Xəbər lenti
Qarabağ – Məbədim mənim!

Şair, publisist, tərcüməçi, “Qarabağ rüzgarları”, “Su üzərində bahar”, “Su kimi sakit və güclü”, “Gecə xəyalları”, “Şəhid qardaşlar”, “Qapı” kimi kitabların müəllifi, Rəsul Rza mükafatı laureatı, “Ədəbi ovqat” dərgisinin təsisçisi Rəfail Tağızadənin “Qarabağ – həsrətdən zəfərə” kitabı hər şeydən əvvəl 30 illik həsrət haqqında yazılmış salnamədir. Kitabda qürbət acısından, sevdiyinin, keçmişinin tikanlı məftillərdən o yanda qalmasından, öz evinlə özün arasında səngər qazmağa məcbur olmağın ağrı və ağırlığından danışılır.
Müəllif gah bənövşəyə, qızılgülə, gah nar ağacına, tut ağacına xitab edir, çörək ətrini unutmuş təndirlərin, yolunu yadırğamış, özünü xəzəllə basdıran susuz arxların, çəpərləri itmiş həyətlərin, divarsız evlərin sözlə rəsmini çəkir bu kitabda. 30 ilə yaxın cavabını tapa bilmədiyimiz sualların pıçıltısı eşidilir, “görən, kötüklər bizi öz kölgəsinə qoyacaqmı?”, “sönmüş ocaqları kim yandıracaq?” – kimi suallarla, “Yolçu, mənə quş göndər, dimdiyində torpağım!” kimi nidalar əvəzləyir bir-birini. Yaxşı haldır ki, müəllif Qarabağın işğaldan əvvəlki illərinə də səyahət edir, Şuşanın, Kəlbəcərin, Ağdamın çal-çağırlı, qonaqlı-qaralı, ilıq xatirəli zamanlarından da söz açır. Gənc oxucuda, gələcək nəsillərdə söz-sənət beşiyi, musiqi ocağı hesab edilən Qarabağın mədəniyyət tarixi haqqında təsəvvür formalaşdırır. Yəqin hamınızın yadındadır, torpaqlarımızın işğal olunduğu ilk illərdə, çadır şəhərciklərinin salındığı vaxtlarda “Çadırlarda Üzeyir Hacıbəyli doğula bilməz!” nidası bir ziyalı çağırışına, ozan fəryadına çevrilmişdi. Amma bu nə qədər acı olsa da, həqiqət idi. Söhbət təbii ki, dəbdəbəli saraylardan, yüksək məişət təminatından, rahat həyat tərzindən getmirdi. Məsələ çadır şəhərciyində doğulan uşağın ruhunda məğlubiyyət duyğusunun hakimliyi idi. “Silah əvəzinə, bel əvəzinə əlində təsbeh çevirən”, at belindən uzaq düşüb, çadır evinin kandarında ata və babasının boynunu bükük görən uşaq böyüyəndə necə “Cəngi”, yaxud “Koroğlu” uverturası yaza bilərdi? “Qarabağ – həsrətdən zəfərə” kitabında Rəfail müəllim həm gəncliyin, həm anaların, ataların yaşadığı o utancaqlıq duyğusunu səmimiyyətlə ifadə etmişdir. Bu kitabı oxuyan hər bir qarabağlı – şuşalı da, ağdamlı da, füzulili də, kəlbəcərli də, cəbrayıllı, zəngilanlı, xocavəndli, laçınlı, qubadlılı, xankəndli, xocalılı da eyni duyğunu yaşayacaq. Çünki qürbətin acısı, həsrətin, nisgilin rəngi, vətənində köçkün adıyla yaşamağın, dünyadan köçənlərini torpağa əmanət verməyin ağrısı hamı üçün eyni olub. Baharı qərib-qərib qarşılamağın, bəzəkli evlərini, bağ-bağatını ancaq yuxularda görməyin göynərtisi, tüstüsüz alışmağın yanğısı, başın üstündən keçən durna qatarının arxasınca boylanmağın acı dadı da oxşar olub. Müəllifin böyük kədərlə yazdığı bu duyğuları hansımız yaşamamışıq ki? “Uçulub tökülmüş daşları üst-üstə qoyaraq xəyallarda bir ev qururam, köhnə çərçivəli. Qapısız, pəncərəsiz. Qoyub gəldiyimiz bağlı qapıların sınmış, atılmış qıfıllarını yığa-yığa. Cırılmış uşaqlıq şəkillərini qurumuş dodağıma tutub birtəhər yapışdıra-yapışdıra uşaqlığın itmiş günlərini düzüb vərəqləmək istəyirəm. Çözələnən xatirələrin başlanğıcını, sonunu tapa bilmirəm. Cavabı bilinməyən, adamı özünə oxşadan boynu bükülü cavabsız suallar qarışıq. Evdəkilərdən, uşaqlardan, torpaqdan, daşdan, havadan, sudan, özündən və hamıdan utana-utana dolaşırıq bu məmləkəti didərgin ayaqlarla”. Qeyd edim ki, bu hissləri yazıya almaq elə yaşamaq qədər çətindir. 30 il Xocalıdan yazmaq istəsəm də, yaza bilməmişəm, ürəyimdə qövr edənləri 30 ildən sonra kağıza köçürmüşəm. Ağdam haqqında yazmaq istədiklərim isə hələ də qələmin ucunda düyünlənibdir. Rəfail müəllim isə hamımızın yaşadığı, hamımızın həyatından keçən ağrını tarixiləşdirməyə özündə təpər tapıbdır. Güllələnmiş uşaqlığımızın, itirilmiş gəncliyimizin, gözlərimizin dərinliyində dondurulmuş təbəssümümüzün tablosunu yaradıb. “Qara gün gün sayılmaz, çünki gündüzü bəlli olmaz”, “Yurduna xarabalıq deməkdən ağır söz, ağır ittiham varmı, görəsən?”, “Həbsxanada dəmir barmaqlıqlar arasındakı balana baxan kimi baxırsan o yerlərə” kimi aforizmləri ilə 30 illik tarixi acının poetik ifadəsini təqdim edibdir. Nə qədər çətin olsa da, şəhid olan dostları, tanıdığı insanlar haqqında Vətən sevdalıları adı ilə söz açmış, onların da xatirəsinə olan ehtiramını əbədiləşdirmişdir. Qaziləri də yaddan çıxarmayan müəllif Etimad Əsədovun simasında bütün Qarabağ qazilərini yad edir. Bütün bu sadalananlar Rəfail müəllimin əsərində həm də ona görə təbii və səmimi alınır ki, o, eyni zamanda zabit olaraq o ağır günləri yaşayıb.

Rəfail müəllim qeyd edir ki, “məndən o yerləri, evinizi görəndə hansı hissləri keçirəcəksən, soruşanda nə cavab verəcəyimi bilmirdim”. Həqiqətən də, onun üçün o anı yaşamaq lazımdır. Bizi nə gözlədiyini bilmirdik. Bizimlə yoldaşlıq etməyi bacarmayan düşmən yollarımızla da yola gedə bilməmişdi. Evlərimizə getməyə yol, cığır tapmırdıq. 27 ildə elə düşünürdük ki, şəhərin girişinəcən getsək, evimizi də, məktəbimizi də gözübağlı gedib tapa bilərik. Amma ucundan tutub getməyə yol yox idi ki... Rəşad Məcid demişkən, Ağdamda axtardıqlarımızı gözüyumulu tapmaq olardı, amma gözüaçıq tapmaq olmur. Rəfail müəllim bu məqamda deyir, Ağdamda erməni zəlzələsi olub.
Biz bu vüsal sevincini tam yaşaya da bilmədik. Həm itkilərimiz, şəhid balalarımızın nisgili, həm daşı daş üstdə qalmayan məmləkətin halı bizi ürəkdən sevinməyə qoymurdu. Bələdçilər bizi şəhərlə tanış edirdilər. Burada qonaq evi olub, indi yoxdur, burada isə univermaq, izi də qalmayıb, poçtun binasından qalan budur, Şahmat məktəbinin yeridir, Dram Teatrının binasından qalan divarlardı, elə bil yaddaşını itirmiş birinə doğmalarını göstərirlər ki, bu sənin anandır, bu qardaşın, bu isə ən yaxın sirdaşın olub. Sənsə xatırlamağa çalışırsan, özünü sındırmaq istəmirsən, - təqdimata ehtiyac yoxdur, mən burda böyümüşəm, hər yeri tanıyıram deyirsən, amma içində çilik-çiliksən. Çünki illərdir xəyalında yaşayan o möcüzə gözəllikdən əsər-əlamət yoxdur. Amma Rəfail müəllimin dediyi kimi, nə yaxşı ki, sənə gəldim məbədim mənim! Çox sevindiricidir ki, Rəfail Tağızadə bu kitabı çapa hazırlayarkən xalqımız zəfər üstündən zəfər yaşadı, Azərbaycan Ordusunun Ali Baş Komandanı üçrəngli bayrağımızı tarixi torpaqlarımızda – Xankəndində, Xocalıda, Xocavənddə, Ağdərədə də ucaltdı. Artıq tarixi qələbəmizin əbədiliyinə şübhə yeri qalmadı. Bunu istəməsələr də, düşmənlərimiz də qəbul etdi. Bunu Azərbaycan əsgəri, güclü Azərbaycan diplomatiyası qəbul etdirdi.
Müəllif “Qarabağ – həsrətdən zəfərə” kitabının bir yerində Ağdamın Dram Teatrından qalan arka divarlarını səhrada quraşdırılmış səhnəyə bənzədir. “Önündə şəkil çəkdirmək istəyənlər tamaşa qurtarandan sonra tamaşaçıların qarşısına çıxıb baş əyən rejissorları, aktyorları xatırladır... Ağdamın mərkəzi hissəsində bütün dünyadan köçən, şəhid olan ağdamlıların ruhları qarşısında baş əyirmiş kimi”. Maraqlı bənzətmədir, amma bu bir tamaşanın sonudursa, növbəti tamaşaların, çal-çağırlı günlərin başlanğıcıdır. Hər birinizə bundan sonra könül açan, ruh oxşayan tamaşaların qəhrəmanı və izləyicisi olmağı arzulayıram, Əziz oxucular!

Filologiya üzrə fəlsəfə doktoru, dosent
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar