Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Könlündən bahar keçən şair - Təranə Dəmir yazır

Tarix: 07-01-2024 11:16     Baxış: 2428 A- / A+

     Sinəsinə baş qoyduğum,
    Hasarına daş qoyduğum,
    Ağacına quş qoyduğum
    Bağlar məni tanımadı
- deyən şair əslində zamanla söz güləşinə çıxır,  vaxta barmaq silkələyir. Qazandıqlarının,  itirdiklərinin haqq- hesabını çəkir bəlkə də. Heca-heca, misra-misra , sətir-sətir, vərəq-vərəq  həm də. Amma bircə şeydən arxayındı ki, sözü də əqidəsi kimi bütövdü, əyilməyib.Sözünə də, özünə də sahib çıxmağı bacarıb. Öyündüyü bir ürəyidi, bir  peşəsi, bir də şairliyidi.Bütün bunları bir arada  cəm etmək, yaşatmaq və qorumaqsa hər kəsə nəsib olmur. Bu həyatı dolu-dolu yaşamaq da hər adamın işi deyil axı. Tanıdıqca kəşf etdiyim, hər gün bir az da tanıdığım, doğmalaşdığım adamlar çox deyil. Ancaq deyərdim  ki,  hərəsi bir orduya dəyən adamlardı. Ərklə söz verib söz aldıqlarım da bir ovucdu. Bir ovucun içində sözüylə həyat yoluna işıq tutan adam kimi adam, şair kimi şair Fəxrəddin Teyyub da var. Qışın şaxtasında, sazağında dünyaya bahar ətirli şeirlər gətirən, sözündən-söhbətindən doymadığım , sözün nazını sevə-sevə çəkən Fəxrəddin Teyyubdan  danışıram. Arada bir fəsil fərqimiz var.Vəssalam.  Amma ruhumuz eyni yerdədi.  Elə sözümüzün canı da sevgidi, Vətəndi, torpaqdı, daşdı. Sözə  sığalımız da oxşardı. Bircə fərq var.O bahara qışdan boylanır, mənsə payızdan . Əsas odu eyni pəncərədən baxmağı bacarırıq. Ərkimiz də ,görkümüz  də özümüzədi.Heç kimlə işimiz olmaz. Bircə sözümüzə toxunmasınlar. Onun kimi  mən də  ürəksiz heçnə yaza bilmirəm. Elə bu yazını  da ürəyimin səsiylə yazıram. Daha doğrusu ürəyim diktə edir. Pafossuz, emosiyasız, sakit, səssiz. Elə qəhrəmanım kimi.

        Bu sönən ocağı qalayaq bir də,
        Külünün altında köz qalıb axı.
        Gələndə nə cığır,nə də yol axtar,
        Qəlbimdə həsrətdən iz qalıb axı.


Sevginin haysız, küysüz izharı , həsrətin odu, alovu , ayrılığın göynərtisi  şair dilində boyasız, bərsiz, bəzəksiz şeirləşir. Misra-misra hopur duyğularımıza. Amma hardasa bap-balaca,  lap iynənin  ucu boydü bir   ümid var. O ümid yaşadır şair Fəxrəddin Teyyubu . 

     Məhəbbət qoxuyur  hər yaşıl çəmən,
     Dərənin yanında, çayın yanında.
     Yerdə görüşməkdən utanıram mən,

      Gəl gedək görüşək ayın yanında -deyən  şair içindəki o gizlin  işığı sönməyə qoymur. Söz-söz düşür o işığın dalınca. Bilir ki, hardasa  bir işıq  gözləyir onu.
Eyni zamanda çox üsyankar  tərəfi var şeirlərinin.Haqsızlığa, ədalətsizliyə meydan oxuyan şairdi  həmkarım. Həm də bütöv Azərbaycan sevdalısıdı. Vətənini cığır-cığır, hasar-hasar, yol-yol , divar-divar sevən şairdi həm də:

Ürəyim sızlayır, gözüm yaş tökür,
Nə vaxtdı nə göyün, nə də yerinəm.
Bir gözüm Arazdı, bir gözüm də Kür,
Həsrət körpsüyəm, Xudafərinəm....

Çayın da dərdi var, yarası dərin,
Hönkürən dalğalar nə zillət çəkir.
Bir vaxt mənəm deyən müştəbehlərin
Səhvinin ağrısın bu millət çəkir.


Söz danışır, dilləşir dünyayla.Odlu, alovlu  olsa da yenə də pafossuz, içdən.
Fəxrəddin Teyyubun şeirlərinin çəkisi ağırdı. Hər  ruh çəkə bilməz. Həm də şair dayazda üzməyi sevmir. Dərinə baş vurur. Baş vurduqca da daha qiymətli inciylə, sədəflə dönür oxucusunun yanına.

Şairin sözü azaddı, buxovlanmayıb. Onun şeirlərində hər kəs özünü tapa bilər. Şair hər kəsin diliylə danışmağı bacarır. Ona görə də şeirləri  hamının ruhuna hopur. Bir sözlə Fəxrəddin Teyyub sözünə arxalanan, sözü özünə qalxan edən şairdi. Sözüylə dağ yaran, qaya çapan, susuz səhraları gülüstana çevirən söz fədaisidi.Fəxrəddin Teyyub sözün əlindən tutub yeriyən şairdi  həm də.. Onun sözü yalanı, riyanı, boyanı sevmir. Söz  ona, o da  sözünə söykənir. Heç kimə deyə bilmədiklərini varaqlara pıçıldayan şair ürəyinin yanğısını , ağrısını  qələmlə birgə çəkir. Odunu qıraqdan hiss edirsən bu alovun. Yaxınlaşmağa qorxursan. Elə uzaqdan uzağa vurulursan bu günəşə. Şairin ovqatını yazılarından duyursan. Hansı havaya kökləndiyini də...Onun susmağı da şeirdi...Susqunluğunda da qəribə amiranəlik var..Oxucu  sözünün hökmündən tanıyır Fəxrəddin Teyyubu. Zamana meydan oxuyan  şair  bəzən səhvini də elə gözəl  ört-basdır edir ki, adamın bu səhvi onun üzünə vurmağa da dili gəlmir. Dumduru  fikirlərdə yuyunub  təmizlənir  bu əyər-əksiklər də. Bu da özünəməxsusluğun təntənəsidi. Əsas  odu ki, bütün şeirlərində şair özüdü, öz düşüncəsi, öz fikri, öz ovqatıdı.

   Görmüsünüz bir kimsəyə baş əyəm?
  Haqqa qulam, nə ağayam, nə bəyəm,
  Yükünüzü daşımağa dəvəyəm,
Mən olmasam neylərsiniz, balalar?-

 deyən şairin bir  ata nigarançılığı da  var. Onlarçun həm  ata, həm də şair  kimi narahatdı. Bu da ki,  ikiqat məsuliyyətdi. Amma bu yükün ağırlığından da usanmır, bezmir şair. Sevə -sevə, həvəslə  daşıyır bu ilahi sevgini .
..  Fəxrəddin Teyyub sözün ucundan tutub ucuzluğa getməyi də sevmir. Konkretliyə, müxtəsərliyə , yığcamlığa öyrədib qələmini . Bu da bir ayrı məharətdi şairçün məncə.
Hansı tərəfə baxırsa ordan bir şeir çıxır. Külək də, yağış da, bağ da, dağ da , qış da, bahar da asanlıqla  şeirləşə bilir şairin ruhunda. Şair təbiətə vurğundu  həm də.Özü də dəlicəsinə.. Ağacın, çiçəyin, otun, kolun, daşın, torpağın diliylə danışmağı yaxşı bacarır. Təsvirləri canlıdı. Şeirlər adamla dialoqa girir sanki: 

    Deyəsən sözün var mənə , ay ürək,
   Minib yanıma gəl köhlən atını.
   Vaxt tapıb bir küncə çəkiləm gərək,
   Dinləyəm qəlbimin hesabatını.

Burda  şair ürəyindən nigarandı. Bu  boyda ruhun qarşısında   ürək salamat qalarmı?   . Zaman  öz işini görür. Elə  şair də  dinc durmur, daim axtarışdadı. Hər gün bir şeir doğulur Fəxrəddin Teyyubun  düşüncələrindən. Bir-birindən gözəl, təp-təzə, qatı açılmamış fikirləri  cilalayıb şeirə çevirən  Fəxrəddin Teyyub  yazmayanda darıxır. Yolda da yazır, toyda da, yasda da, yuxuda da, gerçəkdə də..Yazır sadəcə. Əcəb də edir. Oxucunu öyrədib şeirə. Yazmayanda özünü günahkar hiss edir sözün qarşısında.Elə oxucunun da.Bu məhsuldarlığına görə də bir ayrı alqışı haqq edir şair. Fəxrəddin  Teyyubun dili zəngin, yaradıcılığı çoxşaxəlidi. Əsas odu ki, bütün şeirlərində özünü anladır. Poeziyada öz cığırı, öz yolu var. Sözün qarşısında alnıaçıqdı. 

    Tanrım, istəyimi , arzumu göndər,
    Göylər də, yerlər də əmrinə möhtac.
   Gəl məni bir anlıq ağaca döndər,
Görüm kəsiləndə nə çəkir ağac 


-deyən şair kökünə, soyuna bağlı  olduğunu  hayqırır . Onu bu torpaqdan, yurddan, yuvadan qoparmaq olmaz. O bu torpağın bir parçası olduğunu dəfələrlə isbat edib. Bu sarıdan da xoşbəxt şairdi. 
Eyni zamanda şairin yoluna daş qoyanlara, sözünə göz dikənlərə, xəbislərə, nadanlara da veriləcək bir cavabı  var:

  Çörək tapmaz bir gün üzə ağ olan,
Bəxtəvərdi arxasında dağ olan,
Uğurumun ümmanında boğulan
Bədxahlarım, paxıllarım, var olun! 


Demək bədxahlar özləri də bilmədən uğura gedən yolda şairə əməllicə kömək ediblər. Şair bir az da coşub, ümidləri,  arzuları  qol -budaq atıb,  köklənib.  Oxucu  ömrünün sazaq çağında şairin cəsarətinə də heyran qalır. Ürəyindən keçənləri sözə çevirmək cəsarətini deyirəm.

    Alın yazısıymış səni görməyim,
    Elə görən kimi vurulmağım da.
    Eşqin  dərəsində çəni görməyim,
    Sel kimi çağlayıb durulmağım da.
    
    Əsdi ürəyimdə gənclik küləyi,
    Ağaran saçımı unutdum niyə?
   Yerin yaraşığı, göyün mələyi,
   Mən necə göz yumum bu gözəlliyə?...

Su kimi içirsən bu misraları. Sevgiyə təşnə könüllərə sərinlik yağır bu sətirlərdən. Cəsarətlənir fəsillər Fəxrəddin Teyyub düşüncələrində. Çiynindən dağ götürülür həsrətin. Ayrılığa söz atan şair söz altında qalmır heç vaxt. Bu da bir istedaddı. Şairin fikirləri ipə, sapa yatmır.Duyğuları həmişə oyaqdı. Ruhu yerlə göyün arasında didərgindi . Gah Ayla , gah Günəşlə, gah ulduzla, gah gecəylə, gah səhərlə dərdləşir şair. Bir yerdə qərar tuta bilmir. Şairlik də bu deyilmi?

Mənim  bir taxtım var sevgi dağında,
Qismətim üzümə gülənə kimi.
Sevmək günah deyil ahıl çağında,
Şair sevməlidi ölənə kimi.


Kimin gücü çatar bu ağırlıqda yükün altında yol getməyə.Bu boyda etirafın qarşısında nə deyəsən axı ? Heçnə.Susmaqdan başqa  əlindən nə gəlir ? Sual verməyə də çəkinirsən. Cavabından qorxursan. Həqiqətləri eşitməkdən qaçırsan bəlkə də.. Amma məncə  elə  ən gözəl cavabdı bu etiraf.
Şanlı qələbəmizi doya-doya yaşayan şair xalqına, Vətəninə də ürəyindən gələn duyğularıyla gözaydınlığı verməyi  unutmayıb  nəhayətsiz bir sevinclə:

Ana, gözün aydın,şad xəbərim var,
Daha qarlı qış da bahardı bizə.
Qəhrəman oğullar, igid oğullar
Aldı Qarabağı , qaytardı bizə.


Həyəcanın, sevginin, sevincin parıltısı ruhumuzu qamaşdırır. Səmimiyyətdən, məhəbbətdən, eyni zamanda həsrətdən yoğrulmuş misralar yaramıza sığal çəkir.Qürurlanırıq. 30 ilin ağrısı çıxır canımızdan. Çiynimizdən yük götürülür. Azadlığın yeli vurur adamı. 
Şair özüylə dostdu.Ərki də, görkü də özünədi.Qarışqanı belə incitməyə ürəyi gəlməz. İnciyəndə də çəkilər öz könül  hücrəsinə. Hirsini sözdən çıxar:

Bilməmişəm ürəyimin qədrini,
Xərcləmişəm gedənimin yolunda.
Qalamışam ocağını vədəsiz
Ölənimin, itənimin yolunda.


 Eyni zamanda özündən narazı şairdi mənim bu balaca yazımın  qəhrəmanı. Tərifi sevmir, qondarmalardan uzaqdı. Heç tünlüyü də sevmir. Sakitliyə can atır.  
Şairin gözəl bənzətmələri, təşbehləri, təsvirləri yazdığı şeirləri bir az da oxunaqlı edir:

Ay göyün üzündə ocaqdı, oddu,
Salar işığını dağlar belinə.
Zirvə elə bil ki, Dədə Qorquddu,
Şəlalə kəmərin bağlar belinə.


Onun yaradıcılığından  belə yüzlərlə nümunə gətirmək olar. Yorulmadan, usanmadan həm də.
Şair sözlə oynamağı bacarır. Eyni zamanda sözə sığal çəkməkdə də mahirdi. Fəxrəddin Teyyubun sözündə qəribə bir əminlik var. Bəziləri bunu lap özündənrazılıq kimi qiymətləndirir.Amma sözü tanıyan hər kəs bilir ki, bu güvəndi, arxayınçılıqdı, eqo deyil. Axı şair sözünə güvənməsə yaza bilərmi? Sözü incitdinsə qaçacaq. Ələ düşməyəcək bir də. Sözə balan kimi baxmağı bacarasan gərək. İstidən, soyuqdan , küləkdən, yağışdan qoruyasan. Bu sarıdan Fəxrəddin Teyyub xoşbəxt  şairdi. Sözdən yarıyıb həm də. Yaşının  payız  çağında da diqqət mərkəzindədi və sevilir. Dünyanı sözünün süzgəcindən keçirən şair hələ misra-misra  yol gedir ruhunun uçduğu yerə. Səbrlə, sevgi və həyəcanla. Hələ ki, sözünün  ocağına yığışanlar biz bildiyimizdən də çoxdu. Elə öz bildiyindən də..Sirrini, sözünüsə bir kağız bilir, bir də qələm. Fikri gah dərədə, gah dağda gəzən  şairin ürəyi baharda qalıb hələ. Tanrı  ürəyinə görə versin, Fəxrəddin Teyyub.
















Təranə DƏMİR
AYB-nin üzvü, şair-oublisist.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar