Xəbər lenti
Ədəbi imzalar Rüstəm Behrudi haqqında: "O öz ruhunu dinləyən şairdi"
Bu gün müasir Azərbaycan ədəbiyyatının ünlü simalarından biri olan Rüstəm Behrudinin 65 yaşı tamam olur.
Yubileyar haqqında bir sıra tanınmış ədəbiyyat adamlarının, ictimai şəxslərin fikirlərini sizlərlə bölüşürük:
***
Mən Rüstəm Behrudini qırx ilə yaxındır ki, tanıyıram. Bizim onunla görüşümüz çox qəribə bir şəraitdə baş verib. Biz Rüstəmlə qonşu kənddə yaşayırdıq. Həmin vaxt kənddə toy var idi. Rüstəm Behrudi ilə elə həmin toy məclisində tanış olduq. Elə o vaxtdan Rüstəm Behrudi onun yadında istiqanlı bir insan kimi qalıb. Sonra şeirləri ilə tanış oldum. Gördüm ki, çox istedadlıdır.
Onunla bağlı xatirələrimiz çoxdur. Yadıma gəlir, bir dəfə rəhmətlik Əbülfəz Elçibəylə bulvarda gəzişirdilər. Üz-üzə gəldim, görüşdük.Yağışlı havada "Qaragilə" mahnısı da oxuduq. Elə oldu ki, bir məkanda əyləşəsi olduq. Rüstəmin şeirləri ilə birinci dəfə bax, orada tanışlığım başladı. Əbülfəz bəy dedi ki, Rüstəm bir neçə şeir oxusun, dinləyək. Açığını deyim ki, o vaxta qədər onun yaradıcılığı ilə tanış deyildim. Həmin görüşdən sonra mütəmadi olaraq Rüstəmin Behrudinin şeirlərini maraqla izləmişəm.
Yeri gəlmişkən onu da deyim ki, o məndən çox etibarlıdır. İndiki vaxta ondan etibarlı adam tapmaq çətindi. Ən pis vaxtlarımda belə heç vaxt məni yadından çıxartmadı. Bu məqamda bir nüansı da qeyd edim. Düşünürəm ki, Rüstəm Behrudi qeyd-şərtsiz Xalq şairi fəxri adına layiqdir. Bu, onun haqqıdır.
Əkrəm Əylisli
Yazıçı
***
Rüstəm Behrudi bir şaman nəvəsidir. Hüseynzadə Əli, Ziya Göyalı, İsmayıl Kasnıralı, Yusif Akçura bunların hamısı birər Şaman nəvəsi deyilmi?!
Rüstəm Behrudi zamanlar üstündə yaşayan bir şair. Onu oxurkən həyəcanıma sədd vurmaq mümkün deyil. Ağırbaşlı bir yazı ilə Rüstəm anlatılmaz. O Kərəmin ağzından çıxan alovdur, özünü də yandırar, məni də. O şüşənin dibindəki devdir, özünü də qəhr edər, məni də .
Rüstəmi ağırbaşlı bir yazıya sığdırmaq mümkün deyil.
Əhməd Bican Əculasun
Professor
***
Rüstəm Behrudinin ötən əsrin 80-ci illərində 25-30 yaşı ancaq olardı. Həmin dövrlər bütün türk xalqlarının yenidən oyanış dövrü idi. O Qazaxıstanda, Özbəkistanda şeirlər oxuyanda, çıxışlar edəndə biz göz yaşları içərisində, ayaq üstə onu alqışlayırdıq. Rüstəm Behrudiyə görə , Azərbaycan xalqı xoşbəxt taleli xalqdır. Belə bir şair yetişdirib.
Muxtar Şaxanov
Qazaxıstan və Qırğızıstanın Xalq yazıçısı
***
İllər öncə Naxçıvandan gəlmiş 22 yaşlı Rüstəm Behrudi, əlində bir dəstə şeir, "Yazıçı" nəşriyyatında mənim qapımı döymüş, şeirləri haqqında rəyimi öyrənmək istəmişdi. Oxuduğum ilk şerindən onun şəksiz və parlaq istedadını, sözünün kəsərini, ruhunun mənə doğmalığını, düşüncələrinin genişliyini hiss etmiş və ona xeyir-dua vermişdim.
Tezliklə Rüstəm köçüb Bakıya gəldi, iş yoldaşım oldu, yaxın dostuma, sirdaşıma, mübarizə yoldaşıma çevrildi. Qardaşlarımla da dostlaşdı, Yardımlıdakı ocağımıza getdi, bu ocaqda həmişə qonaq kimi yox, övladlardan biri kimi qarşılandı.
İndi Rüstəm Behrudi şöhrəti Azərbaycanın sərhədlərini adlamış, şeirlərinin, publisistikasının milli ruhu, yüksək poetik ovqatı və üsyankarlığı ilə oxucularən sevgisini qazanmış, görkəmli qələm sahibi, böyük sözün və böyük türk ruhunun daşıyıcısı, milli- mənəvi varlığımızın keşiyində dayanan əsgərlərdən biridir.
Əzizim Rüstəm! Sən mənim gözümdə həmişə kənddən yenicə gəlmiş, o gənc oğlan, tələskən, haqsızlığa dözməyən, senzurasız dahisən!
Sabir Rüstəmxanlı
Xalq şairi
***
İlk baxışda Rüstəm Behrudinin şeirləri dəliliyi xatırladır. Dərinə endikdə anlayırsan ki, bu, dəliliyin müdrikliyidir.
Elçin Əfəndiyev
Xalq yazıçısı
***
Rüstəm Behrudinin şeirləri, türk ruhu haqqında əbədiyyət nəğmələridir. Oljas da nəhəngdir. Çingiz Aytmatov da, Rüstəm Behrudi də onlar kimi mənəvi, arxeoloji işi yerinə yetirir.
Nizami Cəfərov
Akademik, tənqidçi
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar