Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Sabah nə olacaq, deyə bilmərəm, bu gün bəxtəvərəm, şükür Allaha! -ŞEİRLƏR

Tarix: 13-04-2022 21:34     Baxış: 2461 A- / A+


Manevr.az Rafiq Yusifoğlunun yeni şeirlərini təqdim edir:


SIRA NƏFƏRİ

Yolumun üstündə qazdılar quyu,
Təxirə salmadım bircə səfəri…
Zirvəyə can atdım həyatım boyu,
Olmaq istəmədim sıra nəfəri…

Mənə qanad verdi gizli təkanlar,
Şeir güllərindən çələng toxudum.
Yolumun üstündə bitən tikanlar
Yalın ayğıma meydan oxudu…

Köksümdə ürəyim üsyana qalxdı,
O da sahibi tək inaddı, tərsdi…
Başımın üstündə şimşəklər çaxdı,
Azmı dəli sellər yolumu kəsdi?

Azalda bilsə də duman işığı,
Sazağa düşsə də, çiçəkli yazım,
Qəlbimdən boylanan iman işığı
Məni qaranlıqda qoymadı azım…

Yağan qar qorxutmaz qocaman dağı,
Gün çıxsa, şaxtanın sınar quluncu…
Əgər olmasaydı dost badalağı,
Mənə neyləyərdi düşmən qılıncı?

Yaz tək qarşıladım ömrün qışını,
Nahaqqı çaşdırdı Haqqın zəfəri…
Sıraya dursa da bədxah qoşunu,
Çox şükür, olmadım sıra nəfəri…


DÜŞÜNCƏ SELLƏRİ

Bir yağış gəldi ki, tufan gücündə, –
Səngərdən yan ötüb, Kəpəzi tutdu…
Yoxsa qərq olardıq sel-su içində,
Bizi bu leysanın şəpəsi tutdu… 

Gövdəsi mamırlı qoca palıddan
Quru budaqları ayırdı gəldi…
Görünməz bir qüvvə qara buluddan
Şimşək qılıncını sıyırdı gəldi…

İldırım çevrildi qorxunc fişəngə,
Leysan ot tapdayır, çiçək əzirdi.
Buludlar dönmüşdü topa, tüfəngə
Gurultu səsindən yer, göy əsirdi… 

Güllə yağışıydı elə bil dolu,
Hara dəyirdisə, yaralayırdı…
Quşlar, kəpənəklər  dibində kolun 
Başını soxmağa yer arayırdı…

Qara buludlardan üzülən yağış,
Qarışqa boydaydı, filə dönürdü…
Dağın dabanından süzülən yağış
Dərənin qoynunda selə dönürdü…

Bir-birinə dəyib axırdı daşlar,
Hücuma keçmişdi leysan qoşunu…
Susurdu qanadı islanan quşlar,
İnsan düşünürdü tutub başını…

Özü tənzimləyir dünya balansı,
Perikən durnalar gölə dönərmiş.
Buluddan ayrılıb damla olan su
Yerlərdə birləşib selə dönərmiş.

Gözlər boylansa da  ulduza, aya,
Yaralı quş kimi ürək ağlayır.
Güman buludları dönüb damlaya,
Düşüncə selləri coşub çağlayır…


DUSTAQ MƏNZƏRƏLƏR

Baxışa həsrətdi dustaq mənzərə,
Ədalət yoxdusa, uğur da yoxdu.
Hər yer hasarlanıb, dogma Xəzərə
Getməyə yol nədi,  cığır da yoxdu…

Ağrıdan, həsrətdən göynəyir içim,
Qəfəsdə quş kimi çırpınır ürək…
Doğma sahillərdə dincəlmək üçün
Üzüb Aşqabaddan gələsən gərək…

Suya həsrət qalıb körpə fidanlar,
Acgöz işığı da gözə çox görür.
Haram tikləri lüm-lüm udanlar,
Bir udum havanı bizə çox görür…

Qışda da qıymazlar dağın qarını,
Kimdi qulaq asan elin sözünə?
Xalqın sərvətinin qapılarını
Harınlar bağlayıb xalqın üzünə…

Kimin həddi nədi sözə baxmaya,
Bağlanıb dənizin bəndi, bərəsi.
Şəhərə qurbansız su buraxmayan
Qırxbaşlı əjdaha olub hərəsi…

Düyünlü ağaca neyləsin rəndə?
Abrına qısılan el fağır olur…
Bəndə nəfs ucundan düşəndə bəndə,
Allahın cəzası çox ağır olur…


HƏLƏ Kİ

Başımın üstündə şimşəklər çaxır,
Xoş ətir gətirir səhər yelləri.
Çat-çat ürəyimə yağışlar yağır,
Köksümdə çağlayır sevgi selləri…

Könlü göydə olan baxmaz aşağı,
Zamanın selləri axıb, durular.
Gözümdə bərq vurur iman işığı,
Hələ ki, qəlbimdə sevgi nuru var…

Bir eşq ocağıyam, çətin sönəm mən,
Sanma ki, dünyanı tərk eləyirəm.
Ulu Yaradanın sevgisini mən
Hər gün zərrə-zərə dərk eləyirəm…

Ömrümə nur saçan eşq günəşim var,
Zərrəsi əvəzdi zərə, altuna!
Hələ yer üzündə xeyli işim var,
Köçmək istəmirəm yerin altına…

Hələ ki, his etmir sevgi çırağım,
Nə yerdən, nə göydən doya bilirəm.
Çox şükür, hələ ki, insan olmağın
Şirin ləzzətini duya bilirəm.

Özümü nahaqdan öyə bilmərəm,
Qəlbimdə yer yoxdu fəğana, aha! –
Sabah nə olacaq, deyə bilmərəm,
Bu gün bəxtəvərəm, şükür Allaha!


HƏLƏ AYAQ ÜSTDƏYİK

Byüdükcə qəlbimiz dərdimiz də böyüdü,
Bələd olduq dünyanın biz çikinə-bikinə...
Nə qalıb ki, çatmağa axı mənzil başına? –
Zaman çapır  atını bizi alıb tərkinə...

Arabir lil qarışıb mənim ömür çayıma,
Kimdi axı hay verən harayıma, hayıma?
Ömür qum saatı tək axıb gedir, ay aman!
Yaşlandıqca adamın birə düşür kürkünə...

Müdrik ağsaqqal edir zaman körpə uşağı,
Su işıqla öpüşür yaranır göy qurşağı,
Sünbüllər dən tutanda başı enir  aşağı,
Hamı dınür əslinə, hamı dönür kökünə...

Keçi dinc dayanmasa, başı dəyər çomağa,
Vaxtımız çatacaqmı bizim günah yumağa?
Dünyanı dərk edəndə çevrilirik yumağa,
Ayaqlar tab eləmir qocalığın yükünə...

Yolumuzun üstündə uca barı, çəpər var,
Hasarın o üzündə kəkotu, qantəpər var,
Qəlbimizdə eşq nuru, dizimizdə təpər var,
Hələ ayaq üstəyik şükür olsun bu günə!

       
      HAQQ ŞAİRİ

“Dünyanın xoş üzü, sərt üzü burda,
Sevinc üzü burda, dərd üzü burda.
Haqq şairi Rafiq Yusifoglunun
Bərq vurur brilyant, dürr sözü burda...”

                    Hafiz Rüstəm

“Rafıq Yusifoğlu şəxsiyyəti, yaradıcılığı ilə könüllərdə taxt-tac qurmuş görkəmli şairimizdir. Belə yaradıcı insanlarımız indi tək-təkdi.”
                  Zülfüqar Şahsevənli


Mənə Haqq şairi deyən şairlərə salam olsun! 
Qəlbimizi nurlandıran bir ilahi kəlam olsun!
Gəlsin xəbislər ordusu qorxumuz yox zərrə qədər,
İman nuru söz mülkündə topdağıtmaz qalam olsun!

Özgə cibə göz dikənlər hər an  umur xalqdan gəlir,
Onlar bunu unudur ki, bütün çaylar dağdan gəlir.
Halal ilham mayasını götürür ilahi nurdan, –
Gözəl sözlər ucalıqdan, gözəl sözlər Haqqdan gəlir...

Qovrulub həsrət odunda de, nə qədər göynəyim mən?
Özgələrin ağrısını keçirdim ki, köynəyimdən 
Mənim əzizim, xələfim, mənim doğma balam olsun...

Sevgidi dərdlərə məlhəm, sevgidi ürəyə açar,
Xalqın dılini bilməyən “xalq şairi” xalqdan qaçar, –
Mənə Haqq şairi deyən şairlərə salam olsun!



VAR

Nə ürəyimin dincliyi,
Nə gözümün yuxusu var.
Sarı yarpağın içində
Yaşıllanmaq duyğusu var.

Sızlamaq könül işidir,
Harayımı kim eşidir?
Həsrət sazağı üşüdür, –
Hər yaşın öz qayğısı var...

Çiçəklər bitib izimdə,
Eşqin nuru var səsimdə,
Qışda belə nəfəsimdə
Tər bənövşə qoxusu var...

Bulq kimi çağlayanın,
Quşu göydə saxlayanın,
Haqqa könül bağlayanın
Nahaqdan nə qorxusu var?!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar