Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dünən ölkənin Təhlükəsizlik Şurasının iclasında Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərinin ərazilərindəki separatçı "Donetsk Xalq Respublikası"nın və "Luqansk Xalq Respublikası"nın Rusiya Federasiyası tərəfindən "dövlət müstəqilliyinin tanınması" barədə fərman imzaladı. Rusiyanın Federasiya Şurası məsələyə baxaraq qərar verəndən sonra tanınma artıq dövlət səviyyəsində olacaq.Bu tanıma Donetsk və Luqanskdakı separatçı rejimlərə ciddi, genişmiqyaslı olaraq heç bir əhəmiyyətli preferensiyalar vəd etmir.
Əvvəla, bu tanınma beynəlxalq hüquq baxımından tamamən aberrativ olmaqla yanaşı, bu qərarın istər Rusiyanın özünə, istərsə də separatçı rejimlərə heç bir praktiki xeyri yoxdur.
Tam əksinə, qərar Moskvaya və separatçılara böyük itkilərlə ziyanlar gətirəcək.
Presedentlər də var.
Gürcüstanın tərkib hissəsi və əraziləri olan Abxaziya ilə Cənubi Osetiyadakı separatçı rejimlərin də "müstəqilliyi" Rusiya tərəfindən tanınıb.
Bu "tanınma" abxazlarla osetinlərə Rusiya Federasiyasının pasportundan savayı heç nə verməyib. Abxaziya və Cənubi Osetiya dünya birliyi tərəfindən təcrid edilmiş ərazilərə çevrilib, həmin məkanlar sürətlə yoxsullaşır və deqradasiya edir.
Fəqət 2008-ci ildə Suxumidə və Sxinvalidəki separatçı rejimləri tanıyandan sonra Rusiya beynəlxalq arenada tam təcrid edilmədisə, Donetsk və Luqanskdakı separatçıların rəsmən tanınması Moskvaya çox böyük itkilər vəd edir.
Luqansk və Donetskdəki separatçı rejimlər indi eyforiyadadır. Real olaraqsa qondarma "DXR" və "LXR"in Rusiya tərəfindən "müstəqil respublikalar" qismində tanınması heç nəyi dəyişmir. Donetsk və Luqanskdakı separatçı rejimlər indiyədək Moskvadan tam və istisnasız, qeyd-şərtsiz idarə olunduqları və maliyyələşdikləri kimi kimi, bundan sonra da proseslər eyni məcrada davam edəcək.
Qərb birmənalı olaraq Rusiyanın bu qərarını pisləyib. ABŞ, Britaniya, Kanada və bir sıra ölkələr Rusiyaya qarşı əlavə cəza sanksiyalarının tətbiq ediləcəyini bəyan ediblər.
ABŞ Prezidenti Cozef Bayden Rusiyanın qondarma DXR və LXR-i tanıması ilə əlaqədar bu "respublika"lara qarşı sanksiyalar haqqında fərman imzalayıb.
Fərman ABŞ-dan DXR və LXR malların, xidmətlərin və texnologiyaların ixracını, satışını, tədarükünü qadağan edir.
"DXR və LXR-in tanınması Rusiya Federasiyasının Minsk razılaşmaları üzrə öhdəliklərinə ziddir və Ukraynanın sülhünü, sabitliyini daha da təhdid edir", - Bayden deyib.
Bayden həmçinin sanksiya ilə bağlı fərmanda qeyd edib ki, DXR və LXR-in tanınması ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə təhlükə yaradır.
Qeyd edək ki, ABŞ həmçinin Rusiyanın qondarma DXR və LXR-in müstəqilliyini tanıması səbəbindən bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. ABŞ Prezidenti Cozef Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı ABŞ-ın qondarma DXR və LXR-in tanınması ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etmək planlarından danışıb.
Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovanın açıqlaması isə simptomatikdir: "Donetsk və Luqanskdakı hakimiyyətlərin müstəqilliyinin tanınması ilə bağlı Rusiyanın qərarına Qərbin reaksiyası bizim üçün gözlənilməz olmadı. Onların indiyədək nə söylədiklərini, indi nə dediklərini və bundan sonra nə deyəcəklərini guya bilmirik?! Bəlkə bütün bunlar bizim üçün sürpriz oldu? Onların necə reaksiya verəcəklərini anlamırdıq? Əlbəttə ki, bilirdik. Son iki ay bu baxımdan çox aydın oldu - yalan danışıblar, danışırlar və danışmağa davam edəcəklər".
"Dövlət müstəqillikləri"ni Rusiyanın tanıdığı Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimlərin indiki gününü, olduqları vəziyyəti isə fotolara baxıb dəyərləndirə bilərsiniz.milli.az