Xəbər lenti
Xruşovun tükənməyən qisası – Stalin Qızıl meydanda deyil, Novodeviçye qəbiristanlığında dəfn olunacaqmış...
Nikita Xruşov Stalinin adının tarixdən silinməsi üçün bütün gücünü sərf edib, onun siyasi fəaliyyəti haqqında mənfi rəy yaratmaq üçün mümkün olan bütün variantlara əl atıb.
Xruşov hakimiyyəti ələ keçirdikdən sonra Kreml məmurları onun Stalinin ölüsündən belə qisas alacağına şübhə etməyiblər. Amma Xruşovda bu cürətin olacağına inanmayanlar da çox olub. Xruşov isə öz işini ehtiyatla tutub.
Sözsüz ki, Stalinin silahdaşlarının hələ yüksək vəzifələrdə olması, Stalinə qarşı olan xalq sevgisi Xruşovu tələsik addımlar atmaqdan çəkindirib. O, öz istəyinə nail olmaq üçün əvvəlcə Kremldəki mövqelərini möhkəmləndirib. Bunun üçün ilk növbədə "təmizlik” işlərinə başlayıb. Əvvəlcə ən təhlükəli rəqib Lavrenti Beriya aradan götürülüb, sonra Georgi Malenkov siyasi elitadan uzaqlaşdırılıb, daha sonra Vyaçeslav Molotov zərərsizləşdirilib və digər arzuolunmaz məmurlar bir-birinin ardınca könüllü və ya məcburi şəkildə yola salınıb.
Məqsədinə nail olmaq üçün Xruşov əvvəlcə təbliğat aparatını işə salıb. Stalinin hakimiyyəti dövründə, xüsusilə də müharibə illərində buraxılan səhvlər haqqında informasiyalar dövriyyəyə buraxılıb. Xruşov nüfuzlu dövlət məmurlarından, yüksək ranqlı hərbçilərdən qəzetlərdə Stalin haqqında mənfi rəy yaradacaq yazılarla çıxış etmələrini tələb edib. Bu təklifə bəziləri razılıq versələr də, Stalinə sədaqətlərini nümayiş etdirənlər də az olmayıb. Marşal Konstantin Rokossovski və marşal İvan Konyev kimi böyük nüfuza sahib olan hərbçilər Xruşovun təklifini nəinki qəbul ediblər, hətta bu təklifə görə baş katibi sərt tənqidə məruz qoyublar.
Xruşov üç il ərzində öz cəbhəsini tam möhkəmləndirdikdən sonra, 1956-cı ildə partiyanın 20-ci qurultayında Stalinin şəxsiyyətə pərəstiş məsələsini qaldırıb. Bundan sonra ölkədə Stalinə qarşı "şəxsiyyətə pərəstiş” kampaniyası başlanıb.
Ancaq Xruşovun qisası bununla bitməyib. Əvvəlki atdığı adımlardan daha da cürətlənən baş katib növbəti addımında Stalindən fiziki qisas almağı da planlaşdırıb, yəni Stalinin açıq şəkildə mavzoleydə saxlanılan cənazəsini oradan çıxarmaq haqqında düşünüb. Bu məsələ 1961-ci ildə partiyanın 22-ci qurultayında reallaşıb. Qurultayın gündəliyinə Stalinin cənazəsinin Mavzoleydən çıxarılması məsələsi salınmayıb. Hər şeyin daha inandırıcı və təbii görünməsi üçün fərqli bir senari yazılıb.
Qurultayın sonuncu günündə, oktyabrın 30-da əvvəlcədən planlaşdırılmış kimi Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi Spiridonov qurultayın katibliyinə müraciət edib. Birinci katib Leninqrad kommunistlərinin qurultaya ünvanlandırdıqları müraciəti nümayəndələrə çatdırmaq üçün çıxış istəyib. Katiblik onun müraciətini qəbul edib və Spiridonov qurultay nümayəndələrinə Leninqrad kommunistlərinin "xahiş”ini çatdırıb. O, bildirib ki, çoxmilyonlu Leninqrad sakinləri Stalinin cənazəsinin mavzoleydən çıxarılması məsələsini qurultayın gündəliyinə salınmasını xahiş edirlər.
Spiridonovun xahişi təmin edilib. Məsələ qurultayın gündəliyinə salınıb və müzakirələr başlanıb. Əvvəlcədən hazırlanmış senariyə uyğun olaraq məsələ ətrafında çıxış edənlər leninqradlıların təklifini yekdilliklə dəstəkləyiblər. Bir neçə saat davam edən müzakirələrdən sonra çıxışlar dayandırılıb və Stalinin cənazəsinin mavzoleydən çıxarılması haqqında qərar qəbul olunub.
Beləliklə, məsələnin rəsmi hissəsi həll olunub. Qalıb qərarın icra məsələsi. Bu da əvvəcədən planlaşdırılıb. Qərarın icrası oktyabrın 31-nə müəyyənləşdirilib. Axşam saat 18-ə qədər Qızıl meydana hərbi texnikalar yeridilib. Moskva Hərbi Dairəsinin şəxsi heyəti də meydana düzülüb. Meydanın əsas hissələrində müvəqqəti hasarlar quraşdırılıb. Bütün bunlar ictimaiyyətə Qızıl meydanda təmir işlərinin getməsi və 7 noyabr paradına hazırlıq işləri kimi təqdim edilib. Xruşov bu ərəfədə güc və hüquq mühafizə orqanlarını gücləndirilmiş iş rejiminə keçirib. Sözsüz ki, baş katib Stalinə qarşı etdiyi bu hörmətsizlikdən kütləvi ixtişaşların, mitinqlərin, nümayişlərin baş verəcəyindən qorxub. Yerdəyişmə prosesi ilə Xruşovun etibar etdiyi 30 nəfər məşğul olub.
Hava qaraldıqdan sonra Stalinin cənazəsinin çıxarılması əməliyyatı başlayıb. Əvvəlcə onun cənazəsini mavzoleyin zirzəmisinə endiriblər, hərbi mundirini dəyişiblər, əvvəlki kitelindən qızıldan düzəldilmiş generalissimus rütbələrini və kitelinin qızıl düymələrini söküblər, o cümlədən kiteldən qızıl ulduzunu da çıxarıblar. Sonra cənazə bir tabutdan digər tabuta qoyulub. Stalin Kreml divarları qarşısında dəfn olunub. Onun dəfn yerini Xruşov əvvəlcədən Moskvada, Novodeviçye qəbirstanlığında həyat yoldaşı Svetlana Alliluyevanın yanında nəzərdə tutub. Bu məsələyə Xruşovun öz tərəfdarları da etiraz ediblər. Stalinin qəbri üstünə yalnız bir sinə daşı qoyulub və üstündə yazılıb: "İ.V. Stalin 1879-1953” Elə həmin gecə mavzoleyin giriş yazısında Stalin sözü götürülüb. Təbii ki, bu hadisə istər SSRİ-də, istərsə də dünya dövlətlərində birmənalı qarşılanmayıb. Çoxları isə bunu tarixi ədalətsizlik kimi qiymətləndirib.Xruşovun Stalinə qarşı qisas ehtirası bununla da soyumayıb. SSRİ-də Stalinin adını daşıyan yaşayış məntəqələrinin, fabrik və zavodların, təhsil və mədəniyyət ocaqlarının, küçə və prospektlərin adları dəyişdirilib, abidələri sökülüb.
Hakimiyyətdə olduğu illərdə Xruşov Stalinə məzarüstü büstün qoyulmasına da imkan verməyib. Yalnız 10 il keçdikdən sonra, 1970-ci ildə Stalinə büst qoyulub. Statistik göstəricilərə görə bu indiyə kimi Kreml nekropolunda ən çox ziyarət olunan və qarşısına ən çox gül qoyulan büstdür...
İlham Cəmiloğlu
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar