Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Ev üşüyürdü" - Nazilə Gültacın hekayəsi

Tarix: 09-02-2024 19:02     Baxış: 2396 A- / A+
Manevr.az Nazilə Gültacın "Ev üşüyürdü" hekayəsini təqdim edir.


Mən sussam, daşlar dil açıb danışar
(Həzrəti İsa)

Yeni məhəllədə bir-biriylə yanaşı iki ev tikilmişdi. Biri iki sotun içində üç otaqdan ibarət kiçik bir ev idi, həyətində üç-dörd meyvə ağacı əkilmişdi. Gənc bir ailə yaşayacaqdı bu evdə.
Çox keçmədi ki, kiçik evin qabağında içi cürbəcür əşyalarla dolu yekə bir maşın dayandı. İkinci ev hardasa on sotun içində tikilmişdi, iki mərtəbəli, şah sarayını xatırladan, bəzəkli qüllələri dörd bir yana meydan oxuyan imarət idi, mərkəzindəki geniş, dairəvi eyvanına, hər iki tərəfdən yarımdairə şəklində eyvana qalxan, mərmər döşənmiş pillələrinə, naxışlı daşlarla bəzənmiş həyətinə, alınmaz qala təəssüratı oyadan möhtəşəm darvazasına iki göz istəyirdi ki, tamaşa eləsin. Amma nə olsun, günlər keçir, bu imarətin sakinləri nədənsə yubanır, gəlmək bilmirdi...

Kiçik ev öz yanında tikilən evi görüb bir az kədərlənmiş, onun bahalı daşları, iri pəncərələrinə baxıb köks ötürmüşdü: “Evin gərək bəxti ola, bəxti, gör, bəxtəvər necə də hündür, bərli-bəzəkli, yaraşıqlıdır! Mənsə necə də kiçiyəm, boyum da ki lap balaca!”. Gözü elə hey o evə köçəcək adamları arayırdı: “Görəsən, burda kimlər yaşayacaq?” Böyük ev isə divarları kimi daş, pilləkənləri kimi mərmər, pəncərələri kimi şüşə, darvazası kimi qapalı bir sükuta qərq olmuşdu. Nə gələni, nə də gedəni vardı. O da ilk günlər sevinir, iri işıqlı pəncərələri, qırmızı kirəmitiylə, bahalı qapılarıyla kiçik evə yandı-qındı verərək öyünürdü. Amma sevinci uzun sürmədi, yavaş-yavaş qış yaxınlaşır, soyuqlar düşürdü. Evin içi bayırından soyuq idi, get-gedə içini buz kəsir, çölü özgələri yandırır, içi özünü dondururdu.

Böyük ev axşamlar işıqlar yananda həsədlə kiçik evə boylanırdı. Heç olmasa, bircə gecə otaqlarından birində işıq yansın deyə az qala daşlarının yarısı, mərmər pillələri, hətta göylərə baş vuran qüllələrindən də keçməyə hazır idi! Kiçik ev isə elə bil acıqla aşıb daşırdı, gedən-gələni çox olurdu. Büllur kimi cingildəyən qəhqəhələr, şən, oynaq musiqi səsləri bir işıq, nur paylayırdı ətrafa...

Böyük evi axırıncı dəfə üç ay əvvəl, son bəzək işlərində ziyarət eləmişdilər. Kimsəsiz ev zülmət gecələrdə vahimələnir, buz kimi soyuq ay işığı onun vahiməsini bir az da artırır, daşların, divarlarının kölgəsi gözünə qorxunc görünürdü. O isə elə sanmışdı ki, gecələr hansısa xoşbəxt cütlüyün romantik sevgi dolu anlarının şahidi olacaq, bu eşq atəşindən ona da pay düşəcək! O, insan hənirtisi, insan nəfəsi, insan səsi istəyirdi. Yüz bahalı daş-dəmir ola, ayağı torpaqdan, başı buluddan nəm çəkə, nə faydası, hər evin bəzəyi insandır! Ev öz divarlarındakı daşları saymaqda, havalar soyumaqdaydı... Hərdən fikrə gedir, düşünürdü : “Əgər belə boş qalacaqdımsa, onda məni niyə tikirdilər? “

Səbrlə yazı gözləyirdi. “Ola bilər, sahibim uzaq bir ölkədədir, hələ işləri çoxdur, o üzdən gələ bilmir” deyə özünə təsəlli verməyə, xəyallarına inanmağa başlamışdı.

Budur, yaz da gəldi, kiçik evin həyətindəki tut ağacı yarpaqlamağa, gilənar çiçəkləməyə başladı. “Heç olmasa, mənim də həyətimdə bir-iki ağac əkəydilər, onlarla söhbət edəydim”, - deyə böyük ev qaş-qabağını töküb gileyləndi.

Qonşu evin səssiz-səmirsiz, küskün duruşu kiçik evin diqqətindən yayınmadı. Ona yazığı gəldi. İlk günlər böyülk evə həsəd apardığı üçün utanırdı artıq.
Yaz yağışları get-gedə güclənməyə başlamışdı, bir dəfə güclü külək necə oldusa, böyük evin damındakı örtüyün bir hissəsini götürüb özüylə apardı, leysan evin divarlarını islatmağa başladı. Aramsız yağışlardan sonra daşın biri qopub yerə düşdü.
Yay gəlmişdi, amma üstü mamır bağlayan yerdəki daş da, daşı düşən divar da üşüyürdü...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar