Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Söz var ki, daşdan keçər...

Tarix: 15-01-2024 22:06     Baxış: 2514 A- / A+
                    Qəşəm Nəcəfzadə

Hərdən sözdən də küsürəm, sözün yiyəsindən də. Sadəcə küsürəm. Heçnəsiz, filansız. Sözün ağırlığını ruhumun çəkə bilmədiyi vaxtlar da az olmur. 
Çəkib aparır söz məni qaranlıq quyunun  düz dibinə. "İndi hünərin var çıx bu quyunun dibindən "- deyirəm öz -özümə. Onda da hardansa bir söz peyda olur, tutur  ruhumun əlindən, cıxarır məni bu dar  quyudan və dönürəm öz işıqlı hücrəmə. Özümə. O zaman  əlimi haqqın dərgahına qaldırıb"Şükür  sənə, ilahi"-deyirəm, nə yaxşı ki, söz var. Nə yaxşı ki, sözün yiyəsi , dünyanın sahibi var -deyirəm.. Bax o vaxt o şükranlığımı da , bu bir ovuc ümid işartısını da o Sözə borclu qalıram.. Dönüb qayıdıram öz mənimə.  Onu da deyim ki,məni  heçnəylə heyrətləndirmək  olmaz..Bircə   Sözdən başqa. . Söz də söz ola ha..Axı sözün əlindən tutub yeriyənlər də çox deyil. Sözün ucundan tutub ucuzluğa gedənlərsə  o qədərdi ki... Sözü urvatdan salanlar biz bildiyimizdən də çoxdu  indiki zamanda.  Sözdən boluq eləcə. Hər sözdən danışmıram ha. İlahi  sözdən, sufi  sözdən danışıram .

Sözüylə yaralayıb (yaxşı mənada)sözüylə məlhəm qoyanların duyğularının qonağı olduğum vaxtlar da az olmur. Elə gözəl doyururlar ki, adamı sözlə, "şükür varlığına" deməkdən başqa əlindən heç nə gəlmir. Varlığına şükr etdiklərim  , əsl söz  sahibləri elə də çox deyil.  Bu gün  Qəşəm Nəcəfzadədən söz açmaq istəyirəm..  Dəliliyi, çılğınlığı, küsəyənliyi, hövsələsizliyi ilə birgə şairdi ki, şair. Ayağı yer tutar deyə heç üzünə də vurmamışam bu vaxtacan  düşündüklərimi. Hərəmiz bir qaranlıqda işıq axtaranlardanıq.  Amma dünyalarımız birdi. Fikir  ayrılıqlarımız olsa da sözümüz  eyni odda bişib. Bizi söz bir araya gətirir  sözün həqiqi  mənasında. Axı  bütün şairlərin ruhu ürəkdən su içir.Hər nə qədər boyunlarına  almasalar da   bütün şairlər tənhadı, kimsəsizdi . Bunu  mən deyirəm. Bütün şairlər ruhla cismin arasında can  çəkişdirir və bu xüsisiyyətdi hamımızı eyni havaya kökləyən, eyni ruhda birləşdirən, eyni küləklərdə, yağışlarda yol yoldaşı edən. Bəlkə bu çağacan Qəşəm haqda yüzlərlə məqalə , esse, hətta şeir də yazıblar. Bəlkə yox, elədi ki, var. Amma onu olduğu kimi tanıyan, tanıdan, ruhunun qapılarını ərklə açan, sözlə döyən, sonra da elə sözlə də  sığal  çəkən  olmayıb bəlkə də.Bəlkə də olub. Bilmirəm. Mən bu gün  istədim bir ayrı  pəncərədən  baxım şairin söz dünyasına.  Qorxmadan, çəkinmədən , bəzəksiz, düzəksiz, olduğu kimi. Çünki bilirəm ki, o da yorulub  boğazdan yuxarı təriflərdən,  yalançı alqışlardan. Səmimiyyət  gəzir o da mənim kimi. Şeirləri kimi  pafossuz, içdən  , ərkyana  yazı gözləyir  , bilirəm. Axı  mənim tanıdığım Qəşəm qocalığa can atan, atları baxışları ilə qamçılamaq istəyən, yerdə qalan ömrünü  çəlik ayaqları ilə döyəcləmək arzusunda olan dəli yolçudu. Dəli şair demirəm, çünki şairlik elə dəlilikdi. Sözünü tutub gedir  o da  ruhunun uçduğu yerə. Elə başı da sözə bərk qarışıb. Nə bilmək  olar, bir də gördün arzuları çin oldu,  saqqalında dən bitdi, əllərində əsa. Gözünü açıb yumacaq və görəcək ki, bir özüdü, bir sözü, bir də dünyası.Məncə  illərin yorğunluğudu Qəşəm Nəcəfzadəni qocalığın eşqinə salan.Əlini , ayağını uzadıb dincəlmək   istəyir  azacıq. Amma inanmağım gəlmir nəsə Qəşəmin nə vaxtsa dinc oturacağına. Təki sağlıq olsun.

      Gözlərim eynək gətirsin,
      Saqqalım qar.
     Əllərim çəlik ..
    Yaşım qocalıq pulu 

-deyən şair əslində qocalmaq yox,  yaşamaq eşqindədi. Qocalınca, əlləri çəlik tutunca, saçı, saqqalı ağarınca, gözləri torana düşüncə yaşamaq  həm də. Tanrı arzusuna çatdırsın.
Sükutun içində qərib hay-harayı var  Qəşəm Nəcəfzadənin həm də. Ərkyana səsi , küyü ilə  bir andaca  götürər sükutu  başına. Özü demiş  bütün  yorğunluğunu düymə gözlərində gizlədərək bir gümrahlıq qatar səssizliyə. Heç kim hiss etməz içindəki təlatümü, ağrını. Yox, hiss edərik.Üzünə vurmarıq sadəcə. Qoşularıü hamımız  ona. Ortalığa bir söz atar, hamı düşər o sözün dalınca . Dildən-dilə  gəzər söz. Sözdən söz doğar və vaxtın keçməsindən heç kimin xəbəri olmaz.

      Mənim də gümanım sözümə çatır,
      Kənddən  gətirdiyim hirsimə çatır.
      Arzum dilə düşür, söz eləyirsiz,
      Məni nişan verib göz eləyirsiz 

-deyir Qəşəm Nəcəfzadə.
Amma  əslində o qaş-göz edənlərin hamısı onu yaxşı mənada nişan alıb. Bəziləriyçün işıqdı, bəziləriyçün ümid, bəziləriyçün dəli şair,  bəziləriyçün vətəndaş, bəziləriyçün adicə Qəşəm. Amma hamısının könlündə ona qarşı müqəddəs Qəşəm sevgisi var. Onu nişan verməyənlər, o olan tərəfə baxmayanlarsa sadəcə varlığından qorxub ürkənlərdi. Bəlkə də özü bilmir, bəlkə də bilir.. Bəlkə də..
Qəşəmin kini, küdurəti də bircə saatlıq, bircə günlük, bircə  həftəlik, bircə aylıq, uzaqbaşı bircə fəsillikdi. Elə küsməyi də. Unutqandı. İncikliyi ,  nifrəti  ürəyinə yük eləməz. Uşaq kimidi. Bircə sözlə ovutmaq olar onu. Söz deyirəm haa.
Şeirlərindən tanıyıram Qəşəm Nəcəfzadəni. Nə yol yoldaşı olmuşam, nə illərin sınağından çıxmış dostluğumuz olub, nə hansısa layihələri bir yerdə işləmişik.Heç dünənəcən( müsəlmanın dünəni)  üzünü də görməmişdim. Yazdıqlarından  ürəyini oxuyurdum sadəcə. Elə indi də uzaqdan uzağa oxuyuram şairin  fikrindən keçənləri. Necə olmasa həmkarıq. Arada bir söz körpümüz var.
Bəzən gülür, bəzən ağlayır, bəzən  uşaq kimi atılıb düşür, bəzən küsür, bəzən barışır Qəşəm Nəcəfzadənin sözü.Amma neynirsə özü olmaqdan çıxa bilmir. Hər şeydə özüdü. 
Hərdən elə şeirlər yazır ki, gözümüzü döyə-döyə qalırıq. Qafiyəsiz, nizamsız, dağınıq, tör-töküntü. Bax  belə:

Mən gözəl oğlanıydım, qəşəng qızlar,
Məni tanımadınız, məni görmədiniz.
Bir də məni nə vaxt görəcəksiniz,
Nə vaxt şeirimi oxuyacaqsınız,
Hansı minillikdə, hansı əsrdə.


Bilirik ki, ruhunu yazır. Bilirik ki, əhvalının yorğun, qərarsız, yuxusuz, ac, susuz vaxtıdı. Amma onu  da  bilirik ki, bu vaxtında da özüdü. Bu vaxtında da sözü yaddan çıxarmayıb. Yazıb.İş orasındadı ki, bu dağınıq, tör-töküntü  şeirlərdə də bir nizam var və  adamla dialoqa girməyi bacarır. Cansız deyil. Ruhu var. Doğmalaşır səninlə.
Hərdən öz əhvalımızın  korşalan vaxtında elə yazıyla çıxır ki, qarşına az qalırsan döyəsən bu şeiri. Özü də hönkürə-hönkürə, sızlaya -sızlaya. Deyəsən ki, axı hardan oxudum səni? Mənə lazım idi ağlamaq gecənin bu vədəsi? Bilirsiz niyə? Əslində o yazıda  özünü, öz  həyatını, hiss etdiklərini, yaşadıqlarını  oxuyursan  Qəşəm Nəcəfzadənin dili ilə. Axı  yazı səni düşündürə, özündən qopara, özündən ala bilirsə, demək şair bacarıb. Demək bu da uğurdu. Şairin uğuru. Elə bu misra kimi:

 Əllərin bulud kimi kölgə salır
Saçlarımın işığına.
Deyəsən yağış  yağacaq axşama,
Xəbərin varmı, bilmirəm.


 Və ya:
Hecanı dodağınla ölçdüm,
Çiçəyi nəfəsinlə ölçdüm.
Küləyi saçınla ölçdüm,
Həsrəti küsməyinlə ölçdüm.


Əslində bütün sevənlərin, həsrət çəkənlərin hiss etdiyi , ancaq  ifadə etməkdə çətinlik  çəkdiyi  duyğulardı şair ruhundan süzülüb gələnlər. Sevdanın, hicranın ən ali mərtəbəsində  yaşananlardı bəlkə də, şair qələmə alıb. Hər misrada heca-heca özüdü şair.

 Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər?


Bundan səmimi, saf  şeir ? Yalvarış var bu misralarda sanki. Sevdiyini səsdən belə qorumaq  , mühafizə  etmək  eşqi  var həm də. Yenə sevginin ali Qəşəm Nəcəfzadə mərtəbəsi. Hiss edirsən ki, birnəfəsə qalxıb bu pillələri şair. Özü də ürəklə, sevə-sevə qalxıb. 

Qol-qola,
Əl-ələ səndən keçərlər şeirlərim.
Bayraqları nidalar.
Demişdim, mən ölsəm 
Tabutumu səndən aparsınlar.

Yenə ürəyin  sufi sevdası  İlahiyəcən yol alıb gedir şair düşüncələrində . Misralar kilidləyir duyğularını. Çıxa bilmirsən bu İlahi eşqin ağuşundan. Gözlərini yumub düşürsən bir dəli sevdanın qucağına. Sanki gözünü açsan əlindən uçub gedəcəkmiş kimi  kirpiklərini çəpər edirsən bu eşqin dörd yanında. Özü də yorulmadan, usanmadan. Yenə  şairin sözünə dua edirsən avaz-avaz. Elə sözün yiyəsinə də-Tanrıya da.

İcazə verin bu siqareti yandırım
Unutmağın eşqinə.
Böyük oğlan olsun unutmaq,
Yüz yaşını qeyd edək.
Sevgidən birinci olduğu üçün

Onun sağlığına siqaret çəkək -deyən şairin unutmağı da sevməyi kimi əzabdı.İndi  bütün yarımçıq sevdaların şərəfinə yazılmış ən ağır unutmaq şeirini  çəkə bilirsən çək sinənə. 

Divarı  siqaret tək çəkmək olar,
Həmişə belə eləyirəm,
Siqaret yerinə divarı çəkirəm.
Divara söykənmək adama səbr gətirir.

Bu da bir zəfəridi unudulanların məncə . Amma unudulurmu unudanlar? Bunu  da şair bilər.

Əllərimin uçmaq səsi 
Şeirlərimdi, dinlə.


Hərf-hərf, heca -heca sevgiyə  sarı uçan barmaqların pıçıltısı gəlir qulağına bu misralardan . Özü də şeir-şeir.
Qəşəm Nəcəfzadə ruhunu şeirə qoyduğu üçün bəlkə də yorğun düşür. Yox! Nə qədər yazsa da ürəyindəkiləri deyib qurtara bilmir məncə. Bir tərəfdən bu da yorur şairi. Yaşadıqlarını , hiss etdiklərini olduğu kimi sözə çevirə bilməmək  də yorur axı  adamı. Demək duyğuları sözün fövqündə dayanıb Qəşəm Nəcəfzadənin. Söz aciz qalanda duyğularının qarşısında susur şair. Elə susqunluğunun özü də şeirdi onun. 

Heç fikir eləmə , qurbanın olum,
Adam başqasını gedib sevər də.
Adam sevdiyini ata bilər də,
Təzə iş deyil ki, başıma gələn,
Başına dönüm.


Bundan böyük sevgi, bundan acı həsrət, bundan möhtəşəm  ayrlıq nəğməsi harda var? İncikliyi də, barışı da, bağışlamağı da  mükəmməldi Qəşəm Nəcəfzadənin. Sevdiyini onsuzluğa uğurlamağı da, küsməyi də, getməyi də özünə bənzəyir şairin. Heç kimi təkrarlamır vüsalı da, hicranı da söz yolçusunun. Həmişə sözünə sarılır, həsrətin dar boğazından sözüylə keçir. Ruhunu qoruya-qoruya həm də.
Qəşəm Nəcəfzadənin sevgisi bütövdü, yarımçıq deyil.Övlad sevgisi, ata sevgisi, yar sevgisi, dost sevgisi, qələm , vərəq sevgisi _hamısı eyni çəkidədi. Günəşli havada da, sazaqda da bu sevgi dəyişməz. Bircə ürəyindən nigarandı. Özü kimi şıltaqdı ürəyi də.   Bəlkə bu inamsızlıqdı onu gecə-gündüz rahat qoymayan. Onun yazılarını oxuduqca adama elə gəlir ki, şair yatmır. Ya da bir gözü açıq yatır. Qələmi də əlində.  Barmaqları  sözə  keçib sanki. Özü də bərk-bərk. Bir ovucda  gizlədib  ürəyini  şair. Kim qopara bilər sözdən bu əlləri?

Təndir çörəyini kökə elədik,
Torpağını seçdik, bölgə elədik.
Böldük səni tikə- tikə elədik,
Bacın ölsün, anan ölsün, ay Vətən!


- deyən şair torpağı bütöv görsə də  keçmişin ağrısını yaşaya-yaşaya  daddı bu möhtəşəm sevinci . Gedib müqəddəs Şuşa divarlarına  dedi bu şeiri. Orda qoyub gəldiyi gəncliyini axtara-axtara dedi. Saçlarının dəninə dedi, üzünün qırışına, gözlərinin kədərinə dedi. Amma bir az ötkəm, bir az məğrur, bir az dəli, havalı dedi. Bu dəfə qalib idi Qəşəmin sözü. Başı dik idi sözünün.Utanmırdı dediklərindən. Amma hər  şeyə  rəğmən yenə göynərti vardı içində özü boyda.  Olsun. Buna da şükür.
Bəzən özü də bilmədən ətrafdakıların xətrinə dəyir. Bəzən haqlı, bəzən haqsız. Bir az keçir, peşman olur. Bəlkə də boynuna almır. Amma bilirsən  ki, peşmandı. Gözünün içindən bilirsən, səsindən bilirsən , sözündən bilirsən. Uşaqlaşır gözündə  bir anın içində. Yaddan çıxır umun, küsün. O anda unudursan  hər şeyi və  bağışlayırsan olanları. Sözə  bağışlayırsan, qoşmaya, gəraylıya bağışlayırsan. Axır ki,  bağışlayırsan. 

Öləndən sonra istəyirəm bir şəklim olsun,
O şəkli heç kəs oxuya bilməsin,
Ortasını qat kəssin-


 deməklə əslində hələ heç kəsin, elə bu dünyanın da onu yaxşı tanıya bilməməsi qənaətindədi  şair.  Amma mən səni yaxşı tanıyıram, Qəşəm Nəcəfzadə. Sözündən tanıyıram, səsindən tanıyıram, baxışından, yerişindən, duruşundan, tənhalığından tanıyıram. Ürəyini buz kimi saxla və o yana tələsmə hələ. Bu yanda o qədər deyilməyən sözün , verilməyən cavabların, açmadığın qapıların var ki. Hələ oxucular qapını çox çalacaq. Hazır ol. Onsuz da mesaj  qutuların  doludu. Məndən də incimə.Səni bir az fərqli yazdım.Bir az öyə- öyə, bir az küsdürə-küsdürə, bir az incidə-incidə,  bir az sarıya-sarıya. Bəlkə  sənin ürəyincə olmayacaq  dediklərim. Amma mənim ürəyimcədi.
Bayaq bir şəklini gördüm instaqram səhifəndə, əziz dost, şeir  adam.
Əllərində qar, başında qar, əynində sazaq, gözündə od.Şeir deyirdin qarın eşqinə qar altında:

Görəsən bu qar kimin göz yaşıdı,
Gözlərim dolunca yağsın,
Gözlərim doyunca yağsın.

Əlində qar sevinirdi, gözündə sevgi. Hardansa bir dəli Söz gəlirdi sənə sarı ağappaq qar rəngində. 











Təranə Dəmir,
AYB-nin üzvü, şair-publisist.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar