Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Bir qıza 4 nəfər növbə ilə təcavüz etdi və..." - İŞİD dəhşəti...

Tarix: 10-10-2017 14:19     Baxış: 5820 A- / A+
"Bir qıza 4 nəfər növbə ilə təcavüz etdi və..."


N.B. adlı qadın İraqda İŞİD tərəfindən qaçırılan minlərlə qadından biridir. O, İraqda yaşayan şiə türkmənlərindəndir.

Metbuat.az-ın məlumatına görə, o, İŞİD-in 2014-cü ilin yayındakı hücumundan sonra Tikritin şimalındakı əl-Alam qəsəbəsində digər qadın və uşaqlarla birgə qaçırılıb. Qadın başına gələnlər barədə “BBC”-yə danışıb. Ancaq təhlükəsizlik məsələsinə görə, qadının adı açıqlanmayıb və üzü görünməyib.
Qadın bildirib ki, o, şiə türkməni, həyat yoldaşı isə sünni ərəbidir: “Həyat yoldaşım məscidin imamı idi. Yaşı çox idi və ağsaqqallardan biri sayılırdı. Məscid evimizin yanında idi. Biz əvvəllər şiə kimdir, sünni kimdir bilmirdik, soruşmurduq, bu haqda ümumiyyətlə söhbət etmirdik. Balaca mağazamız var idi və özümüz idarə edirdik. Evdə çörək bişirirdim, süd sağırdım, həyətdə tərəvəz əkirdim və onları satırdıq. Heç kimlə düşmənçiliyimiz yox idi. Evimiz böyük olduğu üçün Tuzhurmatu və Amelidən olan bir neçə müəllim türkmən qız evimizdə kirayədə qalırdı. Məktəb də evimizin yanında idi. İki uşağım da onlarla birlikdə məktəbə gedirdi.

İŞİD Tikritə girəndə "Spiçer" bazasında olan 1500-dən çox əsgəri qətlə yetirdi. Oradan qaçan əsgərlərin bəziləri bizim qəsəbəyə gəldi. Tikritlə bizim qəsəbə arasında Dəclə çayı var, oranı keçib gəldilər. Ancaq daha sonra İŞİD də gəldi.

Qaçan əsgərlərdən bəziləri türkmən idi, mənim də türkmən olduğumu bildikləri üçün bizim evə sığındılar. Bir neçə əsgərə qadın geyimləri geyindirib yola saldıq. Bəzilərini həyat yoldaşım öz şəxsiyyət vəsiqəsi ilə yola saldı. İŞİD evimizə gəlib onları axtaranda əsgərlərdən birini tez təndirin içərisində gizlətdim. Təndir hələ isti idi, onun bəzi yerləri yandı. Hətta bədəni yandıqca “cızz” səsi gəlirdi, amma ağrıya baxmayaraq, əsgər səsini çıxarmadı. İŞİD getdikdən sonra onu təndirdəm çıxardım, onların əlinə düşməmək üçün qaçdı.

Bəsrəli üç şiə gənc var idi. Həyat yoldaşım onları gizlətmək üçün məscidə aparmışdı. Bir gecə saat 3-də İŞİD evimizə gəldi. Hər yer yağış yağdığı üçün palçıq idi. İŞİD əsgərlərə kömək etdiyimizi bildi. Dərhal bəsrəli gəncləri tapıb, onları öldürdülər. Onlar gedəndə həyat yoldaşımı da özləri ilə apardılar, daha sonra ondan heç bir xəbər ala bilmədim. Səhəri gün onlar yenə gəldilər və evimizi bombaladılar.

Onlardan biri mənə dedi ki, sən Aşuraya inanırsan, demək imam Həsəni sevirsən, bunun acığını səndən çıxacağıq. Onlar daha sonra bizə dedilər ki, buradan gedin. Mən, iki uşağım, evimizdə qalan müəllim qızlar, onlardan birinin körpəsi və ərimin digər arvadından olan qızı yola çıxdıq. Ancaq getdiyimiz yerdə İŞİD bizi yenidən saxladı. Onlar bizi gətirdikləri digər qadınlarla birgə avtomobillərin təmir olunduğu qaraja apardılar. Bu qaraj Havelidə, çöllük bir yerdə idi. Orada ümumilikdə 18 qadın və gənc qız var idi. Gənc qızlardan biri hamilə idi. Yanımızda ümumilikdə 4 uşaq var idi. Bizi evlilər və subaylar deyə iki hissəyə ayırdılar. Beş gənc qız var idi, gözlərimizin önündə bu qızlara təcavüz edirdilər. Bir qıza hətta 4 nəfər növbə ilə təcavüz etdi. Qızlar yalvarırdı bizi xilas edin, ancaq biz nə qədər çalışsaq da kömək edə bilmirdik. Təcavüz edənlərin üzünə baxdım, ikisini tanıdım. Qonşumuz olan ərəblər idi. Evləri bizdən bir az uzaqda idi, amma onları tanıyırdım. Bizim yaxınlığımızdakı sünni kəndlərindən birinin çoxu İŞİD-ə qoşuldu. Başqa bir sünni kənd isə sona qədər İŞİD-ə müqavimət göstərdi.

Qarajda ancaq qadınlar idi. Günlər keçdikcə, halımız pisləşirdi, huşsuz vəziyyətdə idik. Artıq beynimiz işləmirdi. O qədər zəiflədim ki, üzüm qabıq bağladı, hətta əqrəb sancdı, onu belə hiss etmədim. Hamımız danışırdıq ki, aramızdan kim xilas ola bilsə, uşaqları da özü ilə birgə xilas etsin. O qarajda 21 gün qaldıq. Yeməyə heç nə yox idi. Təcavüzə uğrayan qızlar ölürdü. İŞİD, bizə nəzarət etməyi yaşlı bir adama tapşırmışdı. Təcavüz edənlər getdikdən sonra həmin adam yanımıza gəlib, bizə su verirdi. O adam bir keçi gətirdi, uşaqların ağzına tutub südünü onlara içirtdi. Bu, uşaqlar üçün əvəzedilməz bir şey idi. Bir gün yenə gəlib bizi iki qrupa böldülər. Digər qrupdakı qadınları apardılar. Mən, iki uşağım, başqa bir qadın və evimizdə qalan müəllimlərdən birinin uşağı qaldıq. Həmin o yaşlı adam gəlib dedi ki, “sizi də sabah aparacaqlar, tez buradan qaçın”. Mən qarajda olanda Allaha yalvarırdım, bizi xilas etsin deyə. İnanıram ki, o adamı da bizə Allah göndərmişdi. Həmin adam qaçmağımıza kömək etdi. Sonra eşitdim ki, İŞİD həmin yaşlı adamı bizə kömək etdiyi üçün öldürüb.

Beş gün səhralıq ərazidə yol getdik, ölməmək üçün ot yeyirdik, evimizdə qalan gənc müəllimin körpəsi mənim qucağımda idi, adyala bükmüşdüm, çətinliyə dözməyib, qollarımda öldü. Yağış yağırdı, hər yer palçıq idi. Əynimizə geyinməyə doğru-düzgün geyimimiz də yox idi. Günlərlə yol getdikdən sonra Kərkükün Mekteb-i Xalid bölgəsinə çatdıq. Orada "Haşdi Şabi!" qrupunun üzvləri bizi gördü. Yanlarına getdik, İŞİD-dən xilas olduq.

Daha sonra uşaqlarımla birlikdə Kərkükdə yaşlı xalamın yanına getdim. Mənimlə birgə xilas olan qızı ailəsi bakirəliyi pozulduğu üçün qəbul etmədi. Eşitdiyimə görə, o qız indi İranda psixoloji müalicə alır. Həyat yoldaşımdan heç bir xəbər ala bilmədim. Geri dönməyə çalışdım, amma mümkün olmadı. Bizə kömək edən yaşlı adamın və ögey qızımın məzarını axtardım, amma tapa bilmədim. Ölən qadınların ailələrini görürəm, hamı pərişan vəziyyətdədir, hamı ağrı-acı çəkir.

İndiki həyatımda əlimdə heç nə yoxdur. Heç nə edə bilmirəm, heç nə əkib-becərə bilmirəm, hər şeyi pulla almalı oluram. Anamın yaşlılıq təqaüdünü alırdım, o da vəfat etdikdən sonra kəsildi. Yaşlı qadına baxıram, oradan aldığım pulla da uşaqlarıma baxmağa çalışıram. Uşaqlarım yaşadıqlarını unuda bilmir, oğlum o gündən bəri çox danışmır, özünə qapanıb. İŞİD bizə dözülməz zülmlər verdi, bizim ərazidəki kürdlər də çox əziyyət gördü.

Çox acı, çətinliklər yaşadıq. Bunları görməyən, yaşamayan bizi başa düşə bilməz. Hamımızın həyatı məhv oldu. İndi sadəcə iki uşağıma görə yaşamağa çalışıram”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar