Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Min ildi ruhumu ac buraxmısan, gözünü doyurmur yavan xatirə" - Təranə Dəmir

Tarix: 10-08-2023 10:40     Baxış: 2782 A- / A+
Təranə Dəmir


***

Bu zülmət gecədə, bu dar otaqda
Divar xatirədi, tavan xatirə.
Min ildi ruhumu ac buraxmısan,
Gözünü doyurmur yavan xatirə.

Görən nə saxlayır səndən bu gecə,
Böyründə, başında nə qalıb görən?
Gözlərim çırpınır fikir torunda,
Kirpiyim asılıb xatirələrdən.

Xəyallar gözümü yorur eləcə,
Yuxuma daş atıb qaçır xəyallar.
Gecə öz taxtında dincələ bilmir,
Qapısın bağlayır, açır xəyallar.

Pəncərə-pəncərə səhər açılır,
Pəncərə pəncərə bağlanır gecə.
Başımı qatıram sözlə, qələmlə,
Hər gün bir nağıla aldanır gecə.

Ayla danışıram, gecə boyunca
Göyün sinəsindən ulduz yığıram.
Bu təklik, tənhalıq vecimə deyil,
Səni unutmaqdan yaman qorxuram.


***

Bu şeiri gözəl yazırsız, amma çox kədərli yazırsız deyənlərçün yazdım.

Bu səhərdə başqa ruh var,
Bu səhər başqa səhərdi.
Torpağın üzü suludu,
Göyün üzü simuzərdi.

Çiçəklər də ayrı rəngdə,
Otlar da ayrı rəngdədi.
Arzular təzə tərdilər, 
Ümidlərsə bələkdədi.

Günəş səma yuvasından
Gülümsəyir yerə sarı.
Bir birini qucaqlayır
Ağacların budaqları.

Çiçəklərin başı üstə
Bülbüllər nağıl danışır.
Dəniz sahilə tələsir,
Çaylarsa axır, danışır.

Dağılıbdı fikir, xəyal,
Dərd də, ələm də dağılıb.
Bu səhər başqa səhərdi,
Gözündə sevgi doğulub.


***

Nə yaxşı bu şəhərlər,
Nə yaxşı küçələr var.
Nə yaxşı xatirələr,
Nə yaxşı gecələr var.

Darıxanda başını
Qatmağa yerin olur.
Təkliyin arasında
Ölüm də şirin olur.

Gəzirsən tənhalığı
O küçə, bu küçə sən.
Gülürsən, ağlayırsan?
Kimin nə vecinəsən.

Yanından gəlib keçir
Dərd alıb,dərd satanlar.
Baxırsan ki, heç yerdə
Xoşbəxt deyil adamlar.

Hamı nədənsə qaçır,
Ya harasa tələsir.
Özünü aldatmağa
Hərə bir küçə gəzir.

Hamı öz azarında,
Hamı öz qəmindədi.
Ürək dərd bazarında,
Dünya öz dəmindədi.

Nə yaxşı bu şəhərlər,
Nə yaxşı küçələr var.
Nə yaxşı xatirələr,
Nə yaxşı gecələr var.


***

Yenə boğur arzuları gözündə,
Yenə batır min günaha bu payız.
Heç bilmirsən dərdi nədi, səri nə,
Fikrin salıb darıxmağa bu payız.

Hara baxsan susuzluqdı, quraqdı,
Hardan tutsan söz-söhbətdi, qınaqdı,
Gəlib gedən töhmətinə qonaqdı,
Söz də tapmır ovutmağa bu payız.

Çölü sazaq, içindəkin bilən yox,
Əl uzadıb göz yaşını silən yox,
Həsrətinin öhdəsindən gələn yox,
Yol da vermir qayıtmağa bu payız.

Hey boylanır bu qapıdan, o camdan,
Bilən də yox nə istəyir adamdan,
Ara-sıra ürəyinin adından
Pıçıldayır ağ varağa bu payız.

Gah odlayır, gah da tutur yağışa,
Çəkir səni min enişə, yoxuşa,
Nə qoymur ki, başın eşqə qarışa,
Nə də qoymur unutmağa bu payız.

Günəşinin şəfəqləri ayazdı,
Təsəllisi, nəsihəti dayazdı,
Məhəbbəti ayrılığa boğazdı,
İnanma ki, vüsal doğa bu payız.


***

Vətən ana, vətən torpaq, vətən eşq,
Vətən qaya, vətən çiçək, vətən daş.
Vətən,Vətən bağırmaqla olmur e,
Heç bilirsən nə üstədi bu savaş?
Vətən söz yox, vətən anddı, vətəndaş.

Hər naləsi ürəyindən keçməli,
Hər ağrısı kürəyindən keçməli,
Məhəbbəti bələyindən keçməli,
Sevgi zorla alınmır e, a "qardaş",
Vətən söz yox, vətən anddı, vətəndaş.

Çəpərindən yolunacan vətəndi,
Tikanından kolunacan vətəndi,
Təpə-dırnaq bu ruh, bu can vətəndi,
Məndən keçir ayağına dəyən daş,
Vətən söz yox, vətən anddı, vətəndaş.

Damarından kafir qanı axdısa,
Taxtın,tacın axırına çıxdısa,
Ürəyində el qeyrəti yoxdusa
Elə get ki, dalınca da qara daş,
Vətən söz yox, vətən anddı, vətəndaş.
Vətən qaya, vətən çiçək, vətən daş!


***

Gəl asılaq xəyalların gözündən
Gecə-gecə ulduz-ulduz darıxaq.
Ömrümüzün yanlışından, düzündən 
Keçə-keçə ulduz-ulduz darıxaq.

Qaçıb gedək bu şəhərin əlindən,
Bu payızın, bu xəzəlin əlindən,
Nağıl yazaq ulduzların dilindən,
Küçə-küçə, ulduz-ulduz darıxaq.

Bax görürsən, ulduzlar da qoşadı,
Qaranlığa hərəsi bir daş atır,
"Payız keçir, yollarımız qışadı"
Deyənəcən ulduz-ulduz darıxaq.

Sahil-sahil qarmaq ataq səhərə,
Dəniz-dəniz əl uzadaq səhərə,
Yavaş-yavaş gedib çataq səhərə,
Səhərəcən ulduz-ulduz darıxaq.


***

Elə bil ki, dəniz daşır səmadan,
Bu haçanın yağışıdı, İlahi?
Biz bilmirik, bəlkə elə bu yağış
Yazla qışın barışıdı, İlahi?

Sazaqlardan diri çıxan bu torpaq
Gedib gəlib göy üzünə əl açır.
Orda bulud ürəyini boşaldır,
Burda dağlar, burda daşlar dil açır.

Yağış yuyur ağaçların saçını,
Meyvələrin üzü gülür budaqda.
Su içdikcə tumurcuqlar dirçəlir,
Bahar söz-söz şeirləşir varaqda.

Yağış deyil, buludlardan nur yağır,
Sehrlənir şeh altında göy otlar.
Göz yaşıyla öz eşqini torpağa
Damcı-damcı pıçıldayır buludlar.

Elə bil ki, dəniz daşır səmadan,
Bu haçanın yağışıdı,İlahi?
Biz bilmirik, bəlkə elə bu yağış 
Yazla qışın barışıdı, İlahi?


***

Asılmışam gözündən,
Gecə, keç günahımdan.
Bu qaranlıq, bu zülmət
Küçə, keç günahımdan.

Bu dünya bir sınaqdı,
Gəl günah, get günahdı,
Qoşulmuşam nə vaxtdı
Köçə, keç günahımdan.

Yaşadım neçə ömrü,
Daş ömrü, çiçək ömrü,
Verdim bir qoca ömrü
Heçə, keç günahımdan.

Bu dünyada görəsən
Nə var ölümdən asan?
Canım da yox alasan
Əcəl, keç günahımdan.


***

Yenə də gün doğdu, səhər açıldı,
Torpaq, gözün aydın, Yer, gözün aydın.
Göyün sinəsindən günəş asıldı, 
Dünya, yatağından dur, gözün aydın.

Oyandı çiçəklər, daşlar oyandı,
Ağaclar oyandı, quşlar oyandı,
Hər yanda göylərin çırağı yandı,
İşıq, gözün aydın, nur, gözün aydın.

Günəş dincliyini tapdı Xəzərdə,
Yüyürdü Xəzərdə, çapdı Xəzərdə,
İpək saçlarını öpdü Xəzər də,
Dəniz, gözün aydın, tel, gözün aydın.

İşığa salama gəldi bu dünya,
Sevindi bu dünya, güldü bu dünya,
Səhərin əlində qaldı bu dünya,
Gecə, nəfəsini dər, gözün aydın.

Ürəkdə arzular coşdu yenə də,
Qaynadı yenə də, daşdı yenə də,
Qaranlıq atından düşdü yenə də,
Səhər, əllərini ver, gözün aydın.

Yenə də gün doğdu, səhər açıldı,
Torpaq gözün aydın, Yer gözün aydın.
Göyün sinəsindən günəş asıldı,
Dünya, yatağından dur, gözün aydın.


***

Bilmirəm hayandan keçim
Yolun xətrinə dəyməsin?
Bu qanqalın, bu tikanın,
Kolun xətrinə dəyməsin.

Bir canım var, min günahım,
Su günahım, dən günahım,
Hara atım mən günahı
Əlin xətrinə dəyməsin?

Küləkdən, yağışdan keçim, 
Hamardan, qırışdan keçim,
Durum necə qışdan keçim
Gülün xətrinə dəyməsin?

Hər gün bir arzu göyərir,
Hərəsi bir canda qərib.
Vaxt yetişib, necə dərim
Kalın xətrinə dəyməsin?

Nə çox dərd var yaşanası,
Nə çox yük var daşınası,
Bu dünya ölüm yuvası,
Olun xətrinə dəyməsin.


***

Nə dünyadı bu, Allah,
Gəl günahdı, get günah,
Ömür də ki, baxta baxt,
Nöqtələr...

Yoxdu mizan, tərəzin,
Nədir Yerlə qərəzin?
Düşüb dalınca gəzir
Kölgələr.

Elə bil daşdı hamı,
Ayazdı, qışdı hamı,
Vurub yıxır adamı
Hikkələr.

Sevgi nədi, eşq nədi?
Ürək dərdə təşnədi,
Heç yerinə düşmədi
Bəlkələr...


***

Təzəcə düşübdü göyün bətninə,
Hələ bu gecənin doğulmağı var.
Hələ bu gecənin ulduzgördüsü,
Hələ ulduz-ulduz darıxmağı var.

Hələ ki, küçələr, evlər oyaqdı,
Hələ ki, cırtdanlar, divlər oyaqdı, 
Hələ ki, kəndirlər, iplər oyaqdı,
Hələ ki, ümidin boğulmağı var.

Sahildə öpüşən ləpirlərə bax,
Şəhər də oyaqdı, dəniz də oyaq,
Qayaya çırpılan dalğalarsayaq
Arzunun arzuya sarılmağı var.

Hələ toranlıqla dilləşir gecə,
Hələ Günlə, Ayla əlləşir gecə,
Hələ ki, taxtında əyləşir gecə,
Hələ ki, taxtından yıxılmağı var.


***

Şeytanmı, iblismi gəzib bu bağda?
Küləkmi, tufanmı əsib bu bağda?
Görən neçə nəğmə susub bu bağda,
Bu bağın yiyəsi kimdi görəsən?

Çiçəklər kolunda qarıyıb qalıb,
Meyvələr budaqda çürüyüb qalıb,
Bu bağ ayaq üstə quruyub qalıb,
Bu bağın yiyəsi kimdi görəsən?

Ağacın gözündə yaşa bax, Allah,
Başının üstəki qışa bax, Allah,
Qupquru torpağa, daşa bax, Allah,
Bu bağın yiyəsi kimdi görəsən?

Gələndən, gedəndən üz görməyib ki,
Sığal görməyib ki, naz görməyib ki,
Bu bağ bircə dəfə yaz görməyib ki,
Bu bağın yiyəsi kimdi görəsən?


***

Kim bağlayıb bu qapını görəsən,
Bu qapını kim açacaq, İlahi?
Hirsə düşüb əvvəl-axır bu qapı
Üstümüzə yıxılacaq, İlahi.

Gecə-gündüz baxışları yol ölçür,
Bircə borcu ödəyəmmir yüz fikir.
Yörəsindən xeyir keçir, şər keçir,
Heç kim bilmir qapı yazıq nə çəkir.

Hansı ahın yiyəsidi görəsən,
Lənətlənib, küfürlənib bu qapı.
Biz bilmirik bəlkə elə əzəldən
Öz əliylə möhürlənib bu qapı.

Dili də yox öz baxtını ağlasın,
Bu qapının qapı boyda dərdi var.
Bu qapını öz üzünə bağlayıb,
Qapı-qapı, açar-açar yordular.

Kim bağlayıb bu qapını görəsən,
Bu qapını kim açacaq, İlahi?
Hirsə düşüb əvvəl-axır bu qapı
Üstümüzə yıxılacaq, İlahi.


***

Yolum düşdü əyrilərdən,
İçimdəki düz utandı.
İnandım hər can deyənə,
Çörək küsdü, duz utandı.

Söz atdılar, susub durdum,
Hər ağrıya dözüb durdum,
Səadətdən yazıb durdum,
Varaqdakı söz utandı.

Başım üstə yellər əsdi,
Aylar əsdi, illər əsdi,
Yüyürdüm qışa tələsdim,
Könlümdəki yaz utandı.

Bir quru ada aldandım,
Doğmaya, yada aldandım,
Yalançı oda aldandım,
Yerindəki köz utandı.

Sevdalandım, günah oldu,
Dərddən yazdım, qınaq oldu,
Bu günüm də sabah oldu,
Dilimdəki döz utandı.


***

Səsin qulağıma gəlmir haçandı,
Daha çağırmırsan yazı, qaranquş.
Yadından çıxıbdı bu yurd, bu yuva,
Deyən unutmusan bizi, qaranquş.

Yolunu çən, duman kəsib deyəsən,
Ürəyin bahardan küsüb deyəsən,
Kimsə qanadını kəsib deyəsən,
Yarana basıbdı duzu, qaranquş.

Getdin qayıtmadın geriyə bir də,
Bizim bu bəndlərə, bərəyə bir də,
Dönüb boylanmadın bəriyə bir də,
Yoxdumu dönməyə üzün, qaranquş?

Qoyduğun bu yerlər qış qalıb hələ,
Tikan qalıb hələ, daş qalıb hələ,
Baharın qucağı boş qalıb hələ,
Yoldadı hamının gözü, qaranquş,
Yaman unutmusan bizi, qaranquş.


***

Götür bu məhəbbəti,
Öz könlünə biç, gedək.
Gözümdəki həsrəti
Damcı-damcı iç, gedək.

Bahar nədi, qış nədi, 
Hamısı bəhanədi,
Könlün eşqə təşnədi,
Qıfılını aç, gedək.

Qar qapını alınca
Düşdük nağıl dalınca,
Töhmət yedik doyunca,
Qoymadılar ac gedək.

Nəyə lazim küs-barış,
Bacarırsan gül, danış,
Əllərimdən bərk yapış,
Ürəyimdən keç, gedək.


***

İşıqmısan, nurmusan?
Könlümlə bir olmusan.
Dadından doymaq olmur,
Sən nə şirin duyğusan ,
EŞQ!

Küsməyin başqa aləm
Barışın da gözəldi.
Sevincini demirəm,
Göy yaşın da gözəldi,
EŞQ!

Vüsalsan, ya həsrətsən?
Mükafatsan, töhmətsən?
Adını EŞQ qoyublar_
Hər nəsən gözəl dərdsən,
EŞQ!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar