
mənim ürəyimdə dərdin eşqidi...
Dərd mənnən oynayır bütün gecəni,
həyatım dərdlərin gecə məşqidi...


Öz köynəyimdə doğuldum..

... mənimki təklik, tənhalıq!
Hərəsindən bir az keçdim...
... soyudu bütün sevdalar –
sevməkdən belə vaz keçdim.

Bu təklik və tənhalıqda
vaz keçdiyim nələr yoxdu?..
Vaz keçdim sevməkdən belə...
Ta "sənsiz gecələr" yoxdu!

Özüm özümlə savaşdım,
yıxıldım, uçdum, dağıldım...
... hamıya öz köynəyi – can,
öz köynəyimdə doğuldum.

Doğulmuşdum... artıq gecdi!
Yaşamalı, ölməliydim...
Yarı vardım, yarı yoxdum,
yarı bir cür... gülməliydim!

Mənimki tənhalıq, təklik!
Hərəsindən bir az keçdim...
... soyudu bütün sevdalar –
sevməkdən belə vaz keçdim.


Bəlkə ona görə artıram belə...

Mən bütün gecəni oyaq qalıram...
... su indi qızıldı leysan hesabı.
Necə dinsin, susmaq istəmədikcə –
ya Vəli, bax budu insan əzabı!

... tarixin əyarı şair dövrümü?
Ya gümüş bazubənd ya sırğa dövrü?
Bəlkə ona görə artıram belə...
Gecə – əzabımın qasırğa dövrü!..

... dərdli-dərdli baxan göz görmüsənmi?
Dərdi dəftərimdə yaşıl yazılı!..
Mən belə baxanda çox qaranlığam...
Şer də gecələr yaxşı yazılır!..


Aşiq tənhalığı...

... mən hardayam, mənə göstər
mən olan yeri görmürəm.
... gözümü qaranlıq tutub,
gün olan yeri görmürəm.

... səninlə yola getdikmi?
Üstümə tökülür kirin!
Boşdu, bomboşdu aramız –
barmağın gözümə girir!..

... qandığım bura qədərdi,
bu qədər qanıram, Tanrım!
Sən – aşiq tənhalığısan,
qəmindən tanıram, Tanrım!

Gülü göstər – od oynasın!..
Bu torpağı dənə göstər!..
... Sən məndən yuxarıdasan,
mən hardayam, mənə göstər!


Daha havam çatmır havalanmağa...
(Atamın xatirəsinə)

... baxıram bir dərdin yaxınlığından,
bir ovuc torpaqnan ölçürəm vaxtı.
... ölümün haqqımı öldürə kim var?
İlahi, haqlısa bu necə haqdı?

Nə qədər susan var, danışmayan var...
Qalxa məzarları, dinə daşları.
Var-gəl eləyirəm qəbristanlığı,
sinəmi göynədir sinə daşları...

Atamı çağırdım dilsiz kədərnən,
göy üzünə bir də atasız baxdım...
Atalı vaxtlarım göynən biriydi,
bir ovuc torpaqdı atasız vaxtım.

... süzürəm alnından çənəsinəcən
halımı yer çəkir, göy çəkir... yoxdu!
Var-gəl eləyirəm qəbristanlığı,
atamın qəbrindən göyçəyi yoxdu!..

Daha havam çatmır havalanmağa...
Havasız qalmışam gör nə vaxtacan!
Bir gün bir qəbir də artacaq burda –
atamın yanında, bu torpaqdaca!


Çağırılmamış qonaq...

... məni heç kim çağırmadı,
səbəb də yox heç qınağa.
... "bir qonağam bu dünyada" –
çağırılmamış qonağam.

... gəldim yorula-yorula,
usana-usana gəldim.
Çağırılmamış qonağam,
bir dəli ozanam, gəldim!..

... yüyürüb qonşu səsinə,
çəpəri basıb gəlmişəm.
Gəlməzdim yolunu bilsəm,
dünyaya azıb gəlmişəm...


Son nəfəsdə yoruldum...

... dünya bir dar qəfəs kimi, İlahi,
dar-daracaq bu qəfəsdə yoruldum.
Şükür, yenə bu aldığım nəfəsə,
şükür, yenə son nəfəsdə yoruldum...

Bu dünyadı – min dayaz var, yüz dərin...
... çalxalandı, keç dəryanı, üz dərin!
... yordu məni bir gözəlin gözləri,
gəlib-gəlib axır gözdə yoruldum.

Fərq eləməz, ya qar-ayaz... dincəlim!
... ya bir payız, ya da bir yaz... dincəlim!
... aç qəbrimi, girim bir az dincəlim,
inan, Tanrım, ayaq üstdə yoruldum.


Başqa bir mən...


... necə anlamağım gərək?
Kim deyir ki, hazır birik!
Başqa bir mən, sən də mənəm –
qışı birik, yazı birik!

O kimiydi dedi, getdi;
– bir gün güldün, bir gün ağla.
... bir günahla xatırlandıq,
unudulduq bir günahla.

Mənim günah şərikimsən,
bu ölçüyə yenə yalvar...
... bir günahla da çataram –
bir günahlıq sənə yol var.

Səfa gördün?... cəfa çəkdin?
Bəlkə mən yox, sən haqlısan!..
Ey başqa mən, başqa mən tək
məndən daha maraqlısan!..


Mahnı dağlarda qaldı...
(təcnis)

... ayın on üçündə dünyaya gəldim,
üçdə səni gördüm, birdə sarı, gül!
Ey Gül, ağ bələyə bir sarımışdın,
məni ağ kəfənə bir də sarı, Gül!

Hökmmü: əri də – bu qara... dam da!
Adam yox, soyuyur bu qar adamda!..
Bir mənəm dünyada – bu qara damda,
bu damın altında bir də Sarıgül!

Başında duman var – dağlarda qaldı!
... getmədi duman da, dağlar da qaldı!
... bir mahnı da vardı, dağlarda qaldı –
"ağ gül, qırmızı gül, bir də sarı gül!"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar