Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Mənim qırx yaşım var, o qız bilməsin..."

Tarix: 21-12-2023 17:34     Baxış: 3209 A- / A+

Faiq Hüseynbəyli

QIRXINCI QAPININ SİRRİ

Dünyanın kədərli sözündən iraq,
Həsrətin, hicranın üzündən iraq.
Atamın, anamın gözündən iraq,
Mənim qırx yaşım var, kimsə bilməsin. 

Yol aldım dünyanın sol tərəfindən,
Günəşi, atəşi bol tərəfindən.
Ölümə gedirəm "ol" tərəfindən,
Mənim qırx yaşım var, anam bilməsin. 

Bir koma bəsimdi... hədər verməyin -
Yalnız yaşamağa şəhər verməyin.
Atama-anama xəbər verməyin,
Mənim qırx yaşım var, atam bilməsin. 

Daha üz verəsi qəhər qalmayıb,
Söz düşüb sözlükdən, kəsər qalmayıb.
Qara saçlarımdan əsər qalmayıb,
Mənim qırx yaşım var, dostum bilməsin. 

Gəldim bu həyatın daş zamanına,
Kaş dönə bilsəydim baş zamanına.
Qar yağıır ömrümün qış zamanına,
Mənim qırx yaşım var, qardaş bilməsin. 

Söz qəhət deyil ki, şair başıma,
Söz ilə nur tutdum kor yaddaşıma.
Təşrif buyurmuşam Davud yaşıma,
Mənim qırx yaşım var, o qız bilməsin. 

***
İsinməz könlümüz üz tutsaq hara,
Qatdı başımızı, qatdı pul-para.
Sabahlar naminə düşdük yollara,
Atamız tək qaldı ata yurdunda. 

Bir insan rastlaşar daha nələrlə,
Ötürdük günləri xəbər-ətərlə...
Gah uzaq, gah yaxın xatirələrlə,
Atamız tək qaldı ata yurdunda. 

Bu baba yaşında, oğul yaşında,
Bu ahıl yaşında, ağıl yaşında.
Əfsanə, rəvayət, nağıl yaşında,
Atamız tək qaldı ata yurdunda. 

Bir ömrə sığmayan əsirdi adam,
Umduğu yerlərdən küsürdü adam...
Bayramdan bayrama səs oldu adam,
Atamız tək qaldı ata yurdunda. 

Ağacla, çiçəklə, güllə baş-başa,
Ömürdən geriyə illə baş-başa.
Külünglə, yabayla, bellə baş-başa,
Atamız tək qaldı ata yurdunda. 

Elədi zəhmətə bənd uşaqların,
Noğul uşaqların, qənd uşaqların.
Şəhərə tapşırıb kənd uşaqların,
Atamız tək qaldı ata yurdunda. 

***
Keçib üçdən, yeddidən,
Gəlib qırxa çatmışam.
Tanrı məni yaratdı,
Mən dünya yaratmışam -
Sözümlə... 

Keçib üçdən, yeddidən,
Qırxa salam vermişəm.
O dünyadan gəlmişəm,
Bu dünyanı görmüşəm -
Gözümlə... 

Keçib üçdən, yeddidən,
Qırx il ömür gətirdim.
Yollar məni götürdü,
Əlimə yol götürdüm -
İzimlə... 

Son yoxluqdu, boşluqdu,
Bir az tez, bir az da gec.
Salam, qırx yaşım, salam,
Xoş gəlmisən, buyur, keç -
...özümlə... 

***
Qaytarıb geriyə ötən illəri,
Ömürdən həsrəti pozmaq olarmı?
Yenidən bu eşqin oduna yanıb,
Yenidən qoynunda azmaq olarmı? 

Qar yağıb, qış gəlib, soyuqlar düşüb,
Soyuyub şəhərdə münasibətlər.
Üşüyür sözlərim şeirlərimdə,
Üşüyür küçədə sahibsiz itlər. 

Taleyin oynuna gəldik, gələli,
Unutduq qarşıda imtahanları.
Dilimiz, dinimiz fərqli deyildi,
Bədənlə ayırdıq sevən canları. 

Başqa bir ad ilə çıxsam qarşına,
Başqa bir imzayla yazsam olarmı?
Yenidən vurulsaq bir-birimizə,
Yenidən yolunda azsam, olarmı? 

***

Bu ad, bu bədən, bu can...
Qırx olsa, küsmə, şair.
Ömür günbəgün, an-an,
Çıxılsa, küsmə, şair. 

Dünya dönsə əksinə,
Tanrı görüb səksənər.
Ümidlərin köksünə
Ox olsa, küsmə, şair. 

Çıxsan özün özündən,
Çıxma Tanrı sözündən.
İlhamın göy üzündən
Yıxılsa, küsmə, şair. 

Qırxın özüsən, adam,
Xoş olsun ağrın, qadan...
Sözün, səsin dünyadan,
Yox olsa, küsmə, şair. 

Uman yerdən küsərlər,
Ah - şeirlər, əsərlər...
Sözü qurban kəsərlər,
Sağ olsan, küsmə, şair. 

***
Keçib üçdən, yeddidən,
Qırxa gəlib çatmışam.
Qırx ildi vəd vermişəm,
Özümü aldatmışam. 

Ruhum söz azarında,
Dünən, bu gün, yarın da...
Bu ömür bazarında,
Günü-günə satmışam. 

Dünyanın xoş çağında,
Yeddi rəng var ağında.
Mən ki, fil qulağında,
Mışıl-mışıl yatmışam. 

Əsir etdim hürr ömrü,
Anlamadım sirr ömrü.
Yelə verib bir ömrü,
Öz başımı qatmışam. 

***
Sən mənim eşqimin piri, məbədi,
Mən sənin oduna yandım əbədi.
Ürəyim səndədi, ruhum səndədi,
Alnıma yazılan yazımsan, qayıt. 

Ömrün tufanında, yağış çağında,
İlməli, düyünlü, naxış çağında,
Bu payız anında, bu qış çağında,
Ətirli baharım, yazımsan, qayıt. 

Neynirəm bu quru adı, neynirəm,
İçimi əridən odu neynirəm...
Doğmanı neynirəm, yadı neynirəm,
Sən mənim özümsən, özümsən, qayıt. 

Ən ülvi, ən incə dəyərlərimsən,
Duyğulu tamaşam, seyrlərimsən.
Yazdığım ən gözəl şeirlərimsən,
Ən şirin söhbətim-sözümsən, qayıt. 

Eşq haqdır, soyulur haqqın dərisi,
Sınaqdan çıxarmı yoxluğun dərsi.
Küsdürmə Faiqin ilham pərisin, 
Yolumsan, yönümsən, izimsən, qayıt. 

***
Gün gələr, ehtiras, həyəcan bitər,
Göylərə çəkilər, yerdə can bitər...
Susuz səhralarda bir fidan bitər,
Allahın işinə qarışmayın ki... 

Yaşamaq ümidlə, gümanla gələr,
Bəla ahla gələr, amanla gələr.
Yaxşılıq eləmək imanla gələr,
Yamanlıq etməklə yarışmayın ki... 

Dedilər, bu dünya boşdu, əbəsdi,
Yaşamaq özü də adi həvəsdi.
İnsanın xilası sevgidi, səsdi,
Nifrətə, hikkəyə alışmayın ki... 

Arzular ürəkdə axın-axındır,
Ölüm ayrılıqdır, ölüm yaxındır.
Nizam Allahındır, haqq Allahındır,
Nizamı pozmağa çalışmayın ki... 

Ürəyi daş olan anlamaz dilin -
Ağacın, yarpağın, çiçəyin, gülün...
Məni bu Faiqdən soruşun, bilin,
Məni başqalardan soruşmayın ki... 

***
Nəfəs alır, nəfəs verir,
Hər adam bir dam içində.
Tanrı səsinə səs verir -
Boğulur adam içində.
Bu dünya boşdu, neynim...
Günləri beşdi, neynim... 

Budayıb söz-söz ömrümü,
Sənə çələng bağlamışam.
Dedilər, kişi ağlamaz,
Ömrə gün-gün ağlamışam.
Gözlərim yaşdı, neynim...
Nə desən, xoşdu, neynim... 

Ayrılmışam bədənimdən,
Gəlib canana yetmişəm.
Ərş ilə fərşə üz tutub,
Eşqə, irfana yetmişəm.
Arzular uçdu, neynim...
Hava naxoşdu, neynim... 

Mərifətdən dərs almışam,
Təriqətim haqdır mənim.
Mən Allahın əsəriyəm,
Vicdanım Allahdır mənim...
Ayaqlar başdı, neynim...
Ürəklər daşdı, neynim... 

***
Ahıl yaşa, ağıl yaşa 
Yürü, şair Faiq, yürü.
Həqiqətdən nağıl yaşa,
Yeri, şair Faiq, yeri. 

Yaşıl ömrün sarı olar,
Bir də gördün yarı olar...
İlham pərin qarı olar,
Çürü, şair Faiq, çürü. 

Nəfəs gedər bir ah kimi,
Dünən kimi, sabah kimi.
Saxla sözü silah kimi
Diri, şair Faiq, diri. 

Görən nə var bu sehirdə,
O şeirdə, bu şeirdə -
Bir sümükdü, bir də, bir də
Dəri, şair Faiq, dəri... 

***
Sənin ürəyindən keçib gəlmişəm,
Sənin gözlərinə yazılıb adım.
Yükün Tanrı yükü, məramın eşqdi,
Gəl, məndən bir yeni "mən" yarat, qadın. 

Səni itirmişəm arzularımda,
Axtara-axtara uduzdum ömrü.
Bəs niyə gəlmişdin, uzaqlardasan,
Mən səndən alırdım İlahi əmri. 

And olsun göylərə, inama, eşqə,
Gəl məni yenidən yarat bacarsan.
Yollar kəsişərmi haqq dərgahında,
Mən yerə girərəm, sən də uçarsan. 

Uşaqlıq illərim, məsum illərim,
Bakıya boylanır Cəlilabaddan.
Al məni həyatın iztirabından,
Qurtar bu dünyamı dəli inaddan. 

Sənin gözlərinin qəm yüküyəm mən,
Doğmalar içində biz yadıq bəlkə?
Bəlkə də özümüz ola bilərdik,
Personaj rolları oynadıq bəlkə?... 

***
Dodaqla diş arası
Əsəbi çeynəyəndə,
Qədərə gülümsəyib,
Qismətə göynəyəndə,
"Budurmu sənin vəfan,
Etibarın?"- deyəndə,
Qapını bağlama, qız,
Ölməsəm, ağlama, qız. 

Səhərin pəncərəsin
Pis xəbərlə açanda,
Kədərdən ilhamlanıb,
Qanadlanıb uçanda,
Qaçanda Yer üzündən,
Adamlardan qaçanda,
Sirrini saxlama, qız,
Ölməsəm, ağlama, qız. 

Mən ölsəm nə dəyişər,
Ölürlər milyon ildi.
Milyon ildi bu ruhlar
Sevgilərə kəfildi.
Söz-söz çiçəklər açar,
Ölüm özü də güldü.
Gülü qoxulama, qız,
Ölməsəm, ağlama, qız. 

Hər şey agahdı, hər şey,
Açılmayan sirr kimi.
Bir həsrətin əlində,
Qalmısan əsir kimi.
Tufanların içində
Titrəmə ki, Yer kimi,
Göy kimi çağlama, qız,
Ölməsəm, ağlama, qız. 

Çələng kimi yollara
Sərilmişəm gəlmişəm.
Öz oxumla yay kimi
Gərilmişəm gəlmişəm.
Ölümlərdən dönmüşəm,
Dirilmişəm gəlmişəm.
Dərdi qucaqlama, qız,
Ölməsəm ağlama, qız.

Dekabr 2023
Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar