Xəbər lenti
Ermənistanda siyasi intriqalar qızışır – baş nazirin istefası gündəmdə
Düşmən ölkədə iqtidardaxili qruplar bir-birini hədəfə alıb; ölkə xaosa sürüklənir
Ermənistanın baş naziri Ovik Abramyan avqustda planlaşdırdığı məzuniyyətini ləğv edib. Bu barədə Ermənistanın “Qraparak” qəzet yazıb. Nəşrin iddiasına görə, Abramyanın hakim Respublika Partiyasında mövqeyi xeyli zəifləyib. Bu səbəbdən o, sentyabrda keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində partiyada nəzarəti gücləndirmək istəyir.
Ermənistanın müxalif Lragir.am saytı isə hazırda ölkənin bir sıra iri ranqlı məmurların dəyişdirilməsinin gündəmdə olduğunu yazır. Saytın xəbərinə görə, onların başında Ovik Abramyan gəlir. Ermənistan mətbuatı Abramyanın mövqelərinin zəifləməsini ölkənin siyasi, iqtisadi və sosial həyatında baş verən kardinal dəyişikliklərlə əlaqələndirir.
“Ermənistanın iqtisadi göstəriciləri aşağıya düşüb, xarici borclar bir neçə dəfə artıb, köhnə kəndçi-oliqarxik qanunlar isə artıq çoxdan işləmir”, - deyə analitik Naira Ayrumyan yazır. Erməni KİV-ləri Ovik Abramyanın yerinə gələcək ən real namizədin Təhlükəsizlik Şurasının katibi Armen Gevorkyan olduğunu iddia edir.
Bu aralarda Ovik Abramyan da boş dayanmır. Belə ki, 1in.am saytının yazdığına görə, baş nazir hökumətin avqustun 18-də keçirilən iclasında hökumətin Avropa İnsan Haqları Məhkəməsinin qərarları əsasında Ermənistan vətəndaşlarına kompensasiya olaraq ödədiyi pulları hesablamağı tapşırıb. Abramyan bəyan edib ki, kimsə dövlət büdcəsindən təzminatların verilməsi bahasına başa gələn qeyri-qanuni qərarlara görə cavab verməlidir.
“AİHM qərarlarına görə ödənilən bu təzminatların məbləği bir neçə yüz min dollarlarla ölçülür. Xüsusi diktə altında qəbul edilən və icra etdirilən qeyri-qanuni məhkəmə qərarlarına görə ödənilən təzminatlar vergi ödəyicilərinin cibindən gedir. Belə çıxır ki, Ovik Abramyan hakimiyyətin qeyri-qanuni əməllərinə görə məsuliyyətin müəyyən edilməsinə çalışır”, - deyə 1.in.am saytının yazarı Ovannes Mandakuni yazır.
Yerli mətbuat baş nazirin bu mənada bir sıra iqtidardaxili qrupu hədəfə götürdüyünü iddia edib. Məsələ bundadır ki, məhkəmə-hüquq sistemi uzun müddət hökumət aparatının nazir-rəhbəri David Arutunyanın əlində olub. Erməni KİV-ləri isə Ovik Abramyanla David Arutunyan arasında münasibətlərin olduqca pis olduğunu yazır. Abramyanın bu səbəbdən özünə sadiq olan Arpine Ovannisyanı ədliyyə naziri vəzifəsinə gətirdiyi qeyd olunur. Təsadüfi deyil ki, ədliyyə naziri Ovannisyan dünənki iclasda hökumətin antikorrupsiya şurasının fəaliyyəti çərçivəsində dövlət məmurlarının qeyri-qanuni varlanması əleyhinə yeni qanunvericilik paketini hazırlayacağını bildirib.
Məlum olduğu kimi, antikorrupsiya komitəsi bir ildən azdır ki, fəaliyyət göstərir və ona rəhbərlik edən də məhz baş nazir Ovik Abramyandır. Mətbuatın yazdığına görə, Abramyanın AİHM qərarları ilə bağlı göstərişi həm də sistemdaxili daha dərin münaqişələrdən xəbər verir. İş ondadır ki, baş nazirin hökumətin iclasında diqqət çəkdiyi qərarların əksəriyyəti Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın zamanında qəbul edilib. Ola bilər ki, Abramyan bununla özünü prezident Serj Sərksiyanın yanında şirin eləmək istəyir. Ermənistan KİV-ləri isə Ermənistanda hökumətin siyasi iflas həddinə gəldiyini yazır. Onların fikrincə, 2014-cü ildə Ovik Abramyan tərəfindən qurulan hökumət əvvəlki baş nazir Tiqran Sərkisyanın kabinetinin gününə düşüb.
“Bütün bu illər ərzində Ermənistanın iqtisadi problemləri, hökumətin de-fakto fəaliyyət göstərməməsi nəticəsində ortaya çıxıb. Tiqran Sərkisyan hökuməti Ermənistanın kriminal-oliqarxik sisteminin tələblərinə uyğun gəlmədiyi üçün istefa verməyə məcbur oldu. Onun yerinə gələn Ovik Abramyan isə ilk aylardan kriminal oliqarxiyanı toparlayaraq, onun birləşməsinə çalışdı. Hökumətin bütün fəaliyyəti məhz bu oliqarxiyanın problemlərinin həllinə yönəldi”, - deyə Ovannes Mandakuninin məqaləsində qeyd edilir.
“Bu səbəbdən Abramyan bir ara hətta Sərksiyanın yerinə gələcək ən real namizəd olaraq göstərilirdi... Lakin Emərnistanda baş verən son hadisələr (buraya aprel döyüşləri, konstitusiya dəyişiklikləri, ”Sasna tsrer" qiyamı və s. aiddir) hökumətin yeni siyasi gerçəkliklərdən uzaq olduğunu göstərib" - ardınca yazıda bildirilir.
Erməni politoloqlar yeni problemlər qarşısında indiki hökumətin fəaliyyətinin ümumiyyətlə, görünmədiyini də yazır. Bu səbəbdən iddialara görə, tək qaldığını hiss edən Abramyan Robert Köçəryandan mədət umub. Erməni ekspertlərin rəyincə, baş nazirin son hökumət iclasında Robert Köçəryana “ilişməsi”nin arxasında da məhz sonuncunun baş nazirə gözlədiyi dəstəyi verməməsi durur.
Vaqif Hüseyn, musavat.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar