Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Paşa Talıblı: “Alnım yazı taxtasıdı...”

Tarix: 02-03-2024 13:06     Baxış: 3176 A- / A+
Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü



Onda ulduzların altı yoxuydu...

... mən onda şair tək doğulmamışdım,
onda daş dörüydü, daşıydı hər şey!
... yaza az qalırdı, o güllü yaza —
yaxşı yadımdadı: qışıydı hər şey!

Yaxşı yadımdadı yar yarası da —
yaradan yaracan işində idi...
... mən onda şair tək doğulmamışdım,
hələ doğulmağın peşində idim.

Şairin nə işi doğulmasa, bax
beləydi, ayrı cür "qaldı" yoxuydu...
Amma doğulmağa yer gərək idi,
onda ulduzların altı yoxuydu...

Onda ulduzların altı yoxuydu...
Anam doğacaqdı sonradan məni!..
Eh... şair anası olmalıydısa
ulduz doğmalıydı sonra da məni!


Sükutun qanı var harayın altda...

... nə tutub saxladıq, nə yola saldıq,
payız özü gedir, qış özü gəlir.
Bizə hönkür-hönkür ağlamaq qalır,
göz özü göynəyir, yaş özü gəlir...

Çıxdıqmı hər günün, hər ayın altdan?..
... sükutun qanı var harayın altda.
Bir yuva qurursan sarayın altda,
dəni dimdiyində quş özü gəlir...

... gözünə ağ düşsün, dilinə sarı!
... al, bu kədəri də dilinə sarı!
Gündə neçə dəfə dilinə sarı
nəm özü yeriyir, yaş özü gəlir.

... kələfin ucundan uc alır adam;
dili ilan dili — haçalı adam.
... yaşından xəbərsiz qocalır adam,
yaşının üstünə yaş özü gəlir.

... bir yol deyiləni yüz demək olmur!
... “gözlə” demək olmur, “döz” demək olmur!
Paşam, hələm-hələm söz demək olmur,
ilham gətirirsə qoş, özü gəlir!..


İlham pərisi...

... elə bil dünyaya təzə gəlirəm,
gəlirəm, torpağa ayaq basmağa.
Təzə-təzə gəlir ilham pərisi,
təzə başlayıram şer yazmağa...

... dünyanın çapılan çox atları var,
tapılmaz-tapılan umudları var.
... ilham pərisinin qanadları var —
qaldırır göylərə — şer yazmağa.

Nə var ilham kimi ilhamdan duru?
Duran bu dünyada ilhamnan durur...
İlham pərisidi, ilhamlandırır —
mənə ilham verir şer yazmağa.


Yazı taxtası...

... qanad alır hamı haqdan;
ya özündən qanadlanır
ya şadyana şadlığından
ya hirsindən qanadlanır.

... yol uğurdu, qaya — möhür!
... qapını as, divarı hör.
... mənə baxan, könlümü gör,
göz izindən qanadlanır.

Eh... baxta bax, baxta — sudu!
... suya düşüb taxta, sudu.
... alnım yazı taxtasıdı,
bir sözündən qanadlanır.


Can verə çəkəm dərdini...

... hardadı, Tanrı, hardadı?
Üstünə tökəm dərdini...
Başına qaxınc eləyəm,
ovcuna bükəm dərdini...

Hardadı, hanı, cəhənnəm?
... cənnətin yanı cəhənnəm!
... gün vermir, canı cəhənnəm,
can verə çəkəm dərdini.

Neyləsin, gün innən belə,
saçımda dən innən belə?
Eh... gərək mən innən belə
qarnıma əkəm dərdini.


Rənglərin köçü...
(S.Bəhlulzadəyə)

... durmuşam bir rəsmin ayağında mən,
rəngli boyalara başı bağlıdı.
Görən, bu iç-içə yatan rənglərin 
hansı röyalara başı bağlıdı?

Baxıram şəkilə — divar boydadı,
gözüm tab gətirmir iriliyinə...
İlahi, mən hələ rast gəlməmişdim
rənglərin bu qədər diriliyinə...

Kimin əsəridi, çəkəni kimdi?
... yaz ürək istəyir, qış ağız ondan.
Səttarın rəngləri yadıma bir-bir
dən kimi düşürdü quş ağızından.

Şəkil uzaqların rəngi nə idi?
Rənglərin köçüydü şəkildəki köç...
Yəni, doğrudanmı onu çəkən var?
Çəkənin adını soruşmuram heç...

Durmuşam bir rəsmin ayağında mən,
rəngli boyalara başı bağlıdı.
Görən, bu iç-içə yatan rənglərin
hansı röyalara başı bağlıdı?

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar