Xəbər lenti
Damarlarında vətən axan şair
Elnur Uğur
Çağdaş ədəbiyyatımızın ən parlaq simalarından biridir Elnur Uğur.
Şeirlərini vərəqlədikcə, Nizaminin nəfəsini də duymaq olur, Xətainin qüdrətini də. Əsərlərində bir-birindən bənzərsiz, janr və vəzn fərqliliyi ilə fəlsəfi duyğularını elə ustalıqla çatdırır ki, oxucu yorulmur, əksinə növbəti hadisələrin necə cərəyan edəcəyini heyrətlə gözləyir.
Elnur Uğurun köksündən pardaqlanan nəğmənin lokomativi eşq olduğu üçün həmişə zəfərə doğru addımlayır. Ruhu nikbin, duyğusu safdır. Damarlarından Vətən axır. Ona görə çağlayan təbi, rəvan deyimləri var. O, həm də bir heykəltəraşdır. Hərflərdən söz, sözdən misralar yonduqca, bəndlərin ilahi ucalığı könül ovsunlayır. Ovsunlu kəlmələrin məna yükünü artıran, onu ağırlaşdıran isə bənzətmələr, metaforalar, təşbehlərdir.
Qələmə aldığı “13 Əfsanə”dastanı 44 günlük Vətən müharibəsində hərb tariximizin şanlı səhifəsini qanı ilə yazan oğulların mübarək imzası, möhürü olmaqla bərabər, həm də müharibə ədəbiyyatımıza düşən işıqdır.O işıqda aydınlanan misra karvanı bir şahidin dili və Elnurun tükənməz təbi ilə kitablanıb.
Misralarda Xocalının fəryadı, Ağdabanın iniltisi, Meşəlinin ahı, Ballı qayanın naləsi, Başlıbelin harayı dil açdıqca könüllər sızlayır. Ərşə bülənd olan fəryad bənd-bənd sıralandıqca, kəlmə-kəlmə düyünlənib,heca-heca qoşmaya, bayatıya çevrilib qulaqları titrədir. Tarixin qan qoxulu səhifələrinə ölümsüzlük toxumu səpən, səpildikcə cücərən, boy atan, şaxələnən, qüdrətindən qəhrəmanlıq, iffətindən həya doğan, zəhmindən yenilməzlik, fəhmindən hikmət qaynayan cəsarət simvollarının ibrətnaməsi dastanlaşıb könül-könül gəzir. Əl-əl ələnən, dil-dil dolaşan, el-el ulaşan, süzülüb durulaşan, şəhid qanında qüsullanıb paklaşan sətirlərin döyünən ürəyi Laçın, görən gözü Kəlbəcər, başının tacı Şuşa, şah damarı Qarabağ olduqca, səsi-sədası məmləkətin hüdudlarına sığmayacaq. Görk olacaq dünyaya cəsurların yenilməzliyi, yenilməzlərin cəsurluğu. Qələmi qılıncdan iti, sözü nizədən kəsərli, qalxanı daş parçalayan sərrafların hədəfini Haqq təyin etdiyindən mənzili ürəklərdə qərarlaşar. Nizami zirvəsində qanad açmağı, Füzuli dəryasında üzməyi, Mövlana mərtəbəsində paklanmağı, Xətai cəsarətində qılınc çalmağı, Şəhriyar həsrətində aşiq olmağı – xalqa, torpağa bağlılığı onu ölümsüzlüklə mükafatlandırar.
Təxəllüsü onun bəsirət gözüdür. Ayların, hətta illərin o üzünə işıq tuta bilir, qaranlıqda büdrəməyən, yoxuşlarda yorulmayan, zəhməti istirahət sanan, günü əbəs yaşamayan müəllif misra-misra çağladıqca, heca-heca kükrədikcə, kəlmə-kəlmə işıq saçır. O işıq hər kəsə yol açır. O işıq zülmətləri aydınladır, sabaha ümid yaradır. O işığın haləsində hərarətlənən, o işığın hikmətindən bəhrələnən də o işığın nurunu səcdəgah sanır. İşıq oğulların, aşiq oğulların səcdəgahı da Vətəndir. Vətənin xoş günü xoşnud etdiyi kimi, dar günü də büsat olmalıdır. Ona görə də...
Vətən yaralarını bağlamağa
oğul gərək! deyir müəllif.
Gözümüz eşqin səngəri, qəlbimiz qibləmiz olduqca, laləzarlığa çevriləcək ayaq basdığımız ulu yurd. Dilimiz haqqı danmadıqca, Haqq kürəyimizdə olacaq. Könlümüz bulanmadıqca, səflərimiz dağılmayacaq. Mayamıza haram qatılmadıqca, sıralarımız seyrəlməyəcək, birliyimiz vəhdət təşkil etdikcə, düşmən bata bilməyəcək. Nə yer yarılmayacaq, nə göy parçalanmayacaq biz ədalətə göz yummadıqca. Eşqimizin mayasından doğacaq nəğmələr bəstə-bəstə, dəstə-dəstə ruhumuza hopacaq Uğurun uğurunda...
Ruhumuz ona bağlı
Sevgi varlıq mayası
Səhər danı qızardır
Eşqimizin həyası!
Müəllifin qələmində təvəllüd tapan “13 ƏFSANƏ”nin ucalığı ilahi duyğuların vəcd halıdır. Ölümü ilə ölümə meydan oxuyan, şəhadəti şərbət sanan azmanların timsalında səflənən misraların dəyəri də təfəkkürdən ələklənən hikmətin hökmündədir. Qarı düşmən bu hökmə asi olduğu üçün insani dəyərlərdən də uzaqdır. Qəlbində həsəd, paxıllıq toxumu əkənin biçəcəyi də bəllidir. Biçənəklərin yerini nifrət, məkr, hiylə tutduqca, namusun, şərəfin, qeyrətin, eləcə də şüurun dərki instinktə çevrilir və heyvani duyğular önə çıxır. Ermənilərdə olduğu kimi...
Torpaq güllələnirdi
Vətən bağrı qan idi
Düşmən utanmırdı ki,
Utanan zaman idi.
“13 Əfsanə” dastanı hərb tariximizin qanlı və şanlı səhifəsi olduğu kimi, min illərin o üzünə bənd olmuş, özülü halallıqdan yoğrulmuş bir körpüdür. Sütunlarında bügünümüzün, sabahımızın maddi-mənəvi dəyərləri əks olunan silinməz bir qaladır. Şir biləkli azman oğulların cəsarətindən bərqərar olan, əfsanələşən bu əsər qəhrəmanlıq dastanımız olmaqla yanaşı, “Kitabi-Dədə Qorqud” ömrü yaşayacağı şübhəsizdir. Çünki zirehi dəmir yumruq olan oğulların hər biri ölümsüz əsgər, hər biri yenilməz sərkərdə idi. Ölümsüzlükləri ilə daşlaşan sərkərdələr and yerinə çevrilməklə, ilahi dərgaha ucaldılar, daş üstə zamanın axdığı kimi...
Danışır şəkilləri
Dipdiri daşdan baxır
Məzarları and yeri
Daş üstə zaman axır.
E.Uğur demiş: Torpağa qan qatışanda vətən olur, qatışdı Vətən torpağına şühədaların şəhdi-şirəsi. Axdı torpağın dərin qatına, kirəc bağlamış damarlara məlhəm oldu. Torpaq nəfəs aldı rahat-rahat. İllərin o üzündən bir səs gəldi - Xocalıda süngüyə keçirilən körpənin hıçqırtısı idi o səs, başının dərisi soyulan yaşlı atanın naləsi idi o səs, əllərinin xınası qurumayan məhrəm baxışlıların fəyadı idi o səs, gözünün qarşısında anasına işgəncə verilən, qolları məftillə qandallanmış yaralı əsgərin harayı idi o səs. Müəllif o ağrıların, acıların bitməsində ədalətin təzahürünə, qeybin nidasına ümid bağlamaqla yanaşı, həm də bu vəhşətin bitməsinə ümidlə baxır. İnanır ki, zülümlərə son qoyulacaq, işgəncələrin ömrü bitəcək. Eyni zamanda müəllif qeyd edir ki...
Bitmək həm də başlanğıcdı.
Bəzən səhra ürəklərdə
Ha eləyirsən
Sevda ağacı bitmir.
Bax bu bitmək gərək
Bu bitməklə göyərəcək
Kölgəsində sərinlənə biləcək nə varsa.
Uğurun hər misrasında, hər kəlməsində bir işartı var, ən qorxulu, vahiməli, “buradan o tərəf yol yoxdur, bu bir sondur” düşündüyümüz halda, ümid işartısı yeni bir qapının kandarını işıqlandırır. Onun işığı öləzimir, sönmür, o ümidsizliyə qapılmır, sarsılmır. Haqqa söykəndiyi üçün yolundan büdrəmir. Onun fitrətindən doğan duyğular kiminə əl ağacı, kiminə mənəvi qida, kiminə könül yoldaşı, kiminə də nazlı nigardı. Kiminə qətiyyət, kiminə səxavət, kiminə təpər, kiminə də qılıncdı, qalxandı. Bir sözlə, onun vərəqlərə sərdiyi, mayası haqdan yoğrulan misralar dost üçün cəsarət, düşmən üçün “dəmir yumruq”du, düşmənin başına endirilən zərbəsidir Azərbaycanın...
Zirvəyə qalxdı qəti
Xalqın iradəsi,
Vətən niyyəti!
Birləşdi bütün barmaqlar
Bir əldə düyünləndi
Enməmək üçün qalxdı zərbəsi Azərbaycanın!
Oğullar deyirəm, hər biri bir qaya, alnının qırışı qoz qıran, zəhmi bağır yaran, harayı dodaq çatladan oğullar...Düşmənin 30 ilə getdiyi yolu 44 günə qət etdilər. Bir-birinə kürk oldular, sazaqlarda börk oldular, imtahandan qalib çıxıb görk oldular. Qartal cüssəli yurdunbeynindən ürəyinəcən yol çəkdilər – Yenilməzlik yolu!Yuxunu soyunub, andlarıyla yuyunan əfsanə oğullar “Ya Haqq!” deyib Hadruta – Ağoğlana, Füzuliyə, Cəbrayıla, Şuşaya, Zəngilana, Qubadlıya, Laçına, Kəlbəcərə yürüdülər. Dağıtdılar düşmənin səfini, pərən düşdü hər biri öz cərgəsindən. Tankların nəfəsi kəsildi, qaçanların qutu qurudu, silah anbarlarında alov çatıldı bayram tonqalıymış kimi... Gurlayan silahlar susduruldu, alovdan kömürləşən buludlar yerin həngaməsindən kövrəlib duruldu, qazi evlər, şəhid şəhərlər azadlığına qovuşdu, Uğurun uğurunda...
Azadlığına qovuşdu
Füzulidə əsir qalmış
Tavanı, döşəməsi olan binalar.
Evlərin içində bitən ağaclar
Sanki yurdundan didərgin düşmüş sakinlərə
Təsəlli bitmişdi.
O ağacların kölgəsində neçə ruh nəfəs dərmişdi
Allah bilir!
əfsanə oğullar əfsanə yazdılar
xilas edildi şəhid şəhər,
qazi evlər!
Müəllifin tükənməz ilhamından puçurlanan Kamilin, Camalın, İlkinin, Sübhanın, Beyrəyin, Ramiqin, Tərzanın, Həmidin, Kərimin, Eltonun, Elyarın, Xəyyamın, Şəhriyarın qəhrəmanlıq dastanı mələklərin qibtə etdiyi tamaşaya çevrildi, sevginin mübtəlası oldu. Nivəsi torpaq olan bu eşqin ölçü meyarı daelə eşqin özündə dəyərləndi. Uca göylərin mehrabı (Nizami Gəncəvi) olan eşqin.
Eşqin yürüdüyü “Növbəti dayanacaq sevgi adlı dayanacaq idi” deyir müəllif. Sevgi onları son hədəfə çatdıracaq, ilahi mərtəbəyə yüksəldəcəkdi. Ona görə də məmnun idilər hər biri. Sevgi ilə düşmənin üzərinə şığıdılar, yaralandılar – ayağa qalxıb irəli atıldılar, şəhid olanları çiyinlərinə alıb qarşıdakı hədəfə irəlilədilər, sursatları bitdi – düşməni silahlarından istifadə etdilər, su ehtiyatı tükəndi – buluddan nəm çəkdilər, ərzaqları qurtardı – otla qidalandılar. Amma yenilmədilər. Yenə də kəsilmədi düşmənin ardı-arası. Uğurun misralanan harayı, hayqırtısı kimi...
Silahları bitdi,
Sevgiləri ilə vuruşdular, dönmədilər
Və ya
Ha biçdilər alaq ömürləri, bitmədi!
Ha kəsdilər calaq ömürləri, yetmədi!
Yurd müvazinətini itirəndə əməliyyat masasındakı Vətənə qan verdilər dirək oğullar. Yurdu ayaqda tutmaq üçün canlarından keçməyi gözə aldılar. Çünki bir şəhid boyu böyüyəcəkdi Vətən. Şəhidin qanı ilə yoğrulan torpaq müqəddəsləşəcəkdi daha da.
Düşmən xəyallar, xülyalar içində yenilməzliyini sübut etməyə çalışsa da, anlamadı ki, aslan təklənəndə daha təhlükəli olur. Nərəsi qulaq batıran oğulların sinəsininkeçilməz sədd olduğunu dərk etmədi düşmən. Ona görə də məhvə sürükləndi, ölümə qucaq açdı. Bununla da qəhrəmanlıq dastanı yazıldı qurd ağızlı azman oğulların cəsarətindən. Elə bir dastan ki, varlığımızı, kimliyimizi, soyumuzu dünyanın o biri ucuna daşıyacaq.
Sabah bu azad vətən
Hər dərslikdən
Sizin sevdanızı oxuyacaq
Onlar da sabaha ötürəcək
Bu sevgini.
Siz hərənizə bir sevgi əkdiniz
Gələcəyin bətnini
Eşqlə yüklədiniz.
Sabah mütləq bu eşq dünyaya göz açacaq.
Biz olmasaq da
Bizsiz də
Vətən yaşayacaq!
Şəhid adı yaşayacaq!
Qanıyla bu torpağa paklıq möhürü vuran, şəhid sevdasıyla eşq dastanı yazan oğullar...Qanınızdan yurd yoğurubcan bahası öc aldınız, azad torpaqlarımız qanınızdan cücərdi. Yurdun istiqbalına canınızdan can verdiniz. Dünyanın vicdanını silkələdibaşdaşınız.
Sən bu yurdun cəsarəti
Yenilməzlik rəmzisən
Atillanın zəkası
Mete Xanın əzmisən.
Misralardan şölə saçan sərkərdəlik məharəti Tanrının eşq süfrəsi kimi aşiqlərə açıq oldu. Yoxsa bir damla şəhid qanı bir ömürlük ibadət ola bilməzdi.Torpağıma susayanın su həvəsini öldürdünüz,“Vətən, sənə canım fəda” deyərək aşiqliyin himnini yazdınız,su əvəzi Vətən andı içib ölümə doğru irəlilədiniz. Ölüm sizdən qorxdu, çəkindi. Ölümlə əlbəyaxa oldunuz, ölüb yaşayan oğullar... Qoca tarix çox az gördü ruhu şanlı ərləri. İllər keçsə də, güllə səsləri kəsilsə də, tapdaq altda inləyən torpaqlar rahatlıq tapsa da, şəhid qanından göyərən çiçəklər çəməni bəzəsə də, sızqa çeşmələrin gözü açılsa da, şəlalələrin şırıltısı, quşların pırıltısı artsa da...
Müharibə bitsə də
Tarix danışır hər gün.
Bu taydan o taya haray salan həsrət işartıları ruhun işığında səssizliyin nərəsini dünyaya bəyan etməklə, on milyon mücahidin həsrət nəğməsini nota almış oldu. Cansız ürək, ürəksiz can olmadığı kimi, hərarəti ilə dağları əridən vulkanlar da az deyil. Elə bir vulkan ki, oyanışı dünyanı lərzəyə gətirər, lavası dərdlərə dərman olar. Müəllifin hicran ağuşunda ümid közərənmisralarındakı kimi...
Təbriz- Bakı bir ürək,can!
Zəncirlidir hələ Zəncan,
O tayına bu tayından,
On milyonsəsveribyurdum!
Əllimilyonluqbircanıq,
Hələkiyatmışvulkanıq.
Biz kihaqqüçünqalxanıq,
Bəskimlərendirib,yurdum?
Yaxud
Bu dəniz həyatda sən,mən
Eşqimizi edək yelkən.
40 milyon səfərbər ikən
Gedək Təbrizə,Təbrizə!
Ümid yaşamın sütunu, əyilməz dirəyidir. Ümid bağlı qıfıllar üçün sehirli çubuqdur. Ümid sabahdan umacağın bir sıçrayış, bir təkandır. Ümid bəxtin qara qutusu, sirli mücrüsüdür. Ümid zülmətin düyünlərini açan bir çıraqdır. O çırağın şöləsində addımlayan yolçu qaranlığın korafəhmliyində büdrəməsə, ilahi qüdrətə sahib olacaq. Yəni işığa çatacaq. İşıq isə ümidin inama çevrilmə halı, inikasıdır. Varlığı saran ümid inamda əks olunanda bütün ağırlıqlar “ah” olub ərşə çəkilir. Müəllif dediyi kimi...
Bir ümid var o daşın altda
Qaldır o daşı!
Qaldır, ağrıları qaldıracaqsan, bəlkə də
Bir ana sinəsindən.
Hər kəlmədə, hər əməldə, uçan quşların səfində, bulaqların zümzüməsində, Günəşin qürubunda, qurunun oduna yanan yaş odunun fısıltısında, hətta arıların vızıltısına nazlanan çiçəklərin ətrində, ard-arda söykənən rəngbərəng güllərin düzülüşündə bir hikmət arayır müəllif. Suların şırıltısında torpağın münbitliyi, çiçəklərin ətrində təbiətin şəfakarlığı, qurdun ulartısında türklüyün yaradılışı, himnin yazılışında dövlətçiliyin varlığı əks olunduğu kimi, göy düyməli, yaşıl qollu qırmızı köynəkdə təcəlla edən dövlətin əsas atributu da uca dağların ucalığında günəşə kölgə salır.
Köynəyinin yaxası qırmızı,
Qolları yaşıl,
Düymələri göy.
Kürəyinə ay- ulduz döy.
Elnur Uğurun qələmə aldığı bu əsər mükəmməl bir epopeyadır. Oxuduqca dəyərlənən, dəyərləndikcə oxucu kütləsi qazanan və həqiqətdən yoğrulan şahidlərin tarixi, tarixin şahidliyidir. Bu əsərdə dünənimizdən bügünümüzə işıq düşübsə, deməli, zülmətin bağrını yarmışıq. “13 Əfsanə”nin qüdrəti ilə qaranlıqlara işıq tutan Elnur Uğur kimi...
Ötərxan ELTAC
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar