Xəbər lenti
Nostradamusdan heyrətamiz öncəgörmələr
Nostradamus təxəllüslü, ailəsi katolikliyi qəbul etmiş yəhudi Mişel de Notrdamın suya baxaraq söylədiyi öncəgörmələrin əksəriyyətinin bu gün də doğru çıxması hələ də ciddi müzakirə mövzularındandır. Xüsusən də Nostradamusun dünya ağalığına can atan imperatorlar, diktatorlar barəsindəki öncəgörmələrinin həqiqətə oxşarlığı xüsusi maraq doğurur. Manevr.az XVI əsr öncəgörücüsünün ötən əsrin diktatorları barədə söylədiyi ehtimal olunan bəzi fikirlərini təqdim edir.
İlk öncə qeyd edək ki, katolikliyi qəbul etmiş yəhudinin fransız imperatoru Napoleon Bonapartla bağlı öncəgörmələri də bir sıra məqamları ilə doğru çıxdı. Təkcə onu demək kifayətdir ki, Nostradamus balacaboylu imperator Napoleonu "Bəstəboy", onun işğallarını isə sonu bədbəxtlik olan böyük qarət, talan adlandırmışdı. O, habelə Fransa respublikasının banisi, II Dünya Müharibəsində ölkəsinin istiqlaliyyəti, alman faşizmindən xilası uğrunda inadla mübarizə aparmış general Şarl De Qollun bir neçə dəfə hakimiyyətə gələcəyini böyük uzaqgörənliklə demişdi. Söylədikləri doğru çıxdı. Şarl De Qoll müharibədən sonra Fransada bir neçə dəfə hakimiyyətə gəldi.
"Şərq səltənəti"- yeni Babilistan, mənəviyyatsızlıq...
Yeni fəlsəfə despotizminin ortaya çıxacağını, milyonlarla insanın absurd ideyalar uğrunda mübarizənin qurbanı olacağını proqnozlaşdıran Mişel Nostradamus II Henriyə yazdığı məktubunda oktyabrda böyük inqilabi partlayışın olacağını, həmin hadisənin bu günə qədər baş verən çevrilişlərin ən dəhşətlisi kimi yadda qalacağını bildirmişdi. O, öncəgörmələrində böyük zəlzələ nəticəsində yeni Babilistanın (SSRİ-nin - müəl.) yaranacağını, bütün bunların isə tükürpədən mənəviyyatsızlığa, fahişəliyə səbəb olacağını yazırdı. Nostradamusun proqnozlarına görə, bu cür mənəviyyatsızlıq, iyrənc fahişəlik 73 il 7 ay davam edəcək. 1917-ci il oktyabrın 25-də hakimiyyətə bolşeviklərin gəlməsi sonradan, doğrudan da, yeni "Babil"in - SSRİ-nin yaranmasına səbəb oldu. Bu, 73 ildən bir qədər artıq davam etdi. Nostradamusun söylədiyi mənəviyyatsızlıq SSRİ-də Allahın təkzib edilməsi ilə müşayiət edilən ateizmdə özünü açıq-aydın göstərirdi.
"Mən çarın devrilməsini görürəm" deyən Nostradamus həm qırmızıların, həm də ağların xalqa yalan danışaraq, insanları öz tərəflərinə çəkmək istəyəcəklərini bildirir, fikirlərini "əvvəlkindən də pis dövlət yaranacaq" öncəgörməsi ilə qüvvətləndirirdi. Çar II Nikolayın devrilməsi, doğrudan da, əvvəlki dövlətdən də pis dövlətin - SSRİ-nin yaranması Mişel Nostradamusun haqlı olduğunu sübut etdi.
Kilsələr, məscidlər, dini ibadətgahlar məhv edilir, dindarlar təhqir olunur, varlı insanlar güllələnir, onların ailə üzvləri sürgün edilir, var-dövlətləri isə əllərindən alınırdı. SSRİ rəhbərliyinin hərbiləşdirilmiş sistemi, özünəməxsus iqtisadi siyasəti vəziyyəti kökündən dəyişdirdi. İqtisadi sahədə baş verən dəyişikliklər milyonlarla insanın acından məhv edilməsinə, onların əmlaklarının əllərindən alınmasına səbəb oldu. Nostradamusun mənəviyyatsızlıq adlandırdığı sistem təkcə Allahın təkzib olunması ilə yekunlaşmırdı. 30-cu illərin ikinci yarısından başlayaraq on milyonlarla insan "xalq düşməni" damğasıyla məhv edildi, sürgün olundu, var-dövlətləri müsadirə olundu. Lakin bu da kifayət etmirdi. Mərkəzi Komitənin Nostradamusun "o dünyada onun yeri ancaq cəhənnəmdir" öncəgörməsi ilə lənətlədiyi baş katibi İosif Stalinə ünvanlanan donosların sayı 4 milyondan artıq idi. İnsanlar özlərini partiyaya və dövlətə sadiq göstərmək üçün satqınlıq, çuğulluq edir, bir-birlərinə böhtan atır, tutdururdular. Baş verənlər, doğrudan da, əsl mənəviyyatsızlıq idi.
Sonralar başqa ölkələri işğal edən "şər imperiyası" bir sıra müstəqil dövlətlərə də zor gücüylə öz şərtlərini diktə edir, onlara kommunizm ideyalarını ixrac edirdi. Avropada və Asiyada SSRİ-nin "xeyir-dua"sı ilə sosialist dövlətlərinin qurulması milyonlarla günahsız insanın məhvinə səbəb oldu.
Stalin haqqındakı proqnozlar tam dəqiqliyi ilə
Onun "müəmmalı, vəhşi və qarlı ölkənin üçüncü hökmdarı qorxulu olacaq. Bu hökmdar ancaq öz əqidədaşlarını qətlə yetirəcək" proqnozlarının İosif Vissarionoviç Stalin haqqında söylədiyi ehtimal olunur. Axı qarlı ölkə sayılan Rusiyanın - keçmiş SSRİ imperiyasının əsas dövlətinin hakimiyyət sükanı arxasına əyləşmiş Stalin də partiyadaşlarını bir-bir məhv edirdi.
"Dünyanı öz islahatlarının miqyası ilə valeh edən qüdrətli hökmdar"ın - Lenin öləcəyini deyən Nostradamus Vladimir Ulyanovu əvəz edəcək şəxsin - İosif Stalinin ənənələrə və normalara düşmən kəsiləcəyini iddia edirdi. Məgər Stalin də bu cür, ənənələrə və normalara dönük çıxan qəddar hökmdar deyildimi?
O, yeganə adam idi ki, 1923-cü ildən etibarən partiyanın bütün qurultaylarında hökumətin tərkibində təmsil olunmuşdu.
Stalinin mübarizə apardığı adamlardan biri də Lenin idi. O, ömrünün son günlərini yaşayan rəhbərin partiyanın növbəti qurultayının iştirakçılarına ünvanladığı "Qurultaya məktub" adlı vəsiyyətnaməsinin partiya rəhbərliyinin əlinə keçməməsi üçün əlindən gələni edirdi. İosif Cuqaşvilinin rəqiblərinin sıraları gündən-günə genişlənirdi.
Hələ bolşeviklərin gizli fəaliyyətləri dövründə solçuların ən fəal üzvlərindən olan R.Abesadze "Koba"nın əmri ilə məhv edildi.
Lev Kamenevin təklifi ilə Stalin Rusiya Kommunist Partiyasının baş katibi seçilmişdi. Onun vəzifəyə namizədliyini Kamenev irəli sürmüşdü. Bundan 12 il sonra o, Stalinin göstərişi ilə əvvəlcə 5, sonra 10 il azadlıqdan məhrum edildi, daha sonra isə güllələndi. Bolşeviklərə sədaqəti ilə seçilən, 1908-ci ildə çar hökumətinin həbsə atdığı Qriqori Zinovyev də Stalinin cinayətlərinin qurbanlarından birinə çevrildi. İosif Cuqaşvili "günahlarını boynuna al, səni əfv etdirməyə söz verirəm", - deyərək onu aldatdı. Stalinin əsl məqsədi Qriqori Zinovyevin guya partiyaya və sovet xalqına düşmən olduğunu sübut etmək, onun etiraflarını əldə etdikdən sonra məqsədinə çatmaq - partiyadaşını məhv etmək idi. Qırmızı Ordunun əsas qurucularından olan Leyba Davidoviç Bronşteyn - intellektual bolşevik Lev Trotski rəhbərin düşmənləri sırasında birinci idi. Lenin ölümündən bir neçə il sonra Stalin bu bolşeviki SSRİ-dən didərgin saldı. Lev Trotski 1940-cı ilin avqustunda SSRİ rəhbərinin göstərişi ilə Meksikada qətlə yetirildi.
Nikolay İvanoviç Buxarin də dəmir caynaqlı Kobanın pəncəsinə keçdi. Stalin daxili işlər komissarına göstəriş verərək, Buxarinə qarşı ittihamlar irəli sürməyi tapşırdı. Aclıq elan edən Nikolay İvanoviçə partiya rəhbərliyinə qarşı guya sui-qəsd planı hazırlaması ittihamlarını irəli sürdülər. O güllələndi.
SSRİ diktatoru ömrünün son aylarında özünün gənclik dostu, imperiyanın xarici işlər naziri, hamının "Stalinin kölgəsi" adlandırdığı Vyaçeslav Molotova da düşməni kimi baxırdı. Bundan bir neçə il əvvəl isə dostunun və partiyadaşının arvadını həbs etdirmişdi. Uzun illər Stalinin mühafizəsinin rəhbəri olmuş Nikolay Vlasik də 1952-ci ildə "qara siyahı"ya düşdü. Bütün bunlar Mişel Nostradamusun "bu adam öz məsləkdaşlarını öldürür. O dünyada onun yeri ancaq cəhənnəmdir" öncəgörməsinin necə həqiqət olduğunu sübut edir.
Düzdür, bu şəxslərin bir çoxu ötən əsrin 80-ci illərinin sonlarında bəraət aldılar. Çox gec də olsa, onların təqsirsizlikləri aşkar olundu. Və Stalinin cinayətləri üzə çıxdı.
Hister-Hitler, sonu bilinməyən şeytan, güclü dəli...
Suya baxaraq gələcək haqqında fal açan Nostradamus öncəgörmələrində Qərbi Avropanın dərinliklərində, kasıb ailədə dünyaya gələn uşağın böyüyəndən sonra bir çox xalqları özünə tabe edəcəyini yazmışdı. 1889-cu il, aprelin 20-də Braunau şəhərinin Ransxofen kəndində dünyaya göz açan Adolf Şekelqruberin bir sıra əlamətləri, həyatı - dilənçi kökündə Vyana küçələrində gəzməsi və sonrakı karyerası Nostradamusun öncəgörmələri ilə üst-üstə düşürdü. Nostradamus Almaniyada Histerin - əslində isə Hitlerin 11 il hakimiyyətdə olacağını demişdi. 2 avqust 1934-cü ildən 30 aprel 1945-ci ilə qədər hakimiyyətdə olan Hitlerin 11 illik hakimiyyəti Nostradamusun öncəgörmələrində sözü keçən hökmdarın hakimiyyət müddətiylə eyniyyət təşkil etmirmi? Üstəlik, Mişel adlı qədim falçı hələ 400 il əvvəl Histerin (Hitlerin) çoxlu qanlar tökəcəyini yazırdı. Nostradamusun "Bu iradəcə güclü adamın dili dəlidən daha qorxulu olacaq", - deyə xarakterizə etdiyi Hitlerin Almaniyada həyata keçirdiyi "yeni qaydalar" yüz minlərlə yəhudinin, kommunistin, qaraçının, homoseksualın, habelə nasist partiyasına maraq göstərməyən günahsız insanların, ziyalıların, alimlərin məhvinə səbəb oldu. Berlin və digər şəhərlərdə siyasi mübarizə aparan 32 partiyanın fəaliyyəti qadağan olundu, mətbu orqanların nəşri yasaq edildi. Bununla belə, Nostradamusun Hister adlandırdığı hökmdarın iddiaları ildən-ilə daha da böyüyür, o, yeni-yeni iştahlarda bulunurdu.
"Acgöz yırtıcılar çayları keçəcəklər", - deyən falçı Mişel bu öncəgörmələrində də yanılmamışdı. Əksinə, bir sıra istisnalar nəzərə alınmaqla çox doğru proqnozlar irəli sürmüşdü. Hitler hakimiyyətinin 5-ci ilində öz vətəni Avstriyanı işğal etdi. Daha sonra Çexoslovakiyanın mərkəzi küçələrində alman hərbçilərinin addım səsləri eşidildi. Norveç, Danimarka, Fransa və digər ölkələr almanların tapdağı altında idi.
Hitlerin başına nə gəldiyini Nostradamus da bilməmişdi
Nostradamus çox güman ki, "Döyüş meydanının böyük hissəsi Histerə qarşı olacaq" öncəgörməsində 1939-cu ilin 1 sentyabrı və ondan sonra baş verən hadisələri nəzərdə tuturdu. "Qısa müddətdən sonra quruda və suda dəhşətli müharibə başlayacaq. Qəribə qurğular böyük fəlakət törədəcək" proqnozlarını qələmə alan qədim falçının da dediyi kimi, döyüş meydanının böyük hissəsi "Histerə" qarşı çevrildi - Almaniyanın Dansiqə, suda və quruda Polşaya hücumu ilə İngiltərə və Fransa ona qarşı müharibə elan etdilər. Hitler Almaniyasının 1941-ci ilin iyunun 22-də SSRİ-yə hücumuyla döyüş meydanının böyük hissəsi "Hister"ə qarşı çevrildi. Nostradamusun "qəribə qurğular" dedikdə tankları nəzərdə tutmasını da vurğulamaq yerinə düşür.
"Lideri dəmir qəfəsə salacaqlar, alman oğlu heç bir qanuna tabe olmayacaq" öncəgörmələrinin müəllifi olduqca dəqiqliklə almanların vətəninin "qızıl dağları" itirəcəyini, qarlar ölkəsindən - Rusiyadan insanların qisas almağa gələcəkləri barədə xəbərdarlq edirdi. Həqiqətən də, qarlı ölkənin insanları 1944-cü ildə öz dövlətlərinin sərhədlərini bərpa edərək Hitlerdən qisas almağa gəldilər. Faşistlərin orduları bir-bir məhv edildi, yaxud əsir alındı. Bu mənada Nostradamusun "Axırda ordusu da, özü də məhv olacaq" öncəgörmələrinə də hər hansı istisnayla yanaşmaq düzgün olmazdı.
Ailəsi katolikliyi qəbul etmiş yəhudi Mişel de Notrdamın suya baxaraq söylədiyi öncəgörmələrdə yazdığı "Onun (Hitlerin - müəl.) başına nə gəldiyini heç kim bilməyəcək" həqiqət dolu müəmmasını isə indi təkcə dünyanın aparıcı dövlətlərinin tarixçiləri, araşdırmaçıları deyil, araşdırma mərkəzləri, kütləvi informasiya vasitələri də çözməklə məşğuldur. Bəziləri onun 1945-ci il aprelin 30-da Berlindəki bunkerinin dəftərxanasında intihar etdiyini, orada dəfn edildiyini, sonralar Hitlerin nəşinin ruslar tərəfindən Maqdeburqdakı qarajlardan birində basdırıldığını, daxili orqanlarının isə şüşə bankalara doldurularaq Stalinin əmriylə Moskvaya gətirildiyini bildirirlər. Lakin son illər ortaya çıxan başqa versiyalarda Hitlerin Berlinin süqutundan sonra Cənubi Amerika (başqa fərziyyələr də mövcuddur - müəl.) ölkələrindən birinə qaçması, orada yaşaması və ötən əsrin 70-80-ci illərində dünyasını dəyişməsi iddia olunur. Zənnimcə, bu mənada Nostradamusun "Onun başına nə gəldiyini heç kim bilməyəcək" öncəgörməsinin bir neçə əsr sonra özünü doğrultmasını sübut etməyə lüzum yoxdur.publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar