Xəbər lenti
“Alnımın küncündə bir şam ağlayır...” — Paşa Talıblı
Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Yoxluğun şəkli...
...sən bir heçsən, sən heç kimsən,
heç nəsən , heç kimsən daha.
Hamının içində yoxsan,
hamıdan seçkinsən daha.
...göz üstündə yoxsan — gördüm,
əl içində yoxsan — gördüm!
Gördüm — hamı var, sən yoxsan,
el içində yoxsan — gördüm!
Ta qədimdən — daş olandan,
dağ olandan yoxsan elə!
Yoxdan əmələ gələnsən,
doğulandan yoxsan elə!
Rəngi sarı dərvişlər...
(Ə.Yəsəviyə)
...bu balım, bu da pətəyim!
Arıya çatdım birtəhər...
Mən də bir sarı dərvişəm —
sarıya çatdım birtəhər.
...nə torpağam, nə su, nə dən!
Göyərirəm belə nədən?
Yarı ruham, yarı bədən...
Yarıya çatdım birtəhər.
Eh...mən də biri, yürüdüm!
Qalınca diri...yürüdüm!
Haqq dedi, yürü!..yürüdüm!
Tanrıya çatdım birtəhər.
Salamla alnının qubarı getsin...
...səndən köç-köç olmaq havası gəlir,
səndən hicrət iyi gəlir, ay qərib!
...Tanrıdan axirət savaşı istə,
axirət gözlərin gülür, ay qərib!
Sözün qürbətidi yaşadığın yer —
...yarıgül, yarıgil səsə dəyirdi.
...bədirlənmiş Ay da hicrət odunda
qürbətçi dilində nəsə deyirdi.
Görən bu qəhərin qəhri nə çəkər?..
Tanrı səni atdı, ya sən Tanrını?
Salamla, alnının qubarı getsin,
salamla, alnını yazan Tanrını!
Susuzluq çəkdim gecədən...
Bu gecə özüm haqqında
şer deyə bir yazı yazdım,
bir yazı...şer də deyildi,
amma şer kimi bəyazdı.
Ağlıma gələnlər çox yox
desəm, heç az da deyildi.
...bu gecə bir yazı yazdım
və heç bəyaz da deyildi.
Şerdimi...necə biləydim?
Göylərin şeri necədi?
...əşyalar şerə sığırmı,
şeylərin şeri necədi?
Susuzluq çəkdim gecədən...
Haramsız keçə biləydi.
Şer deyə bir yazı yazdım...
Şerdimi...necə biləydim?
Nəfsi şirin olanlara aiddi...
...mən nəfsimi nəfəsimdən ayırdım,
ulduz-ulduz göyün üzü saçılsın.
...qara nəfsin nəfəsliyi bağlansın,
ağ nəfəsin nəfəsliyi açılsın.
...qövsü-qüzeh ayırd etdi, ayırdım,
şax-şəvəlin quruları dağlansın,
qara neftin boruları uzansın,
qara nəfsin boruları bağlansın.
Ləfzi şirin nəf etməzdən çox öncə,
çox-çox öncə durnalar da qayıtdı.
Mən nəfsimi nəfəsimdən ayırdım—
nəfsi şirin olanlara aiddi.
Yarası açıq qaldım...
...çətin anlaşılandı
həndəsə...nücum...ölüm!
Ölüm — əvvəlin sonu,
sonun son ucu — ölüm!
...yurddakı dəyə köhnə!
...canıma dəyən göynək!
Əynimdə tiyə köynək...
Soyuğu qucum ölüm.
...nə topla, nə çıx...qaldım!
...yarası açıq qaldım.
...qürbətdə nə çox qaldım,
mən hara köçüm, ölüm?
Kor ərəbin görmədikləri...
...mənim də alnıma yazılan budu —
divarın ya daşın, himin yazısı.
...kor ərəbin görə bilmədikləri;
içimdə qırılan simin yazısı.
... üzür dost gəmisi, düşmən gəmisi,
üzür ağ balıqlar, qara balıqlar.
... qaşımın altında qara gözlərim,
qaşımın üstündə xarabalıqlar.
Alnımın küncündə bir şam ağlayır,
bir yağış nə vaxtdı elə azıbdı.
... alın yazan Allah öz qələmiynən
mənim də alnımı belə yazıbdı.
Alnıma qonşudu qürbətçiliyim ...
... huynan gələnləri hu aparacaq!
Alnımın xəmiri belə yoğrulub,
bu xəmir hələ çox su aparacaq ...
Alnıma güllə sıxanlar ...
... gecələr qara güzgüdü,
gözəl nə qaradan özgə?
... ay baxır, ulduzlar baxır!
Nə baxır aradan özgə?
Gecənin qaşları çatma,
nə yuxulu gözləri var...
... içimdən keçən sözlərin
öpüləsi izləri var.
Məni də güllələdilər
bu gecənin ortasında ...
Mənəm, gecədi — qalmışıq
bu küçənin ortasında.
...şehləyər səhərə qədər
şairlər — gülə sığanlar.
Boş əlimi sıxanlardı
alnıma güllə sıxanlar...
Sabir bağı...
Siz gəlin yığışın ilham bağına,
bir yol da bu bağda oturun, gəlin.
Yığışın başına şair heykəlin;
İlham payınızı götürün, gəlin.
Hərdən Sabir bağı açıq süfrədi;
süfrənin başına keçin, əyləşin.
Boş tutun başını bir az ilhamın,
bir az başınızdan keçin, əyləşin.
...açın bir-birinə ürəyinizi,
ilhamdan tellənən yeri oxuyun.
...axşamlar yığışın ilham bağına,
gecə yazdığınız sirri oxuyun.
Üzümü bir Təkə tutdum...
... mən də keçdim bu dünyadan,
içmədim...suyundan keçdim!
... oxuydum ya ox kimiydim;
bir əyri yayından keçdim.
Ay daş səbrim...ay nəm adım
qırım qızdı qaynamadı.
Çaldığına oynamadım,
tutduğu oyundan keçdim.
Üzümü bir Təkə tutdum...
Verdiyi bir tikə...tutdum!
...tərəfini çəkə tutdum,
olmayan tayından keçdim.
...qisası gödəkdə qaldı,
..cəzası kötəkdə qaldı.
Necə saysam təkdə qaldım,
Allahın "sayından" keçdim.
Qanadsızlıqdan böyük dərd...
... qında qalan qılınc kəsərlidimi?
Qın qoymur qan çıxa, qın ad çıxarır...
... elə açılır ki, gülün yaxası,
elə bil, ətcə quş qanad çıxarır.
...qanaya bilirsə qanamayan da,
qanamaq haqqı var, qan adı yoxsa!
... uçub hara getsin boş qalan yuva?
Boş qalan yuvanın qanadı yoxsa!
... ümidsiz bir şeydi qanadsız ot da!
Quşun qanadı var, daşın qanadı!
... kirpiyin ucundan uçacaq indi —
yaşı qaldıracaq yaşıl qanadı!
Qanaddı lap ərşdən sallanan ip də!
Ərşin dayağıdı dar ağacı da...
... peymanı şikəstə qanad neyləsin?
Barına uçunur bar ağacı da!
...qürbətçi sözünə qanım qaynadı,
qürbət dodağımla qanatdım sözü.
... güldə ləçəyə də, girdə daşa da
kültə kötüyə də qanaddı sözüm.
... quşun qanadı var, daşın qanadı!
Dərd dərdə söykəndi dərd dərdi yıxdı...
Bir dərddi...qu — desən qulaq tutulur!
Qanadsızlıqdan da böyük dərd yoxdu ...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar