Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Başımızı girləyirik, nə gedir vaxtdan gedir" - Təranə Dəmirdən şeirlər

Tarix: 27-02-2023 18:15     Baxış: 2446 A- / A+
Təranə Dəmir


***

Görəsən kimin dərdidi
Yapışıb yaxamızdan.
Göydən neçə alma düşə
Çıxmırıq yuxumuzdan.

Başımızı girləyirik,
Nə gedir vaxtdan gedir.
Dünya da vurub çıxmağa
Əldən, ayaqdan gedir.

Gözümüzə baxa-baxa
Gözümüzü oyurlar.
Üzümüzə gülə-gülə
Dərimizi soyurlar.

Daşı nə yaman ağırmış,
Həqiqətin, İlahi.
Gözləyirik haqqa dəyə,
O da çətin, İlahi.

***

Heç bilmədim kimə verdim baharı,
Hansı gözün qarasında itirdim.
Heç bilmədim hansı gülün üzündə,
Hansı şeirin arasında itirdim.

Bir də gördüm gözlərimdən qış baxır,
Yerişim də, duruşum da qış adam.
Yazda payız, payızda qış ümiddi,
İndi görək nə gələcək qarşıdan?

Ha sevgidən,ha həsrətdən yazım mən,
Kim baxar ki,ürəyimin rənginə?
Ümidimi sabahıma saxlayım,
Sonrasını Tanrı bilər, mən kiməm.

***
Bir ömür dalınca düşdüm,
Bir ömür gəzdim səni.
Gəzdim bəyazda, qarada,
Çağırdım, susdum səni.

Axtardım dağın başında,
Çölün düzündə gəzdim.
Ulduzların arasında,
Göyün üzündə gəzdim.

Bilmədim boyun neçədi,
Dadın necə, bilmədim.
Səni gəzə-gəzə ömrü
Verdim heçə, bilmədim.

...Harda qaçıb gizlənmisən?
Bir işığa çıx görüm.
Ədalətsən, həqiqətsən-
-Hərnəsənsə qalx görüm.

Sən qələmin məhəbbətdən
Küsən çağında gəldin.
Xəzəllərin dağda,daşda
Gəzən çağında gəldin.

Elə gəldin, heç bilmədim
Payız nədi, qış nədi.
Mənim qəlbim elə bircə
Məhəbbətə təşnədi.

İlin,günün bu vaxtında 
Kimim vardı sevəsi?
Harda idin bu çağacan,
Ay könlümün yiyəsi.


***
Anasın itirən uşaqlar kimi,
Ayrılıq gətirən uzaqlar kimi,
Evinə tələsən qonaqlar kimi
Darıxıram.

Səhərə sürünən gecələrsayaq,
Zülmətə bürünən küçələrsayaq,
Bir gözüm yuxulu, bir gözüm oyaq,
Darıxıram.

Ümidim bir kibrit çöpü boydadı,
Həsrətim pəncərə, qapı boydadı,
Azadlıq boynumun ipi boydadı,
Darıxıram.


***
Bu dünya sənin əsərin,
Göy də sənin,Yer də sənin.
Cəhənnəm də,gor da sənin,
İlahi!

Toplayan da, çıxan da sən,
Dağıdan da, yığan da sən,
Uzaq da sən, yaxın da sən,
İlahi!

İblis səndə, mələk səndə,
Qəbir səndə, bələk səndə,
İnsafa gəl görək sən də,
İlahi!

Az yırğalan taxtda görək,
Bir az dayan, toxta görək,
Qürrələnmə çox da görək,
İlahi!

Nə tökürsən yer dənləyir,
Gah sulayır gah yemləyir,
Nəfəsin ölüm dəmləyir,
İlahi!

Bu dünya sənin əsərin,
Göy də sənin, Yer də sənin,
Günahınıq burda sənin,
İlahi!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar