Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Dünyanı bürüyüb od, ocaq iyi, deyəsən ürəklər şişə çəkilib" -Təranə DƏMİR

Tarix: 15-03-2024 10:12     Baxış: 2481 A- / A+
                           Təranə DƏMİR
***
Bu qapı şadlığa açılmadı heç,
Açılıb bağlandı qəmə bu qapı.
Gələndən, gedəndən bir tənə yedi,
Lənət qapısıymış demə bu qapı.

Utanır elə bil öz taleyindən,
Başını aşağı salıb dayanıb.
Uçub tökülərdi çoxdan bu qapı, 
Tanrı umuduna qalıb dayanıb.

Ərklə bu qapını çalan olubmu,
Kiminsə üzünə  gülüb bu qapı?
Nə olsun açılıb örtülür hələ
Elə ayaq üstə ölüb bu qapı.

Baxanda adamın zəhri yarılır,
Bu qapı sevgidən uzaqdı, Allah.
Bu qapı sevincə tamarzı qalıb, 
Bu qapı yazıqdı, yazıqdı, Allah.
 
***

Bir  həsrət  üşüyür indi hardasa,
Əsir yarpaq -yarpaq  sazağın altda.
Bir çiçək  bahara  açır  gözünü, 
Bir  çiçək  can  verir  torpağın altda. 

Bir arzu aldanır payız yelinə,
Bir arzu köz olur odsuz, oçaqsız.
Bir ümid asılır dar ağacından,
Bir ümid doğulur əlsiz , ayaqsız.

Bir sevgi yol gedir sabaha sarı,
Bir sevgi asılıb gümanda qalıb.
Bir  öpüş  qovuşub azadlığına,
Bir öpüş  hələ  də  damanda qalıb.

Bu gedən sevdalar, gələn sevdalar,
Görən hansı yoldan , bərədən keçir? 
Görən neçə qeybət,  qal bazarından,
Neçə cür qanundan, törədən keçir?

Hardasa ağlayır bir qız ləpiri,
Baxırsan üstündə göz yaşı donub.
Bir yarpaq üzülüb öz budağından
Uçub bu ləpirin üstünə qonub.

Kimsə ulduz-ulduz sayır saatı,
Kimsə kirpiyiylə döyür gecəni.
Bir sürü yalavaç küçə itləri
Söhbətə tuturlar yoldan keçəni.

Bir səhər taxtından yıxılır indi,
Bir səhər taxtına çıxır hardasa.
Kiminsə  könlündən keçən məhəbbət
Kiminsə   baxtına   çıxır  hardasa.

Bir qadın  saçını  darayır bəlkə,
Paltarı səadət, sinəsi həsrət.
Açılıb örtülür dərdə, sevincə,
Bir qapı işıqdı, bir qapı zülmət.

Bir yuxu tökülür göyün üzündən,
Bir yuxu nə vaxtdı ərşə çəkilib.
Dünyanı bürüyüb od, ocaq iyi,
Deyəsən ürəklər şişə çəkilib.



GÖZ ARASINDA

Hamının gözündə ölüm xofu var,
Cəhənnəm xofu var, zülüm xofu var,
Burdan o tərəfə bircə qapı var,
Açılır  qaş  ilə  göz arasında.

Neçə əl yapışıb bax, çiynimizdən,
Bu sol çiynimizdən, sağ çiynimizdən,
Asılıb qalıbdı vaxt çiynimizdən,
Dolaşır əlliylə yüz arasında.

Bir günah Onundu, bir günah bizim,
Gör hara gətirib bu günah bizi,
Gah şeytan azdırır, gah Allah bizi,
Qalmışıq yalanla düz arasında.

Adam olmağın da yüz  əzabı var,
Səbir əzabı var, döz əzabı var, 
Hərənin  öz haqqı, öz hesabı var,
O da ki, Allahla öz arasında.


 ÖZÜMƏ

Bu bàyram səninçün şeir yazmadım,
Utandım qələmdən, varaqdan nəsə,
Utandım Allahdan, günahdan nəsə.
Bu dəfə əliboş gəldim yanına,
Məni yazmadığım sözə bağışla,
Tanrıya bağışla, bizə bağışla.
Bu bayram səninçün  çiçək  almadım,
Bu bayram doyunca ağlatdım səni,
Bu bayram boyunca ağlatdım səni,
Ağla, gözlərinin yaşına dönüm,
"Bayramın mübarək" - deyə bilmədim,
Dayan ,heç olmasa başına dönüm.
Mən səni köməksiz qoydum bu bayram,
Şeirsiz, çiçəksiz qoydum bu bayram, 
Sənin həvəsinlə oynadım, qadın.
Bu gün daşa döndüm, dəmirə döndüm,
Sənə bircə çiçək qıymadım , qadın.
Aldada bilmədim  bu gün mən səni, 
 Durub  danışmağa sözüm olmadı.
Utandım qələmdən, varaqdan bu gün,
Lap elə Allahdan, günahdan bu gün ,
Səni aldatmağa üzüm olmadı.
Bu bayram mən səni sözə tutmadım,
Bu bayram mən səni baxışa tutdum,
Küləyə, leysana, yağışa tutdum.
Elə  için -için göynədin , qadın.
Bu bayram səninçün şeir yazmadım,
Bu bayram səninçün çiçək almadım,
Bu bayram  öyrətdim sənə təkliyi,
Bu bayram qapını  döymədim,  qadın.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar