Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Getdiyimiz bir ünvan da artdı: II Fəxri Xiyaban...

Tarix: 05-11-2023 21:18     Baxış: 3423 A- / A+


Qənirə xanımla 20 ilə yaxındır şəxsən tanışdıq, yaradıcı əməkdaşlıq edirdik. Son üç il boyunca bilavasitə bir yerdə çalışırdıq – o, Milli Məclisin Mədəniyyət Komitəsnə sədr seçildikdən bir qədər sonra məni Komitənin eksperti vəzifəsinə dəvət etdi və o gündən sonra, demək olar, ailə üzvlərimizdən çox bir-birimizi görürdük. Qənirə xanımın başçılıq etdiyi balaca kollektiv və özünün təbirincə desək, könül dostları qrupu faktiki olaraq, durmadan çalışırdı… Təsəvvür edin pandemiya məhdudiyyətləri, II Qarabağ Müharibəsi, müharibədən sonrakı məsuliyyətli sürəc və Qənirə xanımın yüksək iş temposu… - biz son 3 ilin necə gəlib-keçdiyini hiss etmədik… O, insanların həyatına xeyirxahlıqla və sürətlə toxundu, zəngin xatirələr yaratdı və sürətlə də - vaxtsız-vədəsiz bizdən əbədi ayrıldı…
 
Qənirə xanım komaya düşən gündən şəxsən mənim telefonuma gələn zənglər, ismarıclar saysız-hesabsız idi… Yalnız yaxınlar, doğmalar, ortaq dostlar deyil, respublikamızın həmən-həmən hər guşəsindən, Türk dünyasının hər ölkə və topluluğundan yazır, zəng edir, maraqlanırdılar… Çoxuna da vaxtlı-vaxtında cavab verə bilmədim… Nə gizlədim, biz Qənirə xanımın itkisinə qətiyyən hazır deyildik. İlk günlər özəlliklə dözülməzdi… İş yoldaşmız çox haqlı olaraq, deyirdi, “elə bil vakkuma düşmüşük”… Hələ indicə yavaş-yavaş toparlanmağa çalışırq. Toparlanıb, onun yarımçıq qalan işlərini tamamlamaq istəyirik. Özəlliklə, bir neçə kitabı gün üzü görməsini gözləyir – əhdə vəfa olaraq, o işləri görməliyik. Sağ olsun, naşir dostlar, xeyirxah insanlar, vəfalı qardaşlar kitabların nəşrini üstəndiyini bildiriblər. Necə deyərlər, həyat davam edir…
 
Xalq yazıçısı ANARın 2014-cü ilin avqustunda – rəhmətlik Arif Əmrahoğlunun “40”ı ərəfəsində yazdığı “Arif Əmrahoğlunun şəkli” yazısını xatırlayıram:
 
“...Qırx gün bundan qabaq Arifin dəfnində çıxış edə bilmədim. Yaxın adamların matəmində danışmaq mənimçün  çətin olur.
 
Arifin xəstəliyi elə sürətli keçdi, elə qısa müddətdə təsəllisiz sonluqla tamamlandı ki, kədərlə gözlənilsə də  gözlənilməz ölümünə  də bir söz  yaza bilmədim. İndi vəfatından qırx gün sonra on yeddi il çiyin-çiyinə işlədiyim, etibarını, sədaqətini hər an duyduğum mənə çox yaxın, çox munis bir insan haqqında bir neçə kəlmə yazmağa ehtiyac hiss edirəm.
 
...Qırx gündür hər səhər işə gələndə ağrı və təəssüflə Arifin şəklinə baxıram. Fikirlidir, elə bil görüb bitirə bilmədiyi işlərin, ailəsinin fikrini çəkir. Ağıllı və müdrik insandı, amma  bəzən uşaq kimi sadəlövh, məsum olurdu. Şəklinə baxıram, bilmirəm  bəlkə mənə elə gəlir, sifətində bir az günahkar  ifadə də var. Sanki dünyada şərin, pisliyin, bəd əməllərin tar-mar edilməsi üçün edə biləcəyini etmədiyi üçün özünü günahkar  sayır. Əzizim Arif, sənin heç bir günahın yoxdur, bütün varlığınla xalqımızın, onun ədəbiyyatının, elminin, təhsilinin, dilinin  inkişafı üçün əlindən gələni səxavətlə, fədakarlıqla, təmənnasız və iddiasız  elədin. Səhhətinə, xəstəliklərinə məhəl qoymadan elədin.
 
Şəklinin qarşısında, masa üstündəki güllər solacaq, qırxından sonra şəklini masanın üsündən götürüb iş otağının divarında asacayıq. Və bura gələn hər kəsi o saf, təmiz çöhrənlə qarşılayacaqsan. Xatirən  qəlbimizdə heç zaman solmayacaq”...
 
Ustad yazıçının rəhmətlik Arif Əmrahoğlu haqqındakı bu təsirli yazısındakı duyğuları, düşüncələri mən eyni dərəcə ilə Qənirə xanıma, onun şəklinə baxarkən özümün keçirdiyim hisslərə şamil edərdim. Deyərlər, ağlın yolu birdir, məgər duyğunun, düşüncənin də yolu eyniymiş... Doğmanı əbədi itirincə keçirilən hisslər çox oxşarmış... Yəqin bu cümlələr sadəlöhv təsir bağışlayır – olsun... Bilirsiz, biz ailə üzvlərimizi, qohumluq-əqrabalıq xətti ilə doğmalarımızı itirəndə çox sarsılırıq, əlbəttə– bu təbiidir. Ancaq ailə üzvün olmayan, sonradan tanıdığın, doğmalaşdığın bir insanın itkisi səni dərindən sarsıdırsa – bu, artıq fərqli hadisədir, bir dəyərdir. – Onun əbədi ayrıldığına sarsılmağın, axıtdığın göz yaşları bir başqa dəyərin ifadəsidir. Bu, həm işıqlı dünyaya gözlərini əbədi yuman insanın həm də göz yaşı axıdan, sarsılan insanın dəyəridir. “Soyuq məzara zinnət insan”çün axıdılan göz yaşları dəyər yağmurudur...
 
Qənirə xanımın son günlərini xatırlayıram... Son iki gün işə erkəndən gəldi, beynəlxalq tədbirlər, çoxsaylı xarici qonaqlar vardı, onlarla planlaşdırılmış görüşlərdə iştirak etdi. Qatıldığı, çıxış etdiyi ən son tədbir Milli Kitabxanada Qazaxıstandan gəlmiş aydınların iştirakı ilə kitab təqdimatı oldu... Çıxış etdi, sonra köməkçisi mənə yaxınlaşıb, “xanım getmək istəyir, bir az narahatdır” dedi; mən təqdimat törəninin aparıcısı Nizami müəllimə (Akd. Nizami Cəfərov) yaxınlaşıb, Qənirə xanımın Sərdarlı ailəsi ilə birgə Qazax nümayəndə heyətinə qiymətli hədiyyəsi olduğunu, mümkünsə, bunu bir an öncə gerçəkləşdirmək lazım olduğunu söylədim. Nizami müəllim dərhal Qənirə xanımı və Sərdarlı ailəsini dəvət etdi, onlar mili ornamentli hədiyyəni təqdim etdilər və tədbir də az sonra yekunlaşdı... Nə biləydik, bu, onu son görüşümüzdür... Nə biləydik?.. Bəlkə bir az dərdləşər, bir az söhbətləşər yaxud evinə bərabər gedərdik... Ona ölüm ha yaraşdırmırdıq... Səhər o başdan bildik ki, gecə halı pisləşib və gecəykən Mərkəzi Klinikaya aparılıb... Klinikanın önünə getdik, ortaq dostlar, ailə üzvləri hər gün yığışdıq, dərdləşdik, söhbətləşdik, dağılışdıq... – Nə edə bilərdik ki? Ortaq dostumuz Elşad Eyvazlının həyəcanlı səsi yadımdadır: “Qardaş, bircə təsəvvür elə ki, orda yatan bizik, bizim yerimizdə Qənirə xanım... O, heç dinc durardımı? Aləmi bura tökərdi. Biz heç nə edə bilmirik”... Biz nə edə bilərdik ki? – Dua edirdik, alxış söyləyirdik, ağxalatlı görər-görməz üstünə cumur, sual yağışına tuturduq... İndi də dua edirik, yaxşı əməllərini xatırlayırıq, yarımçıq qalmış işlərini (kitablarını) düşünürük... Getdiyimiz bir ünvan daha artıb: indi yalnız evinə getmirik, II Fəxri Xiyabanda qəbrini ziyarətə gedirik...  
Ruhu şad olsun!















Əkbər QOŞALI

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar