Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Səxavət Sahilin “Nar ağacının nəğmələri”

Tarix: 06-07-2022 20:14     Baxış: 4524 A- / A+
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabında toplanan şeirlər silsiləsi torpaq-budaq-yarpaq üçbucağının vəhdətini əks etdirir. Təbiətin ünsürləri cəmiyyətin ünsürlərinə təsirsiz qalmır.
 Yarpaq budağa pənah gətirib, budaq da yarpaqdan yapışıb.Yarpaq saralır yerə-torpağa tökülür, torpaq onu həzm etdikdən sonra yenidən budağa yollayır, budaq da yarpağa yönəldir:
İndi burda payızdı,
ömrünün qürub çağıdı yarpaqların.
Yağışlar başlayanda
torpağa qarışacaq,
torpağa hopacaq yarpaqlar...
Və bir gün – gələn baharda
ağacın köklərindən yapışıb yuxarı qalxacaq,
gövdəsindən tutub, budağa qayıdacaq, öz yerinə qonacaq yarpaqlar

Zaman keçir vəhdət pozulmur. Təbiətin bu cür pozulmaz qanunları cəmiyyətə də sirayət edir. İnsanlar yaranır – torpağın üstündə gəzir və sonunda torpağın altında məskunlaşır:
Yazda tumurcuqlayan,
yayda qızaran,
payızda qaralan
nar oluruq,
saralan yarpaq oluruq,
sonra da torpaq oluruq.

    İnsan oğlu nə qədər ki, budaq və yarpaq kimi torpağın üstündədir, onun həyatı nar kimidir. Əvvəli çiçək olur. Sonra meyvə kimi böyüyür. Formasına görə yer kürəsinə oxşayan narın içində çoxlu dənələr olur. İnsanlar planetlərində bir-birinə sığınıb yaşadıqları kimi, dənələr də bir-birinə sığınır. Hətta arakəsmələrlə bir-birindən ayrılır. Və nəhayət, nar yetişir:
Budaqların gül açacaq,
böyüyəcək, nar olacaq.
Yaşıl-yaşıl yarpaqların
arasında bar olacaq.

Yetişmiş narı insan yeyir. İnsan özü də sonunda torpağa baş qoyur. Ağacda qalıb çürüyən narın aqibəti də torpağa yenilmək olur. Bir sözlə, neyləyirsən elə, sonunda torpağınsan: “Döşənir ayağına narın öz yarpaqları, yalvarır, haray çəkir, xəzəl-xəzəl yellənir”. Bəs bütün bunları insan dərk edirmi? Axı insanın dərrakəsi buna yetərlidir. Səxavətin şeirlərindəki nar əslində insanın özünə baxışıdır:
Yarpaqlarını qızıla çevirib
təzminat verən nar ağacı
baharı gözləyir-
İsanın göylərə dikilən
Gözlərini xatırlayıram.

İnsan var ki, nar kimi şirinliyindən çatlayır, insan var ki, turşməzədir: “Dərilməmiş nar qalıb çılpaq budaqda - büzüşüb yetim kimi, möhtac olub bir cüt ələ”. Narı ağacından dərəndən sonra bir xeyli yaşaya bilir. Nəticədə ya yeyilməlidir, ya da çürüyəcək. İnsan da belədir, böyüyüb boya-başa çatıbsa, təyinatı üzrə istifadə edilir: “Körpəliyim pöhrələrin altında qaldı, Uşaqlığım torpağa düşdü Budağından vaxtsız qopan nar kimi”.  Səxavətin şeirlərindəki “nar payızı” darıxmağıyla daha çox gözə dəyir:
Bu darıxmaq deyil e,
nəsə ayrı bir əzabdı.
Bəlkə də, 
darıxa bilməmək əzabıdı.
Bilirsən, nar ağacı...
... bəlkə də, elə sən bilirsən.

    Ümumiyyətlə, kitabdakı şeirlərdə məntiqi vurğu narın üzərinə düşür. Şair narın bizə tanış olmayan çalarlarını təqdim edir: “Gümüşü yarpaqlar içindən boylanır gümüşü nar” və ya “Qara yarpaqlı nar ağacı Qara dənəli nar gətirir” – sətirlərində reallıqdan əsər-əlamət yoxdur. Gümüşü rəngdə nə yarpaq, nə də nar olur. Şair isə oxucunu bu kəşfinə inandırır. Eləcə də qara yarpaqlı və qara dənəli narın gerçəkliyi uydurmadır. 
    Səxavət Sahil poetik fiqurlara çox can atmasa da, az deyir, düz deyir və təkrarsız deyir: “Min illik qarğış kimi bulud tutub ay işığını”, “Bir igidin ömrü qədər kəsib ay işığını qara buludlar”, “İndi budaqlar utancaq qız deyil, uşaq gözləyən ana kimidir”, “Çarmıxdakı oğluna baxan Məryəm kimi, eləcə qopduğu budağa baxır yerdə çürüyən nar”, “Məsihin edamını görmədiyi kimi, 26 fevralda da Yumulmuşdu Tanrının gözləri”-  misralarındakı təşbehlər bunun güzgüsüdür. Başqa bir şeirində isə bənzətmə mənbəyi klassik ədəbiyyat olsa da, müasir baxış göz önündədir:
Hanı, hökmdar,
sənin qalan?!
Hanı, qızıl payız,
sənin xalın?!

Hökmdarların qurub yaratdıqları qalaların zamanın sınağından çıxa bilməməsi “Mədain xərabələri”ndən üzü bəri çox çək-çevir edilib. Lakin payızın yarpaqlardan yaratdığı xalının aqibətinin həmin qalalarla müqayisəsinə rast gəlinməyib. Yaxud da frazeoloji birləşmənin yaratdığı metaforaya diqqət edək: “Küləyin qulağından uzaq, elə saralıb ki nar yarpaqları, bir əsim himə bənddi” – Yarpağın tökülməsi təbiətin, külək təbiətin. Şair isə saralmış yarpağın budağında nə qədər çox qalarsa, o qədər uzun ömürlü olmasına inanır. Nə vaxtsa, budaqdan torpağa düşəcək, lakin yarpaq torpaqdan budağa qalxa bilməyəcək.

Gülnar Səma
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar