Ermənistan Silah Qüvvələri Baş Qərargahının rəisi general-leytenant Artak Davtyan yaxın günlərdə həbs ediləcək.Ermənistan mediasında yer alan məlumatlara görə, yeni təyin edilən müdafiə naziri Suren Papikyan Müdafiə Nazirliyindəki bütün kadrları silkələmək və təşəbbüsü ələ almaq üçün gətirilib.
Baş nazir Nikol Paşinyana məxsus olan, hazırda onun arvadı Anna Hakopyanın "baş redaktor"luq etdiyi "Joxovurd" qəzeti bugünkü sayında yazıb: "Təmizliyə başlamaq üçün uyğun kadrlar axtarır. Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın da tutduğu vəzifədən azad edilməsi üçün siyasi qərar qəbul olunub. Ancaq yeni nazir hələ ki tələsmir. Çünki onu əvəz edəcək uyğun heyət yoxdur. Rəis iki səbəbə görə işdən çıxarıla bilər: silahlı qüvvələrin döyüş qabiliyyəti və mütəşəkkiliyi lazımi səviyyədə deyil. Buna Baş Qərargahın rəisi cavabdehdir. Yaxın günlərdə Artak Davtyanın həbs ediləcəyi də istisna edilmir. Bu həm də onun əvəz edilməsi ilə bağlı siyasi qərarın qəbul olunmasından irəli gəlir".
General-leytenant Artak Davtyanın həbsinin mümkünlüyü ilə bağlı "etibarlı mənbədən alınmış məlumat"ların yayılması əslində Ermənistan ordusunda və xüsusilə də Baş Qərargahda olan Rusiyameylli zabitlərə, xüsusilə də Davtyanın özünə son xəbərdarlıqdır.
Artak Davtyan ələbaxımlı, sakit, başıaşağı və üzüyola olmalı, sabiq müdafiə naziri Arşak Karapetyanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı qərarı dəstəkləməlidir.
Əgər A.Davtyan susarsa, günlərdən bəri tirajlanan və bu gün bir daha təkrarlanan "məlumat" elə media məkanında qalacaq: əks təqdirdə yazılanlar reallaşacaq.
İstənilən halda baş verənlər Ermənistanın kollapsına dəlalət edən növbəti məqamdır.milli.az