Xəbər lenti
İsmayıl Şıxlının “Namərd gülləsi” əsərində mərdlik və namərdlik anlayışları
İsmayıl Şıxlı 22-i mart 1919-cu ildə Qazaxın İkinci Şıxlı kəndində anadan olmuşdur. İsmayıl Şıxlının yaradıcılığı olduqca zəngindir.
Onun “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerkləri Azərbaycan ədəbiyyatı nəsrinin zənginləşməsində birbaşa rol oynamışdır. Ədibin “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanları həm məzmun, həm də forma gözəlliyinə malikdir. İsmayıl Şıxlı Azərbaycan nəsrinin uğur qazanmasında əvəzsiz rola malikdir. İsmayıl Şıxlı 26 iyul 1995-ci ildə Bakıda vəfat etmişdir. Ədib Fəxri xiyabanda dəfn olunmuşdur. İsmayıl Şıxlının “Namərd gülləsi” əsərinin mövzusu mərdlik və xeyirxahlığa qarşı edilən namərdlik və bədxahlıqdır. Yazıçının əsərinin əsas qəhrəmanı olan Niftalı koxa xaraktercə çox mərd və xeyirxahdır. İsmayıl Şıxlının “Namərd gülləsi” əsərinin baş qəhrəmanı olan Niftalı koxa xaraktercə Hüseyn Cavidin “Ana” pyesindəki Səlma ana obrazını xatırladır. Səlma anada xeyirxah bir insan olduğu üçün evinə pənah gətirən kimsəsiz, qərib qonağı qapıdan qovmur. Niftalı koxada eyni ilə belə edir, heç tanımadığı gəlmə Mürşüdə evini açır, ona torpaq, at verir, onu qohum qızlardan biri ilə evləndirib, ev-eşik sahibi edir. Niftalı koxa olandan sonra həyatı səksəkə içində keçirdi. O, istər-istəməz xətrə dəyməli olurdu. İsmayıl Şıxlı “Namərd gülləsi” əsərində Qaçaq Kərəmində obrazını yaradıb, onun xarakterindəki igidliyi, mərdliyi, qorxmazlığı, dürüstlüyü oxucuya çatdırmağa nail ola bilmişdir. Əsərdə Niftalı koxa ilə Qaçaq Kərəm uşaqlıq dostu, sirdaşı kimi təqdim olunurlar. Ədib eyni zamanda Sovet hökumətinin Niftalı koxadan Qaçaq Kərəmi hökumətə təhvil verməsini tələb etməsini çox böyük yazıçı ustalığı ilə qələmə almışdır. Sovet hökuməti Niftalı koxadan nə qədər də Qaçaq Kərəmi tutub təhvil verməsini tələb etsələrdə, mərd insan olan Niftalı koxa bunu etməmişdir. Çünki Niftalı koxa yaxşı bilirdi ki, Qaçaq Kərəm kəndlərdə, şəhərlərdə haqqı, ədaləti bərpa etməyə çalışırdı. Yazıçı əsərdə igidlik, mərdlik, qorxmazlıq, dürüstlük kimi xüsusiyyətləri Niftalı koxanın simasında təqdim edir. Əsərdə mərdlik və namərdlik, xeyirxahlıq və bədxahlıq anlayışları Niftalı koxa və gəlmə Mürşid obrazlarının timsalında qarşılaşdırılır. Əsərdə Niftalı koxa və gəlmə Mürşid obrazları əks qütblər kimi təqdim olunmuşdur. İsmayıl Şıxlı “Namərd gülləsi” əsərində namərdə arxa çıxmamağı, yaxa verməməyi, mərdə arxa olmağı təbliğ edir. Niftalının atası hardansa azıb gəlmiş, bu Allah bəndəsini təpədən-dırnağa diqqətlə süzəndən sonra, oğlanın çuxura düşmüş gözlərindən xoşu gəlməmişdi. Lakin Niftalının ona çox yazığı gəldi və yırtıq çarığından barmağı çıxmış gəlmə Mürşidə arxa-dayaq oldu. Gəlmə Mürşüd diribaşlıq edib, tez bir vaxtda əlinə maya salıb, Tiflisə, Gəncəyə ayaq açdı. Evinə getməməyə, şəhərdə kefdə-damaqda olmağa, uşaqlarına baxmamağa başladı. Gəlmə Mürşüd xaraktercə çox nadürüst, namərd adam idi. O, Niftalı koxanın məsləhətlərinə qarşı onun üzünə ağ olub, cavab qaytarır. Niftalı koxanında işi çətin idi. O, koxalığa keçəndən sonra istəsə də, istəməsə də xətrə dəyməli olurdu. Divan-dərədən nə qədər uzaq gəzsə də, onların gözünə sataşmamağa çalışsa da olmurdu, axtarıb tapır, üzünü danlayırdılar ki, filan oğrunu niyə tutmamısan, filan qaçağa niyə çörək veriblər, niyə qoyubsan Qaçaq Kərəm Kürdən keçib yaylağa qalxıb? Niftalı koxa çarəsiz idi ya gərək dözərdi, ya da gərək onları da özü ilə bərabər sürüyüb boyunduruqlu-moyunduruqlu tökərdi Kürə. Onun artıq başqa çarəsi yox idi. Yazıçı “Namərd gülləsi” əsərində əslində vəzifənin, rütbənin necə ağır bir yük olduğunu oxucuya çatdırır. Hələdəki bu rütbədə olan Niftalı koxa kimi igid, mərd, qorxmaz, dürüst adam idisə. İsmayıl Şıxlı “Namərd gülləsi” əsərində Niftalı koxanın gəlmə Mürşüd tərəfindən öldürülməsi səhnəsini təsvir edərkən “Kövşənlərin xışıltısı, yarpaqların pıçıltısı, arxın şirıltısı, cırcıramaların səsi birdən-birə zəiflədi, uzaqlaşdı və eşidilməz oldu. Havanı qarsalayan ilğım elə bir qor kimi gözünə doldu, bəbəklərinin önündə dalğalandı və dumana çevrildi, hər şey bu dumana büründü…” İsmayıl Şıxlının “Namərd gülləsi” əsərində Niftalı koxa can verərkən, onun yanında uşaqlıq dostu, sirdaşı Qaçaq Kərəm var idi. Yazıçının Niftalı koxaya elə bil ki, yazığı gəlirdi. Belə bir igid, mərd, qorxmaz, dürüst adamı namərd gülləsi ilə öldürsə də, canını mərd qollarında aldı, gözlərini özü kimi igidə bağlatdırdı. Namərd Mürşidin gülləsi Niftalı koxanın kürəyindən dəyib sinəsindən çıxmışdı. İsmayıl Şıxlı “Namərd gülləsi” əsərində Niftalı koxa ilə Qaçaq Kərəmin dostluğunu və bir-birində ayrı düşməklərinin səbəbini “Çox-çox əvvəl bir yerdə oynadıqları, Kürü üzüb Qarayazıya keçdikləri, atları yalmanlayıb kənd arası ilə çapdıqları, gözaltı elədikləri qızların görüşünə bir yerdə getdikləri uşaqlıq dostu, uşaqlıq sırdaşı idi. İndi isə bir-birlərinin üzünə həsrət qalmışdılar. Yaraqlı-yasaqlı idilər. O, Kərəmə yaxın düşə bilmirdi, Kərəm də ona. Kərəm tüfəng götürüb dağlara-daşlara düşmüşdü. At belində ömür keçirirdi. Başının dəstəsi ilə Tiflisdən vurub, Gəncədən çıxır, Dilican dərəsində haqq-ədalət divanı qurur, dağları aşıb Arazı keçir, sorağı gah İrəvandan gəlirdi, gah da İrandan. Niftalı koxa isə evində, qohum-qardaşının əhatəsində səksəkə içində yaşayırdı. Koxa olandan sonra dəyişmişdi. Kərəm ona bir-neçə dəfə ismarış eləmişdi ki, kənd adamlarına dəyib- dolaşmasın, amma xeyri olmamışdı. Kərəm onu axtarırdı, çoxdan axtarırdı qulaqburması vermək üçün” belə aydın təsvir etmişdir. İsmayıl Şıxlı “Namərd gülləsi” əsərində Qaçaq Kərəmin igidliyini, mərdliyini, qorxmazlığını, dürüstlüyünü onun Niftalı koxanı gəlmə Mürşüdün öldürdüyünü biləndə onu azad buraxmağı səhnəsinin təsvirində görürük. Çünki o çox yaxşı bilirdi ki, onsuz da Niftalının qohumları onu sağ buraxmayacaqlar. O, əlini belə xainin qanı ilə murdarlamaq istəmirdi. Beləliklə də, o, Gəlmə Mürşüdün tüfəngini də, atını da əlindən alıb, aralarından qovur. Qaçaq Kərəmin digər igidliyi, mərdliyi, qorxmazlığı onun Niftalı koxanın meyitini kəndə özünün aparmağı idi. Qaçaqlar cənazənin ardınca dinməz-söyləməz addımlayırdılar. İsmayıl Şıxlının “Namərd gülləsi” əsərində “Namərd gəlib mərd olmaz, boyunca qızıl qala”, “Namərdə tuş gələnin işi düyünə düşər”, “Mərddən bir xəta, namərddən min”, “Mərdin gözü tox olar, namərdin gözü ac”, “Mərd gördüyün deməz”, “Mərd mərdi qanar, bərkdə oduna yanar”, “Mərd özündən bilər, namərd yoldaşından”, “Namərdə yaxa vermə, mərdə arxa ol” və s. kimi atalar sözlərinin hikməti özünü göstərmişdir. İsmayıl Şıxlını “Namərd gülləsi” əsəri özünün yığcamlığı, dilinin obrazlılığı, rəvanlığı, təsvirlərinin əlvanlığı ilə ədibin ən dəyərli əsərlərindəndir. Bu əsər yazıçının nəsrinin gücünü özündə ehtiva edə bilir. Yazıçı əsəri ilə Azərbaycan ədəbiyyatına yeni nəfəs vermiş, poetik, oxunaqlı bir formaya malik əsər yaratmışdır. Əsər Azərbaycan dilinin, eləcə də söz sənətinin imkanları baxımından olduqca qiymətlidir və Azərbaycan nəsrinin zənginləşməsinə xidmət edir.
Həcər Atakişiyeva
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar